“Allaha and olsun ki, mömin bəndə əziz və cəlil olan Allahdan ehtiyacını diləməkdə israr etsə, mütləq ehtiyacı aradan qaldırılar”

 

 

 

Uca Allah, insanı kamalı axtaran fitrətlə yaratmışdır. Beləcə, mütləq kamalın axtarışında olmasını istəmişdir. Kamala çatması üçün də ona ağıl nurunu bəxş etmiş, Peyğəmbərləri və Əhli-beyt imamlarını isə onun yol göstəricisi və nümunəsi etmişdir. Kamala çatmaqda səhv buraxılmaması üçün nümunə olaraq təqdim etdiyi o uca şəxsləri ismətlə təchiz etmişdir. Ta ki, onların sözləri və etdikləri, heç bir səhv şübhəsinə yer olmadan etibarlı kamal yolunu işıqlandırsın.

 

Kamala çatmağın yeganə yolu isə, ibadətləri yerinə yetirmək və uca Allaha itaət etməkdir. İnsana verilən ağılın müstəqil olaraq ibadətlərin mahiyyətini idrak etməsi və necə ediləcəyini bilməsi mümkün olmadığından, insan, hidayət öndərlərinə müraciət etmə və əskiksiz olaraq onların söz və əməllərini tətbiq etməyi zəruri bilmişdir.Buna görə, ən yaxşı ibadətlərdən biri olan və uca Allah ilə əlaqə yaratmağın ən gözəl yolu duada da günahsız öndərlərin, Rəsulullah (s) və Əhli-beyt İmamlarının üsul və hərəkətinə diqqət olunmalıdır. Bu üsulların bəzisini nəzərinizə çatdırırıq:

 

1- Duadan əvvəl Allahı tərifləmək:

 

İmam Cəfər Sadiq (ə) belə buyurmuşdur: “Sizlərdən biri hər hansı bir istəkdə olsa (diləyinin reallaşması üçün Allaha dua etdikdə), əvvəl Allahı tərifləməlidir. Çünki Sultandan bir şey istəyən kimsə, əlindən gəldiyi qədər əvvəl ən gözəl sözləri dilə gətirir (sonra istəyini dilə gətirir). ”

 

Əhlibeyt İmamları Allahın hüzuruna yönəlib dua etdikdə, duaya Allahı mədh etməklə başlayardılar. Necə ki, İmam Əli (ə) hər cümə axşamı axşam və şaban ayının on beşinci gecəsində oxunması tövsiyə olunan məşhur Kumeyl duasına, uca Allahın geniş rəhmətini və sonsuz gücünü dilə gətirərək başlamışdır. Eyni şəkildə İmam Məhəmməd Baqir (ə) da Simat duasının başlanğıcında Allahı tərifləyərək belə dua etmişdir: “Allahım! Səni əzminlə çağırıram. O ad ki, göylərin qapısının açılması üçün oxunar…” İmam Zeynəlabidin (ə) da Səhifəyi Səccadiyənin beşinci duasına belə başlamışdır: “Ey əzəmətli möcüzələri tükənmək bilməyən uca Allah!…”

 

 

 

2- Duaya salavatla başlamaq:

 

Duaya başlamazdan əvvəl Peyğəmbərə (s) və Əhli-beytinə salavat söyləmək əhəmiyyətlidir. Çünki salavat elə bir duadır ki, hər vaxt uca Allahın dərgahında qəbul olunmuşdur. Salavatla birlikdə edilən dua da qətiliklə qəbul olunacaqdır. Çünki Allah Təala, duanın bir qismini qəbul edib bir qismini qəbul etməkdən pak və ucadır. İmam Cəfər Sadiq (ə) belə buyurmuşdur: “Hər kim əziz və cəlil olan Allahdan ehtiyacını diləmək istəsə, Məhəmməd və Əhli-beytinə salavat göndərməklə başlasın, sonra Allahdan ehtiyacını diləsin, sonunda da Məhəmməd və Əhli-beytinə salavat göndərsin. Çünki əziz və cəlil olan Allah, duanın başını və sonunu qəbul edib ortasını rədd etməkdən daha ucadır. Çünki Məhəmməd və Əhlinə göndərilən salavat, örtülü qalmaz.”

 

 

 

3- Allahın nemətlərini dilə gətirmək:

 

Əhli-beyt İmamları dua etdikdə, istəklərinə uyğun olaraq Allahın nemətlərini sayır, daha sonra istəklərini dilə gətirərdilər. Necə ki, İmam Əli (ə) Kumeyl duasında uca Allahın mənəvi nemətlərini xatırlatmaqda; “Allahım! Nə qədər pisliklərimi gizlətdin! Nə qədər səhvlərdən məni qorudun! Nə qədər layiq olmadığım gözəl tərifləri mənim üçün xalq arasında yaydın!…” buyurmaqdadır. İmam Zeynəlabidin (ə) də Ramazan ayı gecələrində oxunması tövsiyə edilən Əbu Həmzə Sümali duasında belə buyurmuşdur: “Allahım! Bilirəm ki, ümidli olanların istəklərini qarşılamağa hazırsan, narahat olanların halını gözləməkdəsən…”

 

 

 

4 – Ağlayaraq və yalvararaq dua etmək:

 

Necə ki, bir ayədə belə buyrulur: “Rəbbinizə yalvararaq və gizlicə dua edin. ” İmam Cəfər Sadiq (ə) belə buyurur: “Uca Allah, Musaya belə vəhy verib: Mənim hüzurumda dayandığın zaman, möhtac və zəlil kimi dayan.”

 

İnsan, həqiqi mənada kasıbdır. Çünki sahib olduğu hər şey Allahındır. Canı, malı, zahiri və bütün nemətlər Allahdandır. Buna görə, insan dua edərkən həqiqətən dilənməkdədir. Necə ki, Allah Elçisi (s) Allaha yalvarar və dua edərkən, yemək istəyən bir səfil və miskin kimi əllərini yuxarı qaldırardı.

 

 

 

5- Cəm şəkildə dua etmək:

 

İslam dinində camaata və birliyə çox böyük əhəmiyyət verilmişdir. Hətta namaz kimi fərdi ibadətlərin belə camaatla qılınmasının daha fəzilətli olduğuna vurğulanmış, savabının qat-qat çox olduğu deyilmişdir. Dua da camaatla edildikdə, qəbul olunmağa daha yaxın olur. Necə ki İmam Cəfər Sadiq (ə) belə buyurmuşdur: “Dörd adam bir araya gəlib hər hansı bir şey haqqında Allaha dua etsələr, mütləq razılıq edildiyi halda ayrılarlar. ” Bu səbəblə İmam Məhəmməd Baqir (ə) hər hansı bir çətinliklə qarşı-qarşıya qaldıqda, evdəki qadın və uşaqları toplayıb, dua edərdi, onlar da amin deyərdilər.

 

 

 

6- Başqalarına dua etmək:

 

İslam elə bir dindir ki, insanlığın fərdi və ictimai bü-tün istiqamətlərini diqqətə alıb. Başqalarına köməkçi olmağı hər şəxsin, hətta hər müsəlmanın əhəmiyyətli vəzifələrindən biri saymışdır. Necə ki Allah Elçisi (s) belə buyurmuşdur: “Hər kim hər səhər müsəlmanların başına gələn çətinliklərə əhəmiyyət verməsə, müsəlman deyil. ”

 

Bu istiqamətdə Rəsulullah (s) buyurmuşdur ki: “Sizdən biri dua edəndə, hamı üçün dua etsin. Çünki bu dua, razılığa daha yaxındır. Hər kim özünə dua etməmişdən əvvəl qardaşlarından qırx nəfər üçün dua etsə, o dua, həm onlar, həm də özü haqqında müstəcəb olar.” İmam Rza (ə) dua edərkən belə buyurardı: “Allahım! Dünyanın hər yerindəki möminləri bağışla. ”

 

İmam Həsən (ə) də anası Hz.Fatimənin (s.ə) ibadətilə əlaqədar belə buyurar: “Bir gecə anam səhərə qədər dua və ibadətlə məşğul idi. Müsəlmanlara və qonşulara dua edir, amma özü üçün əsla dua etmirdi. Səhər olunca anam-dan elə etməsinin səbəbini soruşdum. Buyurdu ki: Əvvəl qonşu, sonra ev əhli.”

 

 

 

7- Gecə vaxtı dua etmək:

 

Gecənin qaranlığı ən gözəl fürsətdir dua etmək üçün, uca Allah ilə münacat üçün, ibadət üçün. Xüsusilə bütün gözlərin rahat bir yuxuya getdiyi gecənin yarısı… Necə ki İmam Zeynəlabidin (ə) gecə yarısında, bütün insanların yatdığı saatlarda dua edərdi. İmam Məhəmməd Baqir (ə) də gecə namazından sonra dua edərdi.

 

 

 

8- Namazlardan sonra dua etmək:

 

Namaz, ruhun meracı və qulun Allah ilə əlaqəsidir və əlaqə halında istəyi dilə gətirmək üçün ən gözəl fürsətdir. Bu baxımdan İmam Cəfər Sadiq (ə) namazdan sonra əlini duaya qaldırardı. İmam Zeynəlabidin (ə) də günorta namazından sonra dua edərdi. İmam Cəfər Sadiq (ə) belə buyurur: “Üç vaxtda dualar Allahın nəzərindən kənarda qalmaz: Fərz namazının ardından, yağış yağdığı zaman və yer üzündə Allahın möcüzəsi ortaya çıxdığı zaman. ”

 

 

 

9- Müqəddəs vaxtlarda dua etmək:

 

Əhli-beyt İmamları, duanın qəbul olmasına səbəb olan müqəddəs zaman və saatlara çox əhəmiyyət verərdilər və istəklərini o saatlarda Allahın hüzuruna təqdim edərdilər. Necə ki Əhli-beyt İmamlarından nəql edilən duaların bir çoxu müəyyən bir vaxta xasdır. Məsələn İmam Zeynəlabidin (ə) mübarək Ramazan ayının gecələrində hər gecə namazından sonra Əbu Həmzə Sümali duasını oxuyardı. İmam Musa Kazım (ə) Məbəs Bayramında (Peyğəmbərimizin peyğəmbərliyə seçildiyi gün) dua oxuyardı. İmam Əli (ə) Şaban ayının on beşinci gecəsində səcdə halında Kumeyl duasını oxuyardı.

 

 

 

10- İsrar etmək:

 

Dua etmənin bir başqa ədəbi də, davamlı ilahi mövqeyə yönəlmək və istənilən şeyi almaq üçün israr etməkdir. Hədislərdə bu barədə tövsiyə edilmiş, “Əziz və cəlil olan Allahdan ehtiyacını diləyən… duada israr edən qula Allah rəhmət etsin.” buyurulmuşdur. Bir hədisdə də İmam Məhəmməd Baqirdən (ə) belə nəql edirlər: “Allaha and olsun ki mömin bəndə əziz və cəlil olan Allahdan ehtiyacını diləməkdə israr etsə, mütləq ehtiyacı aradan qaldırılar.”

 

Redaktor Nəcəf

 

 

Ziyaret.az

 


more post like this