Günahların bağışlanması üçün oxunan dua
Ey günahkarların ümidlə əfv dilədikləri Allah! Ey qarşısında günahkarların nalə çəkib ağladığı Allah! Ey zülm olunanların və doğmalarından uzaq düşənlərin dostu və həmsöhbəti! Ey qəmginlərə və incidilənlərə təskinlik verən! Ey alçaldılmışların və tənhaların hamisi! Ey ehtiyaclıların və hamının üz döndərdiyi kimsələrin yardımçısı!
Sənin rəhmin və Sənin müdrikliyin ətrafda olan hər şeyə hakimdir. Sən xəlq etdiklərinin hər birinə Öz rəhmətini bəxş etdin! Sənin əfvin cəzandan çoxdur. Sənin mərhəmətin qəzəbindən üstündür. Sənin nemətlərin Sənin qadağalarından çoxdur. Bütün yaratdıqların Sənin qüdrətin dairəsindədir. Kiməsə mərhəmət göstərəndə Sən ondan mükafat gözləmirsən. Günahkarı cəzalandırarkən Sən ifrata varmırsan.
Ey mənim Rəbbim! Mən Sənin qulunam. Sənə dua etməsini əmr etdiyin və öz günahlarında peşiman olan qulun. O deyir: «Sənə itaət edirəm!» Bu mənəm, Allahım! Sənin qarşında çiyinlərimdə günahlarımın ağırlığını hiss edərək dayanmışam. Günahlar həyatımı məhv etdi, cahilliyim üzündən Sənə qarşı çıxdım, hərçənd ki, Sənə müxalif olmağıma layiq deyildin.
Allahım, Sənə dua edənə rəhm edəcəksənmi ki, mən dualarımda canımı qoyum? Allahım, qarşında göz yaşı tökəni əhv edəcəksənmi ki, mən toxtamadan ağlayım? Sənin qarşında əyilib səcdəyə düşən kəsin günahlarından keçəcəksənmi, ya Rəbbim? Səni özünə arxa seçən, öz acizliyindən şikayət edən kimsəyə kömək edərsənmi, Allahım?
İlahi! Səndən başqa digər rəhmət təcəssümü bilməyən kəsi mə`yus etmə! Yalnız Səndən kömək diləyən kəsi tərk eləmə!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və Sənə üz tutduğum zaman məndən üz döndərmə, ümidimi kəsmə ki, öz qəlbimi Sənə vermişəm!
Sən Özünü Rəhim adlandırırsan. Belə olanda, Məhəmmədə və onun ailəsinə salam göndər və mənə rəhm et! Sən Özünü Rəhman adlandırırsan. Elə isə mənin günahlarımı bağışla!
İlahi! Sənin qorxundan göz yaşlarımın necə axdığını, ürəyimin əsdiyini, Sənin qüdrətin qarşısında bədənimin necə əzgin olduğunu görürsən. Başqa cür ola da bilməz, çünki mən öz pis əməllərimdən utanıram və Səninlə sakit və rahat danışa bilmirəm.
Həmd olsun Sənə, ey Rəbbim! Sən çox nöqsanımı gizlətdin və məni rüsvay etmədin. Sən çox günahımı aşkar etmədin və məni şəhərdə gülüş hədəfi etmədin. Mənim səhvlərimi açıqlamadın, adımı rüsvay etmədin və mənim çatışmamazlıqlarımı qonşulardan, düşmənlərimdən və mənə ne`mətlər əta etdiyinə görə paxıllıq edənlərdən gizlətdin. Bunların hamısı Sənin agah olduğun günahlarımda peşman olmağa mənə mane olmadı.
Xoşbəxtliyimdən qafil olduğum halda kim məndən daha cahil ola bilər? Kim öz taleyindən məndən də xəbərsiz ola bilər? Məni qoruduğun günah xatirinə saysız-hesabsız ne`mətlərini məhv etdiyim halda kim mənim qədər öz nəfsini düzəltməkdən uzaq ola bilər? Kim məndən çox şərin bataqlığında batıb? Sənin çağırışınla və şeytanın vəsvəsəsi arasında cahillik və unutqanlıq üzündən deyil, bilərəkdən şeytanın yolunu seçdi? Axı mən bilirdim ki, Sənin çağırışın məni cənnətə aparcaq, şeytanın vəsvəsəsi isə cəhənnəm oduna düçar edəcək.
Sən pak və münəzzəhsən! Təəcüblüdür ki, mən özümə qarşı şahidlik edirəm və öz gizlin əməllərimi sadalayıram. Lakin ən təəcüblüsü Sənin mənə qarşı olan səbrin və Sənin özümə ünvanlanan ittihamıma olan diqqətindir.
Buna səbəb Sənin gözündə ləyaqətli olmağım deyil, Sənin mənə olan rəhmindir. Bəlkə, mən Səni qəzəbləndirən əməllərimdən əl çəkəm və məni məhv edən günahlardan çəkinəm, çünki Sən bağışlamağı cəzalandırmaqdan üstün bilirsən.
Ey mənim Rəbbim! Günahlarım çoxdur, əməllərim xoşniyyətli deyil. Günah işlətməkdə cəsarətli, Sənə itaətdə isə cahiləm və Sənin xəbərdarlıqlarından qafiləm. Axı mən necə öz çatışmamazlıqlarımı saya və günahlarımı yada sala bilərəm?
Ey Rəbbim! Əgər mən özümü danlayıramsa, bunu Sənin rəhmini qazanmaq məqsədi ilə edirəm, çünki günahkarın halının dəyişməsi məhz bundan asılıdır. Sənin rəhmətinə ümid edirəm, çünki o yol günahkarların azad olunma yoludur.
Ey mənim Rəbbim! Boynum günahlarımın ağırlığından zəifləyib. Məhəmmədə və onun ailəsinə salam göndər və bu salamı Öz bağışlamağın ilə möhkəmləndir! Belim günahlarımın ağırlığından bükülüb. Məhəmmədə və onun ailəsinə salam göndər və Öz rəhmin ilə çiynimdən bu yükü götür!
İlahi! Əgər bütün kipriklərim tökülənədək ağlasam, səsim batana kimi nalə çəksəm, hüzurunda ayaqlarım şişənə kimi dayansam, belimi onurğa sütunum sınana kimi rukuda büksəm, gözlərim oyuqlarından çıxana qədər başımı səcdəyə döysəm, həyatım boyu torpaqla qidalanıb bulanıq su içsəm və bunlarla yanaşı dilim lal olana qədər Sənə şükr etsəm və utandığımdan gözlərimi göyə qaldırmağa cəsarət etməsəm belə mənim əməl kitabımdan bir günahımı belə silməyinə layiq olmaram. Əgər Sən məni layiq olduğu anda bağışlasan, mənim bunda rolum olmayacaq, Sənə itaətsizlik etdiyim ilk andan e`tibarən mənim cəzam cəhənnəm odu idi, odur ki, məni cəzalandırsan, yenə də ədalətsizlik etmiş olmazsan.
Ey mənim Rəbbim! İndi ki, Sən mənim günahlarımı gizlətdin və məni rüsvay etmədin, mənə rəhm göstərdin və məni qınamağa tələsmədin, mənə səbr göstərdin və mənə olan ne`mətlərinin saflığını bulandırmadın, mənim biçarəliyimə göz yaşlarımın xatirinə rəhm et!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər, məni günahlardan qoru və Sənə itaətə sövq et! Mənə peşmançılıq hissini aşıla və tövbə suyu ilə məni paklaşdır, günahlarıma qayıtmamağa kömək et və mənə şəfa ver! Mənə bağışlanma ləzzətini hiss etməyi əta et və Öz rəhmini mənə yetir! Məni Öz qəzəbindən xilas et və məni o biri dünyaya köçməzdən əvvəl bu dünyanın ne`mətlərinin müjdəsi ilə sevindir! Mənə bu xəbəri eşitməyə kömək et və onun əlamətlərini göstər!
Ey mənim Rəbbim! Bunların hamısı Sənə görə çətin deyil, çünki Sən qüdrətli və səbrlisən. Bunların hamısı Sənə çətin deyil, çünki Sən rəhmli və səxavətlisən. Sənin Kitabının ayələri buna şəhadət edir. Sən istədiyini edir və istədiyin əmri verirsən. Həqiqətən də, Sən hər şeyə qadirsən!

heqiqet.az


more post like this