Məşhədi Ağasəlim Əmri

Gördü ol vəqt ki,Məcnun məni-şeydanı,

Bilib aqil özünü,tərk elədi səhranı.

 

Qəlbinin,aşiq odur ki,qapısında oturub,

Qoymasın olmağa daxil ora puç dünyanı.

 

Nəfsi ram etmək üçün əqlə hünər lazımdı,

Ta məqam eyləyəsən mərtəbeyi-ə`lanı.

 

Saqi,süz badəni peymanəmə məst eylə məni,

Göz yumub surətə ta seyr eləyim mə`nanı.

 

Dəmi-İsadəki e`cazə təəccüb nə gərək,

Ləbivin zikridi məşhur eləyən İsanı.

 

Əmriya,ver qəsəm Əbbasə Xudani ki,sənə

Edə məhşərdə şəfaətçi Xanım Zəhranı.

 

* * *

 

 

Dağıdırkən üzünə naz ilə zülfün o sənəm,

Surətəl-Leyli qılır səbt elə bil ayə qələm.

 

Nə qədin nisbəti tuba bitirb baği-behişt,

Nə ləbin tək yetirib qönçə gülüstani-irəm.

 

Dönüb,ey kaş,olaydım yolunun topraqi,

Barı bir qədr tapım,yar qoyan dəmdə qədəm.

 

Qanlı pirahənim,ey bad,ver ol şahə nişan,

Gər təmənna eləsə ləşkəri-xubanə ələm.

 

Əhd edib ruzi-əzəl aşiqini dərdə sala,

Bivəfa sanma,könül,yarı,sənə qılsa sitəm.

 

Qəm budur kim,tuta dünya qəmi qəlbində vətən,

Qəmin eşqin qəmi olsa sənə dünyadə nə qəm?

 

Qıl nəsib Əmriyə canan qapısında verə can,

Səni,ya Rəb,verirəm Şahi-şəhidanə qəsəm.

 

* * *

 

 

Nədi dünya düşə üstündə onun cəngü cədəl?

Hər kəsin əqli ki,var qoymaz ona zərrə məhəl.

 

Harda can tapşıracaq sahibinə,kim nə bilir?

Düz deyiblər: yerini heç kəsə bildirməz əcəl.

 

Əql kim,nəfsə əsir oldu təəccüb etmə,

Gər həlal əhlinə söylərsə haram əhli əfəl.

 

Qəlbi ki,vəsvəsəxanə ola bir şəxsin əgər,

Görünər çirkin əməllər ona əlbət tə gözəl.

 

O evin olmağı bərbad məgər mümkündür?

Pak niyyət ola daşı həm Əli eşqi təməl.

 

Əbədi kar olana zərrəcə tə`sir etməz,

Nə qədər gər deyəsən* Həyyə əla xeyril əməl*.

 

Kimsə dünyanı tutub qalmadı, Əmri, əbədi,

Ya şəh ol ya ki nökər,getməlisən axir əzəl.

canderyasi.com


more post like this