Məsələ 844: Beş halda azan söylənilmir və vacib ehtiyata əsasən, onu tərk etmək lazımdır:
1.Cümə günü ikindi namazının azanı. Bu namaz cümə namazı ilə birgə qılınır.
2. Ərəfə günü ikindi namazının azanı. Bu namaz Zilhiccənin 9-cu günü günorta namazı ilə qılınır.
3. Qurban bayramı gecəsi Məş’ərül-Həramda olan şəxs üçün xiftən namazının azanı. Bu namaz şam namazı ilə birlikdə qılınır.
4. İkindi namazını günorta namazının, xiftən namazını şam namazının arxasınca dərhal qılmalı olan istihazəli qadın üçün.
5. Sidik və nəcisini saxlaya bilməyən şəxs üçün ikindi və xiftən namazlarının azanı.
Ümumiyyətlə, özündən əvvəlki namazla ardıcıl qılınan namaz üçün azan deyilmir. Onlar arasında nafilə və tə’qibat kimi fasilənin olması bəs etmir. Amma hər bir namaz öz fəzilətli vaxtında qılınarsa hər ikisinin azan və iqaməsini söyləmək müstəhəbdir.
Məsələ 845: Camaat namazında bir nəfər azan və iqamə söyləyərsə, başqaları üçün də kifayat edər. Başqaları vacib ehtiyata əsasən, belə vaxtlarda azan və iqaməni tərk etməlidir.
Məsələ 846: Bir şəxs camaat namazı qılmaq üçün məscidə getsə və camaat namazının başa çatdığını görsə, namazın cərgələri pozulmayan halda ehtiyat budur ki, öz namazı üçün azan və iqamə deməsin. Bir şərtlə ki, öncəki cəmiyyət namazında azan və iqamə deyilmiş olsun.
Məsələ 847: Bir qrup şəxs camaat namazına məşğul ikən və ya bu namazı yenicə bitirdikləri vaxt onların cərgələri dağılmamış başqa bir şəxs fərdi və ya camaatla namaz qılmaq istəsə, azan və iqamə söyləmir. Bir şərtlə ki, öncəki namaz üçün azan və iqamə deyilsin, bu namaz düzgün olsun, hər iki namaz bir məkanda, vaxtında (əda), eyni vaxtda və məsciddə olsun.
Məsələ 848: Müstəhəbdir ki, başqa birinin dediyi azanı eşidən şəxs onun hər cümləsini təkrarlasın. Savab ümidi ilə iqaməni də təkrarlamaq müstəhəbdir. (Bu təkrarlama azan və iqamənin “hekayati” adlanır.)
Məsələ 849: Əgər kişi qadının söylədiyi azanı eşidərsə azan söyləmək onun öhdəsindən götürülməz. Amma qadın kişinin söylədiyi azanı eşidərsə, azan söyləmək öhdəsindən götürülər.
Məsələ 850: Kişilərin və qadınların iştirak etdiyi camaat namazında azan və iqaməni kişi söyləməlidir. Qadınların camaat namazında isə qadının söylədiyi azan və iqamə bəs edər.
Məsələ 851: Əgər azan və iqamənin sözləri qarışıq şəkildə deyilsə, məsələn, əvvəlcə “Əşhədu ənnə Muhəmmədən rəsulullah” sonra “Əşhədu ənla ilahə illəllah” söylənilsə, əvvələ qayıdıb ardıcıllığı gözləmək lazımdır.
Məsələ 852: Azan və iqamə arasında uzun fasilə verilməməlidir. Əgər elə bir fasilə verilsə ki, iqamə azanın ardınca deyilmiş sayılmasın, onu yenidən demək lazımdır.
Məsələ 853: Azan və iqamə aydın ərəb dilində söylənilməlidir. Əgər ərəb mətnində səhvə yol verilsə və ya mətnlərin tərcüməsi söylənilsə düzgün deyil.
Məsələ 854: Namazın vaxtı daxil olmamış azan və iqamə söyləmək olmaz. Əgər namazın vaxtı daxil olmamış azan və iqamə söylənilsə batildir.
Məsələ 855: Əgər bir şəxs iqaməni deməzdən öncə şəkk etsə ki, azan deyib yoxsa yox, azanı söyləsin. Əgər iqaməni deməyə başlayıbsa şəkkinə əhəmiyyət verməsin. Amma azan və iqamənin cümlələrini düzgün dediyinə şəkk etsə, ehtiyat budur ki, yenidən söyləsin.
Məsələ 856: Azan deyərkən üzü qibləyə əyləşmək, dəstəmazlı olmaq, səsi qaldırmaq, səsi uzatmaq, cümlələr arasında azca fasilə buraxmaq, arada danışmamaq müstəhəbdir.
Məsələ 857: Yaxşı olar ki, insan iqamə deyən zaman bədənini aram saxlasın, iqaməni azandan asta söyləsin, cümlələr arasında azca fasilə buraxsın, azan və iqamə arasında ya bir addım atsın, ya azca otursun, ya səcdəyə getsin, ya dua oxusun, ya da iki rəkət namaz qılsın.
Məsələ 858: Azan üçün ədalətli, vaxtı tanıyan, səsi münasib və uca olan bir şəxs seçilsə daha yaxşıdır. Yaxşı olar ki, azan uca bir yerdən söylənilsin. Amma səs ucaldıcı varsa, azanı uca yerdən deməmək olar.
Məsələ 859: Radio və bu kimi başqa xətlərdən azan eşitmək bəs etmir, namaz qılanın özünün yuxarıdakı şərtlər ödənməklə azan söyləməsi nəzərdə tutulur.
Məsələ 860: Günah məclislərə münasib haram musiqi tonunda azan söyləmək haram və batildir.
Məsələ 861: Vacib ehtiyat budur ki, azan həmişə namaz məqsədi ilə deyilsin. Namazı nəzərdə tutmadan yalnız vaxtın daxil olmasını bildirmək üçün azan deyilməsinə irad var.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this