Biz ötəri toxunduq ki, həccə gedən insanlar çox müxtəlif olur. Onların niyyətləri də, ibadi durumları da, dünyagörüşləri də çox fərqlənə bilir. Amma əksəriyyət bir amal ətrafında – Allahın razılığını əldə etmək, Allah Təala ilə qəlb bağlantısına nail olmaq niyyətilə bu mübarək səfərə yola düşür.

Amma bir sıra insanlar da vardır ki, həccin gözəllikləri onların gözünə görünmür, bu mübarək səfərdə onlar özlərini göstərmək niyyətini güdürlər. Belələri ilə bağlı dinimiz öz xəbərdarlıqlarını etmişdir. Nəql edirlər ki, həcc səfərində İmam Cəfər Sadiq (ə) dağ yüksəkliyindən camaata baxıb buyurmuşdur: «Nə çox hay-küy, nə az hacı var!».

Digər yerdə İmam Cəfər Sadiq (ə) özünü göstərmək üçün həccə gedənlərin acı aqibəti haqda ciddi xəbərdarlıq edir: «Həcc iki növdür: Allaha xatir həcc və camaata xatir həcc. Allaha xatir həcci yerinə yetirənə Allah Təala cənnəti mükafat verər. Camaata xatir həccə gedənin Qiyamət günü mükafatı və savabı həmin camaatın öhdəsinə qalar».

Özü ehtiyaclı olan insan Qiyamət günündə digərinə nə ilə həyan ola bilər? Təbii ki, heç nə ilə. Dinimiz ayıldıcı bir mesaj verir ki, özü üçün bir gün ağlaya bilməyən, sənin üçün nə edə biləcək?! İndi ki, camaata özünü göstərmək üçün həccə səfər etmisən, mükafatı da elə bu camaatdan al. Beləliklə, həcci nə üçün edirsənsə, mükafatı da oradandır.

deyerler.org


more post like this