Sual :Fədakarlıq və öz haqqından keçmək mümkündürmü? Deyilənlərə görə insanın bütün fəaliyyətləri müəyyən maddi və mənəvi mənafeyə görə və yaxud fiziki və mənəvi cəhətdən ziyanı dəf etmək naminədir. Hətta yoxsullara kömək və övlad tərbiyəsi kimi insanpərvər və xeyirxah işlər də bu qaydadan müstəsna deyil. Məhz onların ürək ağrıdan mənzərələrini seyr etmək insanı iztiraba salır, onun vicdanını oyadır. O da, bütün bunlara son qoymaq, ruhunu sakitləşdirmək üçün, onlara kömək edib qayğılarına qalır. İnsanın bütün əmək və fəaliyyətində onun fiziki və mənəvi mənafeyinin əsas stimul olduğunu nəzərə alsaq, bəzən necə olur ki, o, fədakarlıq edir, öz haqqından keçir?! Ananın məhəbbət və hissləri fədakarlığın ən bariz nümunəsidir. Halbuki ana öz övladına məhəbbət göstərməkdən böyük zövq alır. Balasına kömək etməkdən və onun tərbiyəsindən imtina etmək ona əzab verir. Belə olduqda, ananın məhəbbətini, davranışını necə qüsursuz və saf, tam bir fədakarlıq saymaq olar?
Cavab:
Bu suala iki formada cavab vermək olar:
1. “Fədakarlıq”-da məqsəd insanın (cəmiyyət və ya ayrı-ayrı fərdlər üçün) təmənnasız və əvəzsiz yerinə yetirdiyi bir işdir. Bu iş alış-veriş və əvəzləmə (dəyişmə) xarakteri daşıyan, bir sözlə maddi mənafe naminə görülən işlərin tam əksidir.
Fərz edin ki, bir şəxs yoxsul və yetimləri görən zaman çox sarsılır və onlara kömək edərkən xoş hisslər keçirir. Əgər bu şəxs riyakarlıq və başqalarına nümayiş etdirmək məqsədi güdmədən həyatının özünün də ehtiyac duyduğu hissəsində bu insanların ixtiyarına versə belə bir halda bu iş “isar” və fədakarlıq adlandırılır.
Sözsüz ki, bu iş onu vicdanının kəskin hücumundan azad edir, həyatına şadlıq və sevinc bəxş edir. Amma onun bu işi görməkdə maddi məqsəd güdmədiyinə görə, əvəzini almaq niyyəti onu bu işə vadar etmədiyinə görə belə bir addım əql və şəriət baxımından layiqli iş, eyni zamanda bir növ fədakarlıq sayılır.
Başqa sözlə desək: hansı əməlin “fədakarlıq” və “öz haqqından keçmə” sayıldığını ayırd etmək üçün təhrik edici amil və stimulları nəzərdən keçirmək lazımdır. Bəzən isar və fədakarlıq adlandırılan insansevər və xeyirxah işlər hesab-kitabsız fəaliyyətlərə deyilir ki, onu görərkən insan heç bir maddi məqsəd güdmür, işin stimulu onun canına hopur, qəlbinin dərinliklərində yuva salır. O, təşviq və təltif olmadan, riyakarlıq etmədən, nümayiş göstərmədən, cəmiyyətdən və yaxud ayrı-ayrı fərdlərdən xeyir və fayda ummadan bu işi gerçəkləşdirir.
Lakin işi həyata keçirərkən maddi hesablamalar gözdən qaçmasa, onu bu işə təhrik edən amil cəmiyyətdən və ya fərddən umduğu “əvəz” olsa, sözü gedən əməli bir növ müamilə və əvəzetmə adlandırmaq, həmin şəxsi də alverçi adlandırmaq olar.
2. Bir adamı və yaxud bir şeyi sevən bir şəxs bəzən o qədər sevgiyə varır ki, həmin şeydən və ya şəxsdən başqa hər şey unudur, özünü də yaddan çıxarır. Özünü yaddan çıxaran şəxs də öz mənafeyini də unudur. Belə bir vəziyyətdə sevgilisindən və məqsədindən özgə heç nə görmür, müqəddəs hədəfindən başqa kimisə tanımır, öz sevdiyi mənafeyindən başqa heç nə barəsində düşünmür, adi halda əməl edilən ticarət və alğı-satqı qanununu (itirilən hər şeyin əvəzində nəyisə ələ gətirmək) tamamilə kənara qoyur, hədəf yolunda isar, fədakarlıq və öz haqqından keçməsi bir yerə çatır ki, ən yüksək mənəvi ləzzət sayılan və insanın cismi-canına dinclik bəxş edən “məşuqa xidmət” də hafizədən silinir.
Çünki bu halda nəinki maddi və mənəvi ləzzətləri hətta özünü belə görüb tanımır. Bu da bəzən “fəna mərhələsi” adlandırılan bir mərhələdir.
Bizim böyük rəhbərlərimizdən çoxu Allah-taalanın zatı qarşısında belə bir halda olmuşlar. Sözü gedən məsələ səbəb olurdu ki, ona, kamal və camalı ilə eyni olan pak zatına görə pərəstiş etsinlər, sevsinlər və onu özünə görə istəsinlər, onun yolunda onun üçün fədakarlıq etsinlər.
Sanki Əmirəl-möminindən (əleyhis-salam) ibadət ilə bağlı nəql olunan aşağıdakı hədis də bu həqiqətdən söz gedir. İmam buyurur:
ما عَبَدْتُک خوفاً مِنْ نارِکَ وَلا طَمَعاً فى جَنَّتِکَ بَلْ وَجَدْتُکَ أهْلا لِلْعِبادَةِ
“İlahi, mən sənə atəşdən qorxduğum üçün yaxud cənnətə tamah saldığım üçün pərəstiş etmirəm. Məni sənə pərəstiş etməyə vadar edən səni ibadətə layiq bilməyimdir.”
Onun nümunəsi, Əlinin (əleyhis-salam) özünün minacatları, sirləri və dualarıdır. O, ibadət zamanı Allahın bənzərsiz kamal və camalına o qədər qərq olmuşdu ki, oxun ucluğunu öz ayağından çəkəndə xəbəri olmurdu. Belə bir şəxs iş görərkən, Allaha pərəstiş edərkən öz ziyan və xeyri haqqında düşünə bilməz. Çünki nə görürsə Allahı görür, nə edirsə özü üçün deyil ona görə edir.

makarem.ir


more post like this