Şəhidlər ağası İmam Hüseyn (ə) buyurub: “Allahın Rəsulundan (s) eşitdim ki, buyurdu: “Mehdi Fatimənin övladlarındandır”.
Yenə o həzrət buyurur: “Peyğəmbər (s) anam Fatiməyə buyurdu: “Ey Fatimə! Sənə müjdə olsun, Mehdi sənin övladlarındandır”.”
Həzrəti Fatimə (əleyha-salam)-ın mövlud günlərində onun 11-ci övladı, müsəlmanların 12-ci imamı və bəşəriyyətin həqiqi xilaskarı Həzrət Mehdini (əc) xatırlamaq gözəl olardı. Bu işə görə xanım Fatimə (əleyha-salam) çox sevinər və həm də bizdən razı qalar
Yadımıza salaq ki, xanım Fatimə (əleyha-salam) imam yolunda canını fəda edən ilk şəxsdir. Doğrudur, bu sözləri deməklə onun mövlud günündə qəlblərimiz qəmlənər. Amma çarə yoxdur, deməliyik: Zəhra (əleyha-salam) Əli (əleyhis-salam)-ın qəriblik, məzlumluq və tənha qaldığına görə dözə bilmirdi. Axır nəfəsinə qədər öz imam və rəhbəri yolunda mübarizə apardı və canını qurban etdi. Həzrət Əli (əleyhis-salam) və sonrakı 11 imam hamısı Allah tərəfindən imamdırlar. Və imamlıqda bərabərdirlər. Elə bilirəm ki, Həzrət Zəhra (əleyha-salam)-ın həyatını yaxşıca öyrənib tanış olsaq, bizlərə çox şey aydın olar. Zəhra (əleyha-salam) hər bir sahədə bütün insanlar: istər qadın, istərsə də kişilər üçün gözəl örnək və nümunədir. O xanım Allaha imanlı olmaq, ona necə ibadət və itaət etmək və onun bütün qayda-qanunlarına necə riayət etmək dərsini verməkdə böyük müəllimdir. Biz Həzrət Zəhra (əleyha-salam)-dan dərs almayıb kimdən dərs alarıq? Zəhra (əleyha-salam) imam deyil. Onun da imamı var idi. O da imama itaət edirdi. Ən nəhayət, Allah yolunda apardığı ən axırıncı rolu dövrünün imamı yolunda mübarizə aparmaq və əgər imam yolunda can qurban vermək idisə, bunu da etdi.
Əzizlərim, ən əvvəl budur ki, bir müsəlman olaraq öz İslami tariximizdən, dinimizin qayda-qanunlarından və 14 məsumun həyat yolundan xəbərdar olmağımız lazımdır və bunlarla dərindən və yaxından tanış olmalıyıq.

Allaha olduğu kimi inanmışıqmı?

Allahı necə tanıyırıq? Ona nə qədər inanırıq? Onun əmrlərini yerinə yetirməyə nə qədər hazırıq? Onun nəyə qadir olduğunu bilirikmi? Özümüzü inandıra bilmişikmi ki, Allah başımızın üstündədir və heç bir yaxşı və pis əməl ondan gizli deyildir? Ona məhəbbətimiz nə dərəcədədir? Ona olan iman və məhəbbətimiz bizi dünyapərəstlik, nəfs və şeytanpərəstlikdən nə qədər uzaqlaşdıra bilir? Günah etmək istəyəndə ondan çəkinir və qorxuruqmu? Günahlarımıza görə ondan nə qədər həya edir və xəcalət çəkirik? Onu böyük bir varlıq, rəhbər və başçı kimi qəbul etmişikmi? Həyatımızı onun qanunları əsasında qurmaq istəyirikmi? Ümumiyyətlə, biz kimə bəndəlik və xidmət edirik? Nəfsimizə xidmət edirik, yoxsa bizi yoxdan yaradan və yaşadan Allaha? Əlbəttə, sual çoxdur. Sadəcə insafla suallara cavab vermək azdır.

Hər şey Allaha məxsusdur.
Peyğəmbərləri kitabları ilə göndərən və imamları müsəlmanlar üçün rəhbər təyin edən odur. Onların hamısı Allahdan danışır, ona ibadət və itaətə dəvət edir, ondan qorxur və qorxudur, onun hökmlərini insanlar arasında bərpa etmək istəyiblər. Allah bu işlə öz hakimiyyətini yer üzündə bərpa etmək istəyib. Hər işimiz Allah əlindədir. Əvvəl də, axır da odur. Yaradan, yaşadan və öldürən odur, sabah qiyamət gününü – vədə verdiyi – kimi bərpa edəcək hər şeyə qadir odur. Deməli, biz Allahı olduğu kimi tanımalı, ona inanmalı, arxayın olmalı və ona bəndəlik edib onu razı salmalıyıq. Və nəticədə bizi əbədi səadət və feyzə çatdırsın.
Ey əziz insan! Bu deyilənlər səncə yalandırmı? Əgər kimsə bu deyilənləri yalan hesab edirsə, onda özü düşündüyü və istədiyi kimi yaşayar və nəticədə azğınlığa uğrayar. Yox əgər doğrudursa, onda nə durubsan özünə gəl və özün üçün çarə qıl. Ölüm yaxınlaşır, ömür qısalır. Allaha sarı gedirik. Yaddan çıxartmayaq bu dünya bu gün var, sabah yoxdur. Fürsətdən istifadə edək. Onsuz da biz Allahın məxluqlarıyıq. Ondan qaça bilmərik.
Əllamə Məclisi (rə) nəql edir: “Bir nəfər kişi İmam Hüseyn (əleyhis-salam)-ın hüzuruna gəlir və deyir: “Mən günahkar bir kişiyəm və günahın qarşısında səbr edə bilmirəm, onda məni nəsihət et”. Bu vaxt İmam Hüseyn (əleyhis-salam) buyurdu: “5 işi yerinə yetir, ondan sonra nə qədər günah edirsən et. 1-Allahın ruzisindən yemə, 2-Allahın hakimiyyəti altından çıx, 3-Elə bir yer tap ki, Allah orda səni görməsin, 4-Əzrayıl canını almaq istəyəndə ona təslim olma, 5-Cəhənnəmin sahibi səni cəhənnəmə daxil etdikdə sən daxil olma. Əgər bunları edə bilərsənsə, hər nə qədər günah istəyirsən et”.”
Bəli, doğrudan da, böyük dərsdir. Bu beş cümlədən öz dərsini alan adamın xoş halına.
Bütün bu deyilənlər bilək bizi haradan bura kim gətirib? Bura haradır? Nə etməliyik və bu işlərin axırı necə olacaq?

Azca dərindən düşünək.
Gəlin hamımız oturaq və düşünək. Elə bir formada düşünək ki, o düşüncə bizi nəsihət edib kimliyimizi, gücümüzü və qiymətimizi bizə bəlli etsin.
Əlbəttə, söhbətin mövzusu İmam Zamandır (əc). Amma İmam Zamanın (əc) Allahını olduğu kimi tanımayıb güclü imanı olmadan İmam Zamanı (əc) haradan tanıyıb inanmaq olar? İmam Zamanı (əc) imam kimi bizə təyin edən Allaha olduğu kimi ibadət və itaət etmədən İmam Zamana (əc) necə itaət olunar? İmam Zamanın (əc) sevdiyi Allahı sevməyən şəxs İmam Zamanı (əc) necə sevə bilər? Allahın əmrlərini yerinə yetirmək istəməyən şəxs İmam Zamanı (əc) nə edir? Allah hökmlərinin cəmiyyətdə hakim olmasını istəməyən şəxsin İmam Mehdinin (əc) ədalətli hakimiyyəti nəyinə lazımdır.

İmam Mehdi (əc) ilə tanışlıq
İmam Mehdinin (əc) qeybəti dövründə oxunulması lazım olan duaların birində deyilir:
“İlahi! Özünü mənə tanıtdır. Çünki əgər özünü mənə tanıtdırmasan, səni və sənin Peyğəmbərini tanımaram. İlahi! Peyğəmbərini mənə tanıtdır, çünki əgər Peyğəmbərini mənə tanıtdırmasan, sənin İmamını tanımaram. İlahi! İmamını mənə tanıtdır, çünki əgər İmamını mənə tanıtdırmasan, dinimdə azğınlıq və zəlalətə düşərəm …”
Ey əziz insan! Bax gör əvvəl Allahı, sonra Peyğəmbəri, daha sonra isə İmamı tanımalıyıq. Bu gücü də Allahdan almalıyıq. Bax gör İmam Zamanla (əc) nə qədər tanışıq? Ona nə qədər inanır və sevirik? Zehn və qəlbimizdə onun üçün nə qədər yer ayırmışıq? İmam Zamanı (əc) olduğu kimi tanımadan, inanmadan, sevmədən, onu öz həyatının davamı üçün bir vasitə və İmam kimi saymayan şəxsin heç qulağına olmaz ki, İmamın zühuru üçün dua etsin və onun tez gəlməsi üçün çalışsın. Belə çəxsin vecinə deyil İmam Zamanın (əc) dərdinə qalıb qəriblik və tənhalığı üçün kədərlənib ağlasın. Unutmayaq ki İmam Zamanın (əc) süfrəsindən çörək yeyir və yaşayırıq. Onun hesabına Allah bizə həyat verir və bizim qayğımızı çəkir. Hesabına görə yaşadığımız şəxsə bu qədər ögey və laqeyd münasibət bəsləmək ən azından insafsızlıqdır.

Qeybət dövründə müsəlmanların vəzifəsi
İmam Zamanın (əc) qeybəti dövründə müsəlmanların müəyyən vəzifələri vardır. Onlar ibarətdir:
1) O Həzrətin qeybdə olduğu dövrdə onun üçün qəmgin olmaq.
2) Yer üzünün ədalətlə dolması və İslam dininin bütün dinlərə qalib gəlməsi üçün, hər bir zaman və məkanda o Həzrətin zühurunu gözləmək.
3) O Həzrətin mübarək vücudunu bütün insanlardan və cinlərdən ibarət olan şeytanların şərindən qorunması üçün dua etmək, o Həzrətin zühurunun tezliklə olmasını Allahdan istəmək, kafirlərə və münafiqlərə qələbə çalmasını istəmək. Bu özü də bir növ o Həzrətin qarşısında təvazökarlıq etmək və ona qarşı məhəbbətin artması deməkdir.
4) O Həzrətin mübarək vücudunun qorunması üçün hər vaxt mümkün olan miqdarda sədəqə vermək.
5) O Həzrətin əvəzində həcc etmək, necə ki, bu şiələr arasında adət idi.
6) O Həzrətin mübarək adını eşidən zaman onun hörmətinə xatir ayağa qalxmaq, xüsusilə mübarək Qaim adını eşidəndə.
7) İmanın və dinin şeytanların şübhələrindən qorunması üçün yazılmış duaları oxumaqla Allahdan yardım diləmək.
8) Xəstəliklər, çətinliklər və bəlalar insana üz verən zaman o Həzrətdən kömək istəmək və hər hansı bir şübhənin dəlili üçün, həmçinin bəlanın yox olması üçün Həzrətə üz gətirmək.

Əzizlərim! Gəlin insafla hökm edək: Bu vəzifələrin hansı birinə yaxından yanaşır və ona əhəmiyyət veririk? Çoxları bilmir qeybət dövründə vəzifəsi nədir!? Bilməyənlərə kim çatdırmalıdır? Niyə qəflət yuxusuna dalmışıq? İmam Zamanla (əc) sıx əlaqə bağlamaq və İmam Zaman (əc) qidası almaq üçün ən gözəl üsul cümə günlərində “Nudbə” duasını oxumaqdır. Hansı birimiz bu duanın cəm şəkildə məscid, hüseyniyyə və evlərdə oxunmasına cəhd edirik? Boş “İmam Zaman (əc) sevirəm”lə iş düzəlməz.
Aman! Şiənin öz dininə etinasızlıq və laqeydliyindən. Yaxşı bilirik ki, Əhli-Beyt məktəbi haqdır. Bu haqq məktəbi ilə həmişə mübarizə aparılıb və aparılır. Allahdan tutmuş İmam Zamana (əc) qədər saysız-hesabsız sərvətimiz vardır. Bəs nəyimiz yoxdur? Niyə bu sərvətdən istifadə etmir və edə bilmirik. Bir baxın görün İslam düşmənlərinin hədəf və məqsədləri puçdur. Amma öz məqsədləri yolunda gecə-gündüz çalışırlar. İnsanları haqqdan yayındırmaq üçün nə oyunlardan çıxırlar. İmam Zaman (əc) və onun tez zühur etməməsi üçün hansı zidd, əks təbliğatlardan istifadə etmirlər? Amma müsəlman başını aşağı salıb bu dünyasını abad etmək fikrindədir. Qərb mədəniyyətini yamsılamaq istəyir. Daha düşünmür ki, dini və insani dəyərlərə sahib olmalıdır. Və bu dini və insani dəyərləri qorumaqla, həm dünya həm də axirət xeyirlərini əldə etməlidir. Əgər belə etsə düşmən meydanımızda at oynatmaz. Bizə vacibdir ki, öz dinimizin və İmam Zamanımızın (əc) qədrini bilək və bu yolda çalışaq.
Ey əziz insan! Bu yazılanları həmişəki kimi oxuyub üstündən yüngül və tez keçmə. Əvvəla, başqasına da ver oxusun, sonra isə özün dərindən fikirləş. Gör bunlar nə sözlərdir? Gör Allah, din səndən nə istəyir? Gör sən kimə və nə üçün lazımsan? Və gör qərib, məzlum və qeybətdə zühurun intizarını çəkən İmam Zamanın (əc) səndən nə tələb edir? Hamımız canımız, dilimiz, qələmimiz və malımızla İmam Zaman (əc) ağanın gələcəkdə quracaq ədalət hakimiyyəti uğrunda çalışmalıyıq. Onsuz da gec-tez Allah bu hakimiyyəti yer üzündə quracaq. Amma çalışmaq lazımdır ki, bu quruculuqda sənin də iştirakın olsun.

İmam Mehdi (əc) kömək istəyir.
İmam Hüseyn (əleyhis-salam) Aşura günü fəryad edirdi: “Mənə kömək edən bir şəxs varmı ki kömək etsin?”. Həzrət Mehdi (əc) hər gün fəryad edərək müsəlmanlardan kömək istəyir: “Bir nəfər varmı ki, mənə kömək etsin? Bir nəfər varmı ki, mənim məhəbbətimi qəlblərdə diriltsin? Bir nəfər varmı məndən üz döndərən və əlaqəsini kəsənləri mənə tərəf çağırsın?”

Həm tanımaq həm də intizar çəkmək
4-cü İmam Həzrət Zeynul-Abidin (əleyhis-salam) buyurur: “Qeybət dövründə yaşayan şiələr bütün dövrdə yaşayan insanlardan ən üstünüdürlər”. – Hətta Peyğəmbər (s) və Əli (əleyhis-salam)-ın dövründəki insanlardan da üstündürlər (İmam Hüseyn (əleyhis-salam)-ın köməkçilərindən başqa). Bütün insanlardan üstün olan bu şiələr kimlərdir? – “Onlar Həzrət Mehdiyə (əc) və onun imamlığına inananlar, o Həzrətin zühur və qiyamının intizarını çəkənlərdir (intizar çəkmək yəni Allah razı qalan formada yaşayıb İmam Zamanın (əc) zühuruna hazır olmaqdır)”.
Bəli, ey əziz insan! Əvvəl İmam Zamanı (əc) gözəl formada tanımalı, inanmalıyıq sonra gecə-gündüz intizarını çəkməliyik.

İlahi! Bizi İmamımızla tanış edib, imanımızı ona kamil et.
İlahi! Bizi gözəl əməllərimizlə hər an onun intizarını çəkənlərdən qərar ver.
İlahi! Bizə onun hakimiyyəti dövründə yaşamağı nəsib et.
Amin!!!

ehlibeyt.clan.su


more post like this