Gözlərin həmişə sağlam olması üçün onları yorğunluqdan qorumaq lazımdır. Bunun üçün uzanaraq ancaq burun və ağız yerlərini açıq saxlamaq şərtilə üzə cökə çiçəyindən isladılmış dəsmal qoymaq lazımdır. Bu zaman nəinki gözlər istirahət edir, həmçinin sifətin dərisi də qidalanır.
Əgər gözlər iltihablaşmış və göz qapaqları şişmişsə, kompres edilməlidir. Bunun üçün gözün dairəsi boyda tikilmiş balaca torbalara ya çay, ya çobanyastığı çiçəyi və yaxud cəfəri töküb onu 5-10 dəqiqə qaynar suda saxlamaq və ilıq ikən hər iki gözün üstünə qoymaq lazımdır. Bu kompres gözün ətrafında qırışların əmələ gəlməsinin qarşısını ala bilər.
Buna dair başqa bir məsləhət:
Təzə kartofu sürtgəcdən keçirib tənziflə gözünüzün üzərinə qoyun. 15 dəqiqədən sonra kompresi götürün, gözünüzün ətrafına isə krem çəkin.
Gözləri çirk, toz və günəş şüalarından qorumaq lazımdır. Bunun üçün günəşli günlərdə tünd şüşəli eynək taxmaq məsləhət görülür.
Ümumiyyətlə, gözləri qorumaq üçün qidanın vitaminli olmasına fikir vermək lazımdır. Xüsusilə də gözlər üçün ən çox A vitamini tələb olunur. Bundan başqa, müəyyən edilmişdir ki, B, C və D vitaminlərinin çatışmaması da bəzi göz xəstəliklərinə səbəb olur. Belə ki, uşaqlarda uzağı görməmə qüsuru D vitamininin köməyi ilə müalicə oluna bilər.
Görmə qabiliyyəti zəifləyən kimi, həkimə müraciət etmək lazımdır. Vaxtında eynək taxılmaması sonradan baş ağrısına, əzginliyə səbəb ola bilər. Lakin özgəsinin eynəyini taxmaq zərərdir. Çünki özünə görə seçilməyən eynək görməni daha da korlaya bilər. Sifətin bəzəyi aydın görünən qaşlar, uzun kirpiklərdir. Bunların yaxşı böyüməsi üçün D və A vitaminlərinin yağlı qarışığını, həmçinin balıq yağı, ayıpəncəsi yağı, ya da 5 çay qaşığı gənəgərçək, 3 qaşıq günəbaxan və 1 qaşıq kamfora yağından ibarət qarışığı onlara çəkmək lazımdır.
Səhər və axşam qaşlara krem çəkib şotka ilə masaj eləmək tüklərin kökünü möhkəmlədir və böyüməsinə şərait yaradır.
Kipriklərin yaxşı böyüməsi üçün göz qapaqlarına hər hansı bir yağı çəkib, yüngülcə masaj etmək və yaxud, təzə cəfərini xırda-xırda doğrayıb sıyıq halına salıb ondan gözə maska etmək olar. Bu, gözün altında əmələ gələn kölgəni yox eləyir. Hətta cəfərini yedikdə də belə təsir göstərir.
Ağlayandan sonra qızarmış gözlərə 3 dəqiqəliyə isti və sonra soyuq kompres qoyun. Bunu bir neçə dəfə təkrar etsəniz, gözlərinizin qızartısı gedər.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this