islamic mənbələri

    1. home

    2. article

    3. Həcc

    Həcc

    Həcc
    Rate this post

     

     

    442. Həcc.

    Quran:

    «Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir.»[1]

    Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər.» [2]

    Hədis:

    1377. İmam Əlinin (ə) dünyadan köçərkən etdiyi vəsiyyətindən: «Sizi Allaha and verirəm! Sizi Allaha and verirəm! Rəbbinizin evinin haqqına riayət edin. Nə qədər ki, sağsınız Həcci nəzərinizdən çıxarmayın. Əgər Həcc tərk olunarsa, sizlərə möhlət verilməyəcək.»[3]

    1378. İmam Əli (ə:«Həcc hər bir zəifin cihadıdır.»[4]

    1379. İmam Əli (ə):«Həcc yolunda xərclənən bir dirhəm (onun savabı) min dirhəmə bərabərdir.»[5]

    1380. İmam Əli (ə):«Həcc və ümrə zəvvarı Allahın qonağıdır və Allah ona bağışlanmağı hədiyyə edər.»[6]

     

    443. Həccin fəlsəfəsi

    1381. İmam Əli (ə):«Allah-taala insanların qibləsi olan öz evinin ziyarətini sizə vacib etdi. Onlar (suya daxil olan) heyvanlar tək oraya daxil olar və (öz yuvalarına qayıdan) göyərçinlər kimi oraya üz tutarlar. Allah-taala o evi xalq üçün Öz əzəməti qarşısında itaət, Öz qüdrətinə və izzətinin e‘tirafının nişanəsi etmişdir.»[7]

    1382. İmam Səccad (ə):«Həcc və ümrəni yerinə yetirin ki, bədənləriniz sağlam olsun, ruziniz artsın, imanınız güclənsin, xalqın və öz evinizin xərcini təmin edə biləsiniz.»[8]

    1383. İmam Baqır (ə):«Həcc qəlblərə rahatlıq bəxş edər.» [9]

    1384.İmam Sadiq (ə):«Allah-taala bu evin vasitəsilə öz yaratdıqlarını ibadətə vadar etmişdir ki, orada olmaları ilə onların itaətini sınağa çəksin. Buna gürə, onları öz hərəminin ehtiramını saxlamağa və onu ziyarət etməyə həvəsləndirmiş, oranı peyğəmbərlər məkanı, namaz qılanların qibləsi etmişdir. Bu ev, Allahın Cənnət və razılığın bir budağı, sonu bağışlanmaq olan, kamal təməli üzərində qurulan və əzəmətin mərkəzi olan bir yoldur.»[10]

    1385. İmam Sadiq (ə):«Allah yanında can atılan yer qədər əziz bir məkan yoxdur. Çünki, orada hər bir təkəbbürlü və itaətdən boyun qaçıran xar və zəlil olar.» [11]

    1386.İmam Rza (ə):«Həcc nəyə görə əmr olunmuşdur?» soruşulduqda cavabında deyilməlidir:«Bunun səbəbi Allaha yaxınlaşmaq və ondan (nemətlərin) artımını istəmək, eləcə də, dini məsələlərdən agah olmaq və İmamların (ə.s.) xəbərlərini hər tərəfə, hər yana çatdırmaqdır.»[12]

     

    444. Həcc yoxsulluğu aradan götürər

    1387. Allahın Peyğəmbəri (s):«Həcc yoxsulluğu aradan götürər.» [13]

    1388. İmam Sadiq (ə):«Hər kim üç dəfə Həcci yerinə yetirərsə heç vaxt yoxsulluğun üzünü görməz»[14].

    1389. İmam Sadiq (ə):«Bu evin davamlı ziyarəti qədər tez var-dövlət gətirən və yoxsulluğu aradan götürən, ikinci bir şey görmədim» [15].

    1390. İmam Sadiq (ə)- «Mən, hər il özümü Həccə getməyə və ya ailəmdən bir nəfəri öz xərcimlə Həccə göndərməyə hazırlamışam» deyə müraciət edən İshaq ibn Əmmara- «Bu qərarında ciddisən?» deyə soruşdu. İshaq ərz edir:«Bəli.» İmam buyurur:«Bu işi görsən, var-dövlətinin artacağına əmin ol və sənə imkanlı olmağın müjdəsini verirəm.» [16]

     

    445. Həcci tamamlayan  və kamilləşdirən şey

    Quran

    «Həcci və ümrəni Allah üçün kamil yerinə yetirin»[17]

    Hədis

    1391. İmam Əli (ə):«Allahın evinin ziyarətinə getsəniz, Allahın Peyğəmbərini (s) ziyarət etməklə həccinizi kamala yetirin ki, Peyğəmbərin (s) ziyarətini tərk etmək, ona zülm etmək deməkdir. Sizə bu iş əmr olunmuşdur və öz həccinizi ziyarəti, haqqı Allah tərəfindən sizə lazım buyurulmuş qəbirləri ziyarət etməklə Həccinizi kamala çatdırın və bu qəbirlərin yanında Allahdan ruzi diləyin»[18]

    1392. İmam Baqir (ə):«Həcc, imam ilə görüşməklə kamala yetər.»[19]

    1393. İmam Baqir (ə):«Xalqa, gəlib bu qəbrlərin ətrafına dolanmağa, sonra yanımıza gəlib bizə olan məhəbbət və vilayətlərini, bizə havadar olduqlarını bildirməyə əmr olunmuşdur.»[20]

    446. Həcci tərk etməyin aqibəti

    1394. Allahın Peyğəmbəri (s):«Əgər bir şəxs, ölüm gəlib onu haqlayanadək müxtəlif bəhanələrlə Həccdən boyun qaçırarsa, Qiyamət günü Allah-taala onu yəhudi ya xristian kimi dirildər.» [21]

    1395. İmam Əli (ə):«Dünyəvi çətinliyə, ehtiyaca görə həcci tərk edənin ehtiyacı və çətinliyi hacıları görənədək (yəni hacılar Həccdən qayıdana qədər) aradan getməz.»[22]

     

    447. Həccə son qoymaq

    Quran:

    «Allah-taala Kəbəni, Beytul-Haramı (hörmətli evi) insanlar üçün (mə‘nəvi və maddi) dayaq və pənah yeri etdi.»[23]

    1396. İmam Sadiq (ə)- Əbdürrəhman adlı bir nəfər «Bəzi adamlar deyirlər ki, əgər bir dəfə Həccə gedən şəxs (təkrar olaraq Həccə getməyin əvəzinə) sədəqə versə, ya qohumlarına baş çəkib, kömək etsə bu daha yaxşı iş görmüş olar.» deyə ərz etdikdə-  «Yalan deyirlər. Əgər xalq bu cür etsə, Allahın evi boş qalar. Həqiqətən Allah-taala bu evi insanların işlərinin (mə‘nəvi və maddi) dayağı və pənahı etmişdir.»- deyə buyurmuşdur.»[24]

     

    448. Həqiqi Hacı azdır

    1397. Əbdürrəhman ibn Kəsir:«İmam Sadiqlə (ə) Həccə getmişdik. Yoldan keçəndə, o Həzrət (ə) bir dağa qalxıb yüksəklikdən camaata baxdı və buyurdu:«Nə çox hay-küy, nə az hacı var!» [25]

     

    449. Həccin qaydası

    Quran:

    «Həccin müəyyən ayları vardır. Bu aylarda Həcci yerinə yetirən kəs (bilsin ki) Həcc əsnasında bir yatağa baş qoymaq, günah və münaqişə etmək olmaz.»[26]

    Hədis:

    1398. İmam Baqir (ə):«Bu evi ziyarət edən kəsdə üç xislət olmasa ziyarətin heç bir dəyəri yoxdur: Günahlardan çəkindirən Allah xofu, qəzəbini cilovlayan helmi (təmkinliyi), yol və söhbət yoldaşı ilə mehriban rəftarı» [27]

     

    450. Ehram bağlamaq qaydası

    1399. Allahın Peyğəmbəri (s):«Haram pulla Həccə gedən şəxs «Ləbbeyk Allahummə ləbbeyk» deyəndə Allah-taala ona buyurar «la ləbbeykə və la səədeykə»  (Həccin özünə qalsın.)[28]

    1400. İmam Sadiq (ə):«Həcc iki növdür:  Allaha xatir həcc və camaata xatir həcc. Allaha xatir həcci yerinə yetirənə Allah-taala Cənnəti mükafat verər, camaata xatir həccə gedənin Qiyamət günü mükafatı və savabı həmin camaatın öhdəsinə olar»[29]

    1401. Malik ibn Ənəs:«Bir il İmam Sadiqlə (ə) Həccə getmişdik. O Həzrətin (ə) atı ehram bağlanan yerdə dayananda, Həzrət (ə) hər nə qədər «ləbbeyk» deməyə çalışsa da, sanki səsi boğazında qurumuşdu və az qalırdı atından yerə yıxılsın. Ərz etdim:«Ey Allahın Peyğəmbərinin (s) oğlu «ləbbeyk» de. Gərək deyəsən.» Buyurdu:«Ey Əbu Amirin oğlu!  Allahın cavabımda «lə ləbbeykə və la səədeykə» deyəcəyindən qorxduğum halda necə cürət edib, «ləbbeyk Allahummə ləbbeyk deyim?» [30]

    1402. İmam Rza (ə):«Xalqa ehram bağlamaq Allahın hərəminə və əmin-amanlıq sahəsinə daxil olmamışdan qabaq qəlblərində xuşu (mütilik) halının yaranması, qəlbin dünya işlərindən, onun zinətlərindən və ləzzətlərindən təmizlənməsindən ötrü əmr olunmuşdur. Bu halda onlar ciddi və çalışqan, məqsədləri Allaha qovuşmaq olmalı və bütün vücudları ilə Ona üz tutmalıdırlar.»[31]

     

    451. Həcc yolunda ölən şəxsin savabı

    1403. İmam Sadiq (ə):«Kimsə Məkkə yolunda və ya qayıdarkən vəfat edərsə, Qiyamət günü «böyük qorxudan» amanda olacaq.»[32]

    1404. İmam Sadiq (ə):«Ehram halında ölən şəxsi Allah-taala «ləbbeyk» deyən halda dirildər.»[33]

     

    452. Qeybə çəkilmiş İmamın (ə.f.) Həcc mərasimində olması

    1405. İmam Sadiq (ə):«Xalq öz İmamını (ə.f.) itirər. O Həzrət (ə.f.) isə Həcc mərasimində olar və xalqı görər, lakin onlar o Həzrəti (ə.f.) görməzlər.»[34]

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     



    [1] Ali-İmran, ayə 97

    [2] Həcc, ayə 27

    [3] Nəhcül-Bəlağə, məktub 27

    [4] əl-Xisal, səh.620, hədis 10

    [5] əl-Xisal, səh.628, hədis 10

    [6] əl-Xisal, səh.635, hədis 10

    [7] Nəhcül-Bəlağə, xütbə 1

    [8] Səvabul-Əmal, səh.70, hədis10

    [9] Əmali-Tusi, səh.296

    [10] Əmali-Səduq, səh.493, hədis 4, Ət-tohid, səh.253, hədis4

    [11] Biharul-Ənvar, c.9, səh.45, hədis 34

    [12] Uyune Əxbare-Reza, c.2,  səh.119, hədis1

    [13] Tuhəful-Uqul, səh.7

    [14] əl-Xisal səh.117, hədis101

    [15] Əmali-Tusi, səh.694, hədis1478

    [16] Səvabul-Əmal, səh.70, hədis4

    [17] Bəqərə, ayə 196

    [18] əl-Xisal səh.616, hədis10

    [19] Uyune Əxbare-Reza, c.2, səh.262, hədis29

    [20] Uyune Əxbare-Reza, səh.262, hədis30

    [21] Biharul-Ənvar, c.7, səh.58, hədis3

    [22] Səvabul-Əmal, səh.281, hədis1

    [23] Maidə, ayə 97

    [24] İləluş-Şəraye, səh.452, hədis1

    [25] Biharul-Ənvar, c.27, səh.181, hədis30

    [26] Bəqərə, ayə 197

    [27] əl-Xisal, səh.148, hədis180

    [28] əd-Durrul-Mənsur, c.2, səh.63

    [29] Səvabul-Əmal, səh.74, hədis16

    [30] əl-Xisal, səh.167, hədis219, İləluş-Şərayə səh.235, hədis4

    [31] Vəsailuş-Şiə, c.9, səh.3, hədis54

    [32] əl-Kafi, c.4, səh.263, hədis4

    [33] Biharul-Ənvar, c.7, səh.302, hədis56

    [34] Kəmalud-Din, səh.364, hədis33