Gəlin, adı çəkilən alimin gətirdiyi dəlilləri araşdırmazdan qabaq müsəlmanların mövqeyini, onların həzrət Peyğəmbəri (s) savadsız saymasının səbəblərini araşdıraq.
1. Bizim əqidəmizcə, İslam Peyğəmbəri (s) elm və əməl baxımından bütün bəşəriyyətin məhsulu, meyvəsi olmuşdur. Onun səmavi kitabı, qanunları və hökmləri, moizə və nəsihətləri elminə və fövqəladə dini maarifinə aşkar sübutdur.
2. Əqidəmizcə, İslam Peyğəmbəri (s) yaranış aləminin sirlərindən, varlıq aləminə hakim olan qanunlardan xəbərdar olmuşdur. Heç bir müsəlman bu həqiqəti inkar etmir və hamı onun buyuruqları, gətirdiyi kitab qarşısında təzim edir.
3. Əqidəmizcə, həzrət Peyğəmbər (s) bütün bu kamillikləri vəhy yolu ilə qazanmışdır. O bütün bu dərsləri Peyğəmbərlik məktəbində öyrənmişdir. O heç vaxt müəllimdən dərs almamış, kimdənsə elm əxz etməmişdir. Çünki Peyğəmbərlik digər elmlər kimi təhsil yolu ilə əldə edilmir. İlahi biliklər Allah-təalanın layiq bəndələrinə əta etdiyi nemətlərdəndir.
4. Hər bir müsəlman yuxarıda deyilənləri etiraf edərək bildirir ki, həzrət (s) heç vaxt dərs oxumamışdır. Dərs oxumamaq isə bilməmək demək deyildir. Ümumiyyətlə, böyük Peyğəmbərlər dərs oxumasalar da, bəşəriyyətin ən böyük müəllimləri sayılırlar. Həzrət Adəm (ə) də dərs oxumamışdır. Hansı ki, o, Quranın buyurduğu kimi, mələklərin müəllimi idi. Bu məsələlərə “Bəqərə” surəsinin 28-32-ci ayələrində toxunulur.
Əgər savadlı olmaq geniş məlumatlara malik olmaq deməkdirsə, demək, Peyğəmbərlər də savadlı olmuşlar. Yox əgər savadlı dedikdə dərs oxuyan adam nəzərdə tutulursa, demək, Peyğəmbərlər bizim nəzərdə tutduğumuz məktəblərdə elm öyrənməmişlər. Həzrət Peyğəmbərin (s) iftixarlı ömür səhifələri və aşkar Quran ayələri Peyğəmbərin (s) savadsız olduğunu ciddi şəkildə təkzib edir.
5. Müsəlmanlar etiqadlıdırlar ki, həzrət Peyğəmbər (s) besətdən, yəni Peyğəmbərliyə çatmazdan əvvəl kitab oxumamış və yazı yazmamışdır. Bu məsələ Quranda açıq-aşkar bəyan olunur: “Quran nazil olmamışdan qabaq bir kitab oxumazdın və əlinlə yazı yazmazdın..” Ayədə bu da qeyd olunur ki, kafirlərin onun Peyğəmbərliyinə şübhə etməməsi üçün belə olmuşdur. Bu barədə ətraflı şəkildə danışacağıq.
Bəs besətdən sonra necə, Peyğəmbər yazıb-oxumuşdurmu? Bu barədə müxtəlif fikirlər mövcuddur. Belə bir mövqe daha güclüdür ki, həzrət (s) besətdən sonra da nə yazmış, nə də oxumuşdur. İslami rəvayətlərin bildirdiyinə görə, Həzrət (s) məktubların mətnini deyər, başqaları isə yazardılar.
Bəzi alimlərin fikrincə, Həzrətin yazıb-oxumaması hələ onun bu işləri bacarmamasına dəlil deyil. Çünki Peyğəmbərin yazıb-oxumaq kimi qabiliyyətlərdən məhrum olması inandırıcı deyil. O, bu qabiliyyətlərdən istifadə etməmiş də olsaydı, hər halda yazıb-oxumağı bacarardı.
Mərhum Məclisi buyurur: “Həzrət Peyğəmbərin (s) yazıb-oxumaq bacarığı şübhə doğurmur. Bir belə möcüzələrə, kəramətlərə, elm və biliyə sahib olan bir şəxs yazıb-oxumağı bacarmaya bilməzdi.”
Qayıdaq Peyğəmbərin (s) yazıb-oxuduğunu iddia edən yazıçının dəlillərinə. Bu alim isbat etməyə çalışır ki, İslam Peyğəmbəri (s) besətdən əvvəl və sonra həm yazmağı, həm də oxumağı bacarırmış


more post like this