Həccin çox sayda bərəkəti vardır, o cümlədən ibadi, siyasi, ictimai, iqtisadi, mədəni faydaları vardır.

Onları maddi və mənəvi bərəkətdə cəmləmək olar.

Qurani-Kərim həccin mənəvi bərəkəti ilə yanaşı bir sıra hallarda onun maddi və dünyəvi əhəmiyyətindən də bəhs edir.

Həccin dünyəvi əhəmiyyəti

Bu müqəddəs ev insanların vəhdət mərkəzi, qəlblərin qovuşduğu yer və müxtəlif rabitələr yaratmaq üçün böyük insan toplumunun yığışdığı məkandir. Həcc mərasimində İslam ölkələrinin iqtisadiyyatı inkişaf edir və bu, həccin hikmətlərindən birini təşkil edir. Bu amil, həccin ruhu ilə təzad təşkil etmir. Həcc zamanı İslam ölkələri öz məhsullarını ümumi bazara çıxarıb, iqtisadiyyatını inşikaf etdirə bilər. Bu da dünyapərəstlik deyildir, bəlkə bir növ ibadətdir.

Həzrət İbrahim (ə) Kəbə evinin çiçəklənməsi üçün bir neçə dua etmişdir ki, onların hamısı yerinə yetmişdir. Birincisi bu idi ki: “Allahım! Əkinə yaramayan bu torpağı abad et və şəhər halına sal. İkincisi bu idi ki, sakinlərin təhlükəsizliyini təmin et. Üçüncüsü budur ki, bu məntəqənin sakinlərini sağlam iqtisadiyyatla bəhləndir. Məkkə əhlinə müxtəlif meyvələrdən ruzi ver”. Allah Təala bu duanı yerinə yetirmişdir. Belə ki, müxtəlif ölkələrdən Məkkəyə meyvələr göndərilir.

Yığım zamanı əkinçiliyi olmayan bu yerdə müxtəlif meyvələr həmişə tapılır. Həcc və ümrə zamanı zəvvarlar bu bərəkətdən bəhrələnirlər.

Dördüncüsü bu idi ki, “insanların qəlbini İbrahim (ə) dininə tərəf yönəlt”. Beşincisi isə sonuncu Peyğəmbərin (s) və ailəsinin zühuru üçün dua etmişdir. Onun bütün bu beş duası yerinə yetmişdir.

Həcc mərasimində toplaşan insanlar dünya müsəlmanlarının müxtəlif təbəqələrindən təşkil olur. Kəbənin zəvvarları müxtəlif dillərdə danışır və müxtəlif rənglərdə və irqlərdən olurlar. İnsan əgər bütün müsəlmanları bir yerdə toplamaq istəsə çox sayda maliyyə tələb edər.

Ancaq həcc mərasimində insan rahatlıqla müxtəlif irqlərdən olan müsəlmanları görə bilər. Həşam ibni Həkəm nəql edir: “İmam Sadiqdən (ə) soruşdum ki, həcc və Kəbənin təvafının fəlsəfəsi nədir?” Həzrət (ə) buyurdu: “Allah bəndələri yaratmışdır… Din və dünya haqqında onlara əmrlər vermişdir. Həmçinin şərq və qərb müsəlmanlarının (həccdə) toplaşmasını müəyyən etmişdir ki, müsəlmanlar bir-birini yaxşı tanıya bilsinlər. Hər bir dəstə ticari sərmayələrini bir şəhərdən o birisinə ötürə bilsin. (İqtisadi mübadilə etsin). Peyğəmbərin (ə) əsərlərinin və xəbərlərinin tanınması və yada salıb, unudulmaması üçündür”.

Bu hədisdən görmək olur ki, həccin fəlsəfəsi deyildikdə həm mədəniyyətlərin tanınması, həm iqtisadi mübadilə və həm də müsəlmanların bir-birini tanıması nəzərdə tutulmuşdur. Həzrət (ə) başqa yerdə buyurur: “Həqiqətən, hər kim Məkkədə olarsa, Allah ona mənfəət çatdırar. Ancaq siz (Əhli-beyt (ə) davamçıları) bağışlanmış halda qayıdacaqsınız. Ancaq sizlərdən qeyrisi malları, əhli və əyalı hifz edilər”. Hər kim kiminsə həccə getməyinə mane olarsa, ona bəla çatar.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, (iman) qardaşını həccdən saxlayar, gərək qorxsun ki, axirət üçün azuqə etdiyi (əzaba) və dünyada müsibətinə giriftar olar”. İmam Əli (ə) buyurur: “Hər kim həcci dünya hacətlərinə görə tərk edərsə, (hacəti) yerinə yetməz. Məgər gözləri başları qırxırmış hacılara düşənə qədər”.

Həcc mərasimini yerinə yetirmək yoxsulluğu insandan uzaq edər. Həzrət Peyğəmbər (s) buyurur: “Həcc yoxsulluğun aradan getməsinə bais olar”.

İmam Sadiq (ə) buyurur: “Hər kim üç dəfə həcci yerinə yetirərsə, əbədi olaraq, yoxsulluq ona çatmaz”.

Həccin başqa bir bərəkəti budur ki, insanın ruzisi artar. Peyğəmbər (s) buyurur: “Həcci yerinə yetirin (ki, maddi cəhətdən) ehtiyacsız olasınız”. Həcc səfərinin başqa bir bərəkəti budur ki, insan sağlamlığına və salamatlığına təsir qoyar. İmam Səccad (ə) buyurur: “Həcc edin və ümrəni yerinə yetirin ki, sizin bədəninizin salamatlığına bais olar”.

Həccin mənəvi bərəkəti

1. İxlas. Həcc ixlasla yerinə yetirilərsə, həm mənəvi və həm də maddi bərəkət gətirər. Nə şöhrət və riya üçün olmalı və nə də ticari məqsəd daşımalıdır. İmam Sadiq (ə) buyurur: “Həcc iki cür olur: 1. Allah üçün olan həcc. 2. İnsanlar üçün olan həcc. Ona görə də hər kim Allaha görə həcci yerinə yetirərsə, Allah yanında savabı behiştdir. Hər kim insanlara görə həcci yerinə yetirərsə, Qiyamət günü mükafatı insanlar yanındadır” (yəni, Allah onun mükafatını verməz). Əbdürrəhman ibni Kəsir deyir: “Bir il İmam Sadiqlə (ə) həcc səfərində bir yerdə idik. Yol gedən zaman dağa çıxdı və hacıların yanına müşərrəf oldu. Onlara diqqətlə baxıb, buyurdu: Nalə çəkən nə qədər çoxdur, ancaq (həqiqi hacı) azdır!”.

2. Günahı tərk etmək. İmam Baqir (ə) buyurur: “(Allah ) ancaq o kəsə etina edər ki, (Allah) evini qəsd edər və onda bu üç xüsusiyyət olar: a).Onu İlahi günahdan saxlayan xüsusiyyət. b). Həlimlik və səbirlə qəzəbinə hakim olar. c). Onunla rəfiq olanla yaxşı dostluq etmək.”

Mömin təqvası və Allahdan çəkinməsi sayəsində günah işlətməz və onu tərk edər.

3. Haram maldan uzaq olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim haram malla həcci qəsd edər, o zaman ki, deyər: “Allahım! Ləbeyk!” Allah buyurar: “Nə Ləbeyk və nə də Səyideyk”. Sənin həccin özünə tərəf qayıdar”. (Heç bir zaman qəbul olmaz).

İmam Baqir (ə) buyurur: “Allah haram malla yerinə yetirilən həcc və ümrəni qəbul etməz”.

Nəticədə demək olar ki, həccin həm maddi və həm də mənəvi bərəkətləri vardır. Hacı gərək haram malla həccə gəlməsin, günahları tərk etsin və həccini ixlasla yerinə yetirsin. Allah bizlərə də həqiqi hacı olmağı nəsib etsin!(Həvzəh saytına istinadən)

Hazırladı: Məşhədi Xanım

hicab.org


more post like this