–Müqəddimə
–Zati və fe’li sifətlər
–Zati sifətlərin isbatı
–Həyat
–Elm
–Qüdrət
MÜQƏDDİMƏ
Qeyd olundu ki, dünyaya varlıq bəxş edən səbəb – Mütəal Allah vücudun bütün kamallarına malikdir, həmçinin hər bir varlıqda mövcud olan hər növ kamal Onun tərəfindəndir və onu mövcudata, məxluqlara bəxş etməklə Öz kamalından heç nə əskilmir. Mətləbin daha yaxşı düşünülməsi üçün aşağıdakı misallardan istifadə etmək olar: Müəllim öz elmindən şagirdlərə öyrədir, amma onun elmindən heç nə azalmır. Əlbəttə, Mütəal Allah tərəfindən varlıq və vücud kamallarının verilməsi bu misallarla müqayisə olunmayacaq dərəcədə yüksəkdir. Bu barədə ən yaxşı cümlə bəlkə də bu ola bilər: Bütün varlıq aləmi Allahın müqəddəs Zatının nuru və cilvəsidir, belə ki, bu, aşağıdakı ayədən də bu mə’lum olur:
“Allah göylərin və yerin nurudur.”
Sonsuz ilahi kamallara diqqət yetirməklə kamala dəlalət edən və özündə heç bir nöqsan və məhdudiyyət daşımayan hər növ məfhum Allah-taalaya aid edilə bilər. Belə ki, Qur’an ayələrində, rəvayətlərdə və Mə’sumların (ə) münacatlarında nur, kamal, camal, məhəbbət, nuranilik və s. kimi məfhumlar Allah-taalaya aid edilir. Amma İslami kəlam, fəlsəfə və əqidə kitablarında “ilahi sifətlər” ünvanı ilə irəli çəkilənlər sifətlərin müəyyən qədəridir. Onlar zati və fe’li sifətlər olaraq iki yerə bölünür. Buna görə də əvvəlcə bu bölgü barəsində izahat verəcək, daha sonra onların ən mühümünü isbat edəcəyik.
ZATİ VƏ FE’Lİ SİFƏTLƏR
Mütəal Allaha aid edilən sifətlər ya Allahın zatına aid olunan və Onun kamalına dəlalət edən həyat, elm, qüdrət kimi məfhumlardır. (Allahın) yaxud da xaliqiyyət və raziqiyyət kimi Mütəal Allahla Onun məxluqları arasında olan rabitədən irəli gələn məfhumlardır. Birinci qismə aid olan sifətlərə zati sifətlər, sonunculara isə fe’li sifətlər deyilir.
Bu iki qism sifətlər arasında əsaslı fərq bundan ibarətdir ki, birinci dəstədə Allahın müqəddəs Zatı ona aid olunan sifətlərlələ eynilik təşkil edir. Lakin ikinci dəstə sifətlər Mütəal Allah ilə məxluqat arasında əlaqədən irəli gəlir. Allahın zatı ilə məxluqatın zatı bu əlaqənin qarşılıqlı tərəfləri kimi nəzərə alınır. Məsələn, “xaliqiyyət” sifəti varlıq aləminin Allahın zatından olan asılılıqdan irəli gəlir və Allah və Onun məxluqatı bunun iki tərəfini təşkil edir. Allahın müqəddəs zatı və məxluqların zatı xaricində isə ayrılıqda yaratmaq adlı həqiqi bir şey mövcud deyildir. Əlbəttə, Mütəal Allah Öz zatında yaratmağa qüdrətlidir, lakin qüdrət Onun zat sifətidir, yaratmaq məfhumu isə əlavə bir məfhum olub fe’l məqamından irəli gəlir. Buna görə də “yaratmaq” fe’li-sifətlərdən sayılır. Amma yaratmağa qadir olmaq məsələsinə gəldikdə isə bu, qüdrət sifətinə qayıdır.
Allahın zati sifətlərinin ən mühümü həyat, elm və qüdrətdir. Eşitmək və görməyə gəldikdə isə əgər eşidilənlərə və görülənlərə alim olmaq, yaxud eşitmək və görməyə qadir olmaq nəzərə alınsa, bu halda eşitmək və görmək “əlim” və “qədir” sifətlərinə qayıdır. Əgər onlardan məqsəd fe’l olaraq eşitmək və görmək olsa, bu halda o, eşidən və görən Zatın eşidilməyə və görülməyə qabiliyyəti olan əşyalar arasındakı əlaqəsindən əldə olunur. Bu da fe’li-sifətlərdən sayılmalıdır. Belə ki, bə’zən elm də həmin mə’nada işlədilir və “fe’li elm” adı ilə tanınır.
Bə’zi mütəkəllimlər kəlam və iradəni də zati sifətlərdən hesab etmişlər ki, bu barədə sonralar söhbət olunacaq.
ZATİ SİFƏTLƏRİN İSBAT OLUNMASI
Allahın həyat, qüdrət və elmini isbat etməyin ən sadə yolu bundan ibarətdir ki, bu məfhumlar məxluqat barəsində işlədilən zaman onların kamallarından söhbət açır. Deməli, onların ən kamil mərhələsi varlıq bəxş edən səbəb kimi mövcud olmalıdır. Çünki hər bir məxluqda mövcud olan hər hansı kamal Mütəal Allahdandır və onu bəxş edən onlara malik olmalıdır ki, başqalarına əta edə bilsin. Həyatı yaradan bir şəxsin özünün ondan məhrum olması, yaxud məxluqata elm və qüdrət verən şəxsin özünün cahil və bacarıqsız olması qeyri-mümkündür. Deməli, bə’zi məxluqlarda bu kimi kamal sifətlərinin olması onların Mütəal Allahda mövcud olmasını göstərir. Bunların heç birində nöqsan və məhdudiyyət yoxdur. Başqa sözlə desək, Mütəal Allah sonsuz həyata, elmə və qüdrətə malikdir. İndi isə bu sifətlərin hər biri barədə əlavə izahat veririk.
HƏYAT
Həyat (diri olmaq) məfhumu iki dəstə məxluq barəsində istifadə olunur: Biri inkişaf etmək qabiliyyətinə malik olan bitkilərdə, ikincisi isə şüur və iradəyə malik olan heyvan və insanda. Birinci mə’na naqisliyi və ehtiyacı tələb edir. Çünki inkişaf etmək inkişaf edən varlığın ilk əvvəldə kamaldan məhrum olmasını, xarici amillər nəticəsində onda müəyyən dəyişikliklərin yaranmasını və tədrici olaraq yeni kamal mərhələsinə çatmasını tələb edir. Səlbiyyə sifətlərdə qeyd olunduğu kimi, belə xüsusiyyətləri Allaha aid etmək olmaz. Amma həyatın ikinci mə’nası kamal məfhumudur, onun mümkün nümunələrinin nöqsan və məhdudiyyətlərlə yanaşı olmasına baxmayaraq, Onun üçün heç bir nöqsan, məhdudiyyət və ehtiyacın olmadığı sonsuz bir mərtəbə nəzərə almaq olar. Belə ki, kamalın və vücudun məfhumu da belədir.
Əsas e’tibarı ilə iradə üzündən olan failiyyət, elm ilə yanaşı olan həyat qeyri-maddi varlığın tələbidir. Çünki həyatın canlı maddi varlıqlara aid edilməsinə baxmayaraq, həqiqətdə isə bu, onların ruhunun sifətidir, bədənlər isə ruhla əlaqədar həmin xüsusiyyətlərə malik olurlar. Başqa sözlə desək, həcm cismlərin, cismani varlıqların tələbi olduğu kimi həyat da mücərrəd (qeyri-cismani) varlığın tələbidir. Bu mətləbə diqqət yetirməklə Allahın diriliyinə başqa bir dəlil də tapılır və o da bundan ibarətdir: Allahın müqəddəs Zatı mücərrəd və qeyri-cismanidir. (Bu, keçən dərsdə isbat olundu.) Hər bir mücərrəd varlıq zatən həyata malikdir, deməli, Mütəal Allahın da zatən həyatı vardır.
ELM
Elmin məfhumu ən açıq-aşkar məfhumlardandır, lakin onun məxluqlar arasında mövcud nümunələri məhdud və nöqsanlıdır və bu xüsusiyyətlərlə Mütəal Allaha aid edilə bilməz. Amma qeyd olunduğu kimi əql bu kamal məfhumu üçün heç bir nöqsan və məhdudiyyəti olmayan, alimin zatı ilə eyniyyət təşkil edən müəyyən nümunələr nəzərə ala bilər, bu da Mütəal Allahın Zatının elmidir.
Allahın elmini müxtəlif yollarla isbat etmək olar. Onlardan biri zati sifətlərin isbat olunmasında qeyd olunan yoldur. Yə’ni məxluqların arasında elm mövcud oluduğuna görə onun ən kamil mərtəbəsi onları yaradanda mövcud olmalıdır.
Digər bir yol isə nəzm bürhanından istifadə etməkdir. Yə’ni, hər hansı bir varlıq nə qədər dəqiq nizam-intizama malik olsa onu yaradanın elm və biliyinin bir o qədər artıq olmasına dəlalət edəcəkdir. Belə ki, elmi bir kitab, yaxud gözəl şe’r kitabı, yaxud digər incəsənət əsəri onu yaradanın elm, zövq və məharətinə dəlalət edir. Heç bir aqil insan elmi, yaxud fəlsəfi bir kitabın nadan və savadsız şəxs tərəfindən yazılmasını iddia etməz. Elə isə bu böyük kəhkəşanın, mövcud olan heyrətli sirlər və qəribəliklərin elmsiz varlıq tərəfindən yaradılmasını necə ehtimal vermək olar?!
Üçüncü yol isə nəzəri-fəlsəfi (yə’ni qeyri-bədihi) müqəddimələrdən istifadə etməkdir. Misal üçün bu fəlsəfi qaydanı qeyd etmək olar: “Hər bir müstəqil mücərrəd varlığın elmi vardır.” Bu məsələ əlaqədar kitablarda isbat olunmuşdur.
Allahın elminə diqqət yetirmək insanın özünü və ruhunu saflaşdırmasında çox mühüm rol ifa edir. Buna görə də Qur’ani-kərim təkrar-təkrar və tə’kidlə buyurur:

“Allah xəyanətkar gözlərdən və qəlblərin gizlətdiyi şeylərdən agahdır.”
QÜDRƏT
Öz iş və fəaliyyətini iradə və ixtiyar üzündən görən hər bir fail barəsində deyilir ki, “özünün gördüyü işlərə qüdrəti çatır”. Deməli, qüdrət faili-muxtarın (ixtiyar sahibi olan failin), ondan baş verməsi mümkün olan iş üçün başlanğıc (məbdəiyyət) olmasından ibarətdir. Vücudi mərtəbə baxımından fail nə qədər kamil olsa, bir o qədər artıq qüdrətə malik olacaqdır. Təbiidir ki, sonsuz kamala malik olan varlığın qüdrəti də sonsuz olacaqdır.
“Həqiqətən Allah hər bir şeyə qadirdir.”
Burada bir neçə məsələni xatırlatmaq lazımdır:
1.Qüdrətin aid olduğu bir işin gerçəkləşməsi mümkün olmalıdır. Deməli, qüdrəti zatən qeyri-mümkün olan, yaxud qeyri-mümkün olmayan, amma öz ardınca qeyri-mümkün bir işi gətirən şeyə aid etmək olmaz. Allahın hər bir işə qadir olmasının mə’nası bu deyildir ki, misal üçün Özü kimi başqa bir Allah da yaratsın (çünki Allah yaradılası deyildir), yaxud iki ədədini üç ədədindən böyük etsin, yaxud övladı, övlad olmaq məqsədi ilə atasından qabaq xəlq etsin.
2.Hər bir işə qadir olmaq onların hamısını yerinə yetirilməsini tələb etmir. Əksinə istədiyi hər işi görə bilməyi nəzərdə tutur. Hikmətli Allah da layiqli və hikmətli işlərdən başqa heç nə istəməz və heç bir iş görməz. Halbuki, Onun xoşagəlməz və çirkin işlər görməyə qüdrəti vardır. (Gələcək dərslərdə ilahi hikmət barəsində artıq izahat veriləcəkdir.)
3.Qüdrət özünün qeyd olunan mə’nası ilə yanaşı, ixtiyara da malikdir. Mütəal Allah ən yüksək qüdrətə malik olduğu kimi ixtiyarın da ən yüksək, kamil mərhələsinə malikdir. Heç bir amil Onu bir işi görmək ilə əlaqədar təzyiqə mə’ruz qoya, yaxud ixtiyarı Ondan ala bilməz. Çünki hər bir varlığın vücudu və qüdrəti məhz Ondandır və Özünün başqalarına verdiyi qüdrətlər qarşısında heç vaxt məğlub olmaz.
SUALLAR
1.Hansı məfhumları Mütəal Allah barəsində işlətmək olar?
2.Zati və fe’li sifətlərin tə’rifini deyib onların fərqini göstərin.
3.Zati sifətlərin isbat olunmasının ümumi yolu hansılardır?
4.Həyat hansı mə’nada işlənir və onun hansı mə’nası Allaha aid edilə bilər?
5.Allahın diri olmasına dair xüsusi dəlili qeyd edin.
6.Allahın elmini üç yolla isbat edin.
7.Qüdrətin məfhumunu bəyan edin və Allahın sonsuz qüdrətini isbat edin.
8.Hansı işlər qüdrət dairəsində ola bilməz?
9.Nə üçün Allah çirkin və yaramaz işləri görməz?
10.Mütəal Allahın ixtiyar sahibi olmasını bəyan edin.
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…

ONUNCU DƏRS-FE’Lİ SİFƏTLƏR
–Müqəddimə
–Xaliqiyyət
–Rübubiyyət
–Üluhiyyət
MÜQƏDDİMƏ
Əvvəlki dərsdə qeyd olunduğu kimi, fe’li sifətlər Allahın müqəddəs Zatının Onun məxluqları ilə müqayisə olunması zamanı nisbət və xüsusi rabitəni nəzərə almaqla Ona aid olunan məfhumlardan ibarətdir ki, yaradan və yaradılan bu əlaqənin iki tərəfini təşkil edir. Yə’ni, yaratmaq məfhumunun özü məxluqatın vücudunun Mütəal Allaha bağlılığını mülahizə etməklə əldə olunur. Əgər bu bağlılıq nəzərə alınmasa, heç vaxt belə bir məfhum əldə oluna bilməz.
Allah ilə məxluqların arasında nəzərdə tutulan izafələr və rabitələrin həddi-hüdudu yoxdur, lakin bir baxımdan onları iki ümumi qismə bölmək olar: Birinci qism birbaşa Allah ilə məxluqatın arasında nəzərə alınan əlaqələrdir, o cümlədən, icad etmək, xəlq etmək və s. Amma digər əlaqələr başqa rabitə və əlaqələri nəzərə aldıqdan sonra əldə olunur. Məsələn, ruzi vermək. Çünki əvvəlcə ruzi yeyəni onun qidalandığı şey ilə birlikdə nəzərə aldıqdan sonra Allah tərəfindən onun tə’min olunması diqqət mərkəzində saxlanılmalıdır ki, “raziq” və “rəzzaq” kimi məfhumlar alınsın. Hətta mümkündür ki, bə’zən Mütəal Allaha bir fe’li sifət aid olunmazdan qabaq məxluqlar arasında bir neçə rabitə və əlaqə növü nəzərə alınsın, yaxud Allah ilə məxluq arasında əvvəlcədən olan bir neçə əlaqə nəzərə alındıqdan sonra onların Allah ilə olan rabitəsi nəzərə alınsın. Məsələn, məğfirət (bağışlamaq) Allah tərəfindən təklifi (vacib) hökmlərin tə’yin edilməsi, Onun hüquqi rübubiyyəti və bəndələrin bu hökmlər qarşısında itaətsizlik etməsi nəticəsində yaranır.
Bir sözlə, fe’li sifətləri əldə etmək üçün Mütəal Allahla məxluqlar arasında müqayisə aparılmalı, yaradan ilə yaranan arasında bir növ rabitə və əlaqə nəzərə alınmalıdır ki, əlaqənin iki tərəfi ilə vücuda gələn mütəzayif məfhum əldə olunsun. Buna görə də Allahın müqəddəs Zatı öz-özünə və bu nisbət və əlaqələri nəzərə almadan fe’li sifətlərin ayrı-ayrı nümunələri meydana gələcəkdir. Zati və fe’li sifətlər arasında əsaslı fərq də məhz bundan ibarətdir.
Əlbəttə, əvvəllər qeyd edildiyi kimi, fe’li sifətlərin, onların mənşəyini nəzərə almaqla zati sifətlərə qaytarılması da mümkündür. Belə ki, əgər xaliq, yaxud xəllaq “yarada bilən şəxs” kimi nəzərdə tutulsa qüdrət sifətinə qayıdır, yaxud səmi’ (eşidən) və bəsir (görən) sifətləri əgər “eşidilənlərə və görünənlərə alim olmaq” mə’nasınadırsa, elm mə’nasına qayıdır.
Digər tərəfdən, zati sifətlərdən hesab oluna bilən məfhumlardan bə’zilərinin əlavə və fe’li mə’nada olması da mümkündür, bu surətdə fe’li sifətlərdən hesab olunacaqdır. Belə ki, elmin məfhumu Qur’ani-kərimin çox yerlərində fe’li sifət formasında işlədilmişdir.
Qeyd olunmalı mühüm məsələ bundan ibarətdir ki, Mütəal Allahla maddi varlıqlar arasındakı rabitə nəzərə alınan və bunun əsasında Allah üçün xüsusi fe’li sifətlər müəyyən olunan zaman qeyd olunan sifətin əlaqənin bir tərəfini təşkil edən maddi varlıqlara aid olan təqdirdə, zaman və məkan məfhumları da qeydə alınır. Halbuki, həmin sifətlər bu əlaqəni digər tərəfi olan Allaha aid edilərkən zaman bu cür qeyd və şərt hüdudlarından uzaq olur. Məsələn, ruzi yeyən bir varlığa ruzi verilməsi xüsusi zaman və məkan daxilində baş verir. Amma bu, həqiqətdə ruzi verənə deyil, ruzi yeyən varlıqla əlaqədardır, Allahın müqəddəs Zatı hər növ zaman və məkan qeydlərindən uzaqdır.
Bu mühüm məsələ Allahın fe’l və sifətlərini tanımaqla əlaqədar mühəqqiqlər arasında yaranan şiddətli ixtilafları və çoxlu çətinlikləri həll edə bilər.
XALİQİYYƏT
Vacibül-vücudun mümkünül-vücudların yaranışı üçün ilkin səbəb ünvanı ilə isbat edilməsindən sonra onların hamısının öz varlığında Allaha ehtiyaclı olmalarını nəzərə almaqla Vacibül-vücuda “xaliqiyyət”, mümkünlərə “məxluqiyyət” sifəti mənsub edilir. Bu vücudi rabitə əsasında əldə olunan xaliq məfhumu icad edən və varlıq bağışlayan illətlə bərabərdir. Ehtiyaclı və mümkün varlıqların hamısı onun əlaqəsinin bir tərəfində olub məxluqiyyət sifəti adı ilə müəyyən olunur.
Lakin bə’zən xəlq etmək kəlməsi daha məhdud mə’nada işlənərək yalnız əvəlki maddədən vücuda gələn və onun əlaqədar olduğu tərəf mövqeyində dayanan varlıqlara aid edilir. Bunun müqabilində ibda’ məfhumu durur ki, ilkin maddədən yaranmayan (məsbuq olmayan) varlıqlarda işlənir (mücərrədlər və ilkin maddə). Beləliklə, icad etmək xəlq və ibda’ olaraq iki yerə bölünür.
Allahın xəlq etməsi insanların əşyalardan istifadə edib ondan müxtəlif şeylər hazırlaması mə’nasına deyildir ki, bədənin hərəkət edib işləməsinə ehtiyac duyulsun və hərəkət “fe’l”, ondan hasil olan varlıq isə “fe’lin nəticəsi” kimi cilvələnsin və nəticədə yaratmaq yaradılmışla fərqlənsin. Çünki Mütəal Allah cism və cismani varlıqların xüsusiyyətlərindən və hərəkətlərindən pak olmaqdan əlavə, əgər Allahın yaratmağı yaradılanın zatına olunan əlavə olsaydı, mümkünül-vücuddan və Allahın məxluqatından olan bir varlıq hesab olunacaqdı. Deməli, fe’li sifətlərin tə’rifində deyildiyi kimi, bu cür sifətlər Allah və məxluqların arasında nisbət və sifətlərdən əldə olunan məfhumlardır, yə’ni əlavə və nisbət əqlin mülahizəsinə bağlıdır.
RÜBUBİYYƏT
Allah ilə məxluqlar arasında mülahizə olunan əlaqələrdən biri də budur ki, məxluqlar təkcə vücudun əslində və yaradılışlarında Allaha ehtiyaclı deyillər, həm də onların vücudi işlərinin hamısı Mütəal Allaha bağlıdır, onların heç bir növ müstəqillikləri yoxdur, Allah onlarda istədiyi kimi təsərrüf və onların işlərini idarə edir.
Bu əlaqəni ümumi tərzdə nəzərə alsaq, bundan “rübubiyyət” məfhumu irəli gəlir. Rübubiyyət bütün işlərdə tədbir tələb edir. O cümlədən, qoruyub saxlamaq, həyat vermək, öldürmək, ruzi vermək, inkişaf etdirib kamala çatdırmaq, yol göstərmək, əmr və nəhy etmək və s. qeyd etmək olar.
Rübubiyyətin müxtəlif işlərini iki ümumi dəstəyə bölmək olar:
1.Təkvini rübubiyyət. Bu bütün varlıqların işlərinin idarə edilməsinə, ehtiyaclarının tə’minatına bir sözlə, kainatın idarə olunmasına aid edilir.
2.Təşrii (hüquqi) rübubiyyət. Bu, şüurlu və ixtiyar sahibi olan varlıqlara aid olub, peyğəmbərlər göndərmək, asimani kitablar nazil etmək, təklif və vəzifələri tə’yin etmək, hökm və qanunlar yaratmaq kimi işlərə şamildir.
Allahın mütləq rübubiyyətinin mə’nası budur ki, məxluqlar hər bir vücudi işdə Mütəal Allaha bağlıdırlar. Bir-birinə olan bağlılıqlar da axırda Ona bağlılıqla nəticələnir. Məxluqların bə’zilərini digərlərinin vasitəsilə idarə edən, canlıları Özünün yaratdığı ruzi ilə qidalandırıb tə’min edən məhz Odur. O, şüurlu varlıqları həm batini vasitələrlə (əql və s. kimi idrak qüvvələri), həm də xarici vasitələrlə (peyğəmbərlər və asimani kitablar) hidayət edir, mükəlləflər üçün hökmlər və qanunlar yaradır və vəzifələr müəyyən edir.
Xaliqiyyət kimi, rübubiyyət də əlaqəli bir məfhumdur. Fərqləri bundan ibarətdir ki, onun (rübubiyyətin) müxtəlif hallarında məxluqatın özləri arasında da xüsusi bir əlaqə nəzərə alınır. (Belə ki, bu, rəzzaqiyyət barəsində deyildi.)
Xaliqiyyət və rübubiyyət məfhumlarına və onların əlaqəli olmasına diqqət yetirməklə aydın olur ki, bu ikisinin arasında zərurət vardır və aləmin Rəbbinin onun Xaliqindən başqası olması qeyri-mümkündür, yə’ni məxluqları xas səciyyələrlə bir-birinə bağlı yaradan elə onları qoruyub idarə də edir. Həqiqətdə rübubiyyət və tədbirin mə’nası məxluqatın yaradılışı və onların arasında bağlılığın necəliyindən irəli gəlir.
ÜLUHİYYƏT
“İlah” və “üluhiyyət”in mə’naları barədə nəzər sahibləri və mütəxəssislər arasında çoxlu mübahisələr baş vermişdir ki, bunlar da təfsir kitablarında qeydə alınmışdır. Bizim nəzərimizə görə, onun ən yaxşı mə’nası budur ki, “ilah” pərəstişedilmə, yaxud ibadət və itaətə layiqolma mə’nasınadır. Necə ki, onunla eyni vəzndə olan “kitab”ın mə’nası “yazmaq və yazmağa layiq olan bir şey”dir.
Bu mə’naya uyğun olaraq üluhiyyət elə bir sifətdir ki, onun həqiqətini müəyyən etməkdən ötrü bəndələrin itaət və ibadətini də nəzərə almaq lazımdır. Baxmayaraq ki, yolunu azanlar batil və puç mə’budları özlərinə ilah seçmişlər, amma itaət və ibadət olunmağa ləyaqəti olan Kəs məhz onların Xaliqi və Rəbbidir. Bu da hər bir şəxsin Mütəal Allah barəsində malik olduğu e’tiqadın me’yarıdır. Yə’ni Allah-taalanı Vacibül-vücud, dünyanın ixtiyar sahibi, idarə edəni və yaradanı hesab etməkdən əlavə Onu ibadət və itaət olunmağa layiqli də bilməlidir. Ona görə də bu məfhum İslamın şüarı olan “La ilahə illəllah”da əxz edilmişdir.
SUALLAR
1.Zati və fe’li sifətlərin qarşılıqlı əlaqəsini və onların bir-birinə necə qayıtmasını bəyan edin.
2.Hansı əsasa görə fe’li sifətlər zaman və məkan qeydləri ilə yanaşı olur?
3.Xaliqiyyətin məfhumunu şərh edin və onun xəlq və ibda ilə olan fərqini deyin.
4.Nə üçün “yaratmaq” üçün məxluqatın zatlarından ayrı olan eyni nümunələri nəzərə almaq olmaz?
5.Rübubiyyətin məfhumunu bəyan edin.
6.Rübubiyyətin qismlərini sadalayın.
7.Xaliqiyyətlə rübubiyyət arasındakı zərurəti bəyan edin.
8.Üluhiyyətin məfhumunu və onun xaliqiyyət və rübubiyyətlə olan zərurətini bəyan edin.
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…

ON BİRİNCİ DƏRS-DİGƏR FE’Lİ SİFƏTLƏR
–Müqəddimə
–İradə
–Hikmət
–Kəlam
–Sidq (doğruçuluq)
MÜQƏDDİMƏ
Kəlam elmində münaqişəli məsələlərdən biri də ilahi iradə məsələsidir. Bu barədə bir çox cəhətlərdən, məsələn, “iradə zati sifətdir, yoxsa fe’li sifət”, yaxud “qədimdir, ya yeni?”, “vahiddir, yoxsa çoxdur?” deyə ixtilaf və mübahisə yaranmışdır. Bütün bunlar fəlsəfədə iradə, xüsusilə ilahi iradə barədə aparılan bəhslərdən ayrıdır.
Aydındır ki, indiki mövzu barədə geniş bəhs bu kitaba sığmaz. Ona görə də əvvəlcə iradənin məfhumu haqqında şərh verir, daha sonra ilahi iradə ətrafında qısa söhbətə başlayırıq.
İRADƏ
Camaat arasında “iradə” kəlməsi iki mə’nada işlədilir: biri sevmək, digəri isə işi görmək üçün qərara gəlmək.
Birinci mə’nası işlənmə baxımından çox geniş yayılmışdır. Həm xarici əşyaları, həm şəxsin öz işlərini, həm də başqalarının işlərini sevməyə deyilir. Amma ikinci mə’nası yalnız şəxsin öz işlərilə bağlı işlədilir.
İnsan barəsində iradənin birinci mə’nasının (məhəbbət, istəmək) nəfsani səciyyələr və nəfsin zahiri xüsusiyyətlərindən olmasına baxmayaraq, əql onun nöqsanlı cəhətlərini təcrid etməklə cövhəri (əsli, mahiyyəti olan) varlıqlara, hətta Mütəal Allaha belə aid edilə bilən ümumi bir məfhum əldə edə bilər. Belə ki, elm barəsində də həmin işi görür. Buna görə də Allahın Öz Zatına nisbət verdiyi məhəbbətə aid edilən “hübb” kəlməsi zati sifətlərdən biri hesab olunur. Əgər “ilahi iradə” dedikdə məqsəd kamalı sevmək olsa (belə ki, ilk mərtəbədə sonsuz ilahi kamala aid olur. Sonrakı mərtəbələrdə digər varlıqların kamallarına aid edilir), məhz Onun kamalının əsərləri olduğuna görə bunu zati, qədim, vahid sifətlərdən və Müqəddəs Zatının eyni hesab etmək olar.
Amma bir işi görmək üçün qərara gəlmək mə’nasında olan iradə, şübhəsiz, fe’li sifətlərdəndir. Hadis (yeni) və yaranan işə aid olması baxımından zamanla şərtlənməyə qabildir. Buna Qur’anda da rast gəlmək olur. Lakin diqqət yetirmək lazımdır ki, Mütəal Allahın fe’li sifətlərlə vəsf olunmasının mə’nası Onun zatında dəyişikliyin hasil olması, yaxud Onda bir ərəzin (zahiri xüsusiyyətin) yaranması deyildir. Əksinə, mə’nası budur ki, Allahın zatı ilə məxluqatın arasında olan əlaqə və nisbət xüsusi nəzərdən və müəyyən şəraitlərdə mülahizə olunur. Buradan da fe’li sifətlərdən biri olan məfhumun meydana çıxmasına səbəb olur ki, məhdud və müqəyyəd (qeyd və şərti olan) şeyə aid edilmə baxımından müəyyən şərtlərə malik olacaqdır. Bu da “harada isə olmaq” və “çoxluq” ifadə edən əlaqəli bir məfhumdur. Çünki əlaqə iki tərəfə tabedir. Tərəflərdən birinin hadis və çoxluğu bu xüsusiyyətlərin əlaqəyə də sirayət etməsi üçün kifayətdir.
HİKMƏT
İlahi iradə haqqında qeyd olunan izahlara diqqət yetirməklə aydın olur ki, bu iradə bir şeyin icad olunmasına elə-belə, boş-boşuna aid olmur. Əksinə, əşyaların ilahi iradə əsasında yaranması onların kamal, xeyir və məsləhətinə əsaslanır. Maddiyyatın qarşılıqlı mübarizəsi onlardan bə’zilərinin digərinin vasitəsi ilə azalıb-artmasına səbəb olduğundan ilahi məhəbbətin kamalı tələb edir ki, onların məcmusu, onlara daha artıq xeyir və kamal çata biləcəyi şəkildə olsun. Bu kimi əlaqələrin müqayisə olunmasından “məsləhət” məfhumu əldə olunur. Halbuki məsləhət məxluqatın vücudundan ayrı bir iş deyildir, buna görə də o, nəinki ilahi iradəyə, hətta, onların yaranmasına da tə’sir qoya bilməz.
Bir sözlə, Allahın işləri Onun elm, qüdrət, kamal və xeyrə məhəbbət kimi zati sifətlərindən qaynaqlandığından həmişə məsləhətə malik olan bir şəkildə gerçəkləşir, yə’ni onlara ən çox kamal və xeyir çatır. Belə bir iradə “hikmətli iradə” adlandırılır. Buradan da Mütəal Allah üçün fe’l məqamında həkim adlı digər bir sifət də irəli gəlir ki, fe’li sifətlərdə olduğu kimi zati sifətlərə qayıtmağa qabildir.
Əlbəttə, diqqət yetirmək lazımdır ki, hər hansı bir işi məsləhətə görə yerinə yetirməyin mə’nası məsləhətin Mütəal Allah üçün əsas məqsəd olması deyildir; əksinə, o bir növ ikinci dərəcəli hədəf sayılır, əsl səbəb işlərin görülməsi üçün sonsuz zati kamala olan məhəbbətdir ki, onun nəticəsində bu, varlıqların kamalına da aid olur. Məhz buna görə də deyilir ki, Allahın fe’lləri üçün əsl (köklü) səbəb elə faillik səbəbidir və Mütəal Allah Öz zatına əlavə ola biləcək digər hədəf və məqsədə malik deyildir. Amma bu məqsədin varlıqların kamal, məsləhət və xeyrinin ikinci dərəcəli və əsas hədəf ünvanı kimi hesab olunması ilə ziddiyyət təşkil etmir. Bu mə’naya əsasən Qur’ani-kərimdə Allahın fe’lləri müəyyən işlərlə əlaqələndirilmişdir ki, onların da hamısı məxluqatın xeyir və kamalına qayıdır. Necə ki, işlərin ən yaxşısının seçilməsi, imtahan, Allaha bəndəçilik, Allahın əbədi və xüsusi rəhmətinə nail olmaq da insanın yaradılışı üçün müəyyən hədəflər kimi zikr olunmuşdur ki, onlardan hər biri digərinin müqəddiməsidir.
ALLAHIN KƏLAMI
Allah-taalaya mənsub edilən məfhumlardan biri də danışmaqdır. Qədim zamanlardan e’tibarən mütəkəllimlər arasında Allahın kəlamı barəsində geniş təhqiqat aparılmış və bəhslər irəli sürülmüşdür. Hətta, kəlam elminin belə adlandırılmasının səbəblərindən biri də bu elmin ardıcıllarının ilahi kəlam barədə təhqiqat aparmalarıdır. Əş’ərilər onu zati, mö’təzililər isə fe’li sifət hesab etmişlər. Bu iki dəstədən olan mütəkəllimlərin arasındakı kəskin ixtilaflı məsələlərdən biri də Allahın kəlamı olan Qur’anın məxluqmu, yoxsa qeyri-məxluq olmasıdır. Hətta onlar bu məsələ ilə əlaqədar bir-birlərini kafir hesab edirdilər.
Zati və fe’li sifətlər barədə verilən izah və tə’riflərə diqqət yetirməklə asanlıqla anlamaq olar ki, danışmaq fe’li sifətlərdəndir və bunu müəyyən etmək üçün xitab olunan şəxsi nəzərə almaq lazımdır ki, səsi eşitmək, yazını görmək, zehnində bir məfhumu tapmaq, yaxud başqa bir şey vasitəsilə danışanın məqsədini başa düşsün. Əslində bu məfhum həqiqəti bir şəxs üçün aşkar etmək istəyən Allah ilə o həqiqəti dərk edən məxluq arasındakı əlaqədən irəli gəlir. Əgər danışıq üçün başqa bir mə’na nəzərə alınsa və misal üçün söz danışmağa qadir olmaq, yaxud sözün mə’nasından agah olmaq mə’nasına yozulsa, bu halda zati sifətlərə aid olur. (Bunun oxşarını fe’li sifətin digər qismləri barəsində demişdik.)
Amma Qur’ani-kərim yazılar, sözlər, zehnlərdə mövcud olan məfhumlar, nurani və mücərrəd həqiqət mə’nasında nəzərdə tutulsa, o zaman o, məxluqdur. Bir şəxs Allahın zati elmini Qur’an həqiqəti kimi qələmə versə, o halda o, zati sifət olan elmə qayıdacaqdır. Lakin Allah kəlamı, Qur’ani-kərim və s. barəsində bu cür yozumlar mövcud ürfdən kənardadır və bundan uzaq olmaq lazımdır.
SİDQ (DOĞRUÇULUQ)
Allahın sözləri əmr, nəhy və inşa surətində olsa, bəndələrin əməli vəzifələrini müəyyən etdiyi halda “doğru” və ya “yalan” kimi məfhumlar vasitəsilə ifadə olunmaz. Amma mövcud həqiqətlərdən, yaxud keçmişdə olmuş və ya gələcəkdə olacaq hadisələrdən xəbər vermək surətində olsa, doğruçluqula vəsf olunur. Belə ki, Qur’ani-kərim buyurur:
“Danışmaq baxımından kim Allahdan daha doğruçu ola bilər?!”
Bunları qəbul etməməkdə heç kəsin üzürlü bəhanəsi olmayacaqdır.
Bu sifət əsas e’tibarı ilə dünyagörüşün fər’i məsələlərinin, eləcə də ideoloji məsələlərdən çoxunun isbat olunması üçün digər bir istidlalın əsasını təşkil edir. Bu sifətin isbat olunması üçün gətirilə bilən əqli dəlillərdən biri budur ki, Allahın ilahi rübubiyyət işləri, insan və dünyanın idarə olunması barəsində danışması elm və hikmət əsasında olub, varlıqları hidayət etmək və dinləyicilər üçün düzgün mə’rifət vasitəsi hazırlamaq məqsədi ilədir. Əgər reallıqla müxalifət mümkün olsaydı onlara e’timad edilməz və bu da əsas məqsədi poza bilərdi ki, ilahi hikmətin əksinə olardı.
SUALLAR
1.İlahi iradə hansı mə’nada zati sifətlərdən və hansı mə’nada fe’li sifətlərdən sayılır?
2.İradə məfhumunu fe’li sifət adı ilə müəyyən etmək üçün məxluqlar ilə Allah arasında hansı növ rabitə nəzərdə tutulur?
3.Allahın iradəsi hüdus və kəsrətlə necə vəsf olunur?
4.İlahi hikməti bəyan edin.
5.Məsləhətin məfhumu necə əldə edilir?
6.Hansı mə’naya əsasən məxluqatın məsləhət, xeyir və kamalını yaradılışın hədəfi hesab etmək olar?
7.İlahi kəlamı şərh edin.
8.Mütəal Allahın sadiq olmasına əqli dəlil bəyan edin.
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…


more post like this