Gecə namazının fəzilətləri haqqında Peyğəmbər (s.ə.a) və mə’sum Əhli-beyt imamlarından (ə) çoxlu rəvayətlər nəql olunmuşdur. Həzrəti Peyğəmbər (s.ə.a) Əliyə (ə) vəsiyyət edərkən buyurur: “(Həzrət üç dəfə tə’kidlə buyurur) Gecə namazı qılmağı sənə tapşırıram”. Həmçinin İmam Sadiq (ə) buyurur: “Dünya malı və övladlar bu dünya həyatının zinəti, gecə namazı isə axirət həyatının zinətidir”.
Gecə namazının həm axirət və həm də dünyəvi faydaları vardır.

Gecə namazının axrirət faydaları. Gecə namazının fəzilətləri barəsində Əhli-beyt imamları (ə) aşağıdakıları buyurmuşlar: “Gecə namazı mö’minin şərəfidir, bədənin sağlamlığına səbəbdir, gündüz edilən günahların kəffarəsidir, qəbir vəhşətini aradan aparar, üzü ağ, qoxunu pak edər, ruzini artırar”.

İmam Sadiq (ə) buyurur: “Qəlbin nurunu axtardım, onu təfəkkür və ağlamaqda tapdım. Siratdan keçmək üçün icazə axtardım və onu gecə namazında tapdım”.

Peyğəmbər (s.ə.a) buyurur: “Bəndə qaranlıq gecənin yarısında öz Ağası ilə xəlvətə çəkilib onunla öz sirlərini və ehtiyaclarını bölüşdürərsə, Allah-təala onun qəlbində nuru təsbit edər. Sonra mələklərinə buyurar: “Ey Mənim mələklərim! Baxın Mənim bəndəmə, qaranlıq gecənin yarısında batil əhli boş və hədər işlərlə məşğul olduğu və qafillər yatdığı zaman, o, Mənimlə xəlvətə çəkilmişdir. Şahid olun ki, Mən onu bağışladım”.”

İmam Sadiq (ə) buyurur: “Qur’anda gecə namazından başqa bəndənin gördüyü hər bir xeyir iş üçün savab vardır. Gecə namazı Allah-təalanın yanında o qədər əhəmiyyətlidir ki, O onun savabını mə’lum etməmiş və buyurmuşdur: “Yanları yataqdan ayrılar… Onlar üçün etdikləri əməllərə görə gözlərinin işığına səbəb olacaq nə mükafat hazırladığımı heç kəs bilməz”.”

İnsan gecə yatarkən, dəstəmaz alıb, Allahdan gecə namazına durmaq üçün kömək istəyib yatarsa, əgər namaza dura bilməsə Allah-təala onun mükafatını verər. Peyğəmbər (s.ə.a) buyurur: “Namaz qılmaq üçün gecənin bir hissəsini oyaq qalmağı niyyət edən, amma yuxuya qalan elə bir bəndə yoxdur ki, onun yuxusu Allahın onun tərəfindən verdiyi sədəqə, etdiyi niyyət isə bir savab kimi onun üçün yazılmamış olsun”.

Peyğəmbər (s.ə.a) buyurmuşdur: “Allah üç nəfərdən razıdır: 1) Gecə namazı qılandan; 2) Allah yolunda düşmənlər müqabilində dayananlardan; 3) Camaat namazı təşkil etmiş dəstədən”.

Gecə namazının dünyəvi faydaları. İmam Sadiq (ə) buyurur: “Gecə namazı qılın. O Peyğəmbərin (s.ə.a) sünnəti və sizdən qabaq yaşayan saleh insanların ən’ənəsidir. Gecə namazı ağrı və xəstəlikləri sizin bədəninizdən uzaqlaşdırar”. Həmçinin buyurur: “Gecə namazı qılmaq insanın üzünü nurani, əxlaqını gözəl, iyini pak edib, ruzisini çoxaldar. İnsanın borcunun ödənməsinə, qəm-qüssənin aradan getməsinə səbəb olub, insanın gözünə cilvə və işıqlıq verər”.

Gecə namazı Allah dostlarının baharıdır. Əli (ə) buyurur: “Gecəni Allaha itaət və ibadətlə keçirtmək Allah dostlarının baharı və xoşbəxtlərin baxçasıdır”.

Peyğəmbər (s.ə.a) buyurur: “Göydəki ulduzların yer əhli üçün verdiyi işıq kimi, gecə namazı və Qur’an oxunan evlər də səma əhli üçün işıq saçır”.

İmam Rza (ə) buyurmuşdur: “Gecə namazı qılmağı özünüzə vacib edin. Çünki, səkkiz rikət gecə namazı, iki rikət şəf’ namazı və bir rikət də vətr namazı qılıb, vətr namazının qunutunda yetmiş dəfə bağışlanmaq diləyən mö’min bəndəni, Allah qəbir əzabından və cəhənnəm odundan qurtarar. Dünyada ömrünü uzadar və güzəranını daha da genişləndirər. Göylərin ulduzları yer əhli üçün işıq saçdığı kimi, gecə namazı qılanın evi də göy əhli üçün işıq saçar”.

İmam Sadiq (ə) buyurmuşdur: “Gecə namazı ruzini çoxaldar”. Başqa hədisdə buyurmuşdur: “Gecə namazı qılan şəxs, ac qaldığını güman edərsə, yalan demişdir. Çünki, gecə namazı günün ruzisinin zaminidir”.

Gecə namazını qılmağa müvəffəq olmaq barədə Həzrəti Əli (ə) buyurmuşdur: “Üç şeyi başqa üç şeylə istəmək olmaz: 1) Gecənin oyaqlığını, çox yeməklə; 2) Üzün nurunu, bütün gecəni yatmaqla; 3) Dünyada əmin-amanlıqda olmağı, fasiqlərlə oturub durmaqla”.
GECƏ NAMAZININ QILINMA QAYDASI

Gecə namazı 11 rikətdən ibarətdir ki, bunun səkkizi “gecə namazının nafiləsi”, iki rikəti “şəf’ namazı”, bir rikəti də “vətr namazı” niyyəti ilə qılınmalıdır.

1. Gecə namazının 8 rikətlik nafiləsi: Əvvəlcə niyyət olunur: “Səkkiz rikət gecə namazının nafiləsini qılıram qürbətən iləllah”. Sonra, təkbirətül ehram (“Allahu Əkbər”) deyib, namaza başlanılır. Namazın hər rikətində “Fatihə” və “İxlas” surələri deyilir.Hər iki rikətdən bir, təşəhhüd və salamlar deyilir. Və bundan sonra qalxıb , təkbir (Allahu Əkbər) deyib növbəti iki rikəti qılmaq lazımdır.Nəticədə dörd dənə iki rikət namaz qılınır.

2. Şəf’ namazı: Səkkiz rikətlik namazı qıldıqdan sonra, iki rikət olan “şəf’ ” namazı qılınır. Əvvəlcə niyyət olunur: “İki rikət şəf’ namazı qılıram qürbətən iləllah”. Təkbirətül ehram (“Allahu Əkbər”) dedikdən sonra, iki rikət adi qaydada (sübh namazı kimi) namaz qılınır. Salamlardan sonra namaz bitmiş sayılır.

3. Vətr namazı: Şəf’ namazını qıldıqdan sonra bir rikət olan vətr namazı qılınır. Əvvəlcə niyyət olunur: “Bir rikət vətr namazı qılıram qürbətən iləllah”. Sonra təkbirətül ehram deyib, “Fatihə”və “İxlas” surələri oxunur, “İxlas” surəsi oxunduqdan sonra qunut tutulur. Sonra rükuya gedilir, daha sonra isə rükudan qalxıb iki səcdə, təşəhhüd və salamlar yerinə yetirilir və namaz bitir. Vətr namazının qunutunda hər bir duanı oxumaq olar, amma daha yaxşı olar ki, (müstəhəbdir) aşağıdakı dualar oxunsun:

1. Yetmiş dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh”deyirik. (“Rəbbim olan Allahdan bağışlanmaq diləyib, (günahlardan) Ona tərəf qayıdıram”).

2. Yetmiş dəfə “Haza məqamul a’izi bikə minən-nar”deyirik. (“İlahi, bu (namaz), cəhənnəm odundan Sənə pənah gətirənin məqamıdır”).

3. Üç yüz dəfə “Əl ’əfv” deyirik. (“İlahi, məni bağışla”).

4. 40 mö’min üçün dua edib: “Allahumməğfir li filan”- deyirik. (“İlahi, filan mö’mini bağışla”). (Filan sözünün yerinə mö’min şəxsin adını demək lazımdır. Burada dünyadan köçmüş, yaxud yaşayan mö’min arasında fərq yoxdur). Və yaxud da bütün mö’min şəxsləri nəzərə alıb deyirik: “Allahumməğ-fir lil-mö’mininə vəl-mö’minat”. (İlahi, mö’min və mö’minələri bağışla).

GECƏ NAMAZININ QILINMA VAXTI

Gecə namazının vaxtı, gecə yarısından sübh azanına qədərdir. Bu müddət ərzində istənilən vaxtda gecə namazını qılmaq olar. Ancaq bu namazın müstəhəb və fəzilətli vaxtı, sübh azanına yaxın vaxtlardadır (gecənin axır üçdə bir hissəsində).

Qeyd. 11 rikətlik “gecə namazı”nı qılmağa imkanı olmayan , şəf və vətr, yaxud təkcə “vətr namazı”nı qıla bilər.

Mənbə: “Məfatihul cinan” kitabı.

http://ehlibeyt-aka.com


more post like this