بسم الله الرحمن الرحيم
قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ مِن شَرِّ مَا خَلَقَ وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ

“Fələq” surəsinin kəlmələri:
قل :- De
رب : – Padşah, Yaradan, Sahib, Malik, məxluqatı yaratdıqdan sonra özbaşına buraxmayıb tərbiyə və nəzarət edərək yol göstərən
فلق : – Sübh vaxtı, gecənin qaranlığının acılması, batilin qalın pərdələrinin acılıb həqqin onun arasından aşkar olması, yaratmaq, yaradılan.
من – dan, dən (şəkilçi)
شر – şər, ziyan, fəsad, pislik
ما – bir şey, nə, o ki, o şey ki
خلق – yaratdı, yaranıbdır
غاسق – qaranlıq, zülmət qaranlıq, ayın tutulan vaxtı, hücüm edən, daxil olan
اذا – o zaman, o vaxt
وقب- daxil oldu, gizləndi, tutuldu, əhatə etdi
نفاسات – sehr edən qadınlar, düyünlərə üfürənlər
فى – da, də (şəkilçi)
عقد – düyün
حاسد – həsəd edən, pislik istəyən
حسد – həsəd etdi

Hərfi tərcümə

“De pənah aparıram sübhün sahibinə, (gecəni gündüz edənə) bütün yaradılmışların şərrindən, bütün qaranlıqların şərrindən, o zülmət və qaranlıq ki, cəmiyyəti əhatə edir, pənah aparıram bütün sehr edənlərin sehrindən (düyünlərə piləyənlərin şərrindən) həsəd edənlərin şərrindən, o vaxt ki, həsəd edirlər”.

“Fələq” surəsinin təfsiri

قل اعوذ برب الفلق
– Ey peyğəmbər de: Pənah aparıram “fələqin” Allahına. Yəni zülmətləri nura çevirənə, dənəni sındırıb içərisindən bitkilər göyərdən Allaha, batili sındırıb içərisindən haqqı aşkar edən Allaha. O, Allaha ki, xurafat və batil fikrlərin arasından aydın olan şüuru kainata bəxş edir, daşları yarıb arasından duru suları cari edən Allaha. Fələqin ümumi bir mənası da vardır – hər bir şeyi yaratmaq. Yəni pənah aparıram bütün yaranmışları yaradana
من شر ما خلق
bütün yaranmışların şərrindən. Bəli, pənah aparıram Allaha tamam məxluqatdan. Xususən bu şərr quvvə insandan ola və insanların arasında yaşaya onun təhlükəsi daha çox olar. Bu ayənin zahirindən belə hesab olunmasın ki, Allah-Təalanın yaratdığı hər nə varsa şərdir. Xeyr; Qurani-Kərim buyurur: الذى احسن كل شئ خلقه (Əlif lam mim səcdə) “Allah elə bir varlıqdır ki, nə yaradıbsa gözəl yaradıb Allahın hər yaratdığı gözəldir. Lakin onlar ilahi qanunları pozaraq şər qüvvəyə çevrilirlər və o zaman ziyanverici olurlar.”
ومن شر غاسق اذا وقب
(Pənah aparıram Allaha hər bir ziyanverici mövcuddan, o zaman ki, varid olarlar) “غاسق” (ğasiq) gecənin zülmət qaranlığına deyirlər. Bu vaxt yırtıcıların və oğruların hücum eyləyən vaxdıdır. Ona görə gərək Allaha pənah aparasan. Bu ayədə söz üçün ümümi bir məfhum nəzərdə tutulubdur. Pənah apariram Allaha zülmət qaranlıqdan, o vaxt ki, cəmiyyəti əhatə edir. Hansı zülmət? Dinsizlik zülməti, kafirlik, cəhalət və nadanlıq qaranlığı; Bəli, hər hansı bir cəmiyyəti belə bir qaranlıq tutsa, orada xəyanət, cinayət, qan tökmə, adam öldürmə, xurafat və fəsaddan başqa bir şey olmaz. O cəmiyyət ən qorxulu cəmiyyət hesab olunar. Ona görə də gərək elə bir mühitdən Allaha pənah aparasan, ona sığınasan ki, amanda qala biləsən.
وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ
“pənah aparıram Allaha, düyünlərə piləyənlərin şərrindən”. Cadugərlər və sehr edənlərin şərrindən. Onların vurduğu ziyan və fəsadlardan Allaha pənah aparıram.
Bu ayədə olan cadugərlərin üç hissəyə bölmək olar.
1. Elə həmin cadugərlər ki, sehr və cadu ilə insanları bədbəxt edirlər.
2. Əxlaq və insanlığın ziddinə proqramlar, seriallar və filimlər göstərənlər. Onlar da bir növ cadugərdirlər. Insanları tilsimləyərək bütün ictimi və fərdi əxlaq normalarından çıxarıb özlərinə tabe edirlər. Həqiqətən bizim zamanımızda ən böyük cadu yuxarda dediklərimizdir. Diqqətlə fikirləşsək görərik ki, onlar bizim əxlaqımızda və həyatımızda neçə-neçə çirkinliklər formalaşdırıblar. İnsan getdikcə inkişaf etməlidir. Amma biz hansı təsirlər altında gələcəyə gedirik. O gələcəkdə bizi hansı bədbəxtçiliklər, hansı qaranlıqlar gözləyir. Biz isə elə bilirik qarşıda işıqlı gələcəyimiz vardır. Bəli, qarşıda işıqlı gələcək var, amma kimlər üçün? Dediyimiz cadugərlər üçün? Yoxsa onların tilsiminə düşənlər üçün? Ya tam başqa bir dəstə üçün ki, onlar nə cadugərlik etmir, nə də cadu və sehrin tilsiminə düşməyiblər. “Onların nə qəmi var nə qorxusu” لا خوف عليهم ولا هم يحزنون
3. İffətsiz qadınlar, Həqiqətən onlar xususən bu zamanda ən böyük cadugərdilər. Cəmiyyətin əsaslı olan təbəqəsi, gənc nəsli öz əxlaqsızlıqları ilə müsəxxər edərək onların üzərində hakimiyyət edirlər. Allah-Təala bizi və bütün gəncləri onların şərrindən qorusun.
ومن شر حاسد اذا حسد
“Həsəd edənlərin həsəd etdiyi vaxtın şərrindən”
Ayə “həsədi” ən pis sifətlərdən hesab edir. Bu xasiyyət insanın daxilində baş qaldıranda heç bir cinayət insan üçün pis görünmür. Qüdrəti catan hər işə əl atır, döğma və yad onun üçün bərabər olur. Hətta öz canına da insanın heyfi gəlmir.
Burada yadıma bir dastan düşdü; Qonşusunun paxıllıqını çəkən bir nəfər hər vasitə ilə istəyir onu ləkələsin, amma bacarmır. Axırda öz qulamına əmr edir ki, çıxaq onun evinin damına. Çıxdıqdan sonra qulamına öz başını kəsməyə əmr edir. Qulam yalvarır ki, ağa sən öz başını kəsdirməklə heç nəyə nail ola bilməzsən. Ağa deyir: nə üçün? Mənim meyyitimi bunun damında görənlər məmurlara xəbər verəcəklər. Məmurlar onu tutub edam edəndə ömrü boyu qazandığı hörmət və abrını itirəcək. Beləcə qulam ağasının başını kəsir. Məmurlar ev sahibini tutur. Ittiham edib edam ağacının altına gətirirlər. Amma asmaq zamanı gələndə qulam gələrək hər şeyi olduğu kimi etiraf edir. Beləliklə Allaha sığınan abırlı və inamlı bir mömin Onun pənahında qorunur.
Bəli, həsəd xəstəliyi belədir. İnsanın öz-özünün qatili edir. Amma möminlər qorunaraq Allahın pənahında hifz olunurlar. Şair şerlərinin birində belə buyurub:
İlahi be həqqi əmiri ərəb
Həsəd əhlinə ver kəmali ədəb.
Həsəd bir bəladır, bəlayi əzim.
Bəla içrə qıl həsudi muqim.
Allah-Təala bu böyük bəladan bizi qoruyub saxlasın. Bizə tofiq versin ki, tamam ömrümüz boyu ona pənah apara bilək. Amin.
“Fələq” surəsinin xususiyyətləri.
1- Bu surədə “Fələq” kəlməsi işləndiyinə görə belə adlanır. “Muəvvəzə” də deyilir. Çünki o kəlmədə işlədilib.
2-Məşhurdur ki, bu surə Məkkədə nazil olub.

“Fələq” surənin hədəfi

Bu surə yeddi dəstədən çəkinməyi təkid edir:
1 – Fasid olan məxluqlardan.
2 – Cəhalət və nadanlığın zülmətindən.
3 – Cadugərlərdən.
4 – İctimaiyyəti qarət etmək istəyənlər ki, fəsad yayırlar.
5 – İffətsiz qadınlardan.
6 – Küfrün qaranlığından.
7 – Gözü dar paxıllardan.

Sonda həsəd barəsində bir neçə hədisə diqqət edək:
İmam Baqir(ə) buyurur: “Alov odunu yeyən kimi həsəd də imanı yeyir”.
İmam Sadiq(ə): “Dinin bəlası həsəddir”.
Həsəd həmişə peyğəmbərlərə mane olan yollardan biri olub. Yer üzündə ilk qətl hadisəsi, Qabilin Habili (Adəm (ə) övladları) öldürməsi həsəd nəticəsində olmuşdur.
İlahi, bu ayədə buyurduğun məxluqatın şərrindən bizləri qoru.

Ceferlier.com


more post like this