FİL SAHİBLƏRİNİN ƏHVALATI

 

Miladi tarixi ilə 535-ci ildə Yəmən hakimi Əbrəhə Həbəşi, Həbəşstan imperatorluğundan ayrılıb, öz ölkəsinin müstəqilliyini elan etdi. O, digər imperatorlar kimi başqa yerləri işğal edib, ölkəsinin ərazisini genişləndirmək fikrinə düşdü.

O zaman İran imperiyası ilə Roma imperiyası arasında çox ciddi qarşıdurma var idi. Romalılar Əbrəhəni təhrik edir və onunla əlaqələrini möhkəmlədirirdilər. Lakin, farslar Əbrəhə hökumətinə zidd olan xristianları və həmçinin Yəmən yəhudilərini himayə edirdilər.

Yəmənin həbəşilər tərəfindən işğal olunmasında yəhudilərin də rolu var idi. Belə ki, onlar Zunəvası təhrik edirdilər ki, Nəcran xristianlarını təzyiq altında saxlasın və nəticədə Həbəşə, Yəməni işğal etmək üçün qüvvə göndərsin.

 

QÜLLEYS

 

Əbrəhə Həbəşi düşünərək belə qərara gəldi ki, Hicaz torpaqlarını əldə edib, qurudan keçən ticarət yoluna hakim olsun və bununla da Roma imperiyasına qoşulsun.

Romalılar onun bu işini alqışladılar. Çünki, bununla onlar İran imperiyasının sərhəd zonalarında öz hakimiyyətlərini daha da möhkəmlənlirmək imkanı əldə etmiş olardılar. Ona görə də ora xristian dinini yaymaq üçün təbliğatçılar göndərdilər.

Əbrəhə orada çox böyük bir məbəd düzəltmək istəyirdi. Bu işdə onun məqsədi ərəblərin nəzərini cəlb etmək, onları həcc və Kəbə ziyarətlərindən ayırıb, xristianlaşdırmaq idi.

Böyük məbədin tikintisi sona çatdı və Əbrəhə ərəbləri ora dəvət etdi. Lakin, ərəb karvanları hələ də müqəddəs Kəbəyə üz tuturdular.

Əbrəhə Kəbəni viran edəcəyini elan etdi. O, bütün qüvvələrini toplayaraq, qarşıda təlim görmüş Afrika filləri olmaqla hərəkətə başladı. Əbrəhə böyük qoşunun önünə keçərək Sənadan xaric oldu və Məkkəyə tərəf hərəkətə başladı.

Yəmənin ətrafında olan bəzi ərəb qəbilələri həbəşilərin hücumunun qarşısını almaq istəsələr də məğlub oldular. Bu minvalla Həbəşstan ordusu Məkkəni işğal etmək və Kəbəni dağıtmaq üçün onlara tərəf irəlilədi.

Həbəşstan qoşunu öz yolunda rastlaşdığı bütün şeyləri mənimsəyirdi. Onlar Məkkə yaxınlığındakı dərələrin birində Haşim oğlu Əbdül-müttəlibin dəvələrini görüb, onları da qarət etdilər.

Qoşunun hücum xəbəri Məkkəyə çatdı. Məkkə sakinləri şəhərdən çıxıb, dağın zirvələrinə çəkildilər. Həzrət Məhəmməd peyğəmbərin (s) babası Əbdül-müttəlibdən başqa şəhərdə heç kim qalmadı.

 

KƏBƏNİN ALLAHI

 

Məkkənin böyüyü Həbəşə əsgərlərinin hücumuna məruz qalmasınlar deyə sakinlərə şəhərdən çıxmağı tövsiyə etdi.

Əbdülmüttəlib hamının hörmət etdiyi bir insan idi. Miladi ilə 540-cı ildə o, zəmzəm quyusunu qazdırmışdı və o vaxtdan da bütün camaat ona hörmət edib, rəhbər kimi qəbul etmişdilər.

Əbdülmüttəlib Kəbəyə üz tutaraq Allah dərgahına raz-niyaz etdi ki, öz şərafətli evini qorusun. O, qəlbinin səmimi sözlərini belə ifadə etdi:

-İlahi! Hamı öz evini qoruyur, sən də evini qoru! Hər bir insan düşmənlərin hücumuna məruz qalan evini müdafiə edir. İlahi! Sən də evini həbəşilərin hücumundan qoru və müdafiə et!

Həbəşə qoşunu Məkkəyə yaxınlaşdı. Şəhəri işğal etmək üçün hazırlıq məqsədi ilə orada düşərgə saldı. Əbrəhə soruşdu:

-Məkkənin böyüyü kimdir?

Ona xəbər verdilər ki, şəhərin böyüyü İbrahim Xəlilin (ə) nəvələrindən olan Əbdülmüttəlib adlı qoca bir kişidir. Əbrəhə onunla danışmaq istədi. Əbrəhənin əmri ilə himyərli bir kişi Əbdülmüttəlibin yanına gedib, ona dedi:

-Padşah deyir ki, müharibə fikrim yoxdur, təkcə Kəbəni dağıtmaq üçün bura gəlmişəm. Əgər onlar orduya müqavimət göstərməsələr, ordu da Məkkə camaatına hücum etməyəcək.

Əbdülmüttəlib cavab verdi:

-Biz də döyüş istəmirik. Həbəşə qoşunu ilə müharibə etməyə qadir də deyilik.

Əbdülmüttəlib Kəbəyə tərəf işarə edərək dedi:

-Bu, Allahın hörmətli evidir. Bu, onun dostu İbrahimin (ə) evidir. Yalnız Allah öz evini müdafiə etməyə qadirdir. Onu qorumaq üçün bizim kifayət qədər qüvvəmiz yoxdur.

Əbrəhənin göndərdiyi kişi dedi:

-Əgər sizin müharibə etmək fikriniz yoxdursa, onda padşah sizinlə danışmaq istəyir.

Əbdülmüttəlib həbəşəli Əbrəhə ilə müzakirə etmək və söhbətləşmək üçün Məkkədən çıxdı.

Əbrəhə öz taxtında əyləşmişdi. Onun üçün qiymətli xalılar sərilmişdi.

Əbrəhə Əbdülmüttəlibi gördükdə onun vüqar və heybəti ürəyinə oturdu. Hörmət əlaməti olaraq yerindən qalxdı. Gülərüzlə onu qarşıladı. Onu öz yanında taxtın üzərində əyləşdirib, söhbətə başladı. Ona başa salmaq istəyirdi ki, o, bura yalnız bir məqsədə görə gəlib və o da Kəbə evini dağıtmaqdır. Əbrəhə tərcüməçiyə üzünü tutaraq dedi:

-Ondan soruş, gör bir istəyi varmı?

Əbdülmüttəlib dedi:

-Həbəşə qoşunu mənim iki yüz dəvəmi götürüb. Mən onları istəyirəm.

Əbrəhə onun sözlərinin tərcüməsini eşitdikdə çox təhqiramiz nəzərlə Əbdülmüttəlibi süzərək dedi:

-Səni gördükdə çox hörmətli bir şəxsə bənzətdim, lakin görürəm ki, elə deyilsən. Sənin və ata-babalarının hörmət etdiyi evi qoyub, məndən öz dəvələrinin qaytarılmasınımı istəyirsən?

Əbdülmüttəlib Əbrəhəyə baxaraq cavab verdi:

-Mən dəvələrin sahibiyəm, Kəbə evinin isə onu qoruyacaq sahibi vardır.

Əbrəhə məsxərə ilə dedi:

-Məncə yox.

Əbdülmüttəlib isə çox möhkəm iman və arxayınlıqla dedi:

-Tezliklə görəcəksiniz.

Əbrəhə narahat oldu və müzakirəni sona çatdırmaq üçün yerindən qalxdı. Əbdülmüttəlib də ayağa durdu. O, Kəbəyə yollandı. Kəbənin müqəddəs qapısının dəstəyini tutub, tərpətdi və ağlayaraq dedi:

-İlahi! Hər bir insan təhlükəni və düşməni evindən uzaqlaşdırır. Sən də düşmənini evindən uzaqlaşdır!

 

HÜCUM

 

Səhərin ilk saatlarında Həbəşə qoşunu Kəbəyə tərəf irəliləməyə başladı. Kəbəni dağıtmaq üçün ayrılmış ağ fil qoşunun önündə hərəkət edirdi.

Əbrəhə təpənin başından öz qoşununun irəliləməsinə baxırdı. O inanırdı ki, ərəblərin hörmət etdiyi Kəbəni tezliklə viranəyə çevirəcəkdir.

Onlar belə qərara gəlmişdilər ki, öncə ağ fil Kəbəni titrədib ilk zərbəni vursun və sonra əsgərlər külüng və nizələrlə onu yerlə yeksan etsinlər.

Məkkə camaatı Kəbə ətrafındakı dağların başından tamaşa edib, orada baş verən hadisələri görmək istəyirdilər. Onlar İbrahim Xəlilin (ə) tikdiyi evə artıq ümidsizliklə baxırdılar.

Əbdül-müttəlib hamıdan çox nigaran idi. Məkkə tacirləri də qəm-qüssə içində idilər. Lakin, onların qəm-qüssələri öz şəxsi mənafelərindən ötrü idi. Çünki, Məkkə hələ qədimdən çox böyük bir ticarət mərkəzinə çevrilmişdi.

Ədül-müttəlibin oğlu Abdullah Şama səfər etmiş, həyat yoldaşı Amənəni isə Əbdül-müttəlibin evində qoymuşdu. İndi Amənə də Məkkə camaatının yanında idi və hamilə olduğu uşaq barəsində fikirləşirdi.

 

FİLİN HƏRƏKƏTİ

 

Ağ fil Kəbəyə yaxınlaşdı. Gözlənilmədən qəribə bir hadisə baş verdi. Fil öz sahibinin sözünə baxmayaraq dayandı. Geri qayıtmaq istəyirdi, lakin, fili sürən onu qamçıyla möhkəm vururdu. Amma, bunun da faydası olmadı. Baş sərkərdə olan Əbrəhə təəccüblə macəraya baxır və qəzəblə öz məmurlarının başına qışqırırdı.

Fili minən şəxs mümkünsüz işi görməyə çalışırdı. O çalışırdı ki, fili Kəbəyə tərəf hərəkət etməyə vadar etsin. Lakin, fil bir addım da irəli getmirdi.

Qəribə bir hadisə baş verdi. Fil dizi üstə yerə çökdü. Əmr icrasız qaldı. Çünki, fil itaətsizlik göstərdi və heç kəs onu hərəkətə gətirməyə qadir olmadı.

Əgər Əbrəhənin bir zərrə imanı olsaydı, odlu qamçı zərbələri altında olan filin nəyə görə belə etməsi barədə fikirləşərdi. Lakin, o, qürurlu idi və öz hakimiyyət və böyüklük istəyindən başqa bir şey düşünmürdü.

 

CƏHƏNNƏM YAĞIŞI

 

Qəfildən üfüqdə buluda oxşar bir qaraltı göründü. Lakin, o, qaraltı deyildi. Onlar quş dəstələri, özləri ilə kiçik daşlar gətirən Əbabil quşları idilər. Bu daşlar alov şölələri tək isti idilər.

Quşlar Həbəşə əsgərlərinin başları üzərinə uçub cəhənnəm yağışına başladılar. Quşlar bir-birinin ardınca dəstə-dəstə hücumlar edirdilər. Bir dəstə öz daşlarını atır və digər dəstə gəlirdi.

Həbəşə əsgərləri arasında hərc-mərclik düşdü. Daşlar düz hədəfə dəyir və işğalçılar milçək kimi yerə sərilirdilər.

Əbdülmüttəlib hadisəyə tamaşa edirdi. Təvazökarlıq halı onu bürümüşdü və gözlərindən iman parlayırdı. Bəli, bu, Allahın qüdrəti idi.

Əbrəhə qaçan vaxt qamçı ilə atının arxasını qana buladı. Amma, Əbabil quşları öz odlu güllələri ilə onu təqib edirdilər. Əbrəhə öz ölkəsinin paytaxtı Sənaya çatdı. O, şəhərin qapısı yanında atından yıxıldı. Onun bərəlmiş gözləri qorxu və həyəcanından xəbər verirdi.

 

CANSIZ CƏSƏDLƏR

 

Əbdülmüttəlib Kəbəyə gəldi. Kəbənin ətrafına diqqətlə baxdıqda orada çoxlu yanmış bədən müşahidə etdi. Ora çox qorxulu bir döyüş meydanına çevrilmişdi.

 

NURUN DOĞULMASI

 

Hələ Əbdülmüttəlib Kəbənin xilas olma müjdəsini və Allahın işğalçılardan intiqam alması xəbərini Məkkə camaatına verməmiş, mübarək bir övladının doğulma xəbərini aldı. Bəli, Amənədən bir uşaq doğulmuşdu.

Sevincindən Əbdülmüttəlibin üzü güldü. Çünki, bir tərəfdən Allah-təala öz evini qorumuş və digər tərəfdən Amənə dünyaya xeyir və bərəkətli bir uşaq gətirmişdi.

Əbdülmüttəlib nəvəsini qucağına aldı və dedi:

-Adını Məhəmməd qoyuram.

Camaat təəccüblə ondan soruşdular:

-Niyə bu adı ona qoyursan?

Əbdülmüttəlib dedi:

-İstəyirəm yer və göylərdə tərif olunsun.

 

AMUL-FİL (FİL İLİ)

 

Məkkə camaatı sevincək öz evlərinə qayıtdılar. Əbdülmüttəlibsə Kəbəni işğalçıların murdar bədənlərindən təmizləmək üçün ora yollandı.

Bu xəbər ərəb qəbilələri arasında yayıldı. Kəbənin hörməti daha da artdı. Camaat o ili «Fil ili» adlandırdılar.

Həzrət Məhəmməd peyğəmbər o ildə dünyaya göz açdı. Qırx ilə yaxın bir müddətdən və Həzrət Məhəmməd peyğəmbərin (s) şərafətli ömründən qırx bahar keçdikdən sonra Cəbrayıl nazil olaraq ona peyğəmbərliyə çatmasını müjdə verdi. Mübarək «Fil» surəsi, ilk surələrdən olub, fil ilində baş verən hadisəni Məkkə camaatının yadına salır:

«Ya Peyğəmbər! Məgər Rəbbinin fil sahiblərinə (Kəbəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!

Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!

Onların üstünə əbabil quşları göndərdi.

(O quşlalr) onlara siccil (cəhənnəm daşları) atırdı.

(Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına döndərdi!»

Əbdülmüttəlib cəddi İbrahim Xəlilin (ə) dini olan Hənif dininin ardıcılı idi. Allah-təala Kəbəni həbəşilərin hücumundan xilas etdikdə, camaat Əbdülmüttəlibin məqamına və Sübhan Allahın yanında onun dəyərinə vaqif oldular. Əbdülmüttəlib Hübəl, Lat və Üzza kimi bütlərdən kömək istəmədi. O, yalnız Allahın dərgahına ağlayaraq üz tutdu.

 

TİCARƏT

 

Məkkə şəhəri çox mühüm bir ticarət mərkəzinə çevrildi. Qüreyş karvanları yayda Şama, qışda isə Yəmənə ticarət səfərlərinə gedirdilər. Qüreyş tacirləri yolda digər qəbilələrin hücumundan amanda idilər və bu, bütün ərəblərin hörmət bəslədiyi Kəbəyə görə idi.

Həzrət Məhəmməd (s) peyğəmbərliyə seçiləndə Allah-təala Kəbəni hücumdan xilasetmə lütfünü xatırlatdı. O, özünün Qüreyşin rahat və təhlükəsiz səfərlərinə aid olan lütfünə də işarə edib, buyurmuşdur:

“1.(Allah fil sahiblərini belə etdi) ki, Qüreyş (tayfası) bir-birləri ilə ülfət etsinlər.

2.Elə bir ülfət ki, qış və yay səfərlərində bərqərar olsun.

3.Belə isə (bu dostluğun şükrünü yerinə yetirmək üçün) gərək Kəbənin yeganə olan Allahına sitayiş edəsiniz ki,

4.Onlara aclıq vaxtı yemək verdi və qorxu və təhlükədən amanda saxladı.”

Öz gündəlik namazlarımızda Allah-təalaya üz tutduğumuz zaman Kəbəni yad etməliyik. Kəbə Allahın möhtərəm evi, İbrahim (ə) və İsmayılın (ə) tikdiyi evdir. Diqqət yetirmək lazımdır ki, bu əzəmətli ev bizim qüdrət, izzət və iftixar nişanımızdır. Kəbə islamın yeganə gövhəridir. Kəbə islam dünyasının ürəyi və bütün müsəlmanların qibləsidir.

ƏSHABİ-KƏHFİN ƏHVALATI NECƏ BAŞ VERİB?

Miladi tarixi ilə yüz altıncı ildə Roma qoşunları İordaniya torpaqlarını yerlə yeksan etdilər. Nəbətilər dövləti süquta uğradı.

Roma imperatorunun adı Təracan idi. O bütpərəst və çox təəssübkeş bir insan idi. İmanlı insanları, xüsusən də Həzrət İsa Məsihin ardıcıllarını tə`qib edirdi.

Suriya, Fələstin və İordaniya ölkələri bu hərbi hücumdan əvvəl bir növ muxtar hökumətə malik idi. Roma paytaxt kimi bu ölkələrdən yalnız vergi almaqla kifayətlənirdi. Bunun səbəbi romalı qüvvələrin həmin ölkələrdən tanış olmamaları idi.

Beləliklə romalılar ora hərbi hücum edib, öz işğal əməliyyatlarını bitirdilər. Onları birbaşa Roma dövlətinin nüfuzu və hakimiyyəti altına gətirdilər.

Miladi tarixi ilə yüz on ikinci ildə Roma imperatoru Təracan belə bir bəyanat verdi:

«Məsihin ardıcıllarından hansı birisi allahlara ibadətdən boyun qaçırsa, dövlətə xəyanət etmiş şəxs kimi mühakimə olunacaqdır. Bu zaman isə özünü ölüm və həlakətə sürükləmiş olacaqdır».

 

FİLADELFİYA

O zaman İordaniyanın paytaxtı Ammana Filadelfiya deyirdilər. Ora çox gözəl şəhər idi. Amma, şəhəri bəzəyən heykəllər yalnız zinət məqsədi daşımırdı. Onlar Allahın yerinə mə`bud kimi ibadət olunurdular.

Orada sağ əlində nizə olan və sol əli ilə boynundan asılmış qalxanı tutan müharibə allahı Əsniyanın heykəli vardı. Orada həmçinin indi də Ammanın qədim əsərlər muzeyində saxlanılan xoşbəxtlik allahı və şəhəri qoruyan Taykin allahının heykəli gözə dəyirdi.

Filadelfiya bu günkü Amman şəhərinin şərqində yerləşirdi. O zaman həmin şəhər böyük maddi mədəniyyətə malik idi. Amma, o diyarın mö`minləri qorxu içərisində yaşayırdılar. Xüsusilə, Roma qoşunları Təracanın zamanında oranı işğal etdikdə və birbaşa öz hökumətlərinə tabe etdikləri zaman.

Yüz on ikinci ildə Təracan bir fərman verməklə Məsihin bütün tərəfdarlarını dövlətə xəyanətkar hesab etdi. Xristianlar ya allahlara ibadət etməli, ya da ölümə hazır olmalı idilər.

 

YEDDİ CAVAN

Bir çox insanlar qorxudan zahirdə allahlara ibadət edirdilər. Dövlət mə`murları ölkə əhalisinin əqidə və inamlarını yoxlamağa başladılar. Camaat qorxuya düşdü. O şəhərdə tarixdə adları belə qeyd olunan yeddi cavan yaşayırdı:

1-Maksimilyanus

2-Təlmixa

3-Dinasiyus

4-Martinus

5-Yəmanis

6-Antonyos

7-Klityo

Bu mö`min cavanlar nə edəcəkləri barədə fikirləşirdilər. Onlar necə qərara gəlsinlər?

Onların qarşısında iki yol vardı: Ölüm və küfr.

O taleyüklü anlarda onlar müəyyən bir qərara gəldilər. O qərar şəhərdən qaçmaq idi. Amma, necə?

Səhər çağı təftiş və axtarış dəstəsi mö`minləri tə`qib etdikləri zaman gözətçilər, yanlarında bir it olan və şəhərdən çıxan yeddi cavan oğlana rast gəldi. Gözətçilər soruşdular:

-Hara gedirsiniz?

Onların biri cavab verdi:

-Ova gedirik.

-Çox yaxşı. Amma, gərək qayıdıb, rəsmi bayram mərasimində iştirak edəsiniz.

 

MAĞARAYA DOĞRU

O cavanlar öz itləri ilə birlikdə şəhərin şərq tərəfindən səkkiz kilometr aralı və Rəqim adlı bir kəndin yaxınlığında yerləşən mağaraya doğru yollandılar. Onlar dağlıq yerə çatıb, təpələrlə yuxarı qalxdılar və qabaqca nəzərdə tutduqları mağaraya getdilər.

Mağara dağın cənub ətəyində yerləşirdi. Mövqe cəhətindən bənzərsiz idi. Sağ və sol tərəfdə açılan yarıqlarına görə normal havası var idi. Amma, onun qapısı cənub qütbünə sarı açılırdı.

Mağaranın sahəsi 7,5 kv. metr idi. Cavanlar gizlənmək üçün ondan istifadə etmək qərarına gəlmişdilər. Cavanlar insanlardan uzaqlaşmaq və bu məkanda gizlənib, Allahın lütf və mərhəmətini gözləmək istəyirdilər. Çünki, onların bütpərəst romalılara qələbə çalmaq ümidləri yox idi.

Onlar bütpərəstliyin qatı düşmənləri idilər. Onlar inanırdılar ki, yerləri və göyü yaradan Allahdır. Digər allahlara ibadət etmək varlıq aləminin ən böyük həqiqətini inkar etməkdir.

O zaman insanların Qiyamət gününə əqidələri yox idi. Onlar belə güman edirdilər ki, insan dünyadan köçdükdə onun ruhu başqa bir insanın və ya hansısa heyvanın bədəninə keçir.

UZUN YUXU

Cavanlar yorğun halda mağaraya çatdılar. Romalıların onları tə`qib etmələrindən və gizləndikləri yeri tapmalarından qorxurdular.

Onlar əvvəlki gecəni yatmadıqlarından çox yorulmuşdular. Ona görə də yuxuladılar. Kirpikləri yuxusuzluqdan bir-birinə dəydi. Onlar yaxşı sabah yuxusunun fikri ilə yatdılar.

Allah-təala ölüləri diriltməkdə öz qüdrətini göstərmək, insanların onun qüdrətinə inanmaları və yalnız onu elm və qüdrət mənbəyi bilmələri üçün həmin cavanlara ağır bir yuxunu hakim etdi. Onların qulaqlarına yuxu pərdəsini vurdu.

Onlar nə qədər yatdılar? Yuxuları uzun müddət davam etdi. Günəş hər gün doğub-batırdı, onlarsa eləcə yuxuda idilər.

Mə`murlar hər yeri gəzib, onları axtarırdılar. Amma, zəhmətləri faydasız idi. Onların macəraları dillərə düşdü. Camaat öz-özlərinə deyirdilər:

«Ov üçün şəhərdən çıxmış yeddi cavandan heç bir xəbər yoxdur».

Beləliklə, illər bir-birinin ardınca ötüb, keçdi. O mağarada nə baş verdiyini isə heç kəs bilmirdi.

Onların itləri əllərini mağaranın ağzına qoyub, ağır və uzun yuxuya getmişdi. Mağaranın havası normal idi. Çünki, onun qapısı cənub qütbünə tərəf açılırdı. Onun iki tərəfində yarığın olmasına görə günəş doğduğu və batdığı zaman ora saçırdı.

Onlar yuxuda idilər və ətraflarında nələr baş verdiyini bilmirdilər.

On illər keçdi. Onlar hələ də yuxuda idilər.

O mağara ilə rastlaşan hər hansı bir çoban və ya yağışdan ora sığınan yolçu gördüyü dəhşətli mənzərədən qorxub, cəld qaçırdı. Niyə? Çünki, o, açıq gözləri yuxarıya dikilmiş kişilərin orada yuxuya getdiklərini görürdü. Həmçinin, orada cansız heykəl kimi yuxuya getmiş bir ov iti var idi. Onlar dərin və rö`yasız yuxuya qərq olmuşdular.

Bəs görəsən mağaranın bayırında nələr baş verirdi? Ölkənin şəhər və kəndlərində hansı hadisələr yaşanırdı?

 

TƏRACANIN ÖLÜMÜ

Roma imperatoru Təracan (Miladi tarixi ilə 98-117-ci illərdə Romada hakim olmuşdur) dünyadan köçdü. Ondan sonra başqa zalım hökmranlar iş başına gəldilər. 285-305 -ci illərdə hökmranlıq edən Deqyanus da dünyasını dəyişdi.

O zaman, Miladi tarixi ilə 110-cu ildə Tudmər şəhəri süqut etdi. Amma, o, yenidən bərpa olundu. Bu şəhər 278-ci ildə romalıların dağıdıcı hücumlarla Zənubiyaya yürüşlərindən sonra tamamilə tənəzzülə uğradı.

 

SALEH PADŞAH

Miladi tarixi ilə 408-ci ildə Tiyodosyos Roma imperatoru taxtına əyləşdi. O, Məsihin dinində idi. Ona görə də Roma imperiyası xristianlıq dininə üz gətirdi.

Miladi ilə 412-ci ildə Allahın iradəsi ilə həqiqət aşkar olundu. O öz lütf və mərhəməti ilə qüdrətini insanlara göstərdi.

O cavanların qaçmasından üç əsr keçirdi. Mağaranın içində nə baş vermişdi? Heç kəs bilmirdi.

O cavanlar itləri Kiltiyonun hürməsi ilə tarixin ən uzun yuxusundan oyandılar. Yalnız bir neçə saat yatdıqlarını güman edən birisi soruşudu:

-Nə qədər yatmısınız?

Onlar hələ də yuxulu idilər. Günəşin qüruba doğru getdiyini və onun qızılı rəngli şüasının mağaranın kiçik bir hissəsinə düşdüyünü gördülər. Ona görə də bə`ziləri belə fikirləşdilər ki, bütün günü yatmışlar. Onlar elə bilirdilər ki, günəşin batmasını və yenidən doğmasını hiss etmədən yuxuda olmuşlar. İndi ayılmışlar və günəş yenə də qürub vaxtındadır. Ona görə də dedilər:

-Biz ya bütün bir günü ya da günün çox hissəsini yatmışıq.

Bə`ziləri isə belə dedilər:

-Allah daha yaxşı bilir ki, burada nə qədər yubanmısınız.

Yuxunuzun nə qədər davam etdiyini yalnız Allah bilir. Qeybi elmləri bilən yalnız odur. İnsan yuxuya getdikdə bütün dünyadan ayrılır. Məsələn, əgər bir şəxs payızın əvvəlində yatsa, oyandıqda gözü qara və yarpaqsız ağaclara düşdükdə üç aydan artıq yatdığını anlayır. Niyə? Çünki, o, payız fəslini yuxuda olmuşdur. İndi isə qış gəlmişdir.

Yuxudan ayılan bu yeddi cavan günəşin qüruba yaxınlaşdığını gördülər. Onlar bilmədilər ki, yalnız bir neçə saatmı yatıblar, yoxsa artıq. Çünki, günəşin qurub edib, yenidən doğduğunu indi quruba doğru getdiyini, yoxsa başqa bir şəkildə olduğunu bilmirdilər.

Onlar doğrudan da imanlı insanlar idilər. Ona görə də dedilər:

«Bizim nə qədər yuxuda olduğumuzu yalnız Allah bilir».

Onlar belə güman edirdilər ki, bir gün və ya bir gündən bir qədər az yatmışlar.

 

TƏHLÜKƏLİ TAPŞIRIQ

Sonrakı gün səhər acmağa başladılar. Onların birində qızıl sikkələr vardı. O dedi:

-Bizim birimiz bu pulları götürüb, yemək dalınca getməlidir. Amma, gərək ehtiyatlı olsun ki, onu görən olmasın. Əgər biz onların əllərinə keçsək mütləq bizi öldürəcəklər.

Başqası dedi:

-Həqiqətən onlar allahlara ibadət etməyənlər üçün daşqalaq hökmü tə`yin etmişlər.

Başqa birisi dedi:

-Onlar bizi allahlara səcdə etmək üçün məcbur edəcəklər.

Başqa birisi isə belə dedi:

-Bu zaman hamımız bədbəxt olacağıq.

BAZARDA

Onların biri şəhərə gedib, yemək almaq işini öhdəsinə götürdü. O, mağaradan çıxıb, dağdan endi. Şəhərə necə girməyi barədə fikirləşirdi. Əgər kimsə ondan bir şey soruşsa necə cavab verməli, romalı gözətçi və əsgərlərə nə deməlidir.

Üç əsrdə yağışların, sellərin və küləklərin tə`siri ilə vücuda gələn dəyişiklərə və yeniliklərə diqqət yetirmirdi.

Qorxurdu və nigaran idi. Çünki, o nə ova getmişdi və nə də istirahətə. O öz yoldaşları ilə birlikdə mağaraya qaçmışdı. İndi isə yeməyə bir şey əldə etmək üçün qayıdırdı. O, qorxu içində idi.

O hər şeyin dünənki vəziyyətdə olduğunu güman edirdi. Şəhərə çatdı. Oranın bina və hasarlarına nəzər salıb, heyrətə gəldi. O, yolu azıb, başqa bir şəhərə girdiyini güman etdi.

Şəhərə daxil olduqda heç kəs ona əhəmiyyət vermədi. O, allahların heykəllərini də görmədi. Özünü tamamilə yad bir şəhərdə hiss etdi. İnsanlar ona baxır və təəccüblə deyirdilər: «Bu şəxsin əynində qədimi paltar var. Bu gün heç kim onu geyinmir. Buranın əhalisi yeni paltarlar geyinirlər».

O, insanları zülmə mə`ruz qoyan və onların əqidə və inamlarını yoxlayan mə`murları da görmürdü.

Oranın insanlarının təhlükəsiz və rahat yaşadığını müşahidə etdi. Onlar işləyib, çalışır və əkinçilik edirdilər. Onlarda heç bir qorxu və nigaranlıq müşahidə olunmurdu.

O cavan bazara getdi. Bir nəfərdən bazarın yerini soruşdu. Ona yolu göstərdi. Cavan onların danışıq tərzinə də təəccüb etdi. İnsanların ləhcəsi çox dəyişilmişdi. Onlar yeni ləhcə ilə danışırdılar.

Çox qəribə idi.

Cavan öz-özünə dedi: «Deyəsən, yolu səhv gəlib, başqa bir şəhərə çatmışam».

 

BÖYÜK HƏQİQƏT

Özünə gəlib, öhdəsinə götürdüyü işi yerinə yetirmək barədə fikirləşdi. O, yeməyə bir şey almalı və özlərinin dağdakı sığınacaq yerlərinə qayıtmalı idi.

Ona görə də özünü çox adi və şəhər sakinlərindən biri kimi göstərməyə çalışdı.

Camaat onun qərib bir insan olduğunu və hansısa ucqar bir dağ kəndindən gəldiyini güman edirdilər.

Cavan qabaqca yeyinti məhsulları satan saleh bir kişini axtarırdı. Amma, onu tapa bilmədi. Əvəzində zahiri görünüşləri onların yaxşı insan olduqlarından xəbər verən çoxlu satıcılarla rastlaşdı.

O cavan tapşırılmış bə`zi yeməliləri aldı. Onların pulunu satıcıya verəndə isə gözlənilən hadisə baş verdi.

Satıcı pulları aldıqda mat-məəttəl ona baxıb, öz-özünə dedi: «Bu pullar imperator Təracanın zamanına aiddir. Bu pulların vaxtından üç əsr keçir».

Satıcı cavana təəccüblə baxdı. O öz-özünə fikirləşdi: «Bəlkə də bu, xəzinə tapmışdır». Ona görə də ona dedi:

-Olmaya xəzinə tapmısan?

-Nə demək istəyirsən?

-Nə demək istəyirəm? Bu qızıl sikkələr on illər bundan əvvələ aiddir.

-Bu pullar mənimdir. Mən bunlarla yemək almağa gəlmişəm.

Satıcı həmin zamana aid olan pulu göstərib, dedi:

-Bax, biz bu pullarla alver edirik.

Cavan o vaxta qədər görmədiyi pul sikkələrinə nəzər saldı. Öz-özünə dedi: «İlahi! Bu nə deməkdir?»

Satıcı dedi:

-Əgər məni də öz xəzinənlə şərik etsən heç kimə xəbər verməyəcəyəm.

-Hansı xəzinə? Bu pullardan başqa mənim heç nəyim yoxdur.

Elə isə mən də mə`murlara xəbər verəcəyəm. Satıcı cavanın paltarından yapışıb, qışqırdı. Camaat onların ətrafına toplaşdılar. O, üzünü çevirib, dedi:

-Xahiş edirəm məni burax. Əgər məni tutsalar öldürəcəklər. Təracanın əsgərləri heç kəsə rəhm etmirlər.

-Təracan?!

İnsanlar təəccüblə və gülərək dedilər:

-Təracan yüz illər bundan qabaq ölmüşdür… Ey cavan sən dəlimi olmusan?

Cavan soruşdu:

-Bəs indi şəhərin hakimi kimdir?

-Tiyodosyos… O saleh bir padşahdır. İki-üç ildir ki, Məsihin dininə inam gətirmişdir.

Cavan soruşdu:

-Demək istəyirsən ki, onlar daha Məsihin ardıcıllarını öldürmürlər?

-Nə danışırsan? Bütün insanlar Allahın dininə iman gətirmişlər. Zülm və işgəncə zamanı keçmişdir.

Alnını ovan qoca bir kişi dedi:

-Aman Allah! Uşaq vaxtı nənəm mənə bə`zi cavanların sərgüzəşti haqqında danışardı. Onlar imperatordan qorxduqları üçün şəhərdən qaçmışdılar. Heç kəs onları tapa bilməmişdi.

O cavan özünü itirdi. Eşitdiyi sözlərin həyəcanından az qalırdı yerə yıxılsın. Görəsən, bütün bu illər ərzində onların yuxuda olması ağılla uyğundurmu? Görəsən, insan üç əsr müddətində yuxuya gedə bilərmi? O heç nəyi xatırlamırdı. Elə bilirdi ki, dünən yatıb, bu gün oyanmışdır. Gözlərini ovdu. Olmaya bu da yuxudur. Amma, yox, yox. Onun gördükləri həqiqət idi; çox böyük bir həqiqət.

ƏHVALATIN SONU

İsti və həyəcanlı xəbərlər şəhərin hakiminə çatdı. O imanlı insan idi. Cavanı gətirmələrini əmr etdi. Hakim böyük bir həqiqətin qarşısında olduğunu anladı. Allah-təala ölüləri diriltməyinə, qiyamətin və məadın haqq olmasına və insanların bir gün Allahın dərgahında duracaqlarına aid öz qüdrətinə əlamət və nişanə göstərmək istəmişdi.

Hakim cavandan onları həmin mağaraya aparmasını istədi. Beləliklə, o cavan yola düşdü. İmanlı hakim və əsgərlər onun ardınca hərəkətə başladılar. Mağarada olan cavanlar qorxdular. Çox nigaran oldular. Çünki, qardaşları gecikmişdi. Onların biri dedi:

-Bəlkə də tutulmuşdur.

O birisi dedi:

-Bəlkə də şəhərə girərkən gecikmişdir. Siz ki, gözətçilərin nə qədər diqqətli olmalarını bilirsiz.

O an onların biri mağaradan çıxdı. Dağın yuxarısına qalxıb, zirvəyə çatdı. Oradan şəhərə gedən yola nəzər saldı. O, öz gözləri ilə onu qorxudan bir şey gördü.

Budur, uzaqdan Roma qoşunu gəlir.

Cəld qayıdıb, dostlarına xəbər verdi. Onlara dedi:

-Bir qoşunun bizə tərəf gəldiyini gördüm. Deməli, dostumuz tutulmuş və bizim yerimizi onlara göstərmişdir.

Başqa birisi dedi:

-Məncə belə deyil. Gözləyərik. Bəlkə də qoşun başqa bir yerə gedir.

Həyəcanlı anlar keçirdi. Birdən şəhərə getmiş cavan mağaraya daxil oldu. O, həqiqəti onlara söylədi.

Onlar bir gün və ya bir neçə saat yatmamışdılar. Həqiqətən yuxuları üç əsrə qədər uzanmışdı. Allah-təala onları öz qüdrət nişanələrindən biri etmişdi.

O ölüləri dirildir. Yenidən ruhu bədənə qaytarır.

O dövrdə bə`ziləri belə deyirdilər:

-Ruh bir bədəndən çıxdıqdan sonra bir daha geri qayıtmayıb, başqa bir bədənə daxil olur. Lakin, imanlı insanlar Allahın hər şeyə qadir olmasına inanırdılar. Bilirdilər ki, insanları yaradan, onların ruhlarını öldürən və Qiyamət günü yenidən qaytaran odur.

Cavan dostlarının yanına tək qayıtmaq üçün hakimdən icazə istədi. Çünki, onlar zülm və haqsızlıqdan qaçır, hansı hadisənin baş verdiyini isə bilmirdilər.

Cavanlar məsələdən xəbərdar olarkən Allahın qorxusundan və onun görüşünün şövqündən ağladılar. Onun dərgahına münacat edərək öz ölümlərini istədilər. Çünki, onlar keçmişə – üç əsr öncəyə bağlı insanlar idilər.

Allah-təala onların duasını eşidib, ağır bir yuxunu onlara hakim etdi. Ruhları xeyir və bərəkətlə dolu olan rahat və uzaq bir aləmə qanad çaldılar.

Hakim gözləyirdi, lakin heç bir faydası yox idi. Odur ki, şəxsən mağaraya girmək qərarına gəldi. O və ətrafındakılar mağaraya daxil olduqda çox qəribə bir mənzərəylə rastlaşdılar. Yeddi cavan öz itləri ilə birgə dünyadan köçmüşdülər. Hələ bədənləri isti idi.

Hakim və mö’minlər böyük Allaha səcdə etdilər.

O zaman camaat arasında ruh barəsində söhbət və mübahisələr gedirdi. Bə’ziləri ruhun Qiyamətdə yenidən bədənə qayıdacağını və bə’ziləri isə onun digər bədənə daxil olduğunu söyləyirdilər. Lakin, öz gözləri ilə Əshabi-kəhfi və ruhun onların bədəninə qayıtmasını gördükdə Allahın qüdrətini dərk etdilər.

Müşriklər bu məsələyə hələ də tərəddüdlə yanaşırdılar. Odur ki, dedilər:

-Onların olduğu yerdə bir ev tikin. Rəbləri onların vəziyyətinə daha agahdır.

İmanlı insanlar isə dedilər:

-Orada məscid tikəcək və Allahın, qüdrətini göstərdiyi yerdən bərəkət istəyəcəyik.

Mö’minlər qələbə çalıb, həmin yerdə yalnız Allahın ibadət olunacağı bir məscid tikdilər.

 

DOQQUZ İL ARTIQ

Bu gün İordaniyanın paytaxtı olan Amman şəhərinə səfər edən bir insan öz yolunu şəhərin cənub-şərqinin 8 km.-liyinə, Rəqim və Əbu `Ələnda kəndlərinin arasında yerləşən Əshabi-kəhf mağarasına sala bilər.

İnsan orada Bizans daş tabutları formasında olan bir neçə qəbir müşahidə edir. Bu daş tabutların sayı yeddidir. Bunlardan əlavə orada kiçik bir tabut da vardır. Çox güman ki, o, Əshabi-kəhfin itinin dəfn olunduğu yerdir.

Bu kəşf arxeoloq alim Rəfiq Vəfa əl-Dəcaninin sə’ylərinin nəticəsidir. O, 1964-cü ildə öz arxeoloji qazıntılarının nəticələrini e’lan edərək sübut etmişdir ki, bu, Qur’ani-kərimdə yad edilən mağaradır. Avropalı tarixçilərin iddia etdikləri kimi Türkiyənin Urfa vilayətinin Tarsus şəhərində yerləşən mağara isə həqiqətdən uzaqdır.

Bu qrupun heyrət və təəccübünə səbəb olan məsələ isə Əshabi-kəhfin yuxularının müddətidir: 300, yoxsa 309 il?

Qur’ani-kərim buyurur:

«Onlar 300 il mağarada qaldılar və ona 9 il artırdılar.»

Cavab budur ki, onların yuxuları Günəş (Şəmsi) ili ilə 300, Ay (Qəməri) ili ilə isə 309 il uzanmışdır. İndi hesablayırıq:

Günəş ili 365 gündür. Buna görə də 300 Günəş ili 109500 gün (365 x 300 = 109500) olacaqdır. Lakin, Ay ili 354 gün 8 saat 48 dəqiqədir. Demək olar ki, bir Ay ili 354 və 30/11 gündür.

Əgər 309 Ay ilinin neçə gün olduğunu bilmək istəsək 309-u 354-ə vurar və 109386 gün nəticəsini alarıq.

300-ü 30/11-ə vurmaqla isə 110 rəqəmini əldə edirik. 9-u 30/11-ə vuraraq Qəməri təqviminə uyğun olaraq 4 gün hesablanacaq və bunların cəmi (109386+110+4=)109500 gün olacaqdır. Göründüyü kimi bu rəqəm 365 günlük 300 Günəş ilini və 354 və 30/11 günlük 309 Ay ilini göstərir.

sualcavab.ge


more post like this