Sırat – ərəb dilindən tərcümədə yol deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və “strata” sözündən qaynaqlandığını bildirirlər.

Qurani-kərimdə bu söz tez-tez “sıratül-müstəqim” (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar.

TÜKDƏN NAZİK, QILINCDAN İTİ YOL

Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.

Bəzi hədislərdə deyilir ki, hər kəs öz əməllərinə uyğun olaraq müəyyən bir nur dəhlizinin içində sırat körpüsündən keçəcək. Qurani-kərimdə möminlərin sıratdan keçməsi belə təsvir edilir: ”Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: ”Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!“ (Təhrim, 8). Əksinə, münafiqlər sırat körpüsünün üzərində nursuz qalıb möminlərdən nur istəyəcəklər, amma onların xahişi rədd olunacaq (Hədid, 13).

Əslində sırat körpüsünün eni öz-özlüyündə eynidir. Amma hər kəsin hissiyyatı bu yola fərqli reaksiya göstərəcək. Möminlərin nur aurası onları alovdan qoruyacaq, həm də bu nur möminlərin yoluna işıq saçacaq və onlar rahat şəkildə sıratdan keçəcəklər. Amma kafirlərin və münafiqlərin yolu zülmətə dönəcək. Onları nə alovdan qoruyan vasitə, nə də yollarını aydınladan nur olacaq; buna görə də qaranlıqda yolu azıb cəhənnəm uçurumuna yıxılacaqlar.

Əllamə Məclisi “Biharül-ənvar” kitabında Əbu Hüreyrədən rəvayət edir ki, İslam Peyğəmbəri buyurub: “Cəbrail nazil olub soruşdu: “Ya Mühəmməd! Sənə müjdə verimmi ki, sıratın üzərindən necə (nəyin köməyi ilə) keçəcəksən?”. Dedim: ”Bəli“. Dedi: ”Sən Allahın nuru ilə keçəcəksən, Əli sənin nurunla keçəcək, sənin ümmətin isə Əlinin nuru ilə keçəcək. Allah hər kimə nur verməsə, onun nuru olmaz“ (Biharül-ənvar, VIII, 69).

Bunu da qeyd edək ki, sıratın yolu heç də düz və bircinsli deyil. Peyğəmbər buyururdu ki, sıratın üzərində dərin bir dərə vardır. Bu dərənin enişi, yoxuşu və içində maneələr vardır. Peyğəmbərdən və Əhli-beytdən savayı hər kəs bu dərədə əziyyət çəkəcək – kimisi az, kimisi də çox.

HƏTTA CƏNNƏTƏ GEDƏNLƏR DƏ SIRATIN ÜZƏRİNDƏN KEÇƏCƏKLƏR

Sırat elə bir yoldur ki, axirət aləmində hər kəs buradan keçəcək. Həm cənnətin, həm də cəhənnəmin yolu buradan keçir. Yalnız sırat körpüsünü adlamaqla cənnətə və ya cəhənnəmə düşmək mümkündür. Qurani-kərimdə həmin məsələ bu şəkildə bəyan edilir: ”Sizdən elə bir kəs olmaz ki, oraya (cəhənəmə) varid olmasın“ (Məryəm, 71). Buradakı ”vürud“ kəlməsi daxil olmaq deyil, keçmək, ötmək mənasını verir.

Hamının sırat körpüsündən adlamasının səbəbini alimlər belə izah edirlər: Sıratdan keçmək həm möminlərin, həm də kafirlərin vəziyyətində dəyişiklik yaradacaq. Yəni kafirlərin əzabının üzərinə əzab gələcək. Onlar əvvəlcə sırat körpüsünün üzərində əziyyət çəkəcək, sonra oradan cəhənnəmə yuvarlanacaqlar. Cənnət əhli isə sıratdan keçərkən cəhənnəmdəkilərin ah-naləsini eşidəcək və bütün bunlardan xilas olduqlarına görə şükr edib sevinəcəklər. Bu, möminlərin sevinc və həzzini daha da artıracaq. Bəzi möminlər isə əməllərinə uyğun olaraq sırat körpüsünü çətinliklə keçəcəklər ki, bu da onların həmin günahlardan təmizlənmələrinə və cənnətə pak halda girmələrinə səbəb olacaq.

MANEƏLƏRLƏ DOLU KÖRPÜ

Sırat körpüsünün üzərində maneə rolunu oynayan keçidlər olacaq ki, yalnız müəyyən məsələlərə dünya həyatında riayət etmiş kəslər bu keçidlərdən buraxılacaqlar. Həmin məsələlərlə bağlı günah edənlər isə o keçidlərdən irəli keçməyəcəklər, yəni sıratdan cəhənnəmin içinə yuvarlanacaqlar. Bu keçidlərin (maneələrin) nədən ibarət olması barədə rəvayətlər fərqlidir. Hədislərin birində İmam Cəfər Sadiq (ə) buyurub ki, başqasına zülm edən kəs sıratın üzərindəki keçiddən keçməyəcək. Həzrət Mühəmməd Peyğəmbər (s) isə sıratın keçid nöqtələri haqqında buyurub: “Qiyamət günündə sıratın iki başında sileyi-rəhim (qohumlarla mehribanlıq) və əmanətə sədaqət yerləşdiriləcək (yəni bunların yoxlandığı məqamlar olacaq). Qohumlarla mehriban olan və əmanəti qoruyan şəxs keçib cənnətə girəcək. Amma əmanətə xəyanət edən və qohumlarla əlaqəni kəsən adam sıratdan keçəndə heç bir başqa xeyir əməl ona yardım etməyəcək və o, cəhənnəm alovunun içinə yuvarlanacaq” (Biharül-ənvar, VIII, 67).

Başqa bir hədisdə sırat körpüsünün üzərində sileyi-rəhimlə əmanət, namaz və ədalətdən ibarət üç maneənin (keçidin) olduğu bildirilir.


more post like this