1483. Dində fəqih olmaq.

Quran:

«Möminlərin hamılıqla (cihad üçün) köçməsi yaraşan deyil. Nəyə görə, onların hər firqəsindən bir dəstə köçməsin ki, (bir dəstə qalsın və) dinləri ilə agah olub, öz qövmünü onlara tərəf qayıtdıqda qorxutmasın? Bəlkə onlar (ilahi cəzadan) qorxalar.»[1]

Hədis:

5101.Allahın Peyğəmbəri (s): «Allah bəndənin yaxşılığını istəyəndə onu dinində fəqih edər, onu doğru, düzgün yola ilhamlandırar.»[2]

5102. Allahın Peyğəmbəri (s): «İbadətlərin ən üstünü fiqhdir (dini bilməkdir).»[3]

5103. Allahın Peyğəmbəri (s): «Həqiqətən, hər bir şeyin söykənəcəyi olduğu kimi, dinin də dayağı fiqhdir.»[4]

5104. İmam Əli (ə): «Quranı öyrənin ki, o sözlərin ən yaxşısıdır. Onda bilikli və fəqih olun ki, o qəlblərin baharıdır.»[5]

5105. İmam Kazim (ə): «Fəqihin abiddən üstünlüyü günəşin ulduzlardan üstünlüyü kimidir. Kim öz dinini bilməsə, Allah onun heç bir əməlini bəyən-məz.»[6]

 

1484. Fəqih kimdir?

5106. Allahın Peyğəmbəri (s) (Əbuzərə tövsiyyəsindən): «Fəqih insan, camaat onun nəzərində bir ovuc dəvə olmayınca, olmalarına və olmamalarına heç bir əhəmiyyət verməyincə, onun yanında dəvə olanda halına təfavüt etmədiyi kimi camaatın olması da onda dəyişiklik yaratmayınca kamilləşməz. Bununla belə özünə gəldikdə isə ən çox təhqiri və etinasızlığı öz nəfsinə rəva görməlidir.»[7]

5107. İmam Əli (ə): «Sizləri həqiqi fəqihdən xəbərdar edimmi? Allaha qarşı günah etməyə camaata icazə verməyən, Allahın mərhəmətindən ümidsiz qoymayan, Allahın məkr və əzabından arxayın salmayan və Qurandan qeyri bir şeyə üz tutmayandır.»[8]

5108. Əban ibn Təğləb: «Bir kişi İmam Baqirdən bir məsələni soruşdu. Həzrət ona cavab verdi. Kişi dedi: Fəqihlər bunu demirlər. Həzrət buyurdu: «Vay olsun sənin halına! Nə vaxtsa fəqih görmüsənmi? Əsl fəqih odur ki, dünyaya etina etməsin, axirətə də rəğbəti olsun və Peyğəmbərin (s) sünnəsinə əsaslansın.»[9]

5109. İmam Sadiq (ə): «Bizim eyhamlı və üstüörtülü kəlamımızı başa düşənlərdən qeyri, sizlərdən heç kim fəqih olmaz.»[10]

5110. İmam Rza (ə): «Fəqihliyin (dini başa düşməyin) nişanələrindən biri səbr, bilik və susmaqdır.»[11]

 

1485. Fəqihin vücudunun iblisdən dəyərli olması.

5111. Allahın Peyğəmbəri (s): «İblis üçün bir fəqihin vücudu min abiddən daha ağırdır.»[12]

5112. Allahın Peyğəmbəri (s): «Heç bir şey iblisin belini öz qəbiləsinin arasında olan alim kimi qırmaz.»[13]

5113.İmam Səccad və ya İmam Baqir (ə): «Dində bir fəqihin olması şeytan üçün min abidin olmasından daha ağırdır.»[14]

 

1486. Fəqihin dünyadan köçməsi.

5114. İmam Sadiq (ə): «Mömin bir fəqih vəfat edəndə İslamda elə boşluq yaranır ki, heç bir şey onu doldurmur.»[15]

5115. İmam Sadiq (ə): «Şeytan üçün heç bir möminin ölümü bir fəqihin ölümü qədər sevindirici deyil.»[16]

Mizanulhikmətin xülasəsi kitabı – I I cild

 

 



[1] Tövbə, ayə 122

[2] Kənzul-Ummal, hədis 28690

[3] ət-Tərğib vət-Tərhib, c.1, səh. 93, hədis 3

[4] Kənzul-Ummal, hədis 28768

[5] Nəhcül-Bəlağə, xütbə 110

[6] Biharul-Ənvar, c. 78, səh. 321, hədis 19

[7] Biharul-Ənvar, c. 72, səh. 304, hədis 51

[8] Tuhəful-uqul, səh. 204

[9] əl-Kafi, c. 1, səh. 70, hədis 8

[10] Məaniul Əxbar, c. 2, səh. 3

[11] əl-İxtisas, səh. 232

[12] Biharul-Ənvar, c. 1, səh. 177, hədis 48

[13] Kənzul-Ummal, hədis 28755

[14] Biharul-Ənvar, c. 1, səh. 213, hədis 10

[15] əl-Kafi, c. 1, səh. 38, hədis 2

[16] əl-Kafi, c.1, səh. 38, hədis 2


more post like this