Cavab: Həzrət Məryəmin hamiləlik məsələsini araşdırmazdan qabaq diqqətinizi belə bir məsələyə yönəldirik ki, həyat vahidinin yaranması üçün həm spermatozoid, həm də ovulun olması mütləq şərt deyil. Həyat vahidi, adətən, erkək və dişi qametlərdən təşkil olunsa da, təcrübədə sübut olmuşdur ki, dişi toxumu parçalamağa qadir olan başqa mühərriklər də vardır. Yəni ovulun mayalanması üçün spermatozoidin olması mütləq şərt deyil. Bu həqiqəti bir çox canlıların həyatında müşahidə edə bilərik.
Təbiətşünas alimlər bildirirlər ki, bəzi canlıların toxumları qamet olmadan da həyat fəaliyyətinə başlaya bilirlər. Məsələn, mənənə adlı həşərat yumurta qoyaraq erkək qametsiz çoxala bilir. Təcrübələrdə məlum olmuşdur ki, bu həşərat münasib mühitdə təkbaşına arta bilir. Qeyri-münasib şəraitdə, yumurta qoyan mənənədən törəyən həşəratların böyük yumurtalarından dişi həşəratlar vücuda gəlir. Bu proses başqa canlılarda da müşahidə olunur. Məsələn, ipək qurdu bəzən kənar təsir olmadan öz toxumlarını canlandıra bilir.
Bal arısının həyatına nəzər salaq. Bal arısı bütün ömrü boyu bircə dəfə kənardan mayalanır. Onun erkək hüceyrələrlə mayalanan yumurtalarından dişi işçi arılar, mayalanmamış yumurtalardan isə erkək arılar yaranır. Bir qrup alim yumurtaların artımında spermatozoiddən əlavə başqa bir mühərrikin olduğunu iddia edirlər. Bunu da nəzərdən qaçırmayaq ki, mikrob, bakteriya, virus kimi mikroskopik canlılar mayalanmasız artırlar. Məsələn, amöb ilkin hüceyrələrin parçalanması ilə artır.
Bəzi alimlər müəyyən qadınların kişi ilə təmasda olmadan hamilə olmasını mümkün sayırlar. Bəzi qadınlarda mayalanma olmadan hamilə qalmaq qabiliyyəti vardır. Demək, bakirə qadının mayalanma olmadan hamilə qalması qeyri-mümkün sayılmır.
Beləcə, həzrət Məryəmin kimsə ilə təmasda olmadan hamilə qalması imkandan xaric bir iş deyil. Qurani-kərimdə onun ilkin hamiləlik dövrü haqqında belə buyurulur: “(Məryəm) ailə üzvlərindən gizlənmək üçün pərdə tutmuşdu. Biz ruhumuzu Məryəmin yanına göndərdik. O, Məryəmə kamil bir insan qiyafəsində göründü; Məryəm dedi: Mən səndən Rəhmana pənah aparıram. Əgər qorxursansa, mənə toxunma.” Mələk dedi: “Mən sənə yalnız təmiz, məsum bir oğlan bağışlamaq üçün Rəbbinin elçisiyəm.” Məryəm dedi: “Mənim necə oğlum ola bilər ki, indiyədək mənə bir insan əli toxunmamışdır? Mən zinakar da deyiləm.” Mələk dedi: “Elədir. Lakin Rəbbin buyurdu ki, bu Onun üçün asandır…” Bəli, həzrət Məryəmin qeyri-məlum amildən hamilə olması mümkünsüz bir iş deyil. Ətrafımızda bu sayaq mayalanmanı müşahidə etdiyimiz halda, Məryəmin hamilə olmasını nə üçün şübhə altına almalıyıq?!
Həzrət Məsihin doğulması əhvalatını nəzərdən keçirək. Allah bu yaranışla öz qüdrətini nümayişə qoymuşdur. İsanın yaranışı doğuş baxımından möcüzəli olmuşdur. Bu yolla inadkar Bəni-İsrail qövmünə İsanın, doğrudan da, Allah tərəfindən göndərilmiş Peyğəmbər olduğu sübuta yetirilmişdir.
İlk həyat cövhərini, ilk diri hüceyrəsi və ilk insanı heç bir mayalanma olmadan yaratmış Allah növbəti dəfə belə bir iş görmüş və kamil bir insan, böyük Peyğəmbər vücuda gətirmişdir. Onun bu sayaq doğuluşu inadkar müxaliflər üçün aşkar bir dəlil olmuşdur.
Başqa sözlə, dişi hüceyrənin ana bətnində inkişaf etməsi spermatozoidsiz də mümkündür. Bəli, adətən, artım mayalanma yolu ilə baş tutur. Amma istisna halların mövcudluğuna qarşı heç bir dəlilimiz yoxdur.
Dişi hüceyrəni canlandıran müxtəlif mühərriklər ola bilər və bu mühərriklər mayalanma olmadan dişi qametə həyat verər. Əgər bu sayaq səbəblər bizim üçün qaranlıqsa da, böyük alim, qadir Allah üçün aşkar və mümkündür.
NUR-AZ.COM


more post like this