Cavab: Həzrət Cavad (əleyhissalam) yüksək elm məqama malik idi. Elm meydanında onun kimi şücaətlisi yox idi. Tarixi sənədlərə əsasən, Həzrət Riza (əleyhissalam) dünyadan getdikdən sonra, alimlər dəstə-dəstə Mədinəyə gəldilər və bir neçə gün müddətində İmam Cavad (əleyhissalam)-dan 30 min məsələ soruşdular. Həzrət onların hamısına azacıq belə fikirləşmədən cavab verirdi.
Məmun Abbasi İmamı Bağdada gətirdikdən sonra, əhalinin etirazlarını yatırtmaq üçün öz qızını Həzrət ilə evləndirdi. Böyük toy məclisi təşkil etdi. Məclisə hər yerdən alimlər dəvət etdi. O zaman ölkənin qarisi və sünnü alimi olan Yəhya ibni Əksəm Həzrət Cavad (əleyhissalam)-dan soruşdu:
-Əgər bir nəfər ehram bağlayandan sonra (həccdə) ov ovlasa hökmü nədir?
Həzrət Cavad (əleyhissalam) fasiləsiz olaraq məsələnin müxtəlif surətlərini sadalamağa başladı və buyurdu: O şəxs hərəmdə ov ovlayıb, yoxsa hərəmdən çöldə? Hökmü bilirdi, yoxsa bilmirdi? Qəsdən öldürüb, yoxsa təsadüfən? O şəxs qul idi, yoxsa azad? Həddi-büluğa yetişmişdi, yoxsa yox? Birinci dəfə ov otlamışdı, yoxsa əvvəllər də ovlamışdı? Onun ovu quş idi, yoxsa başqa ov idi? Ovu böyük idi, yoxsa kiçik? Gündüz ovlamışdı, yoxsa gecə? Ehram paltarını geyən (möhrim) həcc ehramında idi, yoxsa ümrə ehramında?
Yəhya ibni Əksəm bir söz deyə bilmədi. Bu zaman Məmun məclis əhlinin təəccüb içində donub qaldığını gördü. Xüsusilə Yəhya ibni Əksəm dəhşətə gəlmişdi. Sonra Məmun İmamdan məsələnin müxtəlif surətlərinin cavabını soruşdu. İmam bütün suallara cavab verdi. Məclisin axırında İmam (əleyhissalam) Yəhya ibni Əksəmdən belə bir sual soruşdu: O hansı qadındır ki, sübh kişiyə haram olar, günortaya qədər halal; günorta haram olar, axşam üstü halal; gün batanda haram olar, gecənin axırında halal; fəcrdən qabaq haram olar, fəcr açılandan sonra isə halal?
Yəhya ibni Əksəm dedi: Bilmirəm. Siz deyin biz də bilək. İmam (əleyhissalam) buyurdu:
O qadın bir kənizdir ki, səhər tezdən haram idi. Gündüz onu bir kişi bazardan aldı və ona halal oldu. Günorta onu azad etdi və haram oldu. Axşamçağı özü üçün onun kəbinin kəsdi və halal oldu. Gün batandan sonra onu zihar etdi. Zihar etdiyinə görə qadın ona haram oldu. Gecə yarısı ziharın kəffarəsini verdi və halal oldu. Gecənin axırında ona təlaq verdi, haram oldu. Fəcrdən sonra təlaqı geri qaytardı və halal oldu.
Məclisdə “əhsən-əhsən” səsləri ucaldı. Məmun dedi:
Doğrudur ki, İmam Cavadın yaşı azdır, amma Əhli-Beytin böyüyü-kiçiyi yoxdur. Hamısı eyni biliyə malikdir.


more post like this