Quran hidayət kitabıdır və bu məqsədə kömək edən hər bir şey bu müqəddəs kitabda qeyd olunmuşdur. Mətləbin bəyanında onun tutduğu üslub – məsələlərin külliyyatına və əslinə işarə etməkdir, çox az hallarda məsələnin dəqiqliyinə, incəliyinə və təfərrüatına girişmişdir. Bəlkə də bunun dəlili cüzi hökmlərin və mövzuların təsəvvür həddindən artıq olmasıdır.[ Əlavə məlumat üçün bax: “Vilayət və diyanət – İslamın siyasi təfəkküründə tədqiqat”, Hadəvi Tehrani, Məhdi, səh. 47-57]
Qurani-kərimdə varlıqların həyatının əsli və növləri barəsində: varlıqların bitkilərə,[ Ənam” surəsi, ayə: 99] heyvanlara; quruda yaşayan heyvanların dörd ayaqlılara və quşlara;[ Ənam” surəsi, ayə: 38] sürülənlərə, iki ayaqla və dörd ayaqla hərəkət edənlərə təsnif edilməsinə dair çoxlu işarələr vardır.[ Nur” surəsi, ayə: 45] Bəzi həşərat növləri, balıqlar və digər varlıqlardan da söz getmiş, onların barəsində çox dəyərli məlumatlar verilmişdir. Lakin dinozavrlar və onların təbii həyatları barəsində Quranda heç nə deyilməmiş, İslam da bu barədə xüsusi nəzər verməmişdir. Quran bu kimi məsələlərdə hər bir elm sahəsindəki mütəxəssis və alimlərinin nəzərlərinə ehtiram qoyur və özünün göstəriş və hökmlərini onların əldə etdikləri nəticələrə tətbiq edir.
İncəliklərinə qədər heyvanların növləri, bitki və cansızların qisimləri təbiətşünaslıq elminə aiddir və həmin elmin bu barədəki nəzərini öyrənmək lazımdır. Dinozavrlarla əlaqədar məlumat almaq üçün də bu heyvanlar barəsində tədqiqat aparan elmə və kitablara, eləcə də nəsli kəsilmiş heyvanların barəsində yazılan kitablara, yaxud vəhşi heyvanlarla əlaqədar muzeylərə müraciət etmək lazımdır.
Qeyd olunduğu kimi, Quranda və digər İslam mənbələrində təbiət və onun təzahürləri, onda yaşayan heyvan növləri ilahi qüdrət nişanələri, Allahın verdiyi nemət və Onun əzəmətinin göstəricisi kimi bəyan olunur. Çünki Allahı tanımaq yollarından biri də Onun məxluqlarına və əsərlərinə diqqət yetirməkdir. Buna görə də əsasən, camaatın gözləri önündə olan heyvanlar irəli çəkilir və onların xilqətinə diqqət yetirilir.
Əgər elm nəsli kəsilmiş qədim heyvanların, o cümlədən dinozavrların xüsusiyyətlərini isbat edə bilsə, həqiqətdə Allahın sonsuz nişanələrindən digər biri isbat olunur və Allahın əzəmətini tanımaq üçün yeni bir yol təqdim edir. Quranda buyurulur: “Ey Peyğəmbər! De: Yer üzündə gəzin, görün Allah xilqəti necə başladı. Sonra axirət aləmini (həmin cür) icad edəcəkdir. Allah hər bir şeyə qadirdir.”[ Ənkəbut” surəsi, ayə: 20]
“Təfsiri-nümunə” kitabında bu ayənin izahında deyilir: “Hal-hazırda bu kimi ayələr alimlər üçün daha dəqiq və dolğun mənalar təqdim edə bilər: dəryalarını dibində, dağların içində və yer qabığının layları arasındakı çürüntü, daşlaşmış və s. şəklində olan ilkin canlı varlıqların əsərlərini görsünlər, yer üzündə həyatın başlanma sirlərini, Allah-taalanın qüdrət və əzəmət nişanələrini dərk etsinlər və bilsinlər ki, Allah həyatı onlara bir daha qaytarmağa qadirdir.”[ Təfsiri-nümunə”, 16-cı cild, səh. 238]
Diqqət yetiriləsi digər məsələ budur ki, (təhrif olunmuş) bəzi dinlərin təlimləri elmi məsələlərlə (xüsusilə təbii elmlər və yaradılışla əlaqədar mətləblərdə) təzaddadır, ona görə də elmin dindən ayrı olması, dini həyatla elmi həyatın bir-birindən tam ayrı olmasını və ya dini həyatın mənasız olmasını və s. irəli çəkirlər. Bu puç təsəvvürlərin əksinə olaraq İslam və Quran təlimlərinin elmi məsələlərlə heç bir ziddiyyəti yoxdur. Besət dövründən indiyə qədər İslam aləmində çoxlu kəşflər, elmi ixtiralar baş vermişdir. İslam dini həm elmin, həm də alimlərin məqamına dəyər vermiş, onların nəzəriyyələrinə xüsusi ehtiram qoymuş və bir çox hallarda Allahın və məadın isbat olunmasında elmi nailiyyətlərdən, xilqətin qəribəliklərindən dəlil ünvanı ilə istifadə etmişdir.
Amma elmdə sübuta yetən varlıqların fiqhi hökmləri və göstərişlərinə gəldikdə isə, pak və ya nəcis olmaq, halal və ya haram olmaq baxımından İslam dinində həqiqi qəziyyələr ünvanı ilə irəli çəkilir. Yəni ümumi qanun şəkilində və mövzunun varlığı şəraitində onların hökmlərini və göstərişlərini bəyan edir. Buna əsasən, əgər dinozavrlar mövcud olmuşsa, yaxud dinozavr üçün bəyan olunan xüsusiyyətlərlə başqa bir varlıq gələcəkdə vücuda gələrsə, İslam fiqhi onun barəsində xüsusi nəzər verməsə də, fəqihlər fiqh qanunları üzündən heç bir müəmma olmadan onların hökmlərini verə bilərlər. Belə ki, indiyə qədər onlarla yeni məsələlər əvvəldə olmadığı halda onların şəri hökmü bəyan olunmuşdur


more post like this