Sirli və azdırıcı meyl

Bəşər bu qalmaqallı dünyada həyat gülüstanından bir gül qoparmaq və arzularına çatmaq üçün hər an özünü oda-közə vurur və müxtəlif çətinliklərə sinə gərməli olur. Ömrünün son anınadək nə qədər ki, ümid qapıları onun üzünə açıqdır, öz səyindən əl çəkmir və müvəffəqiyyət ardınca düşür. İnsana əhval-ruhiyyə verən şey onun qəlbində şölələnən ümid çırağıdır. Həyatın bütün ağrı-acılarını şirinləşdirən də məhz həmin bu ümid nurudur. Birisi külli miqdarda var-dövlət əldə etmək istəyir və ona nail olmaq üçün yorğunluq bilmədən çalışır. Başqa birisi isə şan-şöhrət və vəzifə arzusunda olur. Bunun üçün də istəyinə çatmaq üçün gecə-gündüz dəlicəsinə fəaliyyət göstərir. Çünki hər bir insanın istəyi onun cismani ehtiyacları və ruhi təkamülü ilə əlaqəlidir. Onların şüur və tərzi-təfəkkürü isə bir-birlərindən tamamilə fərqli olur. Lakin diqqət yetirmək lazımdır ki, istək və arzularımız yalnız o zaman xoşbəxtliyə səbəb olur ki, psixoloji və ideoloji ehtiyaclarımızla həmahəng olub, ehtiyaclarımızı təmin etmiş olsun və eyni zamanda dərk və mərifət səviyyəmizi ucaldaraq parlaq işıq tək ətrafımıza nur saçsın və bizi qorxunc zülmətdən xilas etmiş olsun.
Bəzən hərislik və şan-şöhrət hissi insanda tüğyan edir və onun bədbəxçiliyinə səbəb olur. Azdırıcı istəklər kimi ortaya çıxan və sağlam tərzi-təfəkkürü özünə əsir edən, habelə insanı qarşısına qoyduğu məqsədə çatmağa qoymayan mənfi əxlaqi xüsusiyyətlərdən biri də “həsəd” hissidir. Bədxah insanlar başqalarını rahatlıq və asayişdə görmək istəməzlər və başqalarının maddi və mənəvi nemətlərdən bəhrələnməsi onlarda böyük sıxıntı və narahatçılığa səbəb olur.
Sokrat deyir: “Başqalarına həsəd aparan və paxıllıq edən şəxslər onların köklüyündən arığlayırlar.”
Həsəd və paxıllıq insanı öz ömrünü-gününü həsrət və təəssüf içində keçirməyə vadar edir və onun qəlbində ədavət və düşmənçilik toxumu səpir. Bu xüsusiyyətə yiyələnən insanlar daim başqalarına bədbəxtçilik arzulayır və onların səadətə çatmamaları üçün müxtəlif hiylələrə əl atırlar.
Məşhur yazıçılardan biri deyir:
–Bizim canımız divar və qalası olmayan, səadət və xoşəbəxtlik oğrularının asanlıqla qarət və tarac etdikləri səhraya bənzəyir. Mülayim dəniz küləyi belə qəlbimizi iztirab və təlatümə düçar edir. Sayı-hesabı bilinməyən nəfsani istəklər düşmənlərinin hər biri bir yolla özünü ürək evinə daxil edir və bizləri ədavət və düşmənçiliyə vadar etməyə başlayır. Baş ağrısından əziyyət çəkən hər bir insan bilir ki, müalicə üçün həkimə müraciət etməlidir, lakin həsəd xəstəliyinə düçar olan biçarə hər zaman öz çətinliklərini aradan qaldırmaq üçün yanıb-yaxılmalı və böyük müsibətlərlə üzləşməlidir!”
Başqalarının uğur və müvəffəqiyyəti onları özlərinə cəlb edir və bu mənfur xüsusiyyətin onları hansı ağır fəlakətə düçar edəcəyinə diqqət yetirmədən, müxtəlif məkrli tədbirlərə əl ataraq onları əldə etdiklərindən məhrum etməyə can atırlar. Lakin zaman onların yalanlarını üzə çıxarır. Bütün bunlar onları qane etmədikdə isə hər şeyin onların istəklərinin əksinə doğru hərəkət etdiyini görüb, – hətta başqalarının hüquqlarına təcavüz etməklə də olsa belə – onların haqlarını tapdalamaqdan belə çəkinmirlər.
Görəsən, doğrudan da belə bir meyl həqiqi insanın istəklərindən irəli gəlmiş və onun hədəf və məqsədləri ilə həmahəngdirmi?
Bədxah insanlar nəinki insaniyyətdən xaric, hətta daha da tənəzzülə uğrayaraq heyvanat aləmi ilə eyni səviyyədə olarlar. Çünki həqiqi insan ətrafındakılarının dərdində, qəmində şərik olmalıdır. Onların çətinliklərinə səbəb olan və bununla da özündə rahatlıq tapan bir varlığa insan adını vermək qeyri-mümkündür.
Bədxah, paxıl insanlar məhrumiyyət və nakamlıq odunda yanarlar
Həyat meydanında tərəqqi və müvəffəqiyyətə səbəb olan ən başlıca amillərdən biri də cəmiyyətdə mehr və məhəbbətin hökm sürməsidir. Yüksək əxlaqi dəyərlərə yiyələnən və ictimai həyatda onları büruzə verən şəxslər başqalarının qəlblərinə yol tapıb tərəqqi yolunu qət etməkdə onların kömək və yardımlarından bəhrələnmiş olurlar. Xeyirxah və gözəl əxlaqa yiyələnən şəxslər nurlu çıraq tək ətrafa işıq saçıb cəmiyyəti öz arxasınca aparır və öz gözəl xüsusiyyətləri ilə onlara çox müsbət təsir göstərirlər.
“Həsəd”, insanda gözəl əxlaqi xüsusiyyətlərin üzə çıxmasına və onunla başqa insanlar arasında böyük bir maneənin yaranmasına səbəb olur. Bütün bunlarla yanaşı, heç vaxt insana ünsiyyətdə olduğu şəxslərin qəlblərinə yol tapmağa imkan vermir. Nəticədə onu həmkarlıq və səmimiyyət kimi gözəl nemətdən məhrum etmiş olur. Bədxah insanlar xoşagəlməz rəftar və davranışları ilə həqiqi çirkin üzlərini açıb hamının nifrətini özlərinə cəlb edərlər. Həsəd və paxıllıq nəticəsində qəlblərinə hakim olan iztirab daim ruhlarını sıxar və qurtarmaq bilməyən nigarançılıq alovu bütün vücudlarını bürüyər. Onların daim iztirabda olub rahatlıq tapa bilməmələri gün kimi aydındır. Çünki qəlbləri qəm-qüssə çirkabına aludə olub paklıq və insaniyyət məfhumunu dərk etmirlər. Bədxahlıq viranedici tufan kimi əxlaq və fəzilət ağacını kökündən qoparıb kənara atır, belə ki, insanı günahdan qorunmaq üçün lazım olan vasitələrdən məhrum edir.
“Qabil” qardaşı “Habilin” qurbanının Allah dərgahında qəbul olunduğunu, özününkünün isə qəbul olunmadığını görür, qəlbində ona qarşı kin yaranır. Sonra isə onu qətlə yetirərək xaincəsinə hazırladığı planı həyata keçirir. Habilin başını daşla əzib pak və müqəddəs bədənini qanına qəltan edir. Dünya o gün ilk həsəd qurbanlığının şahidi oldu! Bu, Adəm övladının əli ilə törədilən ağır bir cinayət idi. Bədxah insan gördüyü işindən peşman olur, lakin sonrakı peşimançılıq heç bir fayda vermir və ömrünün sonunadək vicdan əzabı çəkir. Əgər Qabil həqiqəti görüb sağlam düşüncəyə yiyələnsəydi, İlahi eşqdən məhrum olmasının səbəblərini öz vücudunda axtarardı.
Şopen Hauer deyir:
–Həsəd və bədxahlıq insanın ən təhlükəli xüsusiyyətlərindəndir. Bunun üçün də onu səadət və xoşbəxtliyin ən başlıca düşməni hesab edib tez bir zamanda aradan götürmək lazımdır!”
Həsəd və paxıllıq hissi artdıqca, cəmiyyətdə ixtilaf və qarşıdurmalar da artır və geniş vüsət halını alır. Belə bir aludə mühitdə nöqsan və çatışmazlıqların aradan qaldırılması əvəzinə cəmiyyət üzvləri bir-birlərinin qarşısına ciddi maneələr yaradır və bədxah insanlar qərəzli mövqe tutaraq aparılan hər bir islahatların qarşısını almağa cəhd edir. Nəticədə nəzm-intizam bir-birinə dəyib bərqərar olunan əlaqələrə son qoyulur. Doktor Karl deyir: “Nakamlığımıza ən başlıca səbəb başqalarına həsəd aparmağımızdır. Çünki bununla istedadlı şəxslərin tərəqqisi yolunda ciddi mane qoyulur, belə ki, bu tərəqqidən adi insanlar da bəhrələnə bilərdilər. Bunun səbəbində də bir zamanlar millətə rəhbərlik edə biləcək bütün insanlar cəmiyyətdən kənarlaşdırılırlar.”
Bu günlər müxtəlif səbəblər üzündən cinayətlər baş versə də, onların hamısının kökü həsədlə bağlıdır və biz kiçik bir araşdırma ilə bunun şahidi ola bilərik.
Din paxıl insanları məzəmmət edir
Nisa surəsinin 32-ci ayəsində buyurulur: “Allahın birinizi digərinizdən üstün tutduğu şeyi arzulamayın!”
Bəşər fitri olaraq mənfəəttələb bir varlıq olsa da qanun çərçivəsindən kənara çıxmayaraq məntiq və azadlıq prinsipi və cəmiyyətin maraqları ilə həmahəng olmalıdır. Bunun üçün də Allah-taala birisinə nemət bəxş etdikdə başqalarının (fitri olaraq mənfəəttələb olduqları və bədxahlıq hissini yatırmaq üçün) onun haqqını tapdalayıb həmən neməti ələ keçirməyə heç bir hüququ yoxdur. Belə bir şəraitdə, əksinə daha məntiqi yol seçib, Allahın buyurduğu yolla ehtiyac və çatışmazlıqları səy və çalışqanlıqla aradan qaldırmaq lazımdır. İnsan qarşısına qoyduğu məqsədə çatmaq üçün Allahdan kömək diləməlidir. Əgər bədxah insanlar öz çirkin niyyətləri üçün hədər etdikləri vaxt və gücü hədəf və məqsədlərinə çatmaq üçün sərf edib Allaha arxalansaydılar, mütləq qarşılarındakı bütün maneələri dəf edib böyük müvəffəqiyyətlərə nail olardılar.
Peyğəmbər (s) və məsum imamlardan nəql olmuş rəvayətlərdə bu xoşagəlməz xüsusiyyətin acı aqibətinə işarə edilmiş və ondan uzaq olmaq tövsiyə edilmişdir. İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətlərdən birində bu ruhi xəstəliyin qoyduğu mənfi təsirə işarə olunaraq deyilir: “Həsəd qəlbin korluğundan və ilahi nemətlərin inkar olunmasından mənşələnmişdir. Bu iki şey küfrün qanadlarıdır! Adəm övladı həsəd üzündən əbədi həsrətə düçar olaraq özünü həlak etdi və o heç vaxt ondan yaxa qurtara bilməyəcəkdir.”
Həsəd və paxıllığa səbəb olan amillərdən biri də ailə mühitində uşaqların təlim-tərbiyəsində buraxılan səhvlər, daha dəqiq desək nöqsan və çatışmazlıqlardır. Belə ki, ailədə uşaqlarından birini digərindən üstün tutan və daha çox sevən valideyn uşağın ruhuna ağır zərbə vuraraq qəlbində kin-küdurət yaranmasına səbəb olur. Uşaqların bir çoxunda həsəd və paxıllıq hissinin yaranmasına səbəb olan məhz budur. Onlar böyüyüb boya-başa çatdıqda belə, o öz mənfi təsirini göstərir və onların bədbəxtçiliyinə səbəb olur. İctimaiyyətin təməli ədalət əsasında qoyulmadıqda da camaat daim narazı və üsyançı ruhiyyəyə yiyələnməyə başlayır. Peyğəmbər (s), uşaqların bu ruhi xəstəliyə düçar olmamaları üçün valideynlərə hər cür ədalətsizliklərdən uzaq olmağı tövsiyə etmişdir. Onlardan birində buyurulur: “Övladlarınıza bir şey verdikdə tam şəkildə ədalətə riayət edin!”
Feyr Çayld özünün “Ailə” adlı kitabında “qəlbin gizli günahları” barədə ayrıca fəsil tərtib etmiş və orada bu günahlardan uzaq olmağın yolları barədə geniş söhbət açmışdır.
Orada deyilir: “Lusi görür ki, gördüyü işlər, hərəkət və davranışları yerli-yerindədir və kimsənin narahatçılığına səbəb olmur. Anası ona deyir: “Rəftarın yaxşı olsa da, düzgün fikirləşmirsən.” Sonra Lusiyə balaca bir dəftərçə verilir. Zahirdə gözəl davransa da orada qəlbində olan bütün narazılıqları yazır. Səhər bir şey yeməzdən əvvəl valideyni Lusinin bacısına bir kaset, qardaşına isə gilas verir. Lakin onun özünə bir şey vermir. Buna görə də o, dəftərçəyə həmin anın ona pis təəssürat bağışladığını qeyd edir və orada yazır:
–Atam, anam məni bacı və qardaşımdan az istəyir.
Sonra ona lazımi təlimlər verilir və onda belə bir fikir yaranır ki, əxlaqi dəyərlərə əsaslanaraq bu tərzi-təfəkkürə qarşı müqavimət göstərməli və ona üstün gəlməlidir. Lakin bu üsul belə bir davranış tərzinin yadında qalıb və bir neçə il sonra mənfi təsir göstərməsindən savayı heç bir müsbət nəticə verməyir.”
Əli (ə), həsədin cismə mənfi təsir göstərməsi haqda buyurur: “Qəribədir ki, paxıl insanlar öz sağlamlıqlarından xəbərsiz qalırlar.”
Frank Hork deyir:
–Ruhunuzla həmahəng olmayan və ona qəm-qüssə gətirən həsədi zehninizdən çıxarın. Ruh şeytanı olan bu xüsusiyyət nəzm-intizamı pozmaqla kifayətlənmir. Göstərdiyi mənfi təsirlərdən biri də zəhərli hüceyrələrin bədəndə inkişafına kömək etməsidir. Nəticədə qan dövranı zəifləyir, əsəb pozulur və istər ruha, istərsə də orqanizmə bərpası mümkün olmayan ağır zərbə dəymiş olur. Bütün bunlarla yanaşı, insanın ümidsizliyə qapılmasına, qarşısına qoyulan ali məqsədlərdən əl çəkməsinə və zehninin istedad və bacarığının aşağı gətirilməsinə səbəb olur. Bunun üçün də insan bu mənfi xüsusiyyəti özünün bir nömrəli düşməni saymalı və onu həyatdan uzaq ucqar bir yerdə həbs etməlidir. Belə bir nəticəyə çatan hər bir şəxs görəcəkdir ki, iradəsi güclənmiş və onun sayəsində də bütün çətinliklərini aradan qaldırmağa nail ola bilmişdir.
Əli (ə) buyurur: “Həsəd, insanın bədənini fani edir.”
Başqa bir yerdə onun psixoloji mənfi təsirinə işarə edərək buyurur: “Qorxun həsəddən, çünki o insanın ruhunu əridir və onu eybəcər hala salır.”
“Həsəd və paxıllıqda ifrata varmaq ağır ruhi sarsıntılardan irəli gəlir. Bu isə saysız-hesabsız ağrı-acılara, səhvə və insafsızlıqlara səbəb olur. Yəqin bilirsiniz ki, paxıl insanların gördüyü işlərin bir çoxu onun öz istək və iradəsindən asılı olmur. Onlara səbəb olan isə yalnız həsəddir.”
İmam Səccad (ə) dualarının birində buyurur: “İlahi! Sinəmi həsəd xəstəliyindən amanda saxla və elə et ki, başqalarının razılığına həsrət gözü ilə baxmayım. Məni başqalarına həsəd aparmaqdan elə uzaq et ki, hər zaman onların səadət və xoşbəxtliyini istəyim. Mənə elə bir hiss və qüdrət ver ki, başqalarında dini və dünyəvi nemətlər gördükdə, onları iman əhlindən və gözəl əxlaqa malik şəxslər gördükdə, Səndən, Sənin müqəddəs zatından daha yaxşısını istəyim.”
Çalışmalıyıq ki, sonsuz və insanı uçuruma aparan arzular mənəvi təkamülümüzün və Allaha yaxınlaşmağımızın qarşısını almasın və eyni zamanda təfəkkürümüzü qarşımıza qoyduğumuz yüksək hədəflərə doğru istiqamətləndirməli və yüksək insani sifət və xüsusiyyətləri arzulamalıyıq. Çünki gözəl arzular tərzi-təfəkkürümüzün dəyişilməsində müsbət nəticələr verir və beləliklə, insan qarşısına qoyduğu hədəf və məqsədlərə çatmış olur.
Əli (ə) buyurur: “Gözəl əxlaqi sifət və xüsusiyyətlər arzulayın. Əgər belə edərsinizsə, böyük mükafat əldə etmiş olarsınız.”

Bir psixoloqun araşdırmasından:
Doktor Marden deyir: “Əgər zehniniz arzuladığınız sifət və xüsusiyyətlərə arxalanarsa, əvvəl-axır onlara nail olarsınız. Çünki insanın şəxsiyyəti onun fikir və düşüncəsindən meydana gəlir. Əgər tənbəllik və tüfeyli həyat arzusunda olarsınızsa, əvvəl-axır ya tənbəl olacaqsınız, ya da tüfeyli. Əgər fikrinizə xoşagəlməz şeylər gələrək hər şey nəzərinizdə qara şəkildə canlanarsa, ancaq müsbət və sevindirici şeylər barədə fikirləşməklə onlardan yaxa qurtara bilərsiniz. Əgər gözəl əxlaqa yiyələnməyi arzulayarsınızsa yorulmaq bilmədən – gecə-gündüz – onu əldə etməyə çalışın.
Göstərdiyiniz səy və çalışmalar nəticəsində vücudunuz həmin gözəl xüsusiyyətləri qəbul etməyə hazır olacaqdır və siz onlara tez bir zamanda yiyələnə biləcəksiniz. Arzu və hədəflərinizin təkrar olunmasından qorxmayın və öz istəklərinizi alnınıza həkk edin. Hamıya da həmin arzulara çatmaq istədiyinizi bildirin. Az bir müddətdən sonra görəcəksiniz ki, zehniniz maqnit kimi sizi həmin məqsədlərə tərəf çəkir.”
Həqiqəti dərk etmək insanın istək və tərzi-təfəkkürünə böyük təsir göstərir. İnsanın gözlərinin önünü tutan və idrak qüvvəsində zülmət yaradan onun öz nəfsani istəkləridir. Bunun üçün də, həqiqətin şahidi olmaq üçün yaxşı olar ki, insan hər şeydən əvvəl şüur və təfəkkür aynasına əl çəksin və bundan sonra möhkəm iradə ilə mübarizəyə başlasın. Ruhun azad olması üçün, bədxahlıq və insanı məhvə sürükləyən nəfsani istəkləri qəlb lövhəsindən silməli, kin-küdurət və ədavət zəncirini birdəfəlik qırıb atmalı, onların yerinə isə insani xüsusiyyətlər və xeyirxahlıq toxumu səpmək lazımdır.

Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
Müəllif: Ustad Seyyid Müctəba Lari
Tərcümə edən: İ.Əhmədov


more post like this