Həzrət Məsumənin (s) Quma gəlişi haqqında tarixi mənbələr yazır ki, bu gəlişin obyektiv səbəbləri vardı. İmam Kazim (ə) həbsə alınan zaman oğlu İmam Rizaya (ə) vəsiyyət etdi ki, qızların himayəsini öz üzərinə götürsün. Qızlarına da vəsiyyət etdi ki, qardaşları həzrət Rizaya (ə) itaət etsinlər. Hicri-qəməri 183-cü ildə imam Musa-Kazim (ə) şəhadətə çatan zaman xanım Məsumənin (s) on yaşı vardı. O acı uşaqlıq dövrü keçirmişdi. Qardaşının himayəsində yaşayan xanım Məsumə (s) imam Rizanın (ə) Xorasana məcburi səfərindən sonra bir il Mədinədə yaşadı. Xanım iztirab içində idi, heç vəchlə sakitləşə bilmirdi. Qardaşını görmək istəyi ilə Mədinədən Xorasana uzun səfərə qərar verdi. Yaxınları ilə birlikdə səfərə çıxdı. Qardaşını görmək arzusu ilə alışıb-yanan xanım yol arası Savədə xəstələndi.

 

Bəziləri xanımın xəstəliyi haqqında yazırlar ki, Savə əhli o zaman Peyğəmbər ailəsinə düşmən idi və bu səbəbdən xanımın karvanını görəndə ona hücum etdilər. Bu döyüşdə xanım Məsumənin (s) qardaşları və qardaşı oğlanları şəhadətə çatdı. Xanım Məsumə (s) 23 yaralı cəsədi görüb eynən bibisi Zeynəb kimi qəm-qüssəyə qərq oldu. Bu qəm-qüssə xəstəliyə səbəb oldu. Xanım bu vəziyyətdə Quma gəldi, Qumda vəziyyəti daha da ağırlaşdı. 16-17 gündən sonra dünyasını dəyişdi.

 

Başqa bir rəvayətdə bildirilir ki, Harun ibn Musa ibn Cəfər bacısı həzrət Məsumə (s) də daxil olmaqla 23 nəfərlə bir karvanda Savəyə daxil oldu. Əhli-beyt düşmənləri süfrə başına yığışmış müsafirlərə hücum etdilər. Əvvəlcə Harunu şəhadətə çatdırdılar. Karvanın digər üzvləri yaralandı, pərən-pərən düşdü. Nəql olunur ki, xanım Məsumənin (s) xörəyinə zəhər qatdılar. Xanım ağır vəziyyətdə yatağa düşdü və çox çəkmədi ki, Qumda şəhadətə çatdı. Bəziləri nəql edir ki, xanımı Savədə bir qadın zəhərləyib.

 

Xanım Fatimənin (s) gəlişi xəbəri Ali-Sədə çatdı. Xanımın istiqbalına gedib, onu Quma dəvət etdilər. Bu toplum arasında Musa ibn Xəzrəc adlı biri xanımın karvanına çatıb, onun dəvəsinin cilovundan tutdu və Quma doğru hərəkət etməyə başladı. Bu şəxs xanımı öz evində böyük hörmətlə qəbul etdi. 16-17 gün bu evdə ağır xəstəlik keçirən xanım Məsumə (s) dünyasını dəyişdi. Ali-Səd övladları xanıma əza məclisi qurdular.

 

Bəli, həzrət Məsumə (s) çox incimişdi. Ata və qardaşı ilə görüş arzusu qəlbində qalmışdı. O bu dünyanı qəm-qüssə içində tərk etdi. Qumda olduğu bir neçə gündə qardaşdan ayrılıq intizarından üzülən xanımın vəziyyəti daha da ağırlaşırdı. Qonaq olduğu evdə ibadət etdiyi guşə indi də saxlanılır və hörmətlə yad edilir. Bu hücrədə ruhani-tələbələr tez-tez olur, hücrənin cənubunda böyük məscid tikilib. Həmin yer Mir meydanındadır və Sittiyyə mədrəsəsi adlanır.

 

Xanımın şəhadəti ilə bağlı müxtəlif ehtimallar var. Bir ehtimala görə, 32 səfər yoldaşını qan içində görən, böyük üzüntü yaşayan xanım Savədə Məmunun göstərişi ilə zəhərlənmişdir. Araşdırmaçılar bu barədə yazırlar ki, imam Rizanın (ə) vəliəhdliyi zamanı İraq, Yəmən, Hicaz və başqa yerlərdən imamın görüşünə gələnlər vardı. Bu insanların çoxu arzusuna çata bilmədi. Onlar imamla görüşənə qədər onu şəhadətə yetirdilər.

 

Məmunun göstərişi ilə ehtimal olunan bütün yollara nəzarət edilirdi və xüsusilə seyidlər həbsə alınıb qətlə yetirilirdi.

 

Həzrət Məsumənin (s) əzəmətini göstərən dəlillərdən biri də məsum imamların ona diqqəti, onun dəfni ilə bağlı əzadarlığıdır. Şiə etiqadına görə, məsum şəxsin cənazəsini yalnız məsum dəfn edə bilər. Xanımın dəfnində məsumların iştirakı qeyd olunur.

 

Xanımın dəfnindən sonra Musa ibn Xəzrəc və yaxın çevrəsi bu məzar üzərində türbə tikdilər. İmam Məhəmmədtəqinin (ə) qızı Zeynəb Quma gəldiyi zaman xanımın qəbri üzərində qübbə ucaldır.

 

Bir müddət sonra imam Cavadın (ə) oğlu Musanın qızı Ümmi-Məhəmməd dünyasını dəyişdi və onu həzrət Məsumənin (s) civarında dəfn etdilər.

 

Daha sonra Ümmi-Məhəmmədin bacısı Məymunə vəfat etdi, o da xanımın məzarı yaxınlığında torpağa tapşırıldı. Bu xanımın qəbri üzərində ayrıca qübbə ucaldılıb. Xanımın yaxınlığında dəfn edilən növbəti şəxs imam Cavadın (ə) oğlu Musanın qızı Bərihiyyə olub.

 

Mərhum Mühəddis Qummi xanım Məsumənin (s) civarında başqalarının da dəfn olunduğunu yazır. İmam Cavadın (ə) qızı Zeynəb, Məhəmməd ibn Musanın kənizi Ümmi-İshaq, Məhəmməd ibn Əhməd ibn Musanın kənizi Ümmi-Həbib bu qəbildəndir.

 

Beləcə, xanımın pak hərəmində altı imamzadənin dəfn olunduğu bildirilir. Yaxşı olar ki, xanımın məzarını ziyarət edənlər qısa şəkildə də olsa bu imam övladlarını yad etsinər: “Əssəlamu ələykunnə ya bənati rəsulilləh, əssəlamu ələykunnə və rəhəmətullahi və bərəkatuh” – Salam olsun sizə ey Peyğəmbər qızları, Allahın salam, rəhmət və bərəkəti!

 

Tarixi-Qum kitabının müəllifi yazır ki, Hüseyn ibn Əli ibn Hüseyn ibn Musa ibn Babuyə, Məhəmməd ibn Həsən ibn Əhməd ibn Vəliddən belə nəql edir: Xanım Fatimə dünyasını dəyişəndən sonra ona qüsl verdilər, kəfənə bükdülər, cənazəsini Babulan adlı yerə gətirdilər, xanım üçün hazırlanmış sərdabədə dəfn etdilər. Ali-Səd xanımın kimin tərəfindən qəbrə qoyulmasından dolayı mübahisə etdi. Nəhayət, razılığa gəldilər ki, saleh bir qoca bu işi görsün. Qoca cənazəyə yaxınlaşanda üzü niqablı iki süvari göründü. Onlar çaparaq dəfn yerinə yaxınlaşırdılar. Dəfn yerinə çatıb atdan düşdülər, cənazəyə namaz qıldılar və onu sərdabəyə qoydular. Yenidən ata süvar olub gəldikləri istiqamətdə gözdən itdilər. Bu iki şəxs kim idi? Qazi Nurullah imam Sadiqdən (ə) belə nəql edir: Allahın hərəmi var və o Məkkədir. Allah Rəsulunun hərəmi var və o Mədinədir. Həzrət Əlinin hərəmi var və o Kufədir. Doğrudan da, Qum kiçik Kufədir (yəni Əmirəlmömininin kiçik hərəmidir). Bilin ki behiştin 8 qapısı var, bu qapılardan üçü Quma doğru açılar. Orada mənim övladlarımdan biri dünyasını dəyişər. Adı Fatimədir. Onun şəfaəti ilə əksər şiələr behiştə daxil olar.


more post like this