Əksər günahların dilin vasitəsilə baş verdiyini bildiyimiz zaman bir sıra yaxşı əməllər kimi, dilin islahına verilən əhəmiyyət da daha aşkar olur. Mərhum Feyz Kaşani “Məhəccətül-beyza”da, Qəzali isə “Ehyaül-ülum” kitabında “dilin günahları” ünvanı ilə geniş mövzu açmışlar. Məsələn, Qəzali dildən çıxan iyirmi günah və xətanı qeydə almışdır ki, aşağıdakılardan ibarətdir:

1. İnsana aid olmayan işlər haqda danışmaq;

2. Çox və yersiz danışmaq;

3. Azğın işlərdən söhbət açmaq, məsələn, şərab, qumar və əxlaqsız qadın məclislərini vəsf etmək;

4. Mübahisəni qızışdırmaq, başqalarını təhqir etmək, yaxud öz üstün cəhətlərini dilə gətirərək ətrafındakıları alçaltmaq;

5. Çəkişmə, mücadilə və inadkarlıq;

6. Sözdə fəndişlətmə, qafiyəbazlıq və s.

7. Söyüş söymək və tərbiyəsizlik;

8. Lənət demək;

9. Xanəndəlik və ədəbə zidd şeirlər söyləmək;

10. Məcazi ifadələrdə ifrata varmaq;

11. İstehza və masqara etmək;

12. Başqalarının sirrini faş etmək;

13. Yalan vəd vermək;

14. Yalan danışmaq və and içmək;

15. Qeybət;

16. Xəbərçilik;

17. İkiüzlülük;

18. Yersiz tərif;

19. Danışığa diqqət yetirməmək və dil ilə xəta və günahlara yol vermək;

20. Başa düşmədiyi mövzular haqda kor-koranə suallar vermək.

Bildiririk ki, dilin afət və azğınlıqları Qəzalinin qeyd etdiklərilə bitmir və verilənlər dilin xətalarının qabarıq nümunələridir. Məsələn, onlara aşağıdakıları da əlavə etmək olar:

1. Töhmət;

2. Nahaq şəhadət vermək;

3. Özünü tərifləmək;

4. Yalan və əsassız şayiələr yaymaq;

5. Kobudluq;

6. (Bəni-İsrail kimi) hər şeyə israrla yanaşmaq;

7. Dil və sözlə başqalarını incitmək;

8. Məzəmmətə layiq olmayan şəxsi danlamaq;

9. Dillə nemətə nankor olmaq;

10. Əyri işlərə cəlb etmək və günaha təşviq.

Əlbəttə, qeyd etdiklərimizin bəziləri başqa birisi ilə uyğun gələ bilər. (Məsələn, yalan vədi və nahaq şəhədati yalanın qismindən hesab etmək olar.) Eləcə də bəziləri təkcə dilə məxsus deyil. (Məsələn, qeybət, mömini incitmək, nemətə nankor olmaq və s. günahlar həm dil, həm də dildən başqa üzvlər vasitəsilə də baş verir.)

Şübhəsiz, burada dilin islahına dair əxlaq normaları mühüm bir məsələ kimi araşdırılmalıdır. Onun əhəmiyyəti o zaman daha aydın olur ki, biz dilin insanın ixtiyarındakı aciz və kiçik bir üzv olduğu halda, digər əzalara nisbətən əməldə sürətini dərk etmiş olaq. Odur ki, bu üzvü daim qorumalı, onu şiddətli partlayış gücü və qabiliyyətinə malik maddəyə bənzətməliyik. İnsan belə bir maddəyə həssas yanaşdığı kimi, bədəninin ən aktiv üzvü olan dilə qarşı da son dərəcədə diqqətli olmalıdır.

http://sualcavab.ge/


more post like this