Cavab: Mötəbər tarixi məlumatlardan bəlli olur ki, imamın (ə) şəhadətindən üç gün qabaq (məhərrəmin yeddinci günü) ibn Ziyaddan Ömər ibn Sədə belə bir əmr gəldi: “Hüseynlə suyun arasını kəs, bir damla da içməyə qoyma.” Bu əmr vaxtilə Osmana su verilməməsinin intiqamı kimi təqdim olunurdu. (Hansı ki, Osmanın evini mühasirəyə almış izdihamı yarıb ona su aparan Həzrət Əli (ə) idi.

Tezliklə bu əmri alan ibn Səd, Əmr ibn Həccacı beş yüz atlı ilə Fərat çayının qarşısını kəsmək üçün göndərdi. Bu iki-üç gün ərzində imam (ə) və onun köməkçiləri suya yol tapmaq üçün xeyli səy göstərdilər. Çünki qaynar səhrada qadın və uşaqların da olduğu karvanın susuzluğa dözməsi olduqca çətin idi.

Bəzi məlumatlarda belə bildirilir: “İmam Hüseyn (ə) öz düşərgəsində quyu qazmağa başlamışdı. Bu xəbər İbn Ziyada çatan kimi İbn Sədə əmr olundu ki, bu işin qarşısını alsın.

Məlumatlarda bildirilir ki, həzrət Əbbas (ə) otuz süvari və iyirmi piyada ilə (bayraqdar, Nafe ibn Hilal olmaqla) Fərata həmlə etdi. Onlar Əmr ibn Həccacın dəstəsi ilə vuruşub, iyirmi məşk su götürməyə müvəffəq oldular.[4644] Bu məlumatda dəqiq vaxt göstərilmir.

Bəzi məlumatlarda nəql olunur ki, Aşura günü imam (ə) öz bacısı Zeynəbin üzünə su çilədi. Çünki şəhadətin yaxınlaşdığı barədə imamın (ə) oxuduğu şeri eşidən Zeynəb özündən getmişdi.[4645]Bu məlumat Aşura axşamı düşərgədə su olduğunu bildirir. Əllamə Məclisi Aşura günü sübh düşərgədə hətta içmək üçün su olmadığını inkar edir. İmam öz səhabələrinə buyurur: “Qalxın su için, bu sizin dünyada son azuqənizdir. Dəstəmaz alın qüsl verin, paltarlarınızı yuyun, onlar kəfəniniz olasıdır”. Sonra imam sübh namazını onlarla cəm şəkildə qıldı.”[4646]

Deyilənlərdən belə məlum olur ki, Aşura günü sübh su ehtiyatı qurtardıqdan sonra yenidən su əldə etmək mümkün olmadı. İmam (ə) və onun ətrafındakılar şəhadətə çatanadək susuzluqdan əziyyət çəkdilər.

İbn Sədin qoşunundakılardan biri rişxəndlə dedi: “Ey Hüseyn, ey Hüseyn dostları görürsünüzmü, Fəratın suyu ilan qarnı tək necə işıldayır! And olsun Allaha, ölənədək bu sudan bir damla içməyəcəksiniz!”[4647]

Hürr də Aşura günü kufəliləri nəsihət edərkən suyun qabağını kəsdikləri üçün onları qınayır.[4648]

Bir çox mənbələrdə imamın (ə) su üçün səyləri, Şimrin suyun qarşısını kəsməsi, imamın ona nifrini haqqında danışılır.[4649]

Əllamə Məclisi bir rəvayətdə imamın (ə) Əbbası su üçün Fərata göndərməsi və Əbbasın bu yolda şəhadətə yetirilməsi barədə məlumat verir.[4650]

Nur-az.com


more post like this