Həcc mərasiminin əməllərindən biri olan ehrama diqqətimizi yönəltsək, onun bir növ nəfsin təmrini, təkamülə mane olan amillərdən azad olmaq səbəbi olduğunu görərik. Bu cür tərbiyə və təmrin müsəlmanı bütün adətlərdən, xoşgüzəranlıqlardan, ictimai məşğuliyyətlərdən uzaqlaşdırır.
Ehram bağlayan zaman “təlbiyə” zikri və “ləbbeyk” şüarının təkrarlanmasının, bir çox məna və sirrləri vardır. “Ləbbeyk” demək; hacıların Allah müqabilində ittihad və birliklərinə təkididir, yəni bizlər Allahın bütün dəvətlərini qəbul edirik. Bəzi Quran müfəssirlərinin dediyi kimi “Ləbbeyk” kəlməsindən məqsəd, təkcə Quranda İbrahimin (ə) dəvətini qəbul etmək deyil.
Quran bəyanı ilə , Allah İbrahim peyğəmbərə (ə) insanları uca səslə həccə dəvət etməsini əmr edir:
“İnsanları ümumi şəkildə (Allah evinin) həccinə çağır ki, (onlar sənin dəvətinin nəticəsində Qiyamət gününə kimi) piyada və hər uzaq yoldan gələn arıq dəvələr üstündə sənə tərəf üz tutsunlar. Nəticədə öz (dünya və axirət) mənfəətlərinin bir hissəsini müşahidə etsinlər..” 1
Biz “Ləbbeyk” şüarının çərçivəsini İbrahimin (ə) dəvətinə cavabdan daha geniş əhatəli hesab edirik. Bəlkə bu şüarı bütün nidalara, Allahın Qurandakı əbədi mesajlarına cavab bilirik; istər bu nidalar bütün insanlara ünvanlanmış olsun, istərsə də təkcə möminlərə.
“Ləbbeyk” yəni, İlahi! Biz bu halda İslam dini sahəsində bütün mesajlarına; ibadət, əxlaq, cihad, siyasət və iqtisad və s. cavab verir, onlarla müttəhhid olur, bütün nəfsi şeytanlar və xarici düşmənlər müqabilindən müqavimət göstəririk.
Hacılar “təlbiyə” nidası altında Məkkəyə doğru hərəkət edərkən İslam dəvətinin ilk qərargahını yaradır, kütləvi aksiya keçirib, selə bənzər axınları ilə dünyanın bütün nöqtələrindəki İslamın qüdrətini göstərir və “ləbbeyk” şüarı ilə bunu elan edirlər.
İlahi! Əgər İslamın ilk dönəmində insanlar İslamın dəvətini qəbul edib müsəlman olmasaydılar, nə iman gətirib nə də ona bağlanmasaydılar və həmçinin əgər bir çoxları İslam xəttindən uzaqlaşıb yollarını azdılarsa, onun bir çox təlimlərinə əməl etmədilərsə, biz elan edirik hərəminə doğru yolçuyuq. Can – başla, kamil dərklə və bütün varlıq və amalımızla “ləbbeyk” nidasını səsləndiririk. Ona görə ki, Sən İslamı bizim üçün həyat və hərəkət məktəbi qərar verdin və bizim məqsədimizsə onun vasitəsilə təkamülə ucalmaqdır.
Bundan diqqətimizi bir nöqtəyə yönəlmək olar ki, niyə təkcə “ləbbeyk” kəlməsi demək vacib olmayıb, “ləbbeyk la şərikə ləkə ləbbeyk” cümləsi də ona əlavə olunmalıdır. Bu əlavə insanı “ləbbeyk” zikrində ixlaslılığa və tənha Allahı öz hüzurunda görməyə təkid edir və başa salır ki, bu cür xitab Allahdan qeyrisi və başqa insanlar üçün deyil.
“Ləbbeyk la şərikə ləkə ləbbeyk” bu mənadadır ki, Allahdan başqasına cavab vermirik, qüdrətlilərin nidasına, dövlətlərə, partiyalara, mütəşəkkil qruplara, dəstələrə və s. qulaq asmırıq. Bəlkə təkcə ətrafında pərvanə kimi dolandığımız Kəbənin sahibi Uca Allah bizim mehvərimizdir.
“Ləbbeyk la şərikə ləkə ləbbeyk” təkrar olur və bu təkrar insanların şüurunun dərinləşməsi və artmasından ötəridir. “Ləbbeyk” in təkrarı, Allahın qüdrətlilərə, şahlara, tağutlara, sərvət və nemət kimi bütün həyat amillərinə hakimiyyətinin etirafı üçündür. Daha məddahlar və şəxsiyyətpərəstlər dünyanı və şəxsiyyətləri tərifləməsinlər. Ona görə ki, insan həcc mərasimində fəqət Allahın hökmranlığını, sitayişin ona məxsus olduğunu, nemətlərin ondan olduğuna təkid edir. Allahdan başqasının sitayişə layiq və nemət verən olmadığını təsdiq edir.
Sözümün nəticəsi budur ki, tənha Allah tərifə layiq, hökumət və nemət sahibidir.
İnsan mütləq şəkildə Allaha itaət etməyi sayəsində özünü dünya və bütün varlıqlar müqabilində azad görür, bəndəlik və azadlıq canında kök salır. İnsanın hər nə qədər Allaha bəndəliyi dərin olsa, daha azad olacaqdır.
Özünü Allah müqabilində azad bilən Allahdan xəbərsizlər, insanların, şəhvətlərin, dünya ləzzətlərinin əsiridirlər.

Qeydlər:
1- “əl – Həcc” surəsi, 27-28 ci ayələr
2- Həccin irfani, ibadi və tərbiyəvi prizmaları
Müəllif: Əhməd Şamlu
Çevirən: Xəyal Tofiqoğlu

islammektebi.org


more post like this