Sünni məzhəbinə mənsub olanlardan bəzisi deyir ki, şiələrə görə dinin qorunması İmamın öhdəsindədir. Buna görə də o, gərək məsum olsun. Bir halda ki, ümmət və din alimləri dinin keşikçisidirlər, belə halda məsum İmama nə ehtiyac vardır?

Bu haqda neçə nöqtəyə diqqət etmək lazımdır.

1.            İsmətin dəlilləri o qədər çoxdur ki, bir əqli dəlilə əsaslanmasaq da İmamın ismətinin sübutu yerindədir.

2.            Dinin qorunması sahəsində İmama ehtiyacın duyulması məsələsi tamamilə aydındır və ümmət məsum İmamsız dini qorumağa qadir deyildir. Buna ən əyani dəlil keçmiş tarixdir. Peyğəmbərdən (s) sonrakı dövrdən bəhs edən tarix səhifələrini mütaliə edərkən şahid oluruq ki, İslam ümməti heç zaman bu vəzifələrin öhdəsindən gəlməyidir. Bu barədə çoxlu tarixi sübutlar vardır ki, burada onlardan bir neçəsinə misal olaraq işarə edirik:

 

 

A)           Nübuvvətin müdafiəsi

Peyğəmbərin (s) rihlətindən sonra hədis nəqletmənin qadağan olması, qondarma hədislərin uydurulması və s. kimi bir çox bidətlər yaranmağa başladı. Bu təhrif və yanlış yönləndirmələr islama elə zərbə endirmişdir ki, hələ də onun təsiri qalmaqdadır. Əhli-sünnətin hədis kitablarının hansı üsulla yazılması bu məsələdən xəbər verir.

Əbu Davud özünün “Sunən” kitabında beş yüz min hədisdən 48000-ni toplamışdır, qalanını qondarma olduğuna görə kənara qoymuşdur.

Buxari də özünün 2761 hədisi olan “Səhih” hədislər toplusunu özünün dediyinə əsasən 600000 hədisin içərisindən seçmişdir. Habelə, digər sünni hədis kitabları da bunlar kimidir.

Həmin qondarma hədislərin içərisində yalançı səhabələrə və ya ravilərə istinad edilən hədislər vardır və eyni zamanda elə saxta hədislər nəql olunmuşdur ki, nə dinin etiqad və fikirləri ilə üst-üstə düşür və nə də ki, ağıla sığır.

Bununla da ümmətin dini qorumaqda yetərincə rol oynamadığı açıq-aydın nəzərə çarpır.

 

B)            Dinin təfsiri və anlamı

Quranın təfsiri və ilahi kəlamların izahı məsələsində islam təfsirçiləri arasında fikir müxtəlifliyi vardır. Məsələn, elə əhkam və əqaid ayələri vardır ki, hər bir məzhəbə görə onun anlamı başqalarından fərqlənir. Təbii ki, Allahın məqsədi o ixtilaflı düşüncələrin hamısı ola bilməz. Ona görə də onun düzgün anlamını söyləmək üçün məsum bir öndərə ehtiyac vardır. Buna görə də deyə bilərik ki, ixtilafları aradan qaldırmaq və doğru anlama yönləndirmək üçün və dinin olduğu kimi yaşamasından dolayı düzgün bir qaynağa ehtiyac vardır, o da məsum İmamlardır.

Ustad Mütəhhəri bu haqda deyir: “İmam ixtilafları aradan qaldı-raraq, onlara aydınlıq gətirən bir qaynaqdır. O ixtilafların ki, bünövrəsi alimlər tərəfindən qoyulmuşdur”.

Deməli, bu məsələdə də ümmətin bacarıqsızlığı üzə çıxır.

 

C)            Nəss dəlil olan (ayə və hədisin məzmunu) qarşısında ictihad etmək

Peyğəmbərin (s) rihlətindən sonra İslam ümmətində baş verən hadisələrin biri də ayə və hədisin məzmunu qarşısında ictihad etmək idi. Bəziləri Quran ayələri və Peyğəmbərin (s) etibarlı kəlamları qarşısında öz nəzərlərini söyləməyə başlamışdılar. Bu hadisə dini ictihad adı altında çoxlu bidətlərin din kimi qələmə verilməsinə səbəb oldu. Çox təəssüflər olsun ki, İslam alimləri belə hallarla mübarizə aparmaq əvəzinə onu rəsmən qəbul edirdilər.

 

D)           İslamın siyasi sisteminin müdafiəsi

Doktor Yəsribi bu barədə yazır: “Tarix göstərir ki, Peyğəmbərin (s) rihlətindən sonra Həzrətin Mədinədə təsis etdiyi sistem elə əvvəlindən hegemon qüvvələr tərəfindən təhdid olunurdu. İslam siyasi sistemi ilə mübarizə Peyğəmbərin (s) zamanında aşkar olsa da sonralar – Məkkənin fəthindən və İslamın güclənməsindən sonra artıq gizlincə həyata keçirilirdi. Peyğəmbərin (s) vəfatından 30 il sonra onların planı alındı və onlar qüdrəti ələ keçirərək “Xilafət” siyasi qurumunu “səltənət”lə əvəz etdilər.”

Bu deyilənlərdən sonra demək olarmı ki, İslam ümməti Peyğəmbərin (s) təlimləri sayəsində özünün inkişaf mərhələsinə yetişmişdi? Təkcə öz gücünə yaranan ixtilaf və qarşıya çıxan çatışmamazlıqları aradan qaldırmaq iqtidarında idi? Yoxsa zəruri deyildimi ki, dini göndərən Allahdan və Peyğəmbərindən (s) sonra onu davam etdirmək və qorumaq üçün bir neçə məsum insanlara məsuliyyət verəydi.

http://sualcavab.ge

 

 

 

 


more post like this