Cavab: Həzrət Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra Əli (ə) və onun şiələri həzrətin yolunu davam etdirərək həzrət Peyğəmbər (s) və onun canişinlərinin buyuruqlarını toplamağa başladılar. Uzun müddət hədisləri qeydə almamış sünnilərdən fərqli olaraq, şiələr iki yüz əlli il ərzində müxtəlif İslam elmləri haqqında çoxsaylı kitablar yazdılar. Əksər islamşünaslar təsdiq edirlər ki, İslam elmlərinin banisi şiələr olmuşdur. Bu kitabların adları ilə tanış olmaq üçün nəfis “Əz-zəriə” kitabına müraciət etməyiniz yaxşıdır. Yalnız imam Sadiq (ə) dörd min şagird tərbiyə etmişdir ki, bu şagirdlər tərəfindən dörd yüzə yaxın kitab yazılmışdır. İmam Sadiqin (ə) atası imam Baqir (ə) olduqca keşməkeşli bir dövrdə ləyaqətli şagirdlər tərbiyə etmişdir. Bu işi digər məsum imamlar da davam etdirmişlər. Əhli-beytin dəyərli buyuruqları toplanmış bu kitablar şiə alimləri tərəfindən çoxaldılmış və hədis dərslərində tədris olunmuşdur. Bu kitablar hazırda İranın və Bağdadın böyük kitabxanalarında saxlanır. İndi isə həmin dörd kitabın müəllifləri ilə tanış olaq. 1. Kuleyni (328 h.q.) Əsrin imamının kiçik qeybət dövründə qiymətli kitablar tərtib etmiş ilk böyük alim mərhum Məhəmməd ibn Yəqub Kuleyni Razi olmuşdur. O imam Həsən Əskərinin (ə) dövründə dünyaya göz açmışdır. Kiçik qeybətin son illərində dünyasını dəyişmişdir. (328-ci il) Ondan yadigar qalmış kitab “Kafi” kitabıdır. Kitab Quran və “Nəhcül-bəlağə”dən sonra ən mühüm şiə kitablarından sayılır. Müəllif bu kitabın tərtibi üçün xeyli əziyyət çəkmiş, uzunmüddətli səfərlərdə olmuşdur. Kitabda yüz altmış altı min yüz doxsan doqquz hədis toplanmışdır. Kitab iki hissəyə bölünür. Kitabın bir hissəsi əqidə, digər bir hissəsi isə əməli hökmlərə həsr olunmuşdur. Kitabın əqidə ilə bağlı hissəsində Əhli-beyt maarifi geniş şəkildə nəzərə çatdırılır. İslamın əqidə əsasları imamların dili ilə ətraflı şəkildə açıqlanılır. Mərhum Kuleyni bu kitabı bəzi şiələrin istəyinə cavab olaraq yazmışdı. Nəqqaşinin bildirdiyinə görə, Kuleyni bu kitabı iyirmi il müddətinə yazmışdır. Kuleyninin bundan başqa da kitabları vardır. Təəssüf ki, həmin kitablar günümüzə gəlib çatmamışdır. 2. Şeyx Səduq (306-380 h.q.) Kuleynidən sonra ikinci böyük şəxsiyyət şeyx Səduq kimi tanınmış mərhum Məhəmməd ibn Babəveyhdir. Bu müəllifdən olduqca dəyərli əsərlər qalmışdır. Dörd mühüm kitablardan ikincisi şeyx Səduqun “Mənla yəhzurul-fəqih” kitabıdır. Bu kitabda şeyx Səduqun etibarlı saydığı hədislər toplanmışdır. Kitabda beş min doqquz yüz altmış üç hədis toplanmışdır. Şiə alimləri üçün ikinci etibarlı hədis kitabı bu kitabdır. 3. Şeyx Tusi (üç yüz həştad beş-dörd yüz altmış ) qədim Nəcəf təhsil ocağının bünövrəsini məhs bu alim qoymuşdur. Tus şəhərində doğulmuş bu şəxs təhsilini davam etdirmək üçün dörd yüz səkkizinci ildə Bağdada yola düşmüşdür. O, mərhum şeyx Müfid, Seyyid Mürtəza ələmül-huda kimi alimlərdən təhsil almışdır. Mərhum Seyyid Mürtəza dünyasını dəyişdikdən sonra şiə mərceyyəti (elmi rəyasəti) şeyx Tusiyə çatmışdır. Əbbasi xəlifəsi İslamla bütün düşmənçiliklərinə baxmayaraq, şeyx Tusiyə xüsusi hörmət göstərmiş, onu “Əlqaimu be əmrillah” adlandırmışdır. Şeyx Tusi İslam alimləri arasında misilsiz bir mövqe qazanmışdır. Ondan qiymətli təfsir, kəlam, fiqh, üsul, hədis kitabları qalmışdır. Alimin dərin düşüncəsi, geniş məlumatı təkcə “Ət-tibyan” təfsirindən məlumdur. Şeyx öz “Təhzibul-əhkam” kitabını şagirdlərinin xahişi əsasında yazmışdır. Uyğun kitab Şeyx Müfidin risaləsinin izahıdır. Dörd kitabdan biri də məhz bu kitabdır. Şeyx bu kitabında mərhum Kuleyni və Səduqun toplaya bilmədiyi hədisləri toplamışdır. Kitabda on üç min beş yüz doxsan hədis var. “Kutube-ərbəə”nin dördüncü kitabı da Şeyx Tusiyə məxsusdur. O bu kitabında bütün mövcud şübhələri və ixtilafları aradan götürməyə çalışmışdır. Kitabda altı min beş yüz otuz bir hədis toplanmışdır. NUR-AZ.COM


more post like this