Eqoizm ifrat özünə məhəbbət, özünü istəmədir. Əxlaq alimləri eqoizmi “ümmül-fəsad”, yəni “fəsadların anası” adlandırmışlar.
Qeyd etmişdik ki, insanda iki “mən” mövcuddur: İnsani “mən” və heyvani “mən” İnsani mən ilahi aləmdən Allahın xəlifəsi olmaq üçün nazil edilmişdir. Ona görə də bu mən elm, mərhəmət, ehsan, kamillik sorağındadır. Heyvani mənin bütün istəkləri heyvanidir: diri qalmaq, qarnını doyurmaq, şəhvətini söndürmək və s. Nə insani, nə də heyvani istəklər tərif və ya məzəmmət olunmur. Əsas məsələ budur ki, bu qüvvələrə əql, yoxsa əmmarə nəfs başçılıq edəcək. Əgər əql hakim olsa, heyvani meyllər də ümumi insanlıq məqsədlərinə xidmət edəcək. Amma hakimiyyətə nəfs gəlsə insanda heyvani mən baş qaldıracaq və bu heyvani mən yalnız öz heyvani istəkləri üçün çalışacaq. Eqoizm budur!
Eqoist insan vəzifə, var-dövlət, tərif qazanmaq üçün bütün insani dəyərləri ayaq altına alır. Bu insan əmmarə nəfsin quludur. O, nəfsi razı salmaq üçün bütün günahlara batmağa hazırdır. Elə ona görə də eqoizm günahların anası adlandırılır.
Eqoizmin ən yüksək mərtəbəsi özünə pərəstişdir. Bu mərtəbəyə çatmış insan tədricən allahlıq iddiasına düşür. Məsələn, “Quranın filan ayəsi ağılabatan deyil”, deyir. Allah təala belə insanları “nəfsini özünə tanrı edənlər” adlandırır. (“Fürqan”, 43)


more post like this