Ər-arvadın müştərək həyatda hər şeydən çox qarşılıqlı anlaşmaya ehtiyacları vardır ki, bu iki şeyi aram, güzəştli, səmimi olmaq və hüquqlara riayət etməklə qazanmaq olar. Onlara lazımdır ki, həyatın müxtəlif məsələlərində danışıb-düşünməklə anlaşıb ortaq nəticəyə çatsınlar və güzəştlə öz istək və meyillərinə hörmətlə yanaşıb, bir-birini başa düşüb şirin həyat yaşasınlar.

 

 

 

Amma yenə də həmişə bu sual meydana çıxır ki, müştərək həyatda ailənin və evin idarəçiliyi kimin üzərinə düşməlidir? Ailənin ümumi siyasətlərini kim təyin edir? Ailə üzvləri harada, nə zaman, kimə itaət etməlidirlər?

 

 

 

Deməliyəm ki, kainatın maliki Allah-Taala, kişini ailənin mühafizəçisi və başçısı təyin etmiş, bu mühüm və ağır məsuliyyəti onun öhdəsinə qoymuşdur. Allah-Taala Qurani-Kərimdə buyurur: “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür! “[1]

 

 

 

Allah-Taala kişinin başçı olmasını bu mübarək ayədə iki dəlillə əsaslandırmışdır:

 

1.Kişinin daha qüdrətli, güclü və qüvvətli olması;

 

2. Ailənin dolanışıq xərclərinin kişinin üzərində olması;

 

 

 

Allah-Taala kişi və qadının vücudunu təsvir etmiş və yaratmışdır. Onların hər birinin ruhi, cismi bacarıq və qüdrətlərinin dərəcəsini çox yaxşı bilir və agahdır ki, onların hansı biri hansı məsuliyyətin öhdəsindən daha layiqincə gələ bilər. Buna görə də O, ailənin təlabatını təmin etməyi kişinin öhdəsinə qoymuşdur.

 

 

 

Kişi səhər erkəndən ailəsinə ruzi qazanmaq üçün evdən çıxır, müxtəlif xətər, çətinliklərlə üzləşib bir  çox zəhmət və əziyyətlərdən sonra ailənin yaşayış xərclərini qazanıb evə gətirir.

 

 

 

Sizin fikrinizcə, o, ailəsinin rifahı üçün bunca yorucu zəhmət və əziyyətləri qəbul etdikdən sonra, onun öz ailəsindən umacağı və gözlədiyi nədir? O, evə qayıtdığı zaman ailəsindən nə gözləyir?

 

 

 

Görəsən, onun istədiyi ailə və uşaqlarının onun zəhmətinə qiymət verib qədrini bilmələri və duz-çörəyi itirməmələri deyildirmi? Sizcə onun istəyi ailəsinin ona məhəbbət və qayğı göstərməsi, evə girərkən və evdən gedərkən xoş sözlərlə qarşılanıb və xoş sözlərlə gülə-gülə yola salınması, ona itaət və təşəkkür edilməsi və onu dəyərləndirməsi deyildirmi?

 

Əgər ailənin xanımı əliaçıq, ağıllı, ləyaqətli və qayğıkeş olub ərinin və övladlarının təhlükəsizliyini, salamatçılığını düşünərsə, yəqin ki, ərinin zəhmət və əməyinə qiymət verib ona təşəkkür edəcək, bu gözəl nemətləri ona bəxş etdikləri üçün Allah-Taala və ərinə itaət edəcəkdir.

 

 

 

Sağlam ruhlu və düşüncəli qadın dərk etməlidir ki, həyatın şirin, xoş olması ərin məhəbbətini qazanmaq və ona itaət etməyin sayəsində əldə edilir. Qadın bilməlidir ki, kişinin etimad, ehtiram və sevgisini qazanmaq üçün onun göstəriş və məsləhətlərinə hörmətlə yanaşmalı və ailəvi yaşayışda onun başçılığını qəbul etməlidir. Ağıllı qadın dərk edir ki, ərinə itaət etməkdə tənbəllik etsə və onun siyasətlərinə laqeyd yanaşsa, özünə zülm edərək özünü ərinin ehtiram, qayğı və sevgisindən məhrum etmişdir.

 

 

 

Əgər ailədə ailə başçısına itaət olmazsa və onun siyasətlərinə qarşı çıxılarsa, ailədə ixtilaf, ikitirəlik, özbaşınalıq, inadkarlıq yaranacaq və bu problem həyatın baharını qışa döndərəcək, yaşıl ağaclarını quru və meyvəsiz edəcəkdir. Amma əziz Peyğəmbərimiz (s) ailənin təravətini, şadlığını, səmimiliyini qoruyub saxlamaq, qadının itaətkarlığı, ailədə mənəvi sağlamlıq və nizam-intizamın davamlılığının vacibliyi haqqında buyurur: “Qadınların yaxşısı ərinin sözlərinə qulaq asıb itaət edən və onun göstərişlərinə uyğun əməl edəndir.”[2]

 

 

 

Bir məktubu sizin diqqətinizə çatdırıram. Oxuyun və kimin haqlı olduğunu deyin.

 

 

 

* “… Həyat yoldaşımla çox gözəl bir həyat yaşayıram. Arvadım məndən dəfələrlə savadlı olmasına baxmayaraq, mənə itaət edir və sözümü eşidir. Amma bəzi vaxtlar da olur ki, mənim sözümə baxmır. Məsələn, bəzən bizi qonaqlığa dəvət edirlər və ya mən evə qonaq dəvət etmək istəyirəm, mənimlə razılaşmır və iki ayağını bir başmağa salıb deyir ki, mən getmirəm və ya qonağın gəlməsinə razı deyiləm. Belə vaxtlarda məcbur oluram ki, tək özüm gedim, ya da evin bir küncündə oturub deyinə-deyinə həm özümün, həm də onun əhvalını pozam. Kaş ki belə məsələlərdə də mənimlə razılaşıb tam itaətkar olaydı… Bəzən mən də istəyirəm ki, onunla inadkarlıq edərək ata-anasıgilə getmək istəyəndə razılıq verməyim… Amma qorxuram ki, ailəmizə dava-dalaş düşə və həyatımız xarab ola…”.

 

 

 

? Əziz qardaşım! Yaxşı olardı ki, siz ailənizin itaətkarlığını cəlb etmək və öz ailə başçılığınızı düzgün yerinə yetirmək üçün bu iki məsələyə diqqət edəsiniz:

 

 

 

1. Öz umacaqlarınız üçün qabaqcadan ailənizdə itaət və qəbul şəraitini yaratmalısınız. Ailənizin ruhiyyə və imkanlarını nəzərə almalısınız. Onun ruhi və maddi imkanlarının xaricində olan bir şeyi ondan tələb etməməlisiniz. Gözləməməlisiniz ki, siz səfərə çıxmaq əmrini verən kimi o da həmin dəqiqə hərəkət etməlidir. Çünki o, bu iş üçün hazırlaşmalıdır. Qadın olduğu üçün qabaqcadan görəcəyi çox işləri vardır. Səfər qabağı evi səliqəyə salmalı, uşaqları hazırlamalı, səfərdə lazım olacaq şeyləri götürməli, səfərdə sakinləşmək imkanlarını yoxlamalı, özünün mənəvi və fiziki gücü, sağlamlığı haqqında ölçü götürməlidir və s…

 

 

 

Belə olan halda əgər siz onun ruhu və cismi gücü xaricində olan göstərişi versəniz və ondan gücü çatmayan və bacarmayacağı bir şey tələb etsəniz, onu itaətsizliyə məcbur etmiş olacaqsınız.

 

 

 

Möminlərin ağası həzrət Əli (ə) buyurmuşdur: “Hər kəs sənə, sənin güc və bacarığından artıq bir təklif, iş müəyyən etsə, sənin itaətsizliyinə icazə və razılıq vermişdir”.

 

 

 

2. Bilməlisiniz ki, itaətkarlıq yaxşı və bəyənilmiş işlərdəndir. Yəni arvadın ərinə itaəti yaxşı və bəyənilmiş işlərdəndir. Əgər ər, arvada pis və günah olan bir işin icrasının əmrini verərsə və ya ərin əmri Allahın və şəri hökmlərin ziddinə olarsa, ona bu əmrə itaət göstərmək vacib deyildir. O qədər qonaqlıqlar var ki, orada Allahın razılığı yoxdur. Belə olan hallarda arvad ərinə itaət etməyə bilər. Hər halda ərin göstəriş və əmrləri şəriətin ziddinə və arvadın ruhi və cismi gücü xaricində deyildirsə, ərə itaət etmək vacibdir.

 

 

 

Həzrət Peyğəmbərimiz (s) buyurur: “Üç qrup adama cəhənnəm odu dəyməyəcəkdir: Ərlərinə itaət edən və ərlərinin yoxsulluq zamanında səbirli, dözümlü olan qadınlara və ata-analarına yaxşılıq edənlərə”.

 

 

 

Sonda isə, hamımıza vacibdir ki, bütün xeyir və yaxşılıqları dərk etmək üçün böyük yaradana itaət və ibadət edək. Xoş o kəsin halına ki, həyatının bütün anlarında Allah-Taalanın itaətindədir.

 

 

[1] . “Nisa” surəsi, ayə: 34;

 

[2] . “Biharul-ənvar”, Əllamə Məclisi,103/235;

islammektebi.org


more post like this