İnsanın bu dünyada yaxşı dosta çox ehtiyacı vardır. Onunla qəmini, qüssəni, sevincini bölüşmək, ondan faydalı məsləhətlər almaq istəyirsən və buna ehtiyac duyursan. Bu elə bir ehtiyac hissidir ki, onun yerini başqa bir şeylə doldurmaq olmur. Bu hiss yaşına və zamanına baxmır, insanın yarandığı ilk gündən bu ehtiyac hiss olunur. Bu hiss yeniyetmələrdə və uşaqlarda daha qüvvətli olur. Onlar da daim özlərinə dost axtarırlar və onları evlərinə dəvət etmək istəyir, onların evlərinə getmək istəyirlər. Ancaq onlar yaxşı dost seçmək qabliyyətinə malikdirlərmi? Bu məsələdə gərək valideynlər ayıq olsunlar. Övladlarının kiminlə dostluq etməsinə nəzarət etməlidirlər. Dindar, əxlaqlı bir ailənin uşağı ilə dostluq etmək onu səadətə, tərbiyəsiz, daim küçələrdə böyüyən uşaqlarla dostluq etmək onu əks tərəfə yönəldəcəkdir.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Dostun insanın dininə lazımınca təsiri vardır”. Sonra buyurur: “Bax gör, kiminlə dostluq edirsən”.

 

İmam Sadiq (ə) buyurur: “Yaxşı dost sanki küləkdir ki, Gülüstanda əsir. … Əgər dostun yaxşıdırsa, həmin o külək kimidir ki, Gülüstandan keçən zaman onun ətrini götürər. Yaxşı dost səni ətirli edər, amma əksinə, pis dost atəş kimidir və əgər siz o atəşlə təmasda olsanız, o, sizi yandırar”.

 

İmam Sadiq (ə) başqa hədisdə buyurur: “Yəqinin olsun ki, pis dost səni pis edər”.

 

İmam Əli (ə) dost barədə buyurur: “Əgər o, şər olsa, bir gün, iki gün keçməyəcəkdir ki, sən də şər olacaqsan”.

 

Başqa hədisdə Həzrət Əli (ə) buyurur: “Ehtiyatlı ol ki, pis dostla oturub-durmayasan. Ona görə ki, əvvəl onun pisliyi odur ki, səni böyüklərə qarşı bədbin edər. Əgər sənin elə bir dostun olsa, ki, böyüklərin arxasınca danışar və əgər hətta sən böyüklərə itaət etsən belə, bir ay keçməyəcək ki, sən böyüklərə qarşı bədbin olarcaqsan”.

 

Bir nəfər danışır: ”Uşağım iki, üç gün İslamın ziddinə olan bir nəfərin evinə getdi, qayıdanda gördüm ki, qəribə sözlər danışır, İslamın əleyhinə olan sözlər danışır və yavaş-yavaş İslamdan uzaqlaşır.”

 

Bu haqda Qurani-Kərimdə də xəbərdarlıq görmək olar: “Və bir gündür ki, zülmkar şəxs əllərini (barmağını) dişləyib deyəcəkdir:”Kaş mən də Peyğəmbərlə birlikdə bir yol tutaydım. Vay olsun mənə! Kaş filan kəsi özümə dost tutmayaydım. Quran mənə gələndən sonra məni azdıran o idi. Şeytan həmişə insanı yalqız qoyandır”. (“Furqan” surəsi, 27-29).

 

Quranın bu mübarək ayəsindən görünür ki, Qiyamət günü bizlərdən bəzilərimiz peşman olacaq və deyəcəyik ki, ey kaş Peyğəmbərin (s) ardıcılı olaydım, vay olsun mənə ki, pis dostum oldu və məni pis yola sürüklədi. Məni Qurandan və Peyğəmbərdən (s) uzaqlaşdırdı.

 

Sonra buyurur ki, şeytan burada dost cildinə girir və səni biçarə edir. Bir müsəlman namazını həmişə əvvəl vaxt qılırdı, gecə namazlarını heç vaxt qəza etmirdi. Dindən uzaq olan və əhli-fəsad olan bir dost tapır və əvvəl namazı vaxtında qılmır, sonra yavaş-yavaş gecə namazlarını yaddan çıxardır və bir də baxır ki, dostu kimi dindən uzaq olan, əhli-fəsad bir insan olub. Bunların hamısı bir ay ərzində baş verir. Şeytan insanın bu zəif yerini bilərək, daim mömin insanların qarşısına insan cildində girmiş şeytan dost çıxardır. Əgər sayıq olsan, ondan uzaq olarsan, yox, əgər onunla ünsiyyət xoşuna gələrsə, bil ki, gec-tez sən də onun kimi olacaqsan.

 

Ancaq bunlar pis dost haqqında idi. Axı bütün dostlar pis deyildirlər. Yaxşı dostlar da çoxdur. Buna misal olaraq, bu rəvayətə nəzər salaq:

 

Bu rəvayət Fəzil ibni Mərvan haqqındadır, o, Mötəsimin vəziri idi. Mötəsim Abbasi qəsbkar xəlifələrindən biri olubdur və çox paxıl insan idi. Bir gün Mərvan xəlifəyə daha da yaxınlaşmaq üçün süfrə açdırır və qonaqlıq verir. Mötəsim içəri girəndə paxıllığı baş qaldırır və başlayır deyinməyə ki, bu xalçalar, bu qab-qaçaq haradandır, hansı pulla alınmışdır və sairə. Mərvanın da bir yaxşı dostu var idi. O, Mərvana başa salır ki, xəlifə ondan razı qalmaq əvəzinə onun başını vurdura bilər. Xəlifə elə bu cür donquldana-donquldana çıxıb gedir. Mərvanın dostu İbrahim ona məsləhət verir ki, sən indi get xəlifənin yanına və mən ora bir adam göndərəcəm və o, bir söz deyəcək və bu söz səni xilas edəcəkdir. Mərvan da dostunun məsləhəti ilə xəlifənin yanına gəlir, bu zaman bir nəfər gələrək, Mərvana deyir ki, bəs xalçaların və qab-qaçağın sahibləri gəliblər və öz mallarını istəyirlər, biz qaytaraq, yoxsa özün verirsən?! Bu zaman xəlifənin rəngi dəyişir və paxıllığı aradan gedir və o, soruşur: “Bu xalça və qab-qaçaq sənin deyildi?” Mərvan cavab verir ki, yox. Xəlifə deyir ki, onda tez qalx get və camaatın malını qaytar. Beləliklə İbrahim ağıllı bir dost kimi Mərvanın həyatını qurtarır.

 

Dost seçən zaman elmli və dindar bir insanla dost ol ki, onun elmindən və imanından sən də bəhrələnə biləsən. Onunla ünsiyyət etdiyin vaxtın hədər getməsin, faydalı məsləhətlər alasan və elmini artırasan. Dost seçən zaman əxlaqlı bir insanla dost ol ki, sən də başqaları üçün əxlaq nümanəsi olasan. İmam Sadiq (ə) dost seçən zaman bu məsləhəti verir: “Heç kimsəni üç şeydə sınamamış, öz dostun sanma: onu qəzəbləndir və bax gör bu qəzəb onu haqqdan batilə çəkirmi, pul və qızılla, onunla səfərə çıxmaqla”.

 

Beləliklə, deyə bilərik ki, dost seçən zaman bəzi dəyərlərə diqqət etmək lazımdır, bunu Quran və hədislərimiz də təsdiq edir. Dost gərək imanlı olsun, əxlaqlı olsun, ağıllı və elmli olsun, paxıl olmasın. Çünki bu keyfiyyətlər istər-istəməz sənə təsir edəcəkdir. İmam Əli (ə) buyurub: “Dost – yaxınların ən yaxınıdır”.

http://sualcavab.ge/

 

 

 


more post like this