Sual: Dinlər tarixi dərsləri silsiləsində belə oxuyuruq:

Qadağan olunmuş meyvə nədir? Bu meyvə Tövratın təsdiq və Quranın işarə etdiyi kimi elm və bəsirətdir. Quran ayələrinə əsasən, Allah Adəm və Həvvanı çağırdığı vaxt onlar öz utandıqlarından utanmadan cavab verirdilər. Amma elə ki qadağan olunmuş meyvədən yedilər öz çılpaqlıqlarından utanaraq gizləndilər. Əvvəlki günlərdə Allahdan qətiyyən utanmadıqları halda, həmin meyvəni yedikdən sonra çılpaqlıqlarından xəcalət çəkdilər. Demək, qadağan olunmuş meyvəni yedikdən sonra elm və bəsirət əldə etdilər. Belə çıxır ki, qadağan olunmuş ağac elm və bəsirət ağacı imiş. Görən Allah insanın qadağan olunmuş meyvədən yeməsini istəyirdimi? Başqa әhvаlаtlarda olduğu kimi, bu әhvаlаtlа bağlı da “Allah istəmirdi” deyə bilmərik. Əgər Allah istəməsəydi, Adəmə həmin meyvədən yeməyə imkan verməzdi. Demək, Allah Adəmin həmin meyvədən yeməsini istəyirdi. Yalnız bu meyvədən yedikdən sonra həqiqi insan vücuda gəldi. Allah özü işi belə qurdu ki, bugünki və tarix boyu olmuş insan ərsəyə gəlsin.

Yuxarıda deyilənlər həqiqətdirmi?

Cavab: Uyğun dərslər haqqında bizə bir çox suallar ünvanlanmışdır. Suala aydınlıq gətirmək üçün bəzi məsələləri nəzərdən keçirməliyik:

1. Tövratın təhrif olunmasının əsas dəlillərindən biri budur ki, Tövrat Adəmin yaranışından danışarkən qadağan olunmuş ağacın elm və bəsirət ağacı olduğunu bildirir. Belə çıxır ki, bəşəriyyətin ilk və ən böyük günahı həmin elm və bəsirətə marağı olmuşdur. Bəlkə elə bu baxımdan da orta əsr kilsəsi elm və biliklə mübarizə aparmış, böyük alimlər üçün məhkəmələr qurmuşdur. Bunların fikrincə, Adəm ilk gün o qədər məlumatsız idi ki, hətta öz çılpaqlığından da utanmırdı. Guya qadağan olunmuş meyvədən yeyən kimi insan oldu və behiştdən, Allahın mərhəmət civarından qovuldu.

Bütün bunlar, heç şübhəsiz, xürafat, qaranlıq bir dövrün uydurmalarından başqa bir şey deyil. Əksinə, Quran buyurur: “(Allah) Adəmə bütün şeylərin adlarını öyrətdi” Quranın tanıtdırdığı Adəm Tövratın tanıtdırdığı Adəmdən köklü şəkildə fərqlənir. Quranın tanıtdırdığı Adəmin ən güclü tərəfi onun elm və bəsirəti idi. Quranın tanıtdırdığı Adəm həqiqi Adəm, Tövratın tanıtdırdığı Adəm isə böyük günahı elm olan Adəmdir. Bəli, Quran məntiqi Tövrat məntiqi ilə daban-dabana ziddir.

2. Tövratda deyilir ki, Adəm və Həvva ilk öncə çılpaq idilər və öz çılpaqlıqlarından utanmırdılar. Məgər Quranda belə bir məlumat görmüsünüzmü?! Əksinə, Quranda nəql olunur ki, Adəm və Həvva qadağan olunmuş ağacdan yeməmiş onların əynində libas vardı. Bu libas Allaha itaətsizlikdən sonra bədənlərindən töküldü və çılpaq qaldılar: “Ey Adəm oğulları, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi cənnətdən qovdurduğu kimi, şeytan sizi də aldadıb yoldan çıxarmasın…” Başqa bir ayədə isə belə buyurulur: “Şeytan Adəm və Həvvanın örtülü yerlərini özlərinə göstərmək məqsədi ilə, dedi: “Rəbbiniz bu ağacı yalnız mələk olmadığınız və ya cənnətdə əbədi qalmamağınız üçün qadağan etmişdir.” Demək, Quranda qadağan olunmuş meyvədən yeyənədək Adəmin üryan və nadan olduğu bildirilmir. Quranın tanıtdırdığı Adəm ilk öncə geyimli, hörmətli insan idi.

Tövratın tanıtdırdığı Adəm isə ilk öncə çılpaq heyvanlardan fərqlənməyən bir varlıq idi. O, heyvan kimi öz çılpaqlığından çəkinmirdi. Bütün bunları nəzərə aldıqda heç vəchlə Quranla Tövratı eyniləşdirmək olmaz.

Ən təəccüblüsü isə “yemə” əmrinin “yeməlisən” əmri kimi verilməsidir. Əgər Adəmə həmin ağacdan yemək əmr olunmuşdusa, nə üçün bu ağac qadağan olunmuş ağac adlanır?!

Axı belə bir təfsir, mənalandırılma nəyə əsaslanır?! Onda başqa qadağalar haqqında da demək lazımdır ki, Allah qadağan olunmuş bir işin görülməsini istəmişdir. Məgər insan öz əməl və rəftarında azad deyilmi?! Bəli, Allah-təala insanı azad yaratmış, eyni zamanda onun tərbiyəsi üçün bir çox göstərişlər vermişdir. “İnsan bir işi görmüşsə, demək, Allah belə istəmişdir” fikri kökündən yanlışdır. Onda günahkarlara da bəraət qazandırmalıyıq.

Əziz oxucu, bu sayaq mövzuları geniş auditoriyaya çıxarmazdan qabaq, mütəxəssislərlə məsləhətlәşmək yaxşı olmazdımı?! Əgər bir gənc uyğun mənbəni oxuyub inansa ki, Adəmə qadağan olunmuş ağac elm və bəsirət ağacı olmuşdur, onun elm və agahlığa münasibəti necə formalaşar? Əgər insan yalnız elm və bəsirəti səbəbindən behiştdən qovulursa, onda elm əldə etməyin faydası nədir?!

Həqiqət isə budur ki, qadağan olunmuş ağac həsəd, bir növ rəqabət ağacı olmuşdur. Bəzi rəvayətlərdə isə bu ağacın buğda butası olduğu bildirilir və onun imtahan məqsədi ilə qadağan edildiyi bəyan olunur.

sualcavab.ge

 


more post like this