“Flay ledi” – “quş tək uçan, pərvaz edən xanım” deməkdir. “Flay ledi” evdar qadınlar üçün düşünülmüş bir sistemə uyğun yaşamaq istəyir. Bu sistem çox maraqlı, eyni zamanda çox cəlbedicidir. Həmin sistem qadına ev işləri görərkən vaxta qənaət etməkdə və həm də özünə vaxt ayırmaqda çox yardımçı olur.
“Flay ledi” – “uçan qadın” sistemində bir çox evdar xanımlar özlərini sınamış və sözün əsil mənasında evdə uçaraq müəyyən olunmuş zaman ayrımında bütün işləri yerinə yetirməyə çalışmışlar. Ancaq gəlin qabağa qaçmayaq. Əvvəlcə “uçan qadın”ın hər gün riayət etməli olduğu prinsiplər üzərində ətraflı dayanaq.
“Uçan qadın”ın I prinsipi – günün əvvəlini özünə ayırmaqdır. Yeni günü qarşılamaq və yeni qayğılar insandan tam hazırlıq istədiyi üçün, “uçan qadın” yerindən qalxan kimi ilk növbədə özünü səliqəyə salmalıdır. Əgər ev sahibəsi özünə diqqət etməzsə, evi nə qədər silib, təmizləsə də, ev səhmanlı görünməyəcək. Bunun üçün “uçan qadın” yüngül duş qəbul etməli üz-gözünə, saçlarına əl gəzdirib, qəşəng ev paltarı geyinməlidir. Bütün bunlarla yanaşı rahat ayaqqabını da unutmaq olmaz. Sistemə görə “uçan qadın”ın ayaqqabısı ipli olmalıdır. Belə ayaqqabını geyinib çıxarmaq çətin olduğu üçün, ayaqqabı ilə divanda uzanmağı heç bir ev sahıbəsi özünə icazə verməz.
“Uçan qadın”ın II prinsipi – evdə hər hansı bir yerin həmişə ideal təmiz və səliqəli olmasıdır. Məsələn, mətbəx çanağı həmişə təmiz olmalı və parıldamalıdır. Mətbəx çanağının əla görünüşü “flay ledi” üçün gələcək müvəffəqiyyətlərə zəmanət olmasından əlavə, evi bütövlükdə səhmana salması üçün stimul da yaradır.
“Uçan qadın”ın III prinsipi – həm səhər, həm də axşam evin yığışdırılmasına 15 dəqiqə vaxtın sərf edilməsidir. Yəni, gündə cəmi 30 dəqiqə – nə çox, nə az. İlk günlərdə elə görünəcək ki, 15 dəqiqə toz silmək üçün çox azdır. Ancaq tədricən “uçan qadın” sözün əsl mənasında uçaraq, təyin olunmuş vaxt içərisində evi yığışdırıb, səliqə yaratmağa müvəffəq olur. “Flay ledi” vaxta və öz ev işlərinə nəzarət etmək üçün ilk günlərdə (vaxt ölçən cihaz) və stikerdən (ev işlərinin siyahısı yazılmış vərəq) istifadə edə bilir. Cihazı qurdu, vərəqə nəzər saldı, artıq işləmək vaxtıdır. Taymer zəng çalan kimi isə iş dayanır. Bir müddət sonra isə “Flay ledi” arxayıncasına taymer və stikersiz ötüşür.
“Uçan qadın”ın IV prinsipi – həftədə 1 saat mənzilin bir zonası yerli-dibli təmizlənməlidir. Bunun üçün “uçan qadın”ın sistemi ilə işləməzdən öncə mənzilin planını çəkib, onu zonalara bölmək lazımdır. Bir zona bir otaq da ola bilər, onun yarısı da. Məsələn, uşaq oyunları üçün olan yeri ayrıca zona hesab etmək tamamilə mümkündür. Orada ümumi təmizləmə işi apararkən təkcə döşəmə yumaq, toz silməklə iş bitmir, həm də oyuncaqları toplamaq, xalçanı çırpmaq və s. işləri görmək lazımdır. Həftədə bir dəfə hər zonaya bir saat və bundan əlavə hər gün tez-tələsik ev yığışdırmağa 30 dəqiqə vaxt ayırmaqla mənzildə səliqə yaratmaq olar.
“Uçan qadın”ın V prinsipi – gündəlik ev işlərinə aiddir, yəni qab yumaq, ayaqqabı təmizləmək, mətbəx stolunu qaydaya salmaq, paltar yumaq və ütüləmək. Bu işləri də qabaqcadan səhər və axşam üçün planlaşdırmaq lazımdır. Məsələn, səhər yeməyi hazırlamazdan əvvəl paltarları paltaryuyan maşına qoymaq, səhər yeməyindən sonra isə dərhal yuyulmuş paltarları sərmək olar. Digər ev işləri də bu cür planlı şəkildə yerinə yetirilməlidir. Yeri gəlmişkən, bu plana “flay ledi”nin bilavasitə özünə aid olan işləri də əlavə etmək mümükündür. Nə üçün o özünə də vaxt ayırıb sevimli kitabını oxumasın, yaxud o nədən gözəllik salonuna getməsin?
“Uçan qadın”ın VI prinsipinə görə – “lazımsız şeyləri səhmana salmaq mümkün deyil”. “Flay ledi” ayda bir dəfə evdən 27 lazım olmayan əşyanı atır. Bu, vaxtı ötmüş ərzaq da ola bilər, işlənmiş ətir şüşələri də, heç kəsə lazım olmayan, ancaq olduqca gözəl qutu da ola bilər. Hələ nə qədər sadalamaq olar və hamısı hələ də eyvanda fəxri yer tuturlar.
“Uçan qadın”ın VII prinsipi – “yeni nəsə alınacaqsa, köhnəsindən qurtul”. Mənzili gərəksiz şeylərlə doldurmaq asandır (xüsusən də əgər tez-tez sevimli bəzək-düzək əşyaları alınırsa). Onların evdə faydası toxunsa belə, yenə də əşya çoxluğu yaranır. “Flay ledi”nin qaydası: “Qonaq üçün ev ayaqqabısı alınan kimi, köhnəsini ləğv et”. Və hər şeydə bu cür hərəkət edilməlidir. Belə münasibət alış-veriş zamanı pula qənaət etməyə yardım edir. Həm də tədricən evin əşyaları yenilənir, köhnələr isə yox olur.
“Uçan qadın”ın VIII prinsipi – “səliqəsizlik gördünsə, yığışdır, daha yaxşısı onu yaratma”. Hər mənzildə bir-iki yer tapılır ki, nə qədər səliqəyə salsan da, xeyri yoxdur, ora daima qarmaqarışıq olur. Məsələn, mənzilin dəhlizini (girəcəyi) götürək: ayaqqabılar səliqə ilə şkafın rəfinə düzülsə də, axşama yaxın hamısı döşəməyə səpələnmiş olur. Bundan can qurtarmaq demək olar ki, mümkün deyil. Lakin “flay ledi” bu məsələnin də öhdəsindən gəlir. Hər dəfə şkafın qapısını açıb-bağlamaq əziyyəti olmasın deyə, ayaqqabılar üçün xüsusi rəf almaq olar. Ya da ailə üzvləri üçün xatırlatma (xəbərdarlıq) yazıb asmaq lazımdır ki, onlar ayaqqabılarını çıxaran kimi yerinə qoysunlar. Yaxud da 15 dəqiqə axşam təmizliyindən, 2 dəqiqə ayaqqabı yerləşdirməyə sərf etmək olar.
Müxtəsər olaraq bunu demək istəyirik ki, “flay ledi”nin əsas prinsipləri təkcə evdə quş tək süzməyə deyil, süzərkən oraya rahatlıq və təmizlik gətirməyə kömək edir. Təcrübəli “uçan qadın”lar artıq ümumi təmizlik edərkən yorulmağın nə demək olduğunu unudublar. Onlar bu işi başqa qadınlara nisbətən gec-gec edirlər. Çünki onların evlərində toz və gərəksiz əşyalar yığılmağa macal tapmır. ”Flay ledi”nin məziyyətləri çoxdur. Onu əsaslarından biri budur ki, qadın özünü sevməli və özünə qayğı göstərməlidir. Şübhəsiz ki, ev işlərini görmək lazımdır, ancaq özünə, öz arzu və tələblərinə vaxt ayırmaq da çox mühümdür. Unutmayın ki, bu iki tərəf arasında müvazinət (tarazlıq) yaratmaqla özünüzdə harmoniya və evdə nizam yarada bilərsiz.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this