Ruslan Növrəs

Hamı qafil kimi qəflətdə yatır,

Həyat həyat deyil – yuxudur, yuxu.

Bir ömür azandan namazə qədər,

Əslində çox azdır – çoxudur yuxu.

 

Saat da zəngini vurmaq istəmir,

Yenidən xəyallar qurmaq istəmir,

Elə şirin gəlir, durmaq istəmir,

Adamı elə bir uyudur yuxu.

 

Son qoyur bir anliq kədər-qəminə,

Qoşulub ozu tək bir həmdəminə,

Yatarkən ruh ucur oz aləminə,

Bərzəx aləmidir, Uludur yuxu.

 

Özü tə`yin edər vaxt olacagın,

Məzar olacagın, taxt olacagın,

Insanın özünə – baxt-olacagın,

Hər gecə yatarkən oxudur yuxu.

 

Getdiyin o yerdən gələ bilərsən?

O yer necə yerdir bilə bilərsən?

O yerdə bogulub ölə bilərsən,

Elə bil, bir dərin quyudur yuxu.

 

Hər yuxu əyandır Allaha kimi,

Tə`birlər olunar dərgaha kimi,

Yatan adamları əjdaha kimi,

Çəkərək köksünü hey udur yuxu.

 

Hər an qiyamətdən əlamət gəlir,

Xəyallar yox olur, həqiqət gəlir,

Oyanıb görəcüy qiyamət gəlir,

Bəlkə də həyatın sonudur yuxu.

 

Növrəs, hər dərdini başdan atarkən,

Bir anlıq xoş olur kamə çatarkən,

Hətta yuxudada gələr – yatarkən,

Sanma ki əcəli unudur yuxu.

canderyasi.com


more post like this