Ruslan Növrəs

Döndərə çərxini bəxtin fələk əvvəlki kimi,

Dönə öz aşiqinə ol mələk əvvəlki kimi.

 

Gəlməyi sən yenə də, yar, unudaydın kaş ki,

Gözləyərdim səni mən sübhədək əvvəlki kimi.

 

Yenə əvvəlləri hərdən arayardın məni sən,

Sənə yə`qin deyiləm mən gərək əvvəlki kimi.

 

Unudubsan məni çoxdan bəri sən, ey zalım!,

Ki, gətirmir səlamından külək əvvəlki kimi.

 

Yenə də bir ümid ilə sənə əllər uzanıb,

Yenə boş qaytaracaqdır ətək əvvəlki kimi.

 

Əsdi bir öylə xəzan yelləri qəlbimdə mənim,

Gələ yüz il bahar – açmaz çiçək əvvəlki kimi.

 

Elə əvvəldən o yarım mənə yar olmadı ki,

Qalıram mən yenə qəlbimdə tək əvvəlki kimi.

 

Nə qədər Növrəs idim növrəs idi sevgim də,

Qocalıbdır daha sevmir ürək əvvəlki kimi.

canderyasi.com


more post like this