Sevindirici haldır ki, Fransa kimi bir Avropa ölkəsindən bu il 50 000 nəfər həccə getmişdir. Bu – çox ciddi bir göstəricidir. Həm müsəlmanların özünüdərkinin artmasına, həm Avropa İslamınn geniş vüsət almasına, həm də konkret Fransada – nə vaxtsa dinsizliyə bərabər tutulan bir ölkədə gedən mənəvi proseslərin güclənməsinə dəlalət edən bir faktdır bu.

Dünyanın müxtəlif yerlərindən gələn, irqi, milləti, ölkəsi, sosial vəziyyəti, cinsi, yaşı, sağlıq durumu və daha nələri müxtəlif olan milyonlarla insan Beytullahın ziyarətinə axışır. Misilsiz bir prosesdir bu. Tayı-bərabəri olmayan bir vücudi səfərdir bu. Sanki bütün dünya müsəlmanları bir vəhdət, eynilik, həmahənglik halına gəlib çatarlar. Allah Təala lütf və inayət etsin ki, həmin bu hal zəvvarlarda həccdən sonra da öz mövcudiyyətini davam etdirsin.

Müasir dönəmdə həccin əhəmiyyəti haqqında danışmaq xüsusi aktuallıq kəsb edir. Həcclə bağlı bir çox məsələlərə toxunmaq olar. Həccin əhəmiyyəti, fəlsəfəsi haqqında bir çox söz demək olar. Bu, həcclə bağlı ara-sıra edilən çıxışların fonunda daha da önəmli olur. Belə ki, bəzən araşdırma aparmaq istəməyən və ya qərəzli insanların qəribə çıxışları səslənir ki, bəs «həccin nə əhəmiyyəti vardır ki, bu qədər insan ora gedir, nə qədər səy, müəyyən fiziki və psixoloji gərginlik keçirir, bir neçə gün səhra şəraitində qalır və s. Hələ bir filan qədər pul də xərclənir. Ondansa, filan işə pul xərclənsək daha məqsədəuyğun olardı və s.».

Çox problemli yanaşmadır. Əvvəla, məsələnin mahiyyətində problem var. Xeyir işlərlə ziyarəti qarşı-qarşıya qoymaq, bir növ alternativ kimi yeritmək istəmək özü absurd bir cəhddir. Xeir işlər görmək lazımdır, dinimizin bu sahədə, bununla bağlı saysız-hesabsız tövsiyələri var.  Həcc isə – bir İlahi vəzifədir ki, imkanı olan insana ömründə bir dəfə vacib olur. Və məhz bu İlahi göstərişlərə əsaslanaraq, insan nəyin yaxşı, nəyinsə pis olmasını müəyyən edə bilər. Və bu yaxşı-pisi bilmək, ayırd etmək bazası əsasında insan xeyir işlər görə bilər.

Yoxsa, gördüyü işin xeyir və ya şər, pis və ya yaxşı olmasını insan nəyə əsasən bilə bilər? Bilmədikdə isə, xeyir işi necə yerinə yetirə bilər? Gördüyümüz kimi, İlahi vəzifələri, dini tövsiyələri yerinə yetirməklə, bu tövsiyələrin məhsulu olan əməlləri qarşı-qarşıya qoymaq nə dərəcədə problemli bir addımdır.

deyerler.org


more post like this