Cavab: Üçüncü dövrdə yeni şərait meydana çıxır. Bu şəraitdə xalq artıq müharibədən yorulmuşdu. Hətta həzrət Əli əleyhissəlamın öz yaxın səhabələri üç böyük müharibəni – Cəməl, Siffeyn və Nəhrəvan savaşlarını arxada qoymuş və bir çox problemlərlə üzləşmişdilər. Müaviyə fürsəti qənimət bilib imam Həsənin (ə) qoşun başçılarını pul və müxtəlif vədələr verməklə ələ aldıqdan sonra, o həzrəti sül müqaviləsi imzalamaq məcburiyyətində qoymuşdu. Bu illərdə Müaviyə bütün İslam ölkələrində qüdrəti öz əlinə almış, Şamdan əlavə, Misir, İraq, Hicaz, Yəmən və Şimali Afrikanı da öz hakimiyyəti altına keçirmişdi. Peyğəmbər (s) sülaləsinin ona maneəçilik törədən yeganə nümayəndəsi imam Həsən (ə) idi ki, onu da sülh yolu ilə siyasət meydanından kənarlaşdırmağa nail olmuşdu. Belə bir şəraitdə artıq Müaviyə hiss edir ki, vəziyyət onun arzu etdiyi formaya gəlib çatıb. İmam Hüseyn əleyhissəlamın imam Həsən əleyhissəlamın şəhadətindən sonra on il müddətində çəkdiyi əzab-əziyyətlər Aşura gününün müsibətindən daha ürəkyandırıcı idi. Təəssüflər olsun ki, o mərhələ haqqında əlimizdə kifayət qədər məlumat yoxdur. Lakin bu sülaləyə nə kimi zülmlər olunduğunu əlimizdə olan məlumatlara əsasən deyirik. Müaviyə hətta bütün cümə namazlarında – nəuzubillah – rəsmi olaraq həzrət Əli əleyhissəlama lənət oxunmasını əmr vermişdi. Bu iş artıq bir növ xalq arasında ibadət hesab olunurdu. Hər cümə namazının xətibi sözünün əvvəlində də, axırında da həzrət Əli əleyhissəlama lənət oxumalı idi. Camaat namazını qurtaranda dua edib həzrət Əliyə (ə) lənət göndərirdilər. İmam Həsən (ə) və imam Hüseyn (ə) bunları müşahidə edir, ürəkləri qana dönür, amma bir şey edə bilmirdilər. İmam Həsən (ə) həyatda olduğu müddətdə, iki qardaş bir-birinə yaxın sirdaş olub, təsəlli tapır, dərdlərini bölüşə bilirdilər. Bir-birinin ürək sirdaşı idilər. Amma imam Həsən əleyhissəlamın şəhadətindən sonra imam Hüseyn (ə) hədsiz dərəcədə qüssələnib, xiffət edirdi. O qədər tənhalıq hiss edirdi ki, hətta dərdini söyləyəcək adam tapa bilmirdi. O həzrət (ə) Müaviyənin ömrünün axır on ili başa çatana qədər Mədinədə qaldı və bu müddəti sonsuz bir dərd, kədərlə yaşadı. Həzrət Əli (ə)-ın şəhadətindən Kərbəla hadisəsinə qədər iyirmi il vaxt keçdi. Tarixdə İmamın yaxın silahdaşlarının, hətta bəzən imam Hüseyn əleyhissəlamın özünün Müaviyə ilə olan yazışmaları, yaxından görüşmələri barəsində sənədlər mövcuddur. Bu yazıların, görüşlərin mətninə diqqət etdikdə, imam Hüseyn əleyhissəlamın nə qədər əzab-əziyyət və nisgil çəkdiyini daha yaxından müşahidə edirik. Müaviyə iki dəfə Hicaz torpaqlarına səfər edir və bu səfərində özü ilə Şamdan bir dəstə qoşun aparır. Qoşunun müşayiəti ilə Məkkə və Mədinə şəhərlərinə daxil olur və bir müddət bu şəhərlərdə qalıb, Yezidin canişin olması üçün hazırlıq işləri aparır. Bir sıra nüfuzlu şəxslərlə görüşüb, Yezidin vəliəhdliyi məsələsində onları razı salır. Bu səfərlərində Müaviyənin imam Hüseyn əleyhissəlamla da görüşləri olmuşdur. Həmçinin, Mədinənin ona təslim olmayan bir neçə möhtərəm şəxsiyyətləri ilə də danışıqlar aparmışdı. Bu şəxslər Yezidin Müaviyədən sonra hakimiyyətə gəlməsi ilə heç cür razılaşa bilmirdilər. Müaviyə isə, israrla onlardan beyət almağa çalışırdı. Yezidin vəliəhdliyi məsələsində Müaviyə ilə imam Hüseyn (ə) arasında olan belə danışıqlardan birində, Müaviyə imam Hüseyn əleyhissəlamı dəvət edərək – mənim səninlə xüsusi söhbətim var, təklikdə danışmalıyıq – deyir. İmam Hüseyn (ə) qəbul edərək onunla söhbətə etməyə razılıq verir. Müaviyə: Siz dörd nəfərdən başqa, Mədinə əhalisi bütünlüklə Yezidin vəliəhdliyini qəbul edir. Bu şəxslərin başçısı sənsən. Sən Yezidin canişinliyini qəbul edib beyət etsən, yerdə qalanlar da qəbul edəcəklər. Bununla da İslam ümmətinin vəhdəti təmin ediləcək, qardaş qanının axıdılmasının qarşısı alınacaq. Gəl, sən daşı ətəyindən tök, Yezidə beyət et. Axı mən başa düşə bilmirəm ki, sən niyə Yezidin canişinliyi ilə razı deyilsən? İmam Hüseyn (ə): Sən ki, bu qədər ömür sürüb hökumət etmisən, bu qədər qanlar axıdıb, fəsad törədib ölkəni, milləti, dini bərbad günə qoymusan, hələ də doymamısan?! Heç olmasa, ömrünün axırlarında özündən sonra dərd-bəla qoyub getmə! Bu qədər müsibət kifayət edər. Günahların özünə bəsdir, daha Yezidi də hakimiyyətə gətirib, onun da günahlarını boynuna yükləmə! Hansı əsasla onu xalqa hökmran təyin etmək istəyirsən? Xalq arasında elə oğullar var ki, özləri Yeziddən, ataları atasından, anaları da anasından daha ləyaqətli, daha şərəfli, hakimiyyət üçün daha yararlıdırlar. Sən hansı ağılla, hansı məqsədlə hakimiyyəti məhz Yezidə təhvil vermək istəyirsən? Müaviyə: Deyəsən, özündən danışmaq istəyirsən? Yəni, demək istəyirsən ki, atan, anan Yezidin ata-anasından üstündür, özün də Yeziddən üstünsən, hə?! İmam Hüseyn (ə): Lap tutaq ki, elə deyirəm, sonra? Müaviyə: O ki, deyirsən anan Yezidin anasından üstündür, düz deyirsən. Çünki, onun üstün olmasına Fatimənin (s) Qüreyş qəbiləsindən olması kifayətdir. Yezidin anası Qüreyşdən deyil. (Düşüncəyə bir baxın! Bu söz həmin milli təəssübkeşlikdən, qəbiləpərəstlik əhval-ruhiyyəsindən doğur.) Əlbəttə, sənin anan Qüreyşdən olmasından əlavə, həm də Peyğəmbərin (s) qızı idi. Aydındır ki, sənin anan daha üstündür. Amma deyirsən sənin atan, Yezidin atasından yaxşıdır; artıq çox uzağa gedirsən, burada saxla! Bilirsən ki, Yezidin atası ilə sənin atan bir-birləri ilə mübarizə apardılar və Allah-taala üstünlüyü, qələbəni Yezidin atasına verdi. (Fikir verin, cəbrilik əqidəsi buradan doğur. Guya, Allah belə istəmişdir. İnsan nə qədər həyasız olmalıdır ki, Hüseyn ibni Əlinin qarşısında özünün həzrət Əli əleyhissəlamdan olan üstünlüyünü isbat etsin). Amma özünün Yeziddən üstün olmağına gəldikdə də yox, sən düz demirsən! Yezid hökumətə səndən daha faydalıdır. İmam Hüseyn (ə) təəccüblə: Deyirsən, şərab içən Yezid məndən daha yaxşıdır? Müaviyənin siyasətinə diqqət edin, həzrətin cavabında deyir: Xahiş edirəm, əmioğlunun qeybətini etmə! (Hər ikisi Qüreyş qəbiləsinin iki şaxəsindən idilər. Tayfaca ayrı olsalar da, kökləri bir-birinə çatdığından, bir-birinə əmioğlu deyirdilər.) Müaviyə imam Hüseyn (ə)-a nəsihət edir: Dava-dalaş salma! Əmioğlunun qeybətini etmə! Yezid heç vaxt sənin dalınca danışmır. Buna görə də o səndən daha üstündür. İtbaz, qumarbaz, şərabxor, şəxsiyyətsiz Yezidi, şərəf və insaniyyət cövhəri olan Hüseyn ibni Əli (ə) ilə müqayisə edərək, oğlunun daha üstün olmasını iddia edir. Din pərdəsi altına girərək, sözünə əqidəvi don geyindirir; deyir ki, sən onun qeybətini edirsən, amma o sənin qeybətini etmir. Əgər yadınızdadırsa, şah zamanı Ələm deyirdi: “Əlahəzrət şahənşahın axşam namazı heç vaxt qəzaya getmir, həmişə qılır.” O bədbəxt eşidibmiş ki, möminlər gecə namazı (nafilə namazı) qılmağın daha mühüm olduğunu deyirlər; bu da müstəhəbbi olan həmin gecə namazını şam namazı ilə səhv salıb. Ona görə də deyirdi: “Bu üləmalara nə olub? Elə hey deyirlər, şah dinsizdir, fasiqdir. Əlahəzrət axşam namazını heç vaxt tərk etmir!” Buna oxşar mətləblərə hər bir mühitdə və hər bir ölkədə rast gəlmək olar. Bəzi şeytansifət insanlar zahirdə müsəlman, həqiqətdə isə İslamın qatı əleyhidarı olan rəhbər şəxslərin haqqında müsbət fikir formalaşdırmaq üçün deyirlər: ”O, Quran oxuyur, namaz qılır! Məkkəyə gedib, hacı olub! Ehsan verir, yetim-yesirə əl tutur!” Nə isə, siyasət həmin siyasətdir. Tarix boyu belə olmuşdur; həqiqətləri təhrif etmək, məfhumların yerini dəyişdirmək, müqəddəs dəyərlərlə oyun oynamaq. İmam Hüseyn (ə) Müaviyə kimi həyasız bir şəxsin qarşısında nə etməli, hansı məntiqlə danışmalı idi? Müaviyə deyir: “Yezidin atası sənin atandan daha üstün idi, çünki Allah qələbəni ona verdi”. Bəni-Üməyyə öz batil əməllərinə haqq qazandırmaq üçün bu bəhanəni yayırdı. Hökuməti fırıldaqla, zülmlə ələ keçirir, sonra isə – Allahın istəyi belə idi – deyirlər. Buna oxşar təhrifləri başqa hədislərdə də görürük. Həzrət Əli (ə) xəlifələrlə birlikdə heç bir döyüşdə iştirak etmirdi. Düzdür, oğlanlarını göndərirdi, amma özü heç bir müharibəyə getmirdi. Müharibələrin birində ikinci xəlifə deyir: “həzrət Əli (ə) da döyüşə gəlsin.” Həzrət belə cavab verir: “Mənim Mədinədə işim var, gələ bilmərəm.” Xəlifə, ibni Abbasa deyir: -Bilmirsən əmioğlu niyə müharibəyə gəlmək istəmir? İbni Abbas: -Yox. -Xəlifə: -Əli (ə) Mədinədə xəlifə olmaq istədiyinə görə qalır. Bunun üçün də öz namizədliyinə hazırlıq işləri aparır. -İbn Abbas: -O belə bir işə ehtiyac duymur, çünki o, Peyğəmbərin (s) özündən sonra onu imam (xəlifə) təyin etdiyinə etiqadı var. -Xəlifə: -Bəli, düzdür ki, Peyğəmbər (s) Əlini (ə) özündən sonra xəlifə olmasını istəyirdi, amma Allah istəmədi! Bu yunan sufistlərinə məxsus bir məntiqdir; o zamanlar istifadə olunmuşdur. Müaviyə də yeri gəldikcə, bu səfsətədən istifadə edirdi. Ona görə də belə deyirdi: “Allah-taala Əli ilə mənim aramda qəzavət etdi; mənim xeyrimə hökm verdi. Çünki, məndən qabaq öldü və xəvaricin əli ilə qətlə yetirildi.” Yezid də imam Hüseyn əleyhissəlamı qətlə yetirəndən sonra qurduğu məclisdə Zeynəbi-kubraya demişdi: “Gördün, Allah qardaşının başına nə oyun açdı? Bizi onun üzərində qələbəyə çatdırdı.” İyirmi illik hakimiyyət dövründə Müaviyənin imam Əli əleyhissəlama qarşı istifadə etdiyi təbliğat metodlarından biri də, cəmiyyəti o həzrətə qarşı hazırlamaq idi. İmam Əli əleyhissəlamla ziddiyyət və müxalifətçiliyi olmayan insanları azdırmaq üçün belə deyirdi: “Baxın görün, hökumətdə olduğu beş ildə Əli (ə) ölkənin başına nə oyun açdı. Nə qədər uşaqlar yetim qaldı. Əkinə-biçinə vaxtında yetişmədiyiniz üçün təsərrüfatınıza nə qədər zərər dəydi. Başınız müharibələrə qarışdı, ticarətlə məşğul ola bilmədiniz. İqtisadi cəhətdən nə qədər geri qaldınız. Bütün bunların səbəbkarı kimdir? Əgər Əli əvvəldən bizimlə sülh etsəydi nə müharibə olar, nə qan axıdılar, nə də bu qədər bədbəxtçiliklər baş verərdi.” Bu çox təsirli amillərdən biridir; bu üslubdan həzrət Əli əleyhissəlamın öz zamanında da ona qarşı istifadə edilirdi. Nəhcül-bəlağəyə diqqət etsəniz, həzrət Əli əleyhissəlamın öz dostlarından necə gileyləndiyini görərsiniz. Buyurur: “Yayda sizə deyirəm gedək müharibəyə, deyirsiniz hava istidir. Qışda deyirəm gedək, deyirsiniz hava soyuqdur, səbr edin havalar qızsın, əkin-biçin yerdə qalıbdır.” Həzrət Əli (ə) Nəhcül-bəlağənin neçə yerində camaatdan şikayət etmişdir. Bütün bunlar Müaviyənin apardığı təbliğatın nəticəsi idi. İraq ərazisində və onun ətraf məntəqələrində bu təbliğatı Müaviyənin gizli casusları yayır və xalqı həzrət Əli əleyhissəlama qarşı üsyana təhrik edirdilər. Məgər müasir dövrdə bu cür təbliğatdan az istifadə edilir?! Qəzetlərdə oxumursunuz ki, yazırlar: “Əgər imam Xomeyni (r) Xürrəmşəhrin fəthindən sonra müharibəni dayandırsaydı, bu gün belə problemlərimiz olmazdı”. Bütün ölkələrdə bu kimi təbliğat üsullarından istifadə olunur; düşmən və rəqib tərəf təbliğat şəbəkələri yaradaraq, xalqın mübarizə və müqavimət əhval-ruhiyyəsinə öldürücü zərbələr vurur. Onların bəziləri ancaq adlarını dəyişiblər, bəziləri də elə həmin ad altında öz mənfur siyasətlərini həyata kesirirlər. Deyirlər: “Əgər müharibə olmasaydı, ölkədə bu qədər problemlər yaranmazdı. Bu müharibədə müqəssir kimlərdir? Əlbəttə ki, ruhanilər! Bunlar hakimiyyətə gəlməsəydi, qərb ölkələri və hegemon qüdrətlər İraqı qızışdırıb müharibəyə sövq etməzdilər. Əgər sülh danışıqlarını tezləşdirsəydilər, iş bu yerə gəlib çıxmazdı. Amerika ilə əlaqələri kəsmək saysız-hesabsız iqtisadi problemlərin yaranması ilə nəticələndi. Hal-hazırda da qərb ölkələri ilə münasibətlərimizi normallaşdırsaq, vəziyyətimiz yaxşılaşar.” Bunlara dəfələrlə aydınlıq gətirilib, məsələnin həqiqi mahiyyəti açıqlanıb. Bu gün öz ölkələrini tamamilə Amerika və digər ölkələrin ixtiyarında qoyan bəzi müsəlman dövlətlərinin vəziyyətinə baxın. Heç olmasa onlardan bir ibrət alın. Müaviyə yaxşı bilirdi ki, açıq-aşkar bir yalanı təkrar-təkrar söyləməklə, insanlarda ona qarşı inam hissi aşılamaq olar. O bu üslubu dəfələrlə təcrübədən keçirmişdi. Əlbəttə, Müaviyənin zamanında Amerika məsələsi yox idi, onun əlində alət olan təbliğat oyunu da “demokratiya” və “insan hüquqları” məsələsi deyildi. Amma siz oxşarlıqlara bir baxın, təbliğatın təsiri haqda fikirləşin. (Məsələn, torpaqlarımız işğal olunub, bir milyona yaxın dinc əhali yurdundan-yuvasından didərgin düşüb. On ilə yaxındır ki, sülh müzakirələri aparılır, məsələnin müharibə yolu ilə həlli qətiyyətlə pislənir, digər tərəfdən də xalqın mübarizə əhval-ruhiyyəsi öldürülür. Ermənilərə işğal olunmuş ərazilərdə abadlıq işləri aparmaq üçün külli miqdarda beynəlxalq yardımlar edilir, didərginlərə isə müvəqqəti sığındıqlırı şəhərlərdə daimi məskunlaşmaq hissi aşılanır; Hər şey unutdurulur, sülh, qardaşlıq, qarşılıqlı həmkarlıq, iqtisadi əlaqələr, birgə keçirilən mədəni-ictimai tədbirlər mübarizə və müharibə amalını zəiflədir. Bu münasibətlərə qarşı çıxanlar isə terrorist və sülh danışıqlarının düşməni elan olunur, pislənir və hər yerdə təqib və təzyiqlərə məruz qalır. Red.) Xülasə, Həzrət Əlini (ə) müharibəyə vadar edir, sonra onu mübarizə aparıb qan tökməkdə suçlayırlar. Bu zaman müharibənin ziddinə çıxır, İslami hökmlərin icrasına etiraz edirdilər. Həzrət Əli (ə) deyirdi: İslam hökumətinin ilkin vəzifəsi İslam hökmlərinin icra edilməsi və insani dəyərlərin qorunmasıdır. Daha sonra iqtisadi və digər məsələlərə diqqət edilməlidir. İndi isə onların dediklərinə diqqət edin: Əvvəlcə düşmənlə sülh edək, sonra ticarət və təsərrüfat işləri ilə məşğul olaq. Sonra imkanımız olsa, vətəni qorumaq lazım gələrsə, döyüşə də gedərik! Bu gün Müaviyə və Həzrət Əli (ə) məntiqinin tərəfdarlarının kimlər olduğuna diqqət edin. Müaviyənin bu təbliğatdan güddüyü məqsəd, xalqın Peyğəmbər (s) və həzrət Əli (ə) yolundan uzaqlaşdırılması idi. Nur-az.com


more post like this