861. Evlənməyə həvəsləndirmək

Quran

«Subaylarınızı, əməli saleh qullarınızı və kənizlərinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah Öz fəziləti ilə onları varlı edər. Allah geniş lütf və elm sahibidir.»[1]

«…Və Onun (qüdrət) nişanələrindən biri də ünsiyyətdə olmağınız üçün sizə zövcələr yaratmasıdır. Sizin aranızda məhəbbət və mərhəmət yaratdı. Həqiqətən, bunda nemət barədə düşünən insanlar üçün böyük ibrətlər vardır.»[2]

2772. Allahın Peyğəmbəri (s):«Kim Allahla pak və təmiz halda görüşmək istəyirsə, ailəli halda Onun görüşünə getsin.»[3]

2773. Allahın Peyğəmbəri (s):«İslamda evlənmək qədər Allaha sevimli və əziz olan heç bir bina qurulmamışdır.»[4]

2774. Allahın Peyğəmbəri (s):«Evlənmək mənim sünnəmdir. Kim mənim sünnəmdən üz döndərərsə mənim ümmətimdən deyil.»[5]

2775. Allahın Peyğəmbəri (s):«Gənc çağında evlənən elə bir cavan olmadı ki, onun şeytanı belə fəryad qoparmasın:«Vay olsun ona! Vay olsun ona! Dininin üçdə ikisini mənim şərrimdən qorudu.» Buna görə də, insan digər üçdə biri qorumaq üçün ilahi təqvanı qazanmalıdır.»[6]

2776. Allahın Peyğəmbəri (s):«İnsan evlənən zaman dininin yarısını kamilləşdirmiş olur. Digər yarısını qorumaq üçünsə İlahi təqvanı qazanmalıdır.»[7]

2777. Allahın Peyğəmbəri (s):«Yuxuda olan evli şəxs, Allah yanında gündüzlər oruc tutan, gecələr ibadət edən subaydan üstündür.»[8]

2778. Allahın Peyğəmbəri (s):«Ailə qurun! Çünki bu iş sizin ruzinizi artırar.»[9]

2779. Allahın Peyğəmbəri (s): «Öz subaylarınızı evləndirin. Bu əməllə Allah-taala onların əxlaqını gözəlləşdirər, ruzilərini artırar və mərdliklərini

 

çoxaldar.»[10]

2780. İmam Sadiq (ə): «Evlinin qıldığı iki rəkət namaz, subayın qıldığı yetmiş rəkət namazdan üstündür.»[11]

 

864. Subaylar

2781. Allahın Peyğəmbəri (s): «Sizin ən pis ölüləriniz subaylardır.»[12]

2782. Allahın Peyğəmbəri (s): «Aranızda ən pisləriniz subaylarınızdır. Evlinin iki rəkət namazı, subayın yetmiş rəkət namazından yaxşıdır.»[13]

 

863. Din qardaşını evləndirməyin savabı

2783. İmam Sadiq (ə): «Kim subayı evləndirsə, Qiyamət günü Allah-taalanın nəzər saldığı şəxslərdən biri olar.»[14]

2784. İmam Kazim (ə): «Allahın ərşinin kölgəsindən başqa bir kölgə olmayan gün, üç nəfər Allahın ərşinin kölgəsində olacaq: öz müsəlman qardaşını evləndirən, ya ona xidmət edən, ya da onun sirrini gizlədən şəxs.»[15]

 

864. Qızları tez ərə verməyə həvəsləndirmək

2785. İmam Rza (ə): «Cəbrayıl Peyğəmbərin (s) yanına gəlib dedi:«Ey Məhəmməd! Rəbbin sənə salam göndərir və buyurur: «Bakirə qızlarınız ağacda olan meyvə kimidir. Meyvə yetişəndə onu dərməkdən başqa bir dərmanı yoxdur, əks halda, günəş və külək onu xarab edəcək. Bakirə qızlar da qadınlıq inkişaf mərhələsinə çatanda, onların ərə verməkdən başqa bir dərmanı yoxdur. Yoxsa, azğınlıqdan və fəsaddan amanda olmayacaqlar.» Sonra Allahın Peyğəmbəri (s) minbərə qalxıb, camaatı topladı və Allahın fərmanını onlara çatdırdı.»[16]

865. Ailə qurarkən dinə əhəmiyyət vermək

2786. Allahın Peyğəmbəri (s): «Kim qadının gözəlliyinə görə onunla evlənsə, öz qəlbinin istədiyini onda görməyəcək. Kim qadınla onun var-dövlətinə xatir evlənsə Allah-taala onu həmin mal-dövlətə tapşırar. Beləliklə, sizə dindar qadınlarla evlənməyi tövsiyə edirəm.»[17]

2787. Allahın Peyğəmbəri (s): «Qadının gözəl surətini, onun gözəl dindarlığından üstün tutmaq olmaz.»[18]

2788. Allahın Peyğəmbəri (s): «Bir nəfər sizə elçiliyə gələn zaman dindarlığını və əmanətdarlığını bəyənsəniz, ona qız verin. Belə etməsəniz, yer üzündə çox fəsadlar və pozğunluqlar törəyəcək.»[19]

2889. İmam Həsən (ə) (onunla öz qızının evlənməsi barədə məşvərət edən bir kişiyə xitabən): «Onu təqvalı kişiyə ərə ver. Çünki sənin qızını sevsə ona hörmət edəcək və əgər sevməsə ona zülm etməyəcək.»[20]

 

866. Ağır mehriyyənin məzəmmət olunması

2790. Allahın Peyğəmbəri (s): «Ümmətimin ən yaxşı qadınları onların ən gözəl üzlüləri və ən az mehriyyəsi olanlarıdır.»[21]

2791. Allahın Peyğəmbəri (s): «Ən yaxşı mehriyyə, ən yüngül olanıdır.»[22]

2792. İmam Sadiq (ə): «Qadının bədbəxtliyi və başıbəlalığı, mehriyyəsinin çox olması və ərinə itaətsizliyidir.»[23]

 

867. Seçimə əhəmiyyət vermək

2793. Allahın Peyğəmbəri (s): «Yaxşı və ləyaqətli ailədən evlənin. Çünki qanın tə‘siri var.»[24]

2794. Allahın Peyğəmbəri (s): «Öz nütfələriniz üçün (yaxşı seçim) seçin. Çünki qadınlar qardaşlarına və bacılarına bənzəyən uşaqlar dünyaya gətirərlər.»[25]

2795. Allahın Peyğəmbəri (s) (camaata xitabən): «Xəzraud- diməndən (xarabalıqda bitən bitkidən) çəkinin.» Dedilər: «Xəzraud-dimən nədir?» Buyurdu: «Pozğun ailədə böyümüş gözəl üzlü qadın.»[26]

2796. Allahın Peyğəmbəri (s): «Axmaq qadınla evlənməkdən çəkinin ki, onunla həyat yoldaşı olmaq fəsad və onun övladları kaftar sifətlidir.»[27]

 

868. Ərin hüququ

2797. Allahın Peyğəmbəri (s): «Qadının üzərində ən böyük haqqı olan şəxs onun əri, kişinin üzərində ən böyük haqqı olan şəxs isə onun anasıdır.»[28]

2798. Allahın Peyğəmbəri (s): «Vay olsun ərini narahat edən qadına və xoş o qadının halına ki, əri ondan razı qalar.»[29]

2799. Allahın Peyğəmbəri (s): «Əgər bir kəsə digərinin qarşısında səcdəyə getmək əmri verəsi olsaydım, mütləq qadına öz əri qarşısında səcdə etmək əmri verərdim.»[30]

 

 

869. Qadının hüququ

2800. Allahın Peyğəmbəri (s): «Cəbrayıl daima mənə qadınlar barədə tapşırardı. Nəticədə, elə güman etdim ki, pozğunluğu sübut olunan haldan başqa, qadına təlaq vermək olmaz.»[31]

2801. Allahın Peyğəmbəri (s): «Qadının əri üzərində olan haqqı budur ki, əri onun qarnını doyursun, bədənini geyindirsin və heç vaxt ona sifətini turşutmasın.»[32]

2802. Allahın Peyğəmbəri (s): «Kişinin qadına dediyi «Mən səni sevirəm» sözü heç vaxt qadının qəlbindən silinməz.»[33]

 

870. Ərinə xidmət

2803. Allahın Peyğəmbəri (s): «Əgər qadın ərinə yeddi gün xidmət edərsə, Allah-taala Cəhənnəmin yeddi qapısını onun üzünə bağlayar və Cənnətin səkkiz qapısını onun üzünə açar ki, istədiyi qapıdan oraya daxil olsun.

Eyni zamanda buyurdu: «Öz ərinə bir qurtum su içirdən elə bir qadın yoxdur ki, bu əməli ona bir il gündüzləri oruc tutmaq və gecələri ibadətlə keçirməkdən daha yaxşı olmasın.»[34]

2804. İmam Sadiq (ə): «Ümmü Sələmə Allahın Rəsulundan (s) qadınların öz ərlərinə xidmətlərinin fəziləti barədə soruşanda, o Həzrət (s) buyurdu: «Qadın öz ərinin evini səliqəyə salmaq məqsədilə bir şeyi yerbəyer edərsə Allah-taala ona Öz nəzərini yetirər və Allah-taala nəzər yetirdiyi kimsəyə əzab verməz.»[35]

2805. İmam Kazim (ə): «Qadının cihadı, öz ərinə yaxşı qulluq etməsidir.»[36]

 

871. Qadına xidmət

2806. Allahın Peyğəmbəri (s): «Kişi öz arvadına su içirdən zaman savab qazanar.»[37]

2807. Allahın Peyğəmbəri (s): «Kişinin öz arvad-uşağının yanında oturması Allah yanında mənim bu məscidimdə etikaf etməsindən daha sevimlidir.»[38]

2808. Allahın Peyğəmbəri (s): «Öz arvadının ağzına bir loğma uzadan kişi savab qazanar.»[39]

 

 

 

872. Əri incitmək

2809. Allahın Peyğəmbəri (s): «Öz ərini incidən qadın ərinə kömək edib, onu razı salmayınca, Allah-taala onun namazını və xeyir əməlini – ömrü boyu oruc tutsa belə -qəbul etməz. Kişi də həmçinin, əgər öz arvadını incidib zülm etsə, həmin günah və əzab onun üçün də var.»[40]

2810. Allahın Peyğəmbəri (s): «Mən özü döyülməyə ondan daha çox layiq olan arvadını döyən kişiyə təəccüb edirəm.»[41]

2811. İmam Sadiq (ə): «Məl‘undur, məl‘undur, öz ərini incidən və onu qəmgin edən qadın. Xoşbəxtdir, xoşbəxtdir öz ərinə hörmət edən, əziyyət verməyən və bütün hallarda ona itaət edən qadın.»[42]

 

873. Pis xasiyyətə səbr etmək

2812. Allahın Peyğəmbəri (s): «Əgər kişi Allaha xatir və Onun mükafatına ümid edərək öz arvadının pis xasiyyətinə səbr edib, onu Allahın hesabına tapşırarsa, Allah-taala ona səbr etdiyi hər gecə və gündüzə görə Əyyub(ə) peyğəmbərin bəla müqabilində qazandığı savabı bəxş edər. Qadının gecə və gündüz etdiyi günahlar qumsallıqdakı qumlar qədər olsa belə.»[43]

2813. Allahın Peyğəmbəri (s): «Ərinin pis əxlaqı qarşısında səbr edən qadına Allah-taala Fir‘onun zövcəsi Asiyanın savabı qədər savab bəxş edər.»[44]

 

874. Ləyaqətli qadın

2814. Allahın Peyğəmbəri (s): «Mömin, Allahın təqvasından sonra ləyaqətli qadından yaxşı bir bəhrə götürməmişdir.»[45]

2815. Allahın Peyğəmbəri (s): «Dünyanın ən yaxşı neməti ləyaqətli qadındır.»[46]

2816. Allahın Peyğəmbəri (s): «Kişinin xoşbəxtliklərindən biri də ləyaqətli arvadı olmasıdır.»[47]

875. Ləyaqətsiz qadın

2817. Allahın Peyğəmbəri (s): «Ən pis şey ləyaqətsiz arvaddır.»[48]

2818. İmam Sadiq (s): «Mömini ən çox məğlub edən düşmən ləyaqətsiz zövcədir.»[49]

2819. İmam Sadiq (ə): «Allahın Rəsulunun (s) dualarından biri bu idi: «Qocalıq çağına çatmamış məni qocaldan qadından Sənə pənah gətirirəm.»[50]

876. Allaha qarşı günah etməkdə qadına itaət

2820. İmam Əli (ə): «Pis qadınlardan qorxun və onların yaxşılarından çəkinin. Əgər sizi bir xeyir işə çağırsalar qulaq aşmayın ki, haramda və pis işlərdə itaət etməyinizə tamahlanmasınlar.»[51]

2821. İmam Əli (ə): «İxtiyarı qadının əlində olan hər bir kişi məl‘undur.» [52]

 

877. Ailənin xərclərində bəzi incəliklərə riayət etmək

2822. Allahın Peyğəmbəri (s): «Kim bazara daxil olanda bir hədiyyə alıb onu öz ailəsinə aparsa, bir dəstə möhtaca sədəqə verən şəxs kimidir. Hədiyyəni verəndə qızlardan başlayın.»[53]

2823. İmam Səccad (ə): «Kim öz ailəsini daha çox rifahda və firavanlıqda saxlasa, Allah-taala ondan daha çox razı olar.»[54]

 

 

878. Toya də‘vəti qəbul etməyin qaydası

2824. Allahın Peyğəmbəri (s): «Toy mərasiminə də‘vət olunan zaman, ora getməkdə bir qədər ləngiyin. Çünki bu mərasim insana dünyanı xatırladar. Amma dəfn mərasiminə də‘vət olunan zaman ona getməyə tələsin ki, bu mərasim axirəti xatırladar.»[55]

2825. Allahın Peyğəmbəri (s): «Sizlərdən biriniz toy məclisinə də‘vət olunarsa, qəbul edin.»[56]

 

879. Evlənməyi aşkarlamağa həvəsləndirmək.

2826. Allahın Peyğəmbəri (s): «Bu toyları aşkar edin, onları məscidlərdə keçirin.»[57]

2827. Allahın Peyğəmbəri (s): «Toy mərasimini aşkar və elçiliyi gizli edin.»[58]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Nur, ayə 32

[2] Rum, ayə 21

[3] Biharul-Ənvar, c.103,səh. 220, hədis 18

[4] Biharul-Ənvar, c.103,səh. 222, hədis 40

[5] Biharul-Ənvar, c.103,səh. 220, hədis 23

[6] Biharul-Ənvar, c.103,səh. 221, hədis 34

[7] Kənzul-Ummal, hədis 44403

[8] Biharul-Ənvar, c.103,səh. 221, hədis 25

[9] Biharul-Ənvar, c.103,səh. 217, hədis 1

[10] Biharul-Ənvar, c.103,səh. 272, hədis 38

[11] Biharul-Ənvar, c.103, səh. 219, hədis 15

[12] Biharul-Ənvar, c.103,səh. 220, hədis 19

[13] Kənzul-Ummal, hədis 44448

[14] əl-Kafi, c.5,səh. 331, hədis 2

[15] əl-Xisal,səh.141, hədis 162

[16] Biharul-Ənvar, c.16,səh. 223, hədis 22

[17] Biharul-Ənvar, c.103,səh. 235, hədis 19

[18] Kənzul-Ummal, hədis 44590

[19] Biharul-Ənvar, c.103,səh. 372, hədis 3

[20] Məkarimul-Əxlaq, c.1,səh. 446, hədis 1534

[21] Biharul-Ənvar, c. 103, səh. 237, hədis 25

[22] Kənzul-Ummal, hədis 44707

[23] Məaniyul-Əxbar,səh. 152, hədis1

[24] Kənzul-Ummal, hədis 44559

[25] Kənzul-Ummal, hədis 44557

[26] Biharul-Ənvar, c.103,səh.232, hədis 10

[27] Biharul-Ənvar, c. 103, səh. 237, hədis 35

[28] Kənzul-Ummal, hədis 44771

[29] Biharul-Ənvar, c.103, səh. 246, hədis 24

[30] əl-Kafi, c.5,səh. 508 , hədis 6

[31] Biharul-Ənvar, c.103, səh. 253, hədis 58

[32] Biharul-Ənvar, c. 103, səh. 254, hədis 60

[33] əl-Kafi, c.5,səh. 569, hədis 59

[34] İrşadul-Qulub, səh. 175

[35] Biharul-Ənvar, c.103,səh. 251, hədis 49

[36] əl-Kafi, c.5,səh. 507 , hədis 4

[37] Kənzul-Ummal,hədis 44435

[38] Tənbihul-Xəvatir, c.2,səh. 122

[39] Muhəccətul-Beyza, c.3,səh. 70

[40] Vəsailuş-Şiə, c.14,səh. 116 , hədis1

[41] Camiul-Əxbar,səh. 447 , hədis 1259

[42] Biharul-Ənvar, c.103səh.253 , hədis 55

[43] Səvabul-Əmal,səh. 339 , hədis 1

[44] Biharul-Ənvar, c.103,səh. 247 , hədis 30

[45] Kənzul-Ummal, hədis 44410

[46] Kənzul-Ummal, hədis 44451

[47] əl-Kafi, c.5,səh. 327 , hədis 4

[48] Biharul-Ənvar, c.103,səh. 240 , hədis 52

[49] Mənla Yəhzuruhul-Fəqih, c.3,səh. 390 , hədis 4370

[50] əl-Kafi, c.5,səh. 316 , hədis 3

[51] Biharul-Ənvar, c.103,səh. 224 , hədis 4

[52] əl-Kafi, c.5,səh.518 , hədis 10

[53] Biharul-Ənvar, c.104,səh. 69 , hədis 2

[54] Biharul-Ənvar, c.78,səh. 136 , hədis 13

[55] Biharul-Ənvar, c.103,səh. 279 , hədis 2

[56] Kənzul-Ummal, hədis 44617

[57] Kənzul-Ummal, hədis 44536

[58] Kənzul-Ummal, hədis 44532


more post like this