Nizə başında başın lalə əhmərdi, Hüseyn,

Ya ki, on dörd gecəlik mahi-münəvvərdi, Hüseyn.

O kəsik başına qardaş, bacının canı fəda,

Əli əldən üzülən Zeynəbə rəhbərdi, Hüseyn.

Əmr elə Zeynəbə qoy hökmünü icra eyləsin,

Sənin hökmün mənə çün höccəti davərdi, Hüseyn.

Qoymaram kufəlilər hqqını pamal eləsin,

Dilim ağzımda bilirsən iti xəncərdi, Hüseyn.

Gəlmişəm Kufəyə düşmənləri rüsva eliyəm,

Dəvənin üstə kəcavə mənə səngərdi, Hüseyn.

Gərçe ənsarım ölüb, yox mənə imdad eyləyən,

Bir bölük qara ləçək qız mənə ləşgərdi, Hüseyn.

Versələr başəvi zülfümlə gülün silim özüm,

Görələr qəm günü Zeynəb necə xahərdi, Hüseyn.

Oxu Quranı, bacın aləmə təfsir eləsin,

Hamı bilsinlər bacın yaxşı süxənvərdi, Hüseyn.

Oxu Quranı nənəm Fatimə qurban səsinə

Uca nizə yaralı başına minbərdi, Hüseyn.

Oxu xoş ləhnilə Quran rəcəz olsun bacına,

Çarə yox, çubi-məhmil mənə xəncərdi, Hüseyn.

Gözün olsun balalarda mənə heç fikr eləmə,

Bağrıqan qızlara bu şəhri də məhşərdi, Hüseyn.

Əl çalanların hələ fikrini çox eyləmirəm,

Gərçe dil yarələri qəlbimə nəştərdi, Hüseyn.

Daş atanlardadı fikrim, odu halım pozulub,

Hər bəla gəlsə mənə zarü müqəddərdi, Hüseyn.

Qorxuram daş dəyə birdən bu şirindil balaya,

Sıxılıb qoltuğuma xırda kəbutərdi, Hüseyn.

Dəysə daş taqəti yoxdur, dəvə üstdən yıxılar,

Öldürər Zeynəbi axır bu qızın dərdi, Hüseyn.

Həzrət Zeynəbin (ə) Kufədə zəban halı

Sər nizədə Quran oxuyan başına qurban,

Başdan tökülən qanına göz yaşına qurban.

Ey Fatimənin ruhu, axan qanına qurban,

Dindir məni canım o susuz canıa qurban,

Həm qanına, həm canına, imanına qurban,

Bu Kufənin əhli səni nə hala salıbdı,

Sər nizədə başın, bədənin yerdə qalıbdı.

Əfsus ola Zeynəb ürəyi yandı dubarə,

Gördü yaralı başa vurublar yenə yarə,

Şiddətlə xanım göz yaşını tökdü üzarə,

Həsrətlə bacı əllərini bir-birə vurdu,

Birdən dedi qardaş, başını məhmilə vurdu.

Qanlı başına daş vuran aramımı aldı,

İstəkli bacın ölmədi aya necə qaldı,

Zeynəb də Hüseyncan, başına məhmilə çaldı,

Qan süzdü başımdan o zaman ki, yerə qardaş,

Az qaldı Səkinən özünü öldürə, qardaş.

Bibi Zeynəbin (ə) əhvalatı

Zeynəb kimi bəlalı görməz birin zəmanə

Bir gündə yeddi qardaş birdən boyandı qanə

Əlləri başında gəldi Zeynəb o gün fəğanə

Zeynəb Zeynəb ya Zeynəb²!

Kərbübəla çölündə Zeynəb düşüb bəlaya,

Rəhm etməyibdi düşmən övladi-Müstəfaya,

Öldürdülər Hüseyni, Zeynəb batıb əzaya,

Zeynəb, Zeynəb, ya Zeynəb!²

Ol şəhri bivəfada Zeynəb dübarə yandı,

Görcək yaralı başı rüxsara qan rəvandı,

Səsləndi qardaşım vay, Zeynəb qana boyandı,

Zeynəb, Zeynəb, ya Zeynəb²!

Qardaş, yaralı başa düşmən veribdi yara,

Yandırdılar Hüseynim, bu qəlbimi dübarə,

Səbr eylərəm yolunda gər getsəm hər diyara,

Zeynəb, Zeynəb, ya Zeynəb²!

Görcək bu Kufə şəhrin Zeynəb nə hala qaldı,

Qəmlər alıbdı dövrün rəngi rüxi saraldı,

Kərbübəlada yox-yox, bu Kufədə qocaldı,

Zeynəb, Zeynəb, ya Zeynəb²!

Səsləndi düxti-Zəhra, ey dinlərin satanlar,

Qəflətdə siz yatıbsız Qurana daş atanlar,

Görmüsüz ağlayırlar şəhrizdə bu qonaqlar?

Zeynəb, Zeynəb, ya Zeynəb²!

Gəlmiş bu şəhrə mehman fərzəndi-şahi-mərdan,

Kül yağdırır havadan adın qoyan müsəlman,

Quran tilavət eylir rəsi şəhi-mərdan,

Zeynəb, Zeynəb, ya Zeynəb²!

Kufədə Zeynəbin (ə) zəban halı

Dərbədərəm, gözləri giryan mənəm,

Qəmləri dərya ürəyi qan mənəm,

Ya Zeynəb, ya Zeynəb²!

Yox anacan Zeynəbinin çarəsi,

Saldı başa yeddi cavan qarəsi,

Öldürəcək Zeynəbi dil yarəsi,

Heyf ola bu Kufədə mehman mənəm.

İndi bu Kufə dolanır başıma,

Rəhm eləyən olmadı göz yaşıma,

Ağlayıram nizədə qardaşıma,

Çoxdu qəmi qəmkeşi dövran mənəm.

Kufəlilər saxlamadı hörmətim,

Öldü Hüseyn, oldu Səkinəm yetim,

Qəmlər əlindən bükülüb qamətim,

Yanam ana dərdi hezaran mənəm.

Yeddi qara başıma saldım, nənə,

Ölmədim axır necə qaldım, nənə,

Ta ki, Hüseynin səsin aldın, nənə,

Səslədim onda bacı qurban, mənəm.

 

 

 

Mərsiyələr Kitabından

 

 

 


more post like this