Cavab: Əslində il və ay ictimai işləri nizama salmaq üçün bir vasitədir. Yaradılmış təqvimin təbii əsasları olsun deyə, onları səma cismlərinin hərəkəti ilə nizamlamışlar. Əgər il və ay yerin günəş ətrafındakı dövrü əsasında hesablanarsa, belə təqvim günəş təqvimi (şəmsi təqvim) adlanar. Bəzən isə təqvimin nizamlanmasında ayın yer ətrafındakı hərəkəti əsas götürülür. Belə təqvim ay təqvimi (qəməri təqvim) adlanır. Günəş təqvimi yerin günəş ətrafında hərəkəti ilə ölçüldüyündən bu təqvimdə dörd fəsil mövcuddur. Ay təqvimində isə təbii ki, fəsillər nəzərə alına bilməz. Hər hansı təqvimin tənzimlənməsində məqsəd hadisənin baş verdiyi vaxtı bilməkdir. Hadisənin hansı fəsildə baş verməsi isə başqa məsələdir. İslam tarixi bütünlüklə qəməri təqvim əsasında qeydə alınmışdır. Ay təqvimi dini xarakterə malik olduğundan bizim üçün günəş təqvimindən daha möhtərəm sayılır. Bəs ay təqviminin günəş təqvimindən hansı üstünlükləri var? Ay təqvimi ilə tarixin müəyyənləşdirilməsi olduqca sadədir. Belə ki, səhrada yaşayan bir insan da qəməri tarixi ilə vaxtı müəyyənləşdirə bilər. Amma günəş təqvimi ilə hesabat üçün hökmən təqvim lazımdır. Aya baxdıqda onun neçə gecəlik olduğunu təqribən müəyyənləşdirmək olur. Əgər ay bədr formasındadırsa, deməli ayın ortasıdır. Qəməri təqvimlə ay sona yetdikcə dairəvi formalı, bədrlənmiş ay nazilməyə başlayır. Ayın son günlərində nazilmiş ay itir və yeni nazilmiş ay göründükdə təzə ay başlayır. Amma təqvim olmadan günəş təqvimi ilə vaxtı müəyyənləşdirmək mümkünsüzdür. Yalnız astronomik hesablamalarla günəş təqviminə uyğun vaxtı tapmaq olar. Ay təqvimi isə sanki səmadan asılmışdır. Ay təqviminin ayları fəsillərə bölünmürsə də, bir çox üstünlükləri var. (Ay təqviminin üstünlüklərindən biri də budur ki, dini bayramlar bütün fəsilləri gəzir. Əslində bu özü də bir gözəllikdir. Yəni insan ömrü boyu həm yazda, həm yayda, həm payızda, həm də qışda oruc tutur.) NUR-AZ.COM


more post like this