Fasiq insan o kəsə deyilir ki, açıq-aşkar və heç kimdən çəkinməyərək, əxlaqın, qanunun ziddinə olan rəftar nümayiş etdirir.

 

Fasiqliyin kükünü həmin şəxsin imanının kamil büluğa çatmamasında axtarmaq lazımdır. Ona görə də ola bilsin ki, həmin şəxs müsəlman olsun, ancaq fasiq olsun. Çünki onun imanı və İslamı elə həddə çatmamışdır ki, onu bu rəftarlardan saxlasın. Təqvaya tərəf hidayət etsin. Şübhəsiz ki, fasiq insan cəmiyyətə çox sayda ziyanlar vurar.

 

Sağlam cəmiyyət o cəmiyyətdir ki, onun bütün qanunları və dini qaydaları vətəndaşları tərəfindən riayət edilir. Heç kim aşkar şəkildə ondan boyun qaçırtmır. Ola bilsin ki, gizlində qanunu görməməzliyə vursun və onun əksinə əməl etsin, ancaq aşkarda bu işi görməz.

 

Əlbəttə, yüz faiz sağlam cəmiyyət tapmaq mümkün deyildir. Ona görə də ən çox sağlam olan cəmiyyət o cəmiyyət hesab edilir ki, onun əksər insanları qanun və qaydalara əməl edərlər. Ola bilin ki, bu cəmiyyətdə fasiq də olsun, əxlaqsız da.

 

Fasiq sözünün kökü olan fisq sözünün mənası xurma çərdəyinin dərisindən çıxmasına deyilir. Fasiq insana ona görə bu sözü deyirlər ki, xurma kimi öz dərisini yırtır və daxilindəki çirkinlikləri göstərir. Allah bəndəsinə gəldikdə isə, yəni günahkarın bəndəlik dairəsinədən çıxması deməkdir. O, günah işlədərək, İlahi əmrlər hasarını dağıdar və nəticədə qalası və hafizi olmadan qalar. Bu söz Quranda 54 dəfə işlənmişdir.

 

Quranda fisq sözü ümumi mənada işlənmişdir və münafiqlərə, kafirlərə, günahkarlara, müşriklərə, zalımlara və fasidlərə şamil edilir. Onların hamısının müştərək sifəti budur ki, İlahi əmrə qarşı itaətsizlik və üsyan etmişdilər.

 

Quranda qumar fasiq əməl kimi qiymətləndirilmişdir. “(heyvanın ətini) qumar oxları ilə bölmək sizə haram oldu”. (“Maidə” 3).

 

Başqa bir yerdə donuz əti yemək, meyyitə yemək fisq sayılır. “De: «Mənə olunan vəhylərin içərisində yemək istəyən şəxsə murdar olduqları üçün ölü heyvan, (heyvanın damarlarından) tökülmüş qan və donuz ətindən, yaxud itaətsizlik üzündən Allahdan başqasının (istər bütlərin, istərsə də bütlərdən başqa şeylərin, hətta müqəddəs hesab edilən şeylərin) adı çəkilərək kəsilmiş heyvandan başqa bir haram (yemək) tapmıram”. (“Ənam” 145).

 

Belə başa düşmək olur ki, insanın ziyanına olan hər bir haram şey – fisqdir. Necə ki, nalayiq rəftarlar da cəmiyyəti, ailəni təhdid edir, bu yeyəcəklər də insan ruhunu və canını təhlükəyə atır.

 

Quranda fasiq insanlarla rabitə haqqında çox sayda ayə gəlmişdir. “Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə, onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız”. (“Hucurat” 6).

 

“Və (ey müsəlmanların işlərinin başçıları,) iffətli qadınlara zina isnad verib sonra (öz iddialarının isbatı üçün) dörd kişi şahid gətirməyən kəslərə səksən şallaq vurun və daha heç vaxt onların şahidliklərini qəbul etməyin. Onlar həqiqətən fasiqdirlər”. (“Nur” 4).

 

“(Musa) dedi: «Ey Rəbbim, (boynuma qoyduğun vəzifənin çatdırılması və cihada dəvət etmək barəsində) mənim özümdən və qardaşımdan başqa heç kəsə gücüm çatmır (və tayfadan yalnız az bir hissəsi mənim tabeçiliyimdədir). Odur ki, bizimlə bu itaətsiz dəstə arasında ayrılıq sal»”. (“Maidə” 25).

 

İmam Muhəmməd Baqir (ə) buyurur: “Atam Əli ibni Hüseyn (ə) mənə buyurdu: “Oğlum! Beş nəfərdən uzaq ol! Onlarla danışma və bir yerdə olma”. Dedim: “Atacan! Onlar kimlərdir?” Buyurdu: “Yalançı ilə söhbət etməkdən çəkin ki, o, uzaq ilğımı sənə yaxın, yaxını isə uzaq göstərər. Fasiqlə söhbət etməkdən çəkin ki, o, səni bir tikəyə və hətta az miqdara belə satar. Paxıl ilə bir yerdə olmaqdan çəkin ki, səni ən ehtiyacsız vəziyyətində onun malına xar edər. Axmaqla söhbət etməkdən çəkin ki, sənə fayda verməsi üçün etdiyi səy ziyan gətirər. Qohumları ilə əlaqəsini kəsənlə bir yerdə olma ki, Quran onu lənətləmişdir”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman fasiq insanlara rəhbərlik edər, günahkar insanlar əziz tutularsa, bəlanı gözləmək lazımdır”.

 

Beləliklə deyə bilərik ki, fasiq insanlar həm cəmiyyət, həm dostlar və həm də ailə üçün çox sayda ziyan gətirər. Ona görə də bu cür insanlarla həmsöhbət olmaqdan və onlarla oturub-durmaqdan uzaq olaq.

 

Hazırladı: Məşhədi Xanım,

Deyerler.org

http://sualcavab.ge


more post like this