O, Qazi Əbul-Qasim Ubeydullah bin Əbdullah bin Əhməd bin Muhəmməd bin Əhməd bin Muhəmməd bin Həsəkan Qərşi Amiri Nişapuri, İbn Həza adı ilə tanınmış və hicrətin 5-ci əsrinin böyük alimlərindəndir.[1]

Ubeydullah Nişapurda ziyalı ailəsində dünyaya göz açmışdır. Uşaqlıq çağlarından atasından elm öyrənməyə başlamış və tez bir zaman müxtəlif sahələrdə dini elmləri mənimsəmişdir.

Əsil-nəsəbi

Onun sülaləsi və ata-babası elm əhli və məşhur olmuşlar. Böyük babası Əmir Əbdullah bin Amir bin Kəriz (Kurəyz) üçüncü xəlifə Osmanın zamanında Xorasan vilayətini fəth etmiş və bu vilayətin camaatı onun əli ilə müsəlman olmuşdur. Buna görədə bu sülalə Xorasanlıların arasında xüsusi hörmətə malikdirlər.[2]

Babası Əhməd bin Muhəmməd bin Əhməd (320 – 423 hq) hədis ravisi olmuşdur. Əbu İshaq Bəzzazi, Əbu Əmr bin Mətər və Əbul-Həsən bin Bəndar Seyrəfidən hədis rəvayət etmişdir.

Atası Əbdullah bin Əhməd bin Muhəmməd (363 – 450 hq) məşhur “Vaiz” olmuşdur. O, həfətnin bazar günləri Nişapurun “Mərbəi” məscidində moizə edərdi. Həmçinin məşhur tacir olmuş və hökumət işlərində də çalışmışdır.

Əmisi Əbdur-Rəhim bin Əhməd bin Muhəmməd saleh, abid və zahid bir kişi olmuş və Nişapur, İraq, Hicaz və Şam (Suriya-Dəməşq) alimlərindən hədis rəvayət etmişdir.

Övladları

Onun övladalrından aşağıdakı üç nəfər hədis ravilərindən hesab olunurlar:

1. Hakim Əbuəli Həza Muhəmməd bin Ubeydullah bin Əbdullah Həsəkani.

2. Əbusəid Həza Said bin Ubeydullah Həsəkani.

3. Əbulfəzl Həza Vəhəb bin Ubeydullah Həsəkani (450-524 hq).

Bunlar hər üçü təqvalı alim və hədisşünas olmuşlar. Vəhəb qardaşların ən kiçiyi idi, amma atasından daha çox hədis eşitmişdi. O, cəmiyyətdən uzaqlaşaraq ibadətlə məşğul idi. Şagirdləri onun ətrafına toplanır və ondan hədis öyrənirdilər.

Elmi şəxsiyyəti

Hakim Həsəkani öz dövrünün məşhur alimlərindən idi. Hədis ravilərindən çoxu onun dərslərində iştirak edir, hədis öyrənir və hədis rəvayət etmək üçün icazə alırdılar. O özüdə çoxlu alimlərdən hədis eşitmiş və rəvayət icazəsi almışdı.

O, saleh və fazil bir insan idi. Moizə və xütbə oxumaq üçün məclislər təşkil edərdi.

“Rical” alimləri onu “mühəddis – inanılmış – hədis elminə alim – aliul isnad (onunla ravilərin arasında az fasilə olub)” kimi sözlərlə tərif etmiş və öz zamanında “Hədis” və “Rical” elmini onun kimi bilən olmamışdır demişlər.[3]

Bəzi tərcümyei-hal yazanlar onu sünni alimi və Hənəfi məzhəbindən bilirlər. Bəziləri isə onun Şiə alimi olduğunu, lakin təqiyyə etdiyini demişlər.

İbn Tavus onun barəsində deyir:

«فروى الحاكم عبيد اللّه بن عبد اللّه الحسكاني في كتاب دعاء الهداة إلى أداء حق الموالاة، و هو من أعيان رجال الجمهور»

“Hakim Ubeydullah bin Əbdullah Həskani Əhli-sünnənin tanınmış şəxsiyyətlərindən biridir”.[4]

Zəhəbi özünün “Təzkirətul-huffaz” kitabında yazır:

«و وجدت له مجلسا يدل على تشيعه و خبرته بالحديث و هو تصحيح خبر رد الشمسِ و ترغيم النواصب الشُّمُس»

“Onun bir kitabını tapdım ki, onun şiə olduğunu sübut edir. Bu kitabın adı “Təshihu xəbəri rəddiş-şəms və tərğimun-nəvasibiş-şumus”dur”.[5]

Mərvə səfər

O, hədis eşitmək və alimlərlə görüşmək üçün Mərv şəhərinə səfər edib, orada dərs məclisləri təşkil etdi. Onun ətrafına çoxlu elmsevərlər toplaşdı və o, burda da şagirdlər tərbiyət etdi.

Hakim ustad və icazə şeyxləri

1. Abullah bin Əhməd bin Muhəmməd (atası)

2. Əhməd bin Muhəmməd (babası)

3. Əbuəbdillah Hakim Nişapuri

4. Əbu Bəkr bin Haris İsfahani Nəhvi[6]

5. Əbul Həsən Ələvi

6. Əbdullah bin Yusif İsahani

7. Əbul Həsən bin Əbdan

8. İbn Fəthəvəiyyə Dinəvəri

9. Əbu Tahir bin Məhməş

10. Qazi Əbul-əla Said bin Muhəmməd Hənəfi (vəfat: 432 hq)

11. Hakim Əbuəbdillah Hafiz

12. Əbulhəsən Əli bin əs-Səqqa

13. Əbu Əbdillah bin Bakuvəyh

Şagirdləri

Hakim Həsəkanin çoxlu şagirdləri olmuşdur ki, misal olaraq aşağıdakıları göstərçək olar.

1. Əbdulğafir bin İsmail Farsi (451 – 529 hq)

2. Mehdi bin Əbihərb

3. Seyid Əbu Muhəmməd Huseyni Qaini

Əsərləri

Hakim Həsəkanin məşhur şagirdi Əbdulğafir bin İsmail özünün “Tarixu Nişapur” kitabında yazır:

“Mən ustadımın təliflərinin öz xətti ilə yazılmış siyahısını görmüşəm. Bu siyahıda yüzə yaxın kitab adı var idi. Onların arasında faydalı bilgilər var idi”.

Hakim Həsəkaninin mühüm kitablarından aşağıdakıları göstərmək olar:

1. Şəvahid ət-Tənzil liqəvaidt-təfzil fil ayatil naziləti fi Əhlil-beyt (sələvatullahi və səlamihi ələyhim).

2. Xəsaisi Əli bin Əbitalib (ə) fil-Quran.

3. Təshihu xəbəri rəddiş-şəms və tərğimun-nəvasibuş-şumus[7]

4. Duaul hudat ila ədai həqqil muvalat[8]

5. Fəzailu şəhri Rəcəb

Vəfat

Qazi Mühəddis Əbul Qasim Ubeydullah bin Əbdullah Həsəkani Əhli-beyt (ə) elm və maarifinə bir ömr xidmət etdikdən sonra təqribən 490-cı hicri-qəməri tarixində fani dünyanı tərk edib əbədiyyətə qovuşmuşdur.[9]
[1] – “Mosuəti təbəqatul fuqəha”, Cəfər Sübhani, 5/220/1903;
[2] – “Əyanuş-şiə”, 8/136.

[3] – “Fehresut-turas”, 1/535;

[4] – “Əl-İqbal bil ə`malil həsənə”, Seyid Əli bin Tavus, 2/251.

[5] – “Mosuəti təbəqatul fuqəha”, Cəfər Sübhani, 5/220/1903; “Təzkirətul-huffaz”, Zəhəbi, 3/1200/1032;

[6] – “Mosuəti təbəqatul fuqəha”, Cəfər Sübhani, 5/220/1903;

[7] – “Məalimul-uləma”, 78/527; “Fehresut-turas”, 1/535; “Möcəmur-rical”, Xoi, 12/83/7492.

[8] – “Əl-İqbal bil ə`malil həsənə”, Seyid Əli bin Tavus, 2/251; “Mosuəti təbəqatul fuqəha”, Cəfər Sübhani, 5/220/1903;

[9] – “Siyəru ə`lamun-nubəla”, 18/268; “Əyanuş-şiə, 2/403 və 8/137; “Əməlul amil”, 2/167/494;

ceferiler.com


more post like this