İslam dinində Allah əmrlərinə zidd olan hər bir əməl günah sayılar. Allahın əmrinə müxalifətlik etmək hətta əgər ən az səviyyədə olsa belə, yenə də günah hesab edilər. Beləliklə deyə bilərik ki, günah – Allaha itaətsizlik etməkdir. Ona görə heç bir günahı kiçik adlandırmaq olmaz.

Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, buyurub: “Günahın kiçik olmasına baxmayın, bəlkə o kəsin böyüklüyünə baxın ki, ona qarşı ağılsızlıq etmişdir”.

İslam alimləri ayə və hədislərə istinad edərək günahları iki hissəyə: kəbirə və səğirə günahlarına bölmüşdülər. Bəs səğirə günahı kəbirədən nə fərqləndirir? Alimlər arasında bu məsələdə söz ayrımı vardır.

 

Kəbirə günah kimi bunları zikr edirlər:

1. Quranda o günahlara görə ki, əzab vəd edilmişdir.

2. O günah ki, İslam dinində onun üçün hədd müəyyən edilmişdir. Şərabxorluq kimi.

3. Dinə və onun müqəddəslərinə qarşı hörmətsizlik və etinasızlıq sayılan hər bir əməl.

4. O günahlar ki, din onu şiddətlə qadağan edir.

5. Quranda və ya Peyğəmbərdən (s) gələn hədislərdə o günahlar ki, kəbirə olduğu bəyan edilmişdir.

 

Hədislərdə kəbirə günahının sayı müxtəlif cür bəyan edilmişdir. Bəzilərində 7 və bəzilərində də 19 günah kimi zikr edilmişdir.

Rəhmətlik İmam (r) kəbirə günahları belə bəyan edir:

1. İlahi rəhmətdən ümidsiz olmaq.

2. Allaha və Peyğəmbərə (s) yalan nisbət vermək.

3. Qətl.

4. Ata və anaya ağ olmaq.

5. Yetimin malını yemək.

6. Zina.

7. Müharibədən və cihaddan qaçmaq.

8. Qohumluq əlaqəsini kəsmək.

9. Sehr və cadu.

10. Oğurluq.

11. Şəhadətdən (şahidlik etməkdən) boyun qaçırmaq.

12. Yalandan şəhadət vermək.

13. Əhdi pozmaq.

14. Üçdə birdən çoxunu vəsiyyət etmək.

15. Şərab içmək.

16. Sərəmçilik.

17. Haram iş üçün muzd almaq.

18. Qumar oynamaq.

19. Murdarın, donuzun və meyytin ətini yemək.

20. Çəkidə aldatmaq.

21. Dini vəzifələri yerinə yetirmək mümkün olmayan yerə hicrət etmək.

22. Zalıma kömək etmək.

23. Zalıma etimad etmək.

24. İnsanların haqqını saxlamaq.

25. Yalan.

26. Təkəbbür.

27. İsraf.

28. Əmanətə xəyanət etmək.

29. Qeybət.

30. Söz gəzdirmək.

31. Boş işlərlə məşğul olmaq.

32. Həcci yüngül hesab etmək.

33. Namazı tərk etmək.

34. Zəkatı verməmək.

 

Bəs səğirə günahlar hansılardır?

Quran ayələrinə müraciət edən zaman görürük ki, o insanlar ki, kəbirə günahdan uzaq olur, ancaq bəzən səğirə günahların tələsinə düşürlər, Allah onlara güzəşt və əfv edəcəyini vəd etmişdir. “Həmin o kəslərə ki, kiçik və təsadüfi günahlar istisna olmaqla, həmişə (dünyada şəri cəza, axirət üçün isə od vəd edilmiş) böyük günahlardan və (İslamda cəza təyin edilmiş) çirkin əməllərdən çəkinirlər. Sənin Rəbbinin əfvi doğrudan da genişdir”. (”Nəcm” 32).

“Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik”. (“Nisa” 31).

Əlbəttə, bəzən səğirə günahlar kəbirə günahlara çevrilə bilirlər. Bu üç halda səğirə günah kəbirə günaha çevrilə bilər:

1. Günahı davamlı olaraq etsə.

2. Günahı kiçik hesab etsə.

3. Günahdan sevinsə və xoşhal olsa.

 

İmam Səccad (ə) buyurur: “Günahına görə sevinməkdən çəkin. Çünki günaha görə sevinmək – ona düçar olmaqdan daha pisdir”.

Beləliklə deyə bilərik ki, kəbirə günahlar o günahlardır ki, Allah onlara görə biz insanlara əzab vəd etmişdir. Hər kim kəbirə günah işlədərsə, axirətdə çox böyük bir əzaba düçar olacaqdır. Səğirə günahlar isə o günahlardır ki, insan kəbirə günahlardan çəkinir, ancaq bəzən səğirə günahlara düçar olur. Allah bu günahları əfv edəcəyini vəd etmişdir. Ancaq o halda ki, səğirə günahı işlədən insan bu günahını davamlı olaraq işlətməsin, onu kiçik hesab edib, rahat olmasın və ona görə sevinməsin.

http://sualcavab.ge/


more post like this