Əllamə Təbatəbainin nəzərinə əsasən birinci baxışdan Həzrət Adəmin (ə) gördüyü iş günah kimi nəzərə çarpsa da ayələrdə azacıq diqqət etdikdə Allahın o zaman çəkindirdiyinin “irşadi” (onun məsləhətinə görə) olduğunu və ona əməl etməyin onun özü üçün faydalı olduğunu anlayarıq. (Bu haqda öncəki bəhsimizdə – hökmlərin növü mövzusunda izah verilmişdir). Hökm irşadi olduğundan, Həzrətin bu əməlinə qarşılıq axirət əzabı olmadığından onun ismətinə bir xələl yetirməz.

Bu məsələnin isbatı üçün çox dəlil zikr etmək olar ki, burada onlardan yalnız bir neçəsini qeyd edirik:

 

A)        Həzrəti Adəmin (ə) sakin olduğu behişt təklif və ilahi qanunlardan öncə idi. Buna görə də irşadi hökm növündən başqası ola bilməzdi. Bu əməl pərdəarxası xoşagəlməz təsirə malik olduğuna görə və insanın heyvani qərizələri həyata keçirdiyindən dolayı Quran buyurur: Ondan yediklərinə görə üryanlıqları aşkar oldu.

«فَأَكَلا مِنْها فَبَدَتْ لَهُما سَوْآتُهُما وَ طَفِقا يَخْصِفانِ عَلَيْهِما مِنْ وَرَقِ الْجَنَّةِ وَ عَصى آدَمُ رَبَّهُ فَغَوى»؛

“(Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi. (Adəm Rəbbinə asi oldu və yoldan çıxdı. Qadağan olunmuş ağacın meyvəsindən yemək heç də onu Cənnətdə əbədi qalmaq arzusuna çatdırmadı, əksinə, Həvva ilə birlikdə yer üzünə endirildi).” (Taha surəsi, 212-ci ayə)

 

B) Qanuni hökmlə irşadi hökmü ayrıd etməyin yolu onların nəticəsinə nəzər etməklə mümkündür. Misal üçün: əgər deyilsə ki, filan işi görmə, çünki nəticəsi cəhənnəm əzabıdır. Aydın olur ki, burada nəhy etmə (çəkindirmə) qəti qanun olduğundandır. Amma əgər deyilsə ki, bu işi tutsan aqibəti dünya məşəqqəti və çətinlikləri ilə nəticələnəcəkdir, o zaman bu hökmün irşadi olduğu məlum olur. Çünki sonucda axirət əzabı onu gözləmir.

Bu qaydaya əsasən biz görürük ki, Həzrət Adəmə (ə) ağaca yaxın durmamağı tapşırılsa da, o əməl etmədiyi təqdirdə cəhənnəm əzabı ilə təhdid olunmamışdır. Sadəcə bu işin nəticəsinin dünya çətinlikləri – dünyada qida, məskən, geyim və digər dünya yaşayışına gərək olanları əldə etməkdə çəkilən əzablar olmuşdur.

«فَلا يُخْرِجَنَّكُما مِنَ الْجَنَّةِ فَتَشْقى…» ؛

“Biz də belə dedik: “Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb) Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan! (Gecə-gündüz əziyyət çəkib öz əlinin zəhməti ilə yaşamağa məcbur olarsan!) Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir bilməzsən! Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!” (Taha surəsi, 117-119-cu ayə)

 

Bu iki qism ayəni bir-birinin kənarında müqayisə etdikdə anlaşılır ki:

1-Burada nəhy etmə (çəkindirmə) irşadi formadadır, qanuni hökm deyil;

2-“Zülm”dən məqsəd onun özünə zülm etməsi – çətinliyə salmasıdır. Burada zülm bəndəçiliyə xələl gətirəcək günah və suç mənasında deyil.

 

A)        Bu ayədən sonra «وَ عَصى آدَمُ رَبَّهُ فَغَوى» dərhal ardınca Qurani-Kərim buyurur:

 

«ثُمَّ اجْتَباهُ رَبُّهُ فَتابَ عَلَيْهِ وَ هَدى»؛

“Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxın-laşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.” (Taha surəsi, 122-ci ayə)

Bir şəxsin Allah tərəfindən uca məqama yiyələnməsi onun şəxsiyyətinin əzəmətindəndir. Əgər ondan bir xəta üz verdisə də günah olaraq isməti aradan aparacaq həddə deyildi. Çünki qəti hökm qarşısında əmrə tabesizlik, böyük zülmlərdən hesab olunur. O da peyğəmbərlik məqamı ilə əsla uyğun deyil.

Allah-taala Həzrət İbrahimin (ə) qissəsini bəyan edərkən buyurur:

«لا يَنالُ عَهْدِى الظَّالِمِينَ»؛

“Zalımlar mənim əhdimə (İmamlığıma) nail olmazlar”. (Bəqərə surəsi, 124-cü ayə)

 

D) Allah-taala ilahi hökm və şəriəti (ki, insanın boynuna təklif və məsuliyyət gətirər) Həzrət Adəmin (ə) yer üzərinə enməsindən sonraya saxlayır. Necə ki, bu haqda oxuyuruq:

«قُلْنَا اهْبِطُوا مِنْها جَمِيعاً فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّى هُدىً فَمَنْ تَبِعَ هُداىَ فَلا خَوْفٌ عَلَيْهِمْ وَ لا هُمْ يَحْزَنُونَ. وَ الَّذِينَ كَفَرُوا وَ كَذَّبُوا بِآياتِنا أُولئِكَ أَصْحابُ النَّارِ هُمْ فِيها خالِدُونَ»؛

Biz (onlara) dedik: “Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər və kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar”. Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar. (Bəqərə surəsi, 38-39-cu ayələr)

Göründüyü kimi, Həzrət Adəm (ə) behiştdə olduğu müddətdə vacib şəriət qanunları Allah tərəfindən göndərilməmişdi. Bu növ hökmlər insanın yer üzərindəki yaşayışına aiddir.

 

E)        Bu ayə isbat edir ki, sözü gedən ağacın meyvəsindən yeməklə onlarda şəhvət və maddi qərizələr (istəklər) vücuda gəldi.

«فَأَكَلا مِنْها فَبَدَتْ لَهُما سَوْآتُهُما…» ؛

“(Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar. Belə-liklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi. (Adəm Rəbbinə asi oldu və yoldan çıxdı. Qadağan olunmuş ağacın meyvəsindən yemək heç də onu Cənnətdə əbədi qalmaq arzusuna çatdırmadı, əksinə, Həvva ilə birlikdə yer üzünə endirildi).” (Taha surəsi, 121-ci ayə)

«فَلا يُخْرِجَنَّكُما مِنَ الْجَنَّةِ فَتَشْقى»؛

“Biz də belə dedik: “Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb) cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan! (Gecə-gündüz əziyyət çəkib öz əlinin zəhməti ilə yaşamağa məcbur olarsan!” (Taha surəsi, 117-ci ayə)

Həzrət Adəmin cənnətdən xaric olması Allahın ona qəzəbi ucbatından deyildi. Çünki ayədən göründüyü kimi, Allah onun tövbəsini qəbul edib onu bağışlamışdı. Onların behiştdən uzaq-laşdırılması Adəm və Həvvanın gördüyü əməlin genetik nəticəsi idi.

 

F) Həzrət Adəmin məskunlaşdığı məkan müvəqqəti cənnət idi. Və o əbədi cənnətlə əsaslı şəkildə fərqlənir. Başqa cəhətdən isə Allah insanı yaradarkən onun yer üzərində yaşaması üçün yarat-dığını elan etmişdi.

«وَ إِذْ قالَ رَبُّكَ لِلْمَلائِكَةِ إِنِّى جاعِلٌ فِى الْأَرْضِ خَليفَةً قالُوا أَ تَجْعَلُ فيها مَنْ يُفْسِدُ فيها وَ يَسْفِكُ الدِّماءَ وَ نَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَ نُقَدِّسُ لَكَ قالَ إِنِّى أَعْلَمُ ما لا تَعْلَمُونَ»؛

(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, – dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara:) “ Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu.

Bu ayədən belə anlaşılır ki, insanın yer üzündə olması qəti olaraq Allahın istəyi idi. Həzrət Adəmin xətası bu məsələnin bir cür tezləşdirməsinə gətirib çıxartdı. Bu hadisə səbəb oldu ki, insanın diqqəti bu məsələyə yönəldilsin ki, onun böyük və həmişəlik düşməni şeytandır.

Nəhayət, belə qənaətə gəlirik ki, Həzrət Adəm təklifi günah etmədi, bəlkə o, onun (mələklərə ustad olan) peyğəmbərlik məqamına münasib olmayan bir iş tutaraq dünya giriftarçılıqlarına və çətinliklərinə daha tez nail olmasına səbəb oldu.

sualcavab.ge

 


more post like this