Ruslan Növrəs

Eşq əhli bilər təkcə məhəbbətdəki mə`nanı,

Qəlbindəki hər surəti, fitrətdəki mə`nanı.

 

Cəm eylədi öz hümməti qarşında Nəmaz qıldı,

Göstərdi o Peyğəmbər ibadətdəki mə`nanı.

 

Öz kimliyini dərk edər, Allahı salar yadə,

Duyduğca bəşər əhli təbiətdəki mə`nanı.

 

Zahid, qınama bizləri – biz, nuş eləyək meydən,

Sən, sonra deyərsən bizə cənnətdəki mə`nanı.

 

Zahid demə arifdi bəsirət gözü aydındır,

Heç dərk edə bilməz o, bəsirətdəki mə`nanı.

 

Sən, sübhə qədər zahidə meydən gətir, ey saqi,

Onsuzda qanan şey deyil əlbəttə ki mə`nanı.

 

Bir dəm belə o sevgili yarım məni tərk etməz,

Dərk eyləsə hicrin qəmin, həsrətdəki mə`nanı.

 

Hər kim o gözəl gözlərə diqqətlə əgər baxmaz,

Növrəs, görə bilməz axı surətdəki mə`nanı.

canderyasi.com


more post like this