Cavab: “Fədək” Xeybərin yaxınlığında və Mədinədən 18 fərsəxlik məsafədə yerləşən bir kənd idi. Onun illik gəliri 24-70 min dinar (qızıl pul) məbləğində qeyd edilmişdir. İbni Şəhr Aşub “Mənaqib” kitabında yazır: Peyğəmbər onu Fatiməyə bağışladı və onun məhsullarını yükləyib qızı üçün göndərdi. Sonra səhabələr onun evinə yığışdılar. Həzrət buyurdu: “Bu mal-dövlət Fatiməyə aiddir.” Fatimə dedi: “Atacan, nə qədər ki, sən sağsan, onda təsərrüf etmək istəmirəm.” Amma Peyğəmbər vəfatından bir az əvvəl onu rəsmi şəkildə Fatiməyə təhvil verdi. Əbu Bəkrin tərəfindən alındığı vaxta qədər onun ixtiyarında idi. Allah-taala yəhudilərin yaşadığı Xeybər qalalarını Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in əli ilə fəth edəndə Fədək əhalisi vahiməyə düşdülər. Onlar məcburən Peyğəmbərin fərmanlarına tabe olub öz ərazilərinin yarısını o Həzrətə bağışlamaqla sülh əldə etdilər. Beləliklə də Fədək ərazisinin yarısı Peyğəmbərin öz şəxsi mülkünə keçdi. Çünki müsəlmanlar onu müharibə ilə ələ keçirməmişdilər ki, onların hamısı onda şərik olsunlar. Bu, bütün müsəlman firqələrinin heç bir ixtilafı olmadan qəbul etdikləri məsələlərdəndir. “İsra” surəsinin 26-cı ayəsi (“Ey Peyğəmbər, ən yaxın adamlarının haqqını ver.”) nazil olanda Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Fədəki Fatimeyi Zəhraya bağışladı və Əbu Bəkrin onu Fatimədən aldığı vaxta qədər onun mülkiyyətində idi. Nur-az.com


more post like this