«Ən maraqlısı isə odur ki, bu kitabın müqəddəsliyinə və onu ölümdən qurtaracağına inanan şəxs Islamın daşıyıcısı deyildi»
Azadlıq qəzeti
EV KÜLƏ DÖNSƏDƏ “QURANI-KƏRIM” SALAMAT QALDI Ətrafımızda nə qədər qeylü-qallı, ədalətsiz və haqsız işlər baş verir. Sayı-hesabı bilinməyən bu hadisə və olaylardan qurtuluş kimi insan övladı “Bunun da bir axır nöqtəsi var” deyə, özünə təsəlli verməyə çalışır. Bu təsəllinin ünvanı isə insanların birmənalı şəkildə inandıqları Allah və onun yer üzünə göndərdiyi müqəddəs kitabdır.
Müqəddəs kitabımız Qurani-kərimin qüdrəti qarşısında hər gün yeni-yeni faktlarla rastlaşırıq. Belə hadisələrdən biri də bu günlərdə Masallının Ərkivan kəndində baş verib.
Bu barədə məlumat verən mənbə kənddə bir evin yanğın nəticəsində külünün göyə sovrulduğunu bildirib. Bütün əşyaların və hətta dəmirdən olan hissələrin də əriyərək yandığını qeyd edən mənbə, evin içində yeganə olaraq Quranın salamat qaldığını bildirib. Bütün yanmış əşyaların və külün üstündə heç bir yeri zədələnmədən salamat qalan müqəddəs kitabı sanki tələf olan evin üstünə qeybdən gətirib qoyublar.

Analoji hadisənin biri də xeyli əvvəl soydaşımızın Azərbaycandan kənarda qulluq etdiyi gözətçi məntəqəsində baş verib. Belə ki, gözətçi otağı yanan azərbaycanlının yalnız pasportu salamat qalıb ki, bu sənədi də o, otağında Quranın üstünə qoyubmuş.

Bu sətirləri yazarkən, illər əvvəl qonşuluğumuzda yaşayan bir ailənin evində göz bəbəyi kimi saxladığı balaca, köhnə bir Quran kitabı yadıma düşür. Həmin kitab qonşu qadına atasından yadigar qalmışdı. Belə ki, onun atasını dediklərinə görə, 1941-45-ci illər Vətən müharibəsindən həmin kitab salamat qurtarıb. Hərbi paltarının ürək tərəfindəki cibində saxladığı bu kitabla bütün müharibəni başa vuran şəxs, sonradan onu qızına verib. Müharibənin od-alovundan, dəhşətli səhnələrindən atasını salamat qurtaran kitabı həmin qadın evinin ən əziz və nadir əşyası olaraq göz bəbəyi kimi qoruyurdu. Ən maraqlısı isə odur ki, bu kitabın müqəddəsliyinə və onu ölümdən qurtaracağına inanan şəxs Islamın daşıyıcısı deyildi. O və ailəsi köklü xristian olmaqla Bakıda yaşayıb da bizim dinimizə hörmət edənlərdən idi. Müqəddəs kitabımız isə müsəlmanlar kimi onu da təhlükə və ölümdən qurtarmışdı.

islamtimes.org


more post like this