Evlənərkən nə üçün, nə cür və hansı qayda ilə istixarə edilməldir? Allah-Taala yaradılışın ən gözəl, ən üstün və ən qiymətli gövhər və ləl-cəvahirini insana bəxş etmiş və bununla da insana bütün izzət, şərafət və kəramət bağışlamışdır. Yəqin ki, söhbətin hansı İlahi nemətdən getdiyini bildiniz… Bəli, bu gövhərin adı AĞILdır, hansı ki, düşüncələrimizə günəş kimi saçır, qəlblərimizi nurlandırır və həyat yolumuzu işıqlandırır.

İmam Əli (ə) buyurub: “Ağıl, insanın vücudunda evin ortasında sancılmış çıraq kimidir”.[1]

Biz bu qiymətli və İlahi gövhərin işiğında ondan düzgün və faydalı istifadə etməklə xeyiri, şəri, fayda və zərəri bir-birindən ayırıb ən xeyirli, ən faydalı işi seçirik.

 

Allahın Rəsulu, əzəmətli peyğəmbərimiz, həzrət Məhəmməd Mustəfa (s) buyurur: “İnkişaf, məsləhət və xeyirinizi ağlınızdan soruşun. O inkişaf yolunu və məqsədyönlü bir yolu sizə göstərərsə, onda itaət edin, onun əmrindən boyun qaçırtmayın ki, peşiman olarsınız”.[2]

 

 

Allah-Taala ilə məsləhətləşmək, yəni istixarə etmək, istəyən  hər kəs, öz ağlına müraciət və müdrik insanlarla məsləhət, məşvərət etsin ki, ağıl insanın vücudunda İlahi nur və Allah-Taala tərəfindən höccətdir.[3] Mömin insanın bələdçisi onun öz ağlıdır.[4]

 

İnsan ağıl vasitəsilə görür, eşidir, tədqiq edir, ölçüb-biçir, fikirləşir və məlumat əldə edir. Məchulu kəşf edib məlumat əldə etdikdən sonra, yəqinə çatır, inanır , bu yəqin və inamı ilə işlərini idarə edir, qərar verir, əməl və hərəkətə keçir.

Amma nəyə görə etinasızlıq və ehtiramsızlıq? Nəyə görə bəziləri bu qiymətli və əvəzsiz nemətin qədrini bilmir və ona etina etmirlər?

 

Bəziləri bu hidayət çırağını toz-duman və pisliklərlə söndürüb, nəticədə elm, yəqin və iman nurundan ki, ağlın məhsullarıdırlar, məhrum olurlar.

 

Qaranlıq gecələrə, sıx meşələrə, günəşin nuru düşmür və işıqsız qalan adam doğru yolu və ya heç bir yolu görmür. Buna görə də doğru addım ata bilmir, düzgün olanı seçə bilmir və nəticədə isə, bataqlıq və vəhşilərə yem olur. Ağlından düzgün istifadə etməyən şəxs, qaranlıq meşələrdə işıqsız qalan yolçu kimidir ki, dünya görüşü və bəsirəti olmadığı üçün həyatı şəkk-şübhə və vasvasıçılıq   bataqlıqlarında məhv olub gedir. Bu bataqlıqda sakit dayansan da, çapalasan da belə, daha dərinə gedir və çarəsizləşirsən. Belə bataqlığa düşənlər İlahi və müqəddəs şeyləri özünün şəkk-şübhəsinin oyuncaq və bəhanəsi edərək onun üzərinə yalançı müqəddəslik pərdəsi salır… O qədər şək-şübhəyə düşür və vasvası olur ki, hətta qapı-pəncərəni murdar bilib yuyur. Bir namaz üçün on dəstəmaz alır… Duşun altında saatlarla dayanır və qüslunu tamam etməmiş gücdən düşüb zəifləyir və halsız-hərəkətsiz qalır. Hər iş üçün, ağlını işə salmaq əvəzinə, ardıcıl olaraq istixarə edir. Bu işdə o qədər ifrat edib həddini aşır ki, istixarə etmək üçün də istixarə edir ki, görəsən, istixarə edim, ya yox!?…

 

Misal olaraq bu məktuba  diqqət yetirin:

 

(Məktub) “… Aman atamın istixarələri əlindən!… O, hər işdə istixarə edir, arvadını döymək üçün də belə!… Görəsən, kimisə döymək üçün də istixarə edirlər?… Görəsən, mənim ərə getməyim üçün istixarə vacibdir?

 

Neçə vaxt bundan öncəyə qədər, yaxşı yerdən bir çox elçilərim var idi. Amma dəfə  elçiliyimə gələn söhbətləşib, razılaşdıqdan sonra, atam başlayırdı istixarə etməyə. O qədər istixarə edirdi ki, onlardan biri pis gəlirdi… Axı, deyən yoxdur ki, ay qardaş, bir de görüm, evlənmək üçün də istixarə lazımdır? Xeyir və bəyənilmiş işdən ötrü də istixarə edərlərmi ki, Allahın Rəsulu həzrət Məhəmməd (s) barəsində buyurur: “Hər kəs evlənsə, mənim sünnətimə həyat verib dirildib və dininin yarısını qoruyub saxlayıbdır”. Bir bundan soruşan yoxdur ki, Peyğəmbərimiz (s) harada buyurub ki, əvvəl istixarə edin, sonra evlənin!?… Axı nə üçün həyatın və şəriətin asan işlərini özümüzə bu qədər çətin edib bir neçə nəfəri də öz nadanlığımıza qurbanı verməliyik? Axı, mən ərə getməməli və ya qardaşım evlənməməlidir ki, istixarə pis gəlir? Biz evlənməməliyik?!… Bəs nə vaxt?… Saçlarımız ağaranda?!…”.

 

(Cavab) … Ən yaxşı istixarə.

 

İstixarə, yəni Allah-Taaladan işlərində xeyir istəməkdir. Ən yaxşı istixarə budur ki, insan öz ağlından, dünya görmüş, müdrik insanların məsləhət və məşvərətlərindən faydalanıb təhqiq və tədqiq etsin, elçi barəsində axtarış aparsın, onun qohumlarını və dostlarını görüb ölçü götürsün və onun keçmişini yoxlasın… Daha yaxşı olar ki, bu mərhələlərdən sonra iki rəkət istixarə namazı qılıb namazdan sonra yüz dəfə “Əstəxirullahə birrəhmani – Allah-Taaladan öz rəhməti sayəsində xeyir istəyirəm” – desin və sonra görsün, ürəyi (ağıl və iman) ona nə deyir, ona əməl etsin.[5]

 

Belə olan surətdə Allah-Taala öz lütf və mərhəmətini ondan əsirgəməyəcək və onun işlərinin axır-aqibətini xeyir edəcəkdir.

 

Əziz bacım, siz də belə edin və Allah-Taaladan xeyir və mərhəmət diləyin və bilin ki, O, ən yaxşı köməkçidir. İnşaallah ki, atanız da qəflət tozunu ürəyindən silərək, şəkkdən əl götürərək, sizin xeyir işinizin həyata keçməsi üçün addım atacaqdır.

 

 

[1] – Şeyx Kuleyni, Əl-Kafi, 1/10-30, kitabul əql vəl cəhl, hədis: 1 – 36; Əllamə Məclisi. Biharul-ənvar, 1/99;

[2] – Yenə orada;

 

[3] – Yenə orada, hədis:23;

 

[4]- Yenə orada, hədis:24;

 

[5] – Vəsayiluşşiə 5/205 – İmam Musa Kazim (ə) ;

 

Seyid Əliəkbər Hüseyn

 

islammektebi.org


more post like this