Həzrət Məsuməni (s) ziyarətin savabı, xanımın məqam və kəramətləri

 

Müqəddimə

 

Məsumə (s) kimdir?

 

O kimin qızıdır?

 

O kimin bacısıdır?

 

Məsumənin məqamı nədir, o harada dəfn olunub?

 

Məsumə (s) kimdir ki, şəfaət məqamına çatıb?

 

Məsumə (s) kimdir ki, onu ziyarət edənə behşit vacibdir?

 

Məsumə (s) kimdir ki, hər il zəvvarlar onun hərəminə sel kimi axışır?

 

Məsumə (s) kimdir ki, düyünləri açır, bütün şiələrə ümid verir?

 

Məsumə (s) kimdir ki, bütün təqlid mərcələri və böyük alimlər ondan kömək istəyir?

 

Məsumə (s) kimdir ki, ismət məqamına çatıb?

 

Məsumə (s) kimdir ki, ona “ikinci Fatimə” deyirlər?

 

Məsumə (s) kimdir ki, atası onun elmi məqamını təsdiqləyib?

 

Məsumə (s) kimdir ki, onu məsum dəfn etdi?

 

Məsumə (s) kimdir ki, kəramətləri sonsuzdur?

 

Məsumə (s) elə bir məqama çatdı ki, atası onunla iftixar etdi. Məsumə (s) elə bir məqama ucaldı ki, Fatimeyi-Zəhra ondan qürur duydu. Məsumə (s) elə bir məqama yüksəldi ki, şiələrlə Əhli-beyt arasında rabitə oldu.

 

Məsumə (s) atası kimi “Babul-həvaic”, yəni istəklər qapısıdır.

 

Məsumə (s) elə bir məqam sahibidir ki, dünya şiələrinin qəlbində özünə yer edib. Ümid edirik ki, Allah- Taala bu səmavi xanımla daha yaxından tanışlıq tövfiqi lütf edəcək. Olsun ki, onu mərifətlə ziyarətimizdən şəfaət əldə edəcəyik.

 

Abbas Əzizi

 

Xanımın fəziləti

 

Qızların təhsil alması üçün zəmin, şərait yaratmaq zəruridir. Valideynlər qızlarının təhsilinə icazə verməlidir. Məbada, ata-ana təəssüb ucbatından düşünə ki, qızı təhsil almamalıdır. Din belə bir söz deməyib. İslamda təhsil mövzusunda qızla oğlan arasında fərq qoyulmayıb. Şərait yaradaq ki, gənc qızlarımız təhsil alsınlar, elmə yiyələnsinlər və başa düşsünlər ki, dünya imperializmi qadın haqqında necə əsassız təbliğatlar aparır. Yalnız elm yolu ilə bu nöqtələri dərk etmək olar. Bu gün bizim ən imanlı və pak qızlarımız və xanımlarımız təhsilli zümrə arasında deyilmi?! Dəbdəbə, bərbəzək, eyş-işrət ardınca qaçan, geyimdə qərbi yamsılayan qızların və xanımların əksəri savadsızdır. Tövsiyəmiz budur ki, ata-analar övladlarının təhsil alması üçün çalışsınlar. Əgər istedad və maraqları varsa ali təhsil ardınca getsinlər. Savadlı insanlardan olun, dünyada baş verənləri dərk edin.

 

Hər şey Allahın əlindədir. Əyyub ibn Nuhdan nəql olunur ki, Yəhya ibn Zəkəriyya övlad gözləyirdi. İmam Hadiyə (ə) belə yazdı: “Övladımız yoldadı. Allahdan istəyin ki, bizə oğlan

 

övladı ruzi etsin.” İmam cavabında belə yazdı: “Çox qızlar oğlandan üstün olur.” Yəhyanın qızı dünyaya gəldi. (Kəşful-ğəmmə)

 

Peyğəmbər (s) öz qızına xüsusi ehtiram göstərirdi. Bu ehtiram həmin qızın böyük şəxsiyyətindən danışırdı. Rəvayətdə deyilir ki, Peyğəmbər səfərə çıxmazdan öncə xanım Fatimə ilə vidalaşar, səfərdən qayıdanda hamıdan qabaq həzrət Fatimə ilə görüşərdi. Allahın Rəsulunun (s) qızı Fatiməyə ehtiramı ətrafdakıların diqqətini cəlb edən fövqəladə bir hadisə idi.

 

Tələbə qızların tərbiyəsi zəruridir. Tələbə qızları elmə həvəsləndirmək lazımdır. Bu məqsəd islami dəyərlər sorağında olan məmləkəti hədəfə yaxınlaşdırır.

 

Ey xanımlar, xalq sizin xidmətlərinizə ehtiyaclıdır. Sizin dinə bağlılığınız da mühüm etiyaclardandır. Allah bu işdə sizə yardımçı olsun. Xanım Fatiməni özünüzə nümunə seçin. Təhsildə yaranan problemləri aradan qaldırmaq üçün bu nümunənin rolu böyükdür. Əksər təhsil mərkəzlərində problemlər var. Bu problemlər aradan qalxsa qızlar və qadınlar təhsil ardınca gedə bilər. Biz elm qülləsini fəth etmiş, əxlaqda, cəmiyyətdə məqama çatmış xanımlarla fəxr edirik.

 

Həzrət Peyğəmbərdən (s) maraqlı bir hədis nəql olunur. Peyğəmbər (s) buyurur: “Qadının ilk övladının qız olması onun mübarəkliyini göstərir.”

 

Başqa bir hədisdə Həzrət buyurur: “Övladın ətri behişt ətridir. Qız övladları yalnız möminlər sevir.”

 

İmam Sadiq (ə) buyurur: “Oğlan övladlar nemətdir, qız övladlar xeyir. Allah nemətləri sorğuya çəkər, yaxşılıqlara görə mükafat verər.”

 

Həzrət Peyğəmbər (s) buyurur: “Qızlar ürəkyandıran, qayğıkeş, bərəkətlidirlər. Allah-Taala bir qız övladı olana həmin qızı cəhənnəm oduna qarşı libas qərar verər. Kimin iki qızı olsa, bu qızlara görə behiştə daxil olar. Üç qız övladı və ya bacısı olanın üzərindən cihad və sədəqə məsuliyyəti götürülər.”

 

İki qız övlada qəyyumluğun mükafatı var. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs iki qız övladı böyüdüb boya-başa çatdırsa mənimlə yanaşı behiştə daxil olar.”

 

Üç qız övlada qəyyumluğun mükafatı da fərqlidir. Həzrət Peyğəmbər (s) buyurur: “Üç qız övlada onlar ərə gedənə qədər himayə göstərən şəxs cəhənnəm odundan amandadır.”

 

Qız övladın dəyəri ilə bağlı rəvayətlər çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: “Qızınız olanda qəmlənməyin. Çünki onlar çox dəyərli həmdəmlərdir.”

 

Qız övlad həm də ruzi üçün təzminatdır. Carud ibn Munzər nəql edir ki, imam Sadiq (ə) buyurdu: “Mənə xəbər çatdı ki, qızın olub, naratlıq keçirmisən. Ondan zərər görməzsən. O bir güldür ki, ətrini alarsan və ruzisi təzmin olunub. Peyğəmbər özü neçə qız atası idi.”

 

Xanım Məsumənin (s) fəzilətləri

 

Həzrət Məsumənin (s) anası Nəcmə idi. Nəcmə xatun fəzilətli xanımlardan idi, təqva və ləyaqət nümunəsi sayılırdı. Bəşər tarixində belə xanımlar az olub. Xanım Nəcmə mənbələrdə 10 adla zikr edilir. Bu adların ən məşhuru Nəcmədir. Nəcmə ulduz mənasını bildirir. O işıq saçan bir ulduz idi, İmam Riza (ə) kimi imamət günəşini ağuşunda böyütmüşdü. Bu parlaq ulduzun ağuşunda həzrət Məsumə (s) kimi işıqlı ay da vardı.

 

Nəcmə xatun o qədər ədəbli idi ki, heç vaxt Həmidə xatunun hüzurunda əyləşməzdi. Şeyx Səduq ustadlarından nəql edir ki, ağıl və düşüncə, ibadət-itaət, xüsusilə Həmidə xatuna ehtiramda misilsiz idi.

 

İmam Sadiq (ə) həzrət Məsumənin (s) ismətindən danışır. Şiələrdən biri imam Sadiqin (ə) görüşünə gəlir. Həzrətin bir beşik kənarında əyləşdiyini görür. İmamın körpə ilə danışmasından təəccüblənib deyir: “Siz yeni doğulmuş uşaqla danışırsınız?” İmam Sadiq (ə) buyurur: “Əgər meylin varsa yaxın gəl, sən də onunla danış.” Həmin şəxs nəql edir ki, körpənin beşiyinə yaxınlaşdım və salam verdim. Salamıma cavab alanda heyrətə gəldim. İmam mənə buyurdu ki, yeni doğulmuş qızına qoyduğun adı dəyiş, Allah bu adı sevmir.” Bu şəxsin bir neçə gün öncə qızı dünyaya gəlmişdi və onun adını Huməyra qoymuşdu. Uşağın danışması, imamın bütün işlərdən xəbərdar olması, mənə xəbərdarlıq etməsi təəccübümə səbəb oldu. İmam buyurdu: “Təəccüblənmə, bu körpə oğlum Musadır, Allah ondan Fatimə adlı bir qız verəcək. Bu qız Qum adlanan yerdə torpağa tapşırılacaq və onu ziyarət edənə behişt vacibdir.

 

İmam Rizanın (ə) bacısı iftixarına sahib olan həzrət Məsumə (s) bu nöqtəni vurğulayaraq buyurur: “Mən Məsumə (s) İmam Rizanın bacısıyam.”

 

İmam Riza (ə) öz söhbətlərində xanım Məsuməni tez-tez yada salır. Həzrət buyurur: “Kim Qumda həzrət Məsuməni ziyarət etsə məni ziyarət etmiş kimidir.”

 

Həzrət Məsumənin (s) isməti müstəsna xüsusiyyət kimi vurğulanır. “Nasixut-təvarix” kitabında nəql olunur ki, İmam Riza kimsə haqqında mübaliğəli danışmazdı və xanımı “Məsumə” kimi o zikr edir.

 

Xanım Məsumənin adları arasında iki ad məşhurdur: “Məsumə” və “Kərimeyi-Əhli-beyt”. Onun başqa adları da var: Tahirə, Həmidə, Bərrə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Səyyidə, Uxtur-Riza.

 

Bu adlar müxtəlif ziyarətnamələrdə işlədilən adlardır.

 

Həzrət Məsumənin əsl adı Fatimeyi-Kübradır. Onu imam Riza Kübra adlandırıb. İmam Rizanın buyuruğunca həzrət Məsumənin ziyarəti imamın ziyarəti savabına malikdir.

 

Həzrət Məsumənin (s) imam Rizadan nəql olunmuş ziyarətnaməsində deyilir: “Allahdan istəyirik ki, sizi tanımaq mərifətini bizdən almasın. O hami və qüdrətlidir.”

 

Uyğun ziyarətnamədə həzrət Məsumə (s) Peyğəmbərin qızı kimi yada salınır. Onun haqqında “Fatimə və Xədicənin qızı, Əmirəlmöminin Əlinin qızı, Həsən və Hüseynin qızı, imam Kazimin qızı, Allah vəlisinin bacısı, Allah vəlisinin bibisi” təbirləri işlədilir.

 

Bu təbirlər təkcə əsil-nəcabət göstəricisi deyil. Təbirlərdən aydın olur ki, xanım Məsumə (s) mənəvi və ilahi baxımdan doğrudan da Peyğəmbər, Zəhra və Xədicə, məsum İmamların övladıdır.

 

İmam Riza ziyarətnamədə belə deyir: “Ey Fatimeyi-Məsumə! Behiştə gedəcəyin zaman bizə şəfaət ver. Çünki Allah qarşısında sənin çox yüksək məqamın var.”

 

Təəssüf ki, həzrət Məsumənin həyat yolu tarixdə qeydə alınmayıb. Bəlkə də, bu məlumatlar itib-batıb. Səbəb həmin dövrə hakim olan təzyiqlər və qorxudur. Əhli-beytin həyatını yazmaq təhlükəli bir iş idi. Biz yalnız əlimizdə olanlarla kifayətlənirik.

 

Xanım Məsumənin xüsusiyyətlərindən biri bu olub ki, İslam və Ali-Məhəmməd elmlərindən xəbərdar olub. Bu elmləri başqalarına da öyrədib. Xanım Məsumə (s) rəvayət və hədis nəql edənlərdən sayılır. İmam Kazim bu səbəbdən buyurur ki, atan sənə fəda olsun. Hansı ki atası məsum imam idi. Məşhur olmayan bir ziyarətnamədə oxuyuruq: “Salam olsun sənə ey Musa ibn Cəfərin qızı, höccət və əmini Fatimə!”

 

Bəli, həzrət Məsumə (s) atası imam Kazimin höccət və əmanətçisi idi. Yəni o ilahi əmanətin mühafizlərindən idi.

 

Sual olunur ki, bir neçə bacısı olduğu halda nə üçün həzrət Məsumənin məqamı bu qədər ucadır? Belə bir sual həzrət Zəhra haqqında da verilir. Cavab olaraq deyə bilərik ki, bu iki xanımın əsil-nəcabət imtiyazından əlavə, iman və əməl imtiyazı olub. Bu iki xanım ali məqamlar fəthidir. İrfan və əməldə parlaq nümunə kimi yadda qalıb.

 

Həzrət Məsumə (s) elm, irfan, iman, siyasət, rəhbər məqamın himayəsi kimi sahələrdə seçilib, sonda bu yolda şəhadətə çatıb.

 

Xanım Qumda cəmi 17 gün olub. Bu 17 gündə daim ibadətlə məşğul olub və onun ibadət yerinə “beytun-nur” deyirlər. Bu yer Qumda Sittiyyə mədrəsəsində, Mir meydanı məhəlində yerləşir. Xanımın nuraniyyəti Allahla rabitəsinin məhsuludur.

 

Nə üçün xanım Məsumə (s) ailə həyatı qurmayıb? Bu sualın cavabında iki nöqtə yada salınır. Xanım Fatimənin ailə qurmamasının bir səbəbi ona layiq həyat yoldaşının tapılmaması ola bilər. İmam Kazimin qızları, xüsusilə xanım Məsumə (s) çox yüksək kamal sahibi idilər və bu baxımdan onlara münasib həyat yoldaşının tapılması çətin idi. İmam Kazim qızlarına tövsiyə etmişdi ki, qardaşlarının tövsiyəsi ilə ailə qursunlar. Səbəb bu ola bilər ki, onlara münasib həyat yoldaşı tapılsın. Həzrət Zəhra haqqında imam Sadiq buyurur: “Əgər Allah-Taala Fatimə üçün Əli yaratmasaydı bütün yer üzündə Adəmdən bu yana kimsə ona həyat yoldaşlığına layiq olmazdı.

 

İkinci səbəb bu ola bilər ki, aramsız təzyiqlər dövründə, Harunun işgəncələri altında kimsə imamın qızları ilə ailə qurmağa cürət etmirdi. Harunun nəzərincə imamın qızı ilə ailə qurmaq cinayət idi. Bu səbəbdən imamın qızlarının ailə qurmaması mümkündür.

 

Bunu da nəzərə almaq lazımdır ki, imam Kazim (ə) həbsxanada idi. İmam Rizanın atasının şəhadətindən, Xorasana məcburi sürgündən xəbərdar olması xanım Məsumənin izdivac etməməsinin başqa bir səbəbi ola bilər.

 

İmam Sadiq (ə) buyurur: “Övladlarımdan adı Fatimə olan bir xanım Qumda dəfn edilər. Onun şəfaəti ilə bütün şiələrimiz behiştə daxil olar.”

 

Həzrət Məsumənin elmi məqamı da yüksək olub. Onun ziyarətində adi imamzadə ziyarətnaməsi yox, xüsusi bir ziyarətnamə oxunur. Çünki xanımın ziyarəti behişt müjdəsi ilə yanaşıdır. Çox böyük sözdür. Nəql edirlər ki, bir gün imam Musa-Kazim Mədinədə evdə olmadığı zaman bir şəxs sual vermək üçün gəlir. Həmin vaxt həzrət Məsumə (s) uşaq idi. Gələn adamdan nə istədiyini soruşur. O sualı olduğunu deyir. Xanım buyurur ki, sualını yaz. Bu şəxs sualını yazdıqdan sonra xanım suala cavab verir. İmam Kazim evə qayıtdıqdan sonra zövcəsi əhvalatı danışır. İmam buyurur: “Ata-anam ona fəda, Allah nə hökm edibsə onu buyurub.”

 

Bu insanlar adi fərd olmayıb. Allah bilir ki, bu ailədə necə şəxsiyyətlər tərbiyə olunub. Təbii ki, həzrət Peyğəmbərin kəramətlərini qəbul etməyənlər onun övladlarının da kəramətini inkar edəsidir. Peyğəmbərin qəbri kənarında dayanan nəzarətçi deyir ki, zərihin əvəzinə mənim əlimi öp!

 

Misirdə çap olunmuş kitabda belə bir rəvayət var: Fatimə imam Kazimin qızıdır. Bu xanım imam Sadiqin (ə) qızı Fatimədən, o Fatimə imam Baqirin qızı Fatimədən, o Fatimə də öz növbəsində imam Səccadın qızı Fatimədən, o da öz növbəsində Hüseynin qızı Fatimədən, o da Əlinin qızı Zeynəbdən, o da Peyğəmbərin qızı Fatimədən nəql edir: “Agah olun ki, dünyadan Ali-Məhəmmədin sevgisi ilə gedən şəhid kimi getmişdir.”

 

Həzrət Məsumənin (s) kəramətləri

 

Həzrət Məsuməyə böyük istəklərlə ağız açın. Xanım Məsumənin şəfaətinin bütün şiələrə şamil olması onun böyük əzəmətindən danışır. Bəli, xanımın müstəsna fəzilətləri var. İsfahanın dövlətabad alimlərindən biri olan Ayətullah Hacı Şeyx Məhəmməd Nasiri atası Ayətullah Şeyx Məhəmmədbaqirdən belə nəql edir: Hicri 1295-ci ildə Qum ətrafında qıtlıq və quraqlıq oldu. Xalq əzab çəkirdi. 40 nəfər mömin ayrılıb xanım Məsumənin hərəmində minacat üçün toplandı. Xanımın ehtiramına Allahdan yağış istədilər.

 

Üç gün sonra bu şəxslərdən biri Ayətullah-üzma Mirzayi Qummini yuxuda görür. Ayətullah-üzma Mirzayi Qummi ondan soruşur ki, nə üçün bir yerə toplanmısınız? Alim ərz edir ki, bir müddətdir yağış yağmır, quraqlıq və qıtlıqdır, xanıma pənah gətirmişik. Qummi deyir ki, bu böyük müşkül deyil. Onun həlli üçün bizə də müraciət edə bilərdiniz. Amma bütün insanlar üçün şəfaət istəyirsinizsə xanıma təvəssül edin.

 

Ayətullah Məsudi Xomeyni xanım Məsumənin hərəminin məsullarındandır. 1380-cı il (miladi 2001) dey ayının 21-i, cümə günü səhər 9:30-da Qum telekanalında belə buyurdu: “15 gün öncə bir neçə türk gəlmişdi. Farsca bilmədiklərindən tərcüməçi istəyirdilər. Tərcüməçi gəldi və onların istəyini bizə çatdırdı. Bu adamlarla birlikdə 15 yaşlı qız və anası da vardı. Anası dedi ki, qızım bir ildir psixi xəstəliyə tutulub. Müayinə kağızlarını, həkim rəyini göstərdi. Qadın dedi ki, qız bir gün yuxudan qalxıb və Quma aparılmasını istəyib. Qadın dedi ki, maddi durumları yaxşı olmadığından bu səfər yubanırdı. Nəhayət qızım sırğalarını satıb yol xərci etdi. Sübh tezdən hərəmə daxil olduq, xanıma təvəssül etdik. Göz yaşı axıdıb qızıma şəfa istədim. Birdən qızım fəryad çəkdi və mən qorxdum. Səbəbini soruşanda dedi ki, 12 nəfər görürəm. Ondan ayağa qalxmasını istəmişdilər, demişdi ki, bacarmıram. İkinci dəfə fəryad çəkib ayağa qalxdı və qətiyyətlə dedi ki, artıq sağalmışam!

 

Mən dedim ki, qızın bu gün halı yaxşı ola bilər. Siz bir həftə sonra gəlin. Yol xərciniz bizim öhdəmizə. Növbəti dəfə gələndə bildirdilər ki, qız artıq tam sağalıb. Bu münasibətlə təbil çalındı. Təbilin səsindən zəvvarlar bu kəramətdən xəbər tutdular.

 

Bir xanım oğlunun ağır xəstəliyinə görə uzun müddətdi narahat idi. Müalicələr nəticə vermirdi. Xanımın əli hər yerdən üzülmüşdü. Xanım Məsumənin hərəminə gəlib ona təvəssül etdi və bu təvəssül günlərlə uzandı. Bir gecə yuxuda xanım Məsuməni gördü. Xanım buyurdu: “Xəstəni hərəmə gətir və göstərdiyim yerdə saxla. Əmim Abbas mənim ziyarətimə gələndə əmimdən onun üçün şəfaət istəyərəm.” Xanım deyir: Yuxudan oyananda nigarançılığım ötüb-keçmişdi. Həzrət Məsumənin göstərişinə əməl etdim. Xəstəni xanımın göstərdiyi yerə gətirdim. Çox gözləməli olmadıq. Xəstə əyləşən kimi halı dəyişdi və mənə bildirdi ki, daha yaxşıyam.

 

Nəql edirlər ki, Ayətullah Hacı Şeyx Əbdülkərim Hairinin mərcəiyyəti dövründə Qumda bir şəxs vardı, əksəriyyət onu tanıyırdı. Bədəninin aşağı ətrafı iflic olmuşdu, hərəkət edə bilmirdi. Yol gedəndə ayağını yerlə sürüyürdü. Sovet vaxtı Qafqazdan gəlmişdi. Həzrət Məsumədən şəfa almaq istəyirdi. Ramazan gecələrinin biri qəfildən təbillərin səsi ucaldı. Dedilər ki, xanım Məsumə (s) ayağı iflic bir şəxsə şəfa verib. Kişi o qədər sağalmışdı ki, nə vaxtsa xəstə olduğu bilinmirdi. Deyirdi ki, vücudumda zərrəcə ağrı hiss etmirəm.

 

Bir gecə yuxuda Mirzayi Qummidən soruşurlar ki, Qum əhlinin şəfaəti həzrət Məsumənin ixtiyarındadır? Təəccüblə baxıb buyurur: “Qum əhlinin şəfaəti mənə aiddir. Xanım isə aləmə şəfaətçidir.”

 

Həzrət Məsumənin pak hərəminin xidmətçilərindən olan Abdulla Əfsa deyir:

 

Əslən Zəncandan olan anadangəlmə 9 yaşlı lal qızı hərəmə gətirmişdilər. Dedilər ki, ata-anası vəfat edib, Quma nənəsi ilə gəlib. Nənəsi zərihin kənarında dayanıb həzrət Məsuməyə xitabən dedi: “Ey bibi! Bu dəfə ziyarətə gəlməmişəm. Gəlmişəm ki, bu qıza şəfaət istəyim. Onun məndən başqa kimsəsi yoxdur. Əgər ölsəm, bu uşağın talehi nə olacaq bilmirəm! Sən yaxşı bilirsən ki, mən onu bu yaşa hansı çətinliklə çatdırmışam…

 

Qoca qadın beləcə xanımla dərdləşirdi. Qəfildən zərihin kənarında əyləşmiş qız ayağa qalxdı və nənəsini çağırdı. Nənəsi həyəcan içində onu ağuşuna aldı. Hönkürtü ilə ağlayırdı. Xidmətçilər yaşlı qadınla qızı hərəmin işlər idarəsinə apardılar. Onlara maddi yardım göstərdilər, hədiyyə verdilər, geri qayıtmaq üçün bilet aldılar. Nənə ilə nəvə sevinc içində Zəncana qayıtdılar.

 

Hərəmin xidmətçisi Rzazadə deyir: “Təngənəfəs olurdum, az qala boğulurdum. Dəfələrlə həkimə müraciət etmişdim, heç bir nəticəsi yox idi. Xanıma təvəssül etdim, qısa vaxtda sağaldım. İndi 80 yaşım var, hərəmdə xidmət edirəm və xəstəlik nə olduğunu bilmirəm. Sağlamlığıma xanım Məsumə (s) zamin durub.

 

Ayətullah Hacı Seyid Məhəmmədbaqir Müvəhhid Əbtəhi nəql edir ki, höccətül-islam vəl-müslimin Seyid Əhməd Rövzatinin bacısı xəstələnmişdi. Cərrahiyə əməliyyatına ehtiyac vardı. Əməliyyatın Tehranda keçirilməsi nəzərdə tutulurdu. Doktor dedi ki, cümə günü Tehranda olmayacağam, şənbə ya bazar günü gəlin.

 

Quma qayıtdıqdan sonra bizim evə gəldilər. Cümə axşamı xanım hərəmə getdi və həzrət Məsumənin (s) zərihinə sarılıb şəfa istədi. O yalvarırdı ki, qadın üçün naməhrəm həkimin müalicəsi ağır işdir. Deyirdi ki, bibican, razı olma ki, mən bu həyəcanı yaşayım.

 

Şənbə günü Tehrana getdilər. Həkim son müayinədən sonra heyrət içində demişdi: “Təəccüblüdür, sizin cərrahiyə əməliyyatına ehtiyacınız yoxdur.” Sevinc içində geri qayıtdılar. Hansı ki İsfahan və Tehranın bütün tanınmış həkimləri cərrahiyə əməliyyatını zəruri saymışdılar.

 

Ayətullah Hacı Mirza Məhəmməd Fazil Lənkərani buyururdu:

 

Neçə il öncə bir hadisə ilə üzləşdim. Hər dəfə Təthir ayəsini görəndə düşünürəm ki, əgər bu ayə Peyğəmbərin zövcələrinə aid deyilsə, nə üçün onların adı çəkilir? Uzun illər bu barədə düşünmüşəm. Xanım Məsuməyə (s) təvəssül etdim, Allahın lütfü, xanımın diqqəti sayəsində problem həll oldu. Elmi həmsöhbətim olan Şəhabəddin İşraqi ilə birlikdə bir kitab yazdım. Elmi dəlillərlə sübuta yetirildi ki, bu ayənin Peyğəmbərin (s) zövcələrinə heç bir aidiyyatı yoxdur, ayə yalnız Əhli-beytə məxsusdur.

 

Böyük alim Şeyx Musa Qumminin oğlu, mərhum Hacı Şeyx Əli Zahidinin nəvəsi höccətül-islam vəl-müslimin Hacı Şeyx Əbdürrəsul nəql edir:

 

Hicri 1391-ci ildə Nəcəfdə olduğum zaman 15 zilqədə günü Quma yola düşdüm. Günorta vaxtı idi. Günorta namazını qılmamışdım. Dəstəmaz aldım, xanım Məsumənin (s) hərəminə üz tutdum. Namazdan qabaq ziyarətnamə oxudum. Xanıma üz tutub ərz etdim: “Bibican! Biz İraqda sizin ata-babalarınızın sayəsində yaşayırıq. Bütün ehtiyaclarımızı onlar ödəyir. Sizdən istəyim var. Boş əllə gəlmişəm, kömək, yaşamaq üçün ev istəyirəm. Uzun illərdir ailə qurmuşam, övladım olmur, saleh bir övlad arzusundayam.”

 

Qısa bir müddətdə rahat bir mənzil nəsibimiz oldu. Çox çəkmədi ki, övladımız dünyaya gəldi. Xanımın lütfü sayəsində altı övladım var. Dolanışıq ehtiyaclarımız təmin olundu. Nəcəfdəkindən qat-qat üstün şəraitdə yaşayırıq. Bu müqəddəs şəhərə qədəm qoyduğum gündən heç bir müstəhəbb əməli buraxmamışam. Nə yaxşı iş görürəmsə xanımı da buna şərik edirəm.

 

Höccətül-islam vəl-müslimin Qazi Zahidi həzrət Məsumənin (s) kəramətlərindən birinə şahid olub. Hadisə 20 il bundan qabaq baş verib. Nəql edir ki, bir gecə hərəmdə təvəssül duası vardı. Duanın ortasında işıq kəsildi, bir müddət qaranlıq oldu. İşıqlar yananda hiss etdim ki, hamı hərəmdə bir nöqtəyə baxır. Bu Şah Abbasın qəbri idi. Mənim də diqqətim həmin nöqtəyə yönəldi. 17-18 yaşlı bir qız həmin yerdə dayanmışdı. Aydın oldu ki, 10 yaşından lal olub, şəfa almaq üçün müqəddəs Məşhədə gedib. Yuxuda imam Riza (ə) buyurub ki, bu qızı Quma aparın, həzrət Məsumə (s) ona şəfa verəcək. İndi qız şəfa tapmışdı.

 

Hacı ağa Səbzvari buyurur:

 

Bir gün müqəddəs Məşhəd şəhərində mərhum Ayətullah Müctəhidinin xidmətində idim. Tanınmış bir Seyyid də orada idi. Həzrət Məsumənin (s) məqamından söhbət gedirdi. Seyyid buyurdu ki, xanım Məsumənin (s) hərəmində qəlbdən keçən istəklər də yerinə yetir. Yəni bir istəyi dilə gətirməsən də bu istək xanımın diqqətindədir.

 

Sözünə davam etdi ki, Məşhəddən Quma gəldiyi zaman müəyyən məbləğdə borcu olub. Hərəmə gedib. Xidmətçi Kuhxızri ilə dost imiş. Dərdini ona deyib. Xidmətçi deyib ki, istəyin yerinə yetəcək. Bunu haradan bildiyini soruşanda cavab verib ki, bu mənim boynuma.

 

Seyyid hərəmin kənarında dayanıb qəlbində danışmağa başlayıb. Çox keçməmiş dostlarından biri ilə rastlaşıb, hal-əhval tutandan sonra dostu borc barədə heç nə soruşmadan həmin məbləği ona verib.

 

Böyük mühəddis mərhum Hacı Şeyx Abbas Qummi Molla Sədra haqqında yazarkən qeyd edir ki, Molla Sədra müəyyən sıxıntılar səbəbindən Şirazdan Quma mühacirət etmişdi. Qumun dörd fərsəxliyində yerləşən Kəhəkdə məskunlaşmışdı. Qarşısına elmi çətinlik çıxanda xanımın ziyarətinə gələr və onun lütfü ilə çıxış yolu tapardı.

 

Mərhum Mühəddis Nuri nəql edir: Bağdadda Yəqub adlı nəsrani istisqa xəstəliyinə yoluxmuşdu. Müalicəsinə ümid qalmamışdı. O qədər zəifləmişdi ki ayağa qalxa bilmirdi. Onun dilindən belə nəql edirlər: “Allahdan təkrar-təkrar ölüm istəmişdim. Hicri-qəməri 1280-cı ildə yuxuda nurani bir seyid gördüm. Yatağımın kənarında dayanmışdı. Mənə dedi ki, şəfa istəyirsənsə Kazimeynə getməlisən. Yuxudan oyandım. Yuxumu anama danışdım. Məsihi anam dedi ki, bu şeytani yuxudur. Sonra daha iki dəfə yuxuya getdim, bu dəfə çadrada, niqablı bir qadın gördüm. Mənə dedi ki, atam sizə nə dedi, qalx ayağa sübh oldu. Soruşdum ki, atası kimdir? Cavab verdi ki, atam Musa ibn Cəfərdir, mən onun qızı, imam Rizanın bacısı Məsuməyəm.

 

Yuxudan oyandım. Heyrət içində idim. Bu barədə kimdən soruşaydım? Ağlıma ilk gələn Seyid Rəzi Bağdadi oldu. Bağdada onun görüşünə getdim. Qapını döydüm. Qapının arxasından səs gəldi: “Qapını açın, bir nəsrani müsəlman olmaq üçün gəlib.” Qapı açıldı, evə daxil oldum. Seyid Rəzidən soruşdum ki, mənim hansı məqsədlə gəldiyimi haradan bilir? Buyurdu ki, yuxuda cəddim məni bu məsələdən hali etdi. Beləcə, Seyid məni Kazimeynə, Şeyx Əbdülhüseyn Tehraninin yanına apardı. Əhvalatı danışdım. Onun göstərişi ilə məni imam Kazimin (ə) hərəminə apardılar. Zərihi təvaf etdim, bir dəyişiklik hiss etmədim. Hərəmdən çıxanda susadım. Su içən kimi yerə yıxıldım. Sonra hiss etdim ki, sanki çiynimdə dağ var imiş, götürüldü. Şübhəm qalmadı ki, sağalmışam. Çöhrəmin rəngi dəyişdi. Xəstəlikdən əsər-əlamət qalmadı. Şeyxin hüzuruna gedib onun vasitəsilə İslamı qəbul etdim.

 

Həzrət Ayətullah-üzma hacı şeyx Mürtəza Hairi buyurur: Seyid Camal adlı bir şəxs vardı. Ağır xəstəliyə tutulmuşdu. Bir yerə gedəndə kimsə onu dalına alar aparardı. Tasua günü günortadan sonra bu şəxsi Feyziyyə mədrəsəsində Ayətullah Hairinin təşkil etdiyi rövzə məclisinə gətirdilər. Ayətullah Hairinin xidmətçisi seyid Əli Seyf onu görəndə etirazla dedi ki, nə üçün bura gətiriblər, camaata əziyyət verirlər! Dedi ki, həqiqətən seyidsə, getsin bibidən şəfa alsın.

 

Bu sözlər seyid Camala toxundu. Məclisin sonunda onu gətirən şəxsdən xahiş etdi ki, onu hərəmə aparsın. Bu işi gördülər, seyid təvəssül etdi və onu yuxu apardı. Yuxuda bir şəxs dedi ki, ayağa qalx. Seyid ayağa qalxa bilmədiyini söylədi. Eyni sözlər növbəti dəfə təkrarlandı. Ona bir imarət göstərib dedilər: “Gördüyün imarət hacı seyid Həsənindir. O bizə rövzə oxuyur. Bu məktubu da ona verərsən.” Seyid Camal qəfildən yuxudan oyandı və özünü ayaq üstə gördü. Əlində məktub vardı. Məktubu deyilən ünvana çatdırdı. Kimsə bu məktubda nə yazıldığını bilmədi. Hətta Ayətullah Haridi də bu məsələdən xəbərsiz qaldı. Bu hadisədən sonra seyid Camal tamam dəyişdi və demək olar ki, zikrdən başqa dilinə söz gəlmədi.

 

Mərhum hacı Mirza Məhəmməd Tonkabuninin xeyli kitabı var. Hicri-şəmsi 1302-ci ildə dünyasını dəyişmiş bu alimin əsərlərinin sayı 212 cildə çatır. Qisəsul-üləma kitabında həmin kitabların adı sadalanır.

 

Qisəsul-üləma kitabı adından göründüyü kimi alimlər haqqındadır. Mərhum Tonkabuni öz bioqrafiyasında həzrət Məsumənin (s) kəramətlərinə işarə edir. Bu kəramətlərdən ikisini yada salırıq. Alim belə yazır:

 

İmam Musa ibn Cəfərin (ə) qızı Məsumənin (s) ziyarətinə getdim. Qızıl pul kisəsi varımdı. Kisədə adi sikkələr də vardı. Bir cümə axşamı iki qızıl əşrəfi kisəyə qoyub xanımın ziyarətinə yola düşdüm. Hərəmdə ürəyimdən keçdi ki, xidmətçilərə hədiyyə verim. Hava qaranlıq idi. Əlimi kisəyə salıb iki sikkə xidmətçinin ovucuna qoydum. Evə qayıdandan sonra başa düşdüm ki, adi sikkə əvəzinə qızıl əşrəfiləri vermişəm. Səhəri gün evdən çıxmamış kisəyə qızıl əşrəfi qoymaq istəyəndə heyrətdən donub qaldım. İki qızıl əşrəfi pul kisəsində idi. Hansı ki gecə kisədəki pulları yerə töküb bir-bir baxmışdım və şübhəm yox idi ki, əşrəfiləri vermişəm…

 

Xanım Məsumənin (s) ziyarəti zamanı həyat yoldaşım və oğlum ağır xəstələnmişdi. Demək olar ki, ölüm yatağında idilər. İstəklər qapısına üz tutub ərz etdim: “Uzaq yol gəlmişik. İntizarımız yoxdur ki, əliboş geri qayıdaq.” Çox çəkmədi ki zövcəm və övladım şəfa tapdı.

 

Məşhur xətib Heydəri Kaşani nəql edir ki, ruhani tanışlarından biri Ayətullah-üzma Bəhaüddininin görüşündə olanda belə bir əhvalat nəql edib:

 

10 yaşlı qızımın gözünə kiçik xal düşmüşdü. Mütəxəssis həkimə müraciət etdim, müayinədən sonra bildirdi ki, qızın gözündə cərrahiyyə əməliyyatı aparılmalıdır.

 

Qızım bunu eşidəndə çox narahat oldu və xahiş etdi ki, onu həzrət Məsumənin (s) hərəminə aparaq. Biz hərəmə üz tutduq. Qızım hərəmdə zərihə sarılıb bibiyə xitabən dedi: “Bibican (bibi deyəndə burada möhtərəm xanım nəzərdə tutulur – red), razı olma ki, gözüm əməliyyat olunsun.” O bunu deyib ağlaya-ağlaya gözünü zərihə sürtürdü. Mən onu qucağıma alıb sakitləşdirmək istəyəndə gözü diqqətimi çəkdi. Xaldan əsər-əlamət qalmamışdı.

 

Bir seyyid mərhum Ayətullah seyid Əbülqasim Ruhaniyə nəql edirdi ki, hər dəfə hərəmə gedəndə xidmətçilərə (ayaqqabı saxlayan) pul verirdim. Bu iş adət şəkli almışdı. Amma hər dəfə pul vermək ağır olduğundan ara bir ziyarəti təxirə salırdım. Bir gecə xanım Məsuməni (s) yuxuda gördüm. Mənə buyurdu: “Xidmətçiyə pul verməməyə xatir mənim ziyarətimə gəlmirsən?!”

 

Xanımın xidmətçilərə lütfü

 

Xanım Məsumənin (s) hərəminin xidmətçilərindən olan Səidi deyir:

 

Böyük məbləğdə pula ehtiyacım vardı. Sübh namazını qılmaq üçün hərəmə getdim. Ayətullah-üzma Mərəşi Nəcəfi hərəmə daxil oldu. Onun səccadəsini yerə salırdım. Ağa ovucuma pul qoydu. Baxanda gördüm ki, bu pul ehtiyacım olan məbləğdir. Ağaya ərz etdim: “Haradan bilirdiniz ki, pula ehtiyacım var?” Ağa buyurdu: “Əlli ildir bu hərəmdəyəm. Həzrət Məsumə (s) qəribdir. Ona bacardığın həddə xidmət et.”

 

Hərəmin Mirza Əsədulla adlı xidmətçisi xəstələnir, ayaq barmaqları qaralır. Cərrahlar bildirirlər ki, barmaqları kəsməkdən başqa çıxış yolu yoxdur. Əməliyyatdan bir gün öncə Mirza Əsədulla hərəmə gəlir, xanım Məsuməni (s) ziyarət edir. Onun barmaqlarını zərihə sürtürlər. Barmaqlarının ağrısından nalə çəkən xidmətçinin qəfildən halı dəyişir və hərəmdə fəryad səsi ucalır. Ətrafdakılar şahid olurlar ki, Mirza şəfa tapıb, barmaqları sağalıb. Özü belə nəql edir: “Yuxuda gördüm ki, alicənab bir xanım mənə deyir: “Nə çətinliyin var?” Mən ona dərdimi dedim. Xanım sakitcə buyurdu: “Sənə şəfaət verdim.”

 

İmam Zaman (əc) həzrət Məsumənin (s) hərəmində

 

Əffan Bəsri imam Sadiqdən (ə) nəql edir: “Bilirsinizmi Qumu nə üçün belə adlandırıblar? Səbəbi budur ki, Qum əhli Ali-Məhəmməddən olan qaimlə qiyama qalxar, onun hökmünə tabe olub yardım göstərər.”

 

Nəql edirlər ki, etibarı ilə tanınmış seyid Əbdürrəhim adlı şəxs deyir: Yuxuda gördüm ki, Qumun böyük qəbirstanlığındayam. Böyük izdiham var. Bu vaxt süvari bir şəxs göründü. Bir nəfər dedi ki, bu süvari həzrət Höccətdir (əc). Bu sözü eşidib süvarinin arxasınca qaçdım. O hərəmə doğru hərəkət edirdi. Hərəmə çatıb, atdan düşdü. Zərih ətrafında kimsə yox idi. Yalnız həzrətin yanında bir şəxs dayanmışdı. Qəribə bir hadisə baş verdi. Onlar atın cilovunu mənə verdilər. Öz-özümə düşündüm ki, atın cilovunu saxlamaq yaxşıdı, yoxsa həzrətlə getmək. Cilovu həzrətin yanındakı şəxsə verib imamın ardınca getdim. İmam xanım Məsumənin (s) başı üzərində dayandı. Xidmətçilərdən kimsə gözə dəymirdi. Düşündüm ki, yaxına gedim ya yox? Həzrətin səsi gəlsə də nə dediyini anlamırdım. Bir müddət sonra imam hərəmdən çıxdı. Onun ardınca getmək istədim. Amma qəfildən itirdim. Nə qədər axtardımsa tapa bilmədim.

 


more post like this