Bismilləhir-rahmənir-rahim
Sual: Dövrümüzdə Məhdəviyyət mövzusunun hansı təsir və faydaları var?

Cavab: Bəziləri elə düşünürlər ki, Məhdəviyyət mövzusunun araşdırılması hazırkı dövr üçün faydasızdır. Onlar elə güman edirlər ki, hər dövrün öz aktual mövzuları var, Məhdəviyyət mövzusu isə gələcəyə aiddir və biz bu günkü vəzifələrimizə əməl etməliyik…

Məhdəviyyət mövzusunun bu günümüz üçün bir sıra faydaları var və həmin faydalardan bəzilərini nəzərdən keçiririk:

1. Həzrət Məhdinin (ə) qiyamı mövzusu böyük bir ictimai və İslami fəlsəfəyə malikdir. Bu mövzu ilhamverici ideya olmaqdan əlavə İslam ideallarının tanınmasında çox münasib bir vasitədir.

2. Bütün yer üzünü əhatə edəcək İslam hökumətinin qurulması vədi müxtəlif təsirlərə malikdir. Onlardan bəziləri fəlsəfi və dünyəvi, bəziləri islami, bəziləri mədəni və tərbiyəvi, bəziləri siyasi, bəziləri iqtisadi, bəziləri ictimai, bəziləri insani, bəziləri isə təbiidir. İnsan həzrət Məhdinin (ə) əhatəli proqramlarından faydalanmaqla İslamın gerçək ideallarına yaxınlaşa bilər.

3. Yer üzündə tarix boyu müxtəlif mədəni, siyasi, ictimai inqilablar baş vermişdir. Bu inqilabların əksəri ya ilk addımda məğlubiyyətə uğramış, ya da müxtəlif problemlərlə üzləşərək düşmənlərin öhdəsindən gəlməmişdir. Yalnız şiə məhzəbinin Məhdəviyyət mövzusuna baxışı cəmiyyətdə optimist ruhiyyə yaradır və xalqı ümidsizlikdən qurtarır. Şiə əqidəsinə əsasən, dövrün İmamı Həzrət Məhdi (ə) diridir, hazırdır və əməllərimizi görür. Həssas məqamlarda ondan kömək alınır. Pisxologiya baxımından belə bir inanc şiələrin ruhiyyəsində dərin iz qoyur.

4. Əsrin imamının nə vaxt hökumət quracağı müəyyən olunmadığından bu zühur hər an gözlənilir. Buna görə də Məhdəviyyət mövzusunu gündəmdə saxlamaq, zühur xüsusiyyətlərini və həmin dövrdəki vəzifələrimizi öyrənmək zəruridir.

5. Zühur dövründə ümumdünya tövhid hökumətinə nail olmaq üçün müəyyən şərtlər var. Bu şərtlərdən bəzisi bəşəriyyət tərəfindən həyata keçməlidir. Bəşəriyyətin hərcəhətli təkamülü, ali düşüncə səviyyəsinə çatması bu şərtlərdəndir. Zühur dövrünün amallarından xəbərdar olmalıyıq ki, onun yaxınlaşmasını istəyib Həzrətin (ə.f) zühuru üçün zəmin yaradaq.

6. Məhdəviyyət mövzusu yalnız gələcəklə bağlı problemlərə aid mövzu deyil. Bu mövzu həmişəlik imamət mövzusudur. Allahın dəlilləri batil olmasın deyə, istər hazırda, istər qeybdə məsum imamın mövcudluğu zəruridir.

Həzrəti Məhdi(ə)-ı tanımaqlığın vacibliyi
“O gün (Qiyamətdə) hər tayfanı öz rəhbərləri ilə birgə çağıracağıq ! ”(İsra 71)

Dini mənbələrdə o cümlədən Qurani-Kərim və əziz İslam peyğəmbərinin sünnəsində imamətə inanmaq,onlara məhəbbət,itaət və hər kəsin öz zəmanə imamını tanımağı vacib edilmişdir. Yəni hər kəs Allaha və peyğəmbərlərə (ə) inamından sonra gərək öz zamanının höccətini tanıyıb onun imamətini qəbul etsin. Beləliklə tövhid və nübuvvətdən sonra imamətə inanmaq və zamanın imamını tanımaq hər zaman insanlar üçün vacib və zəruridir.

Şiə və sunni mənbələrindən nəql olunan bir hədisdə Həzrəti Peyğəmbər (s.ə.v.v) buyurur: “Hər kəs öz zamanının imamını tanımadan ölüb gedərsə cahiliyyət dövründə ölmüş kimidir.”

“Cahiliyyət dövrü” inhiraf və azğınlıqla dolu olan islamdan qabaqkı dövrə deyilir. Hədisin mənası isə budur ki, tovhid, nübuvvət, Quran və İslamı qəbul edib dini əməlləri yerinə yetirən, lakin öz zamanının imamını tanımayan hər hansı bir şəxs ölüb gedərsə, azğın və qeyri-müsəlman halda ölmüş kimi hesab olunur. Bununlada məlum oldu ki, tövhid, nübuvvət, eləcə də ibadət və təqvadan bəhrələnməyin şərti insanın öz zamanının imamını tanımasıdır.

Məsələn, İmam Sadiq(ə)-ı tanımaq o həzrətin zamanında yaşayan insanlara vacib idi. Belə ki, əgər hər hansı bir müsəlman o həzrətin imamətini tanımamış və yaxud qəbul etməmişsə, dini naqis olmuşdur. Bu zamanın imamı da Allahın on ikinci və sonuncu höccəti Həzrəti Məhdi (ə.f)-dir. Deməli, o Həzrəti tanımaq bizim hamımıza vacibdir. Yəni zəmanəmizin bütün insanları üçün tövhid, nübuvvət və qabaqkı İmamlara inanmaqdan əlavə, Həzrəti İmam Məhdiyə (ə.f) etiqadlı olub, bu İlahi höccətlə tanış olmaq vacib və zəruridir.

Həzrəti Rza (ə) Tus şəhərinə olan tarixi səfər ərəfəsində Nişapurdan keçərkən, camaat və əhli-sünnə alimləri o Həzrətin görüşünə gəlib, ondan bir hədis nəql etməsini xahiş etdilər. Həzrəti Rza (ə) da ata-babalarından, Rəsuli-Əkrəmdən (s.ə.v.v)-dən nəql edərək Allah-taalanın belə buyurduğunu qeyd etmişdir. “Tövhidə etiqadlı olmaq mənim möhkəm qalamdır. Bəs, hər bir kəs Mənim qalama daxil olarsa, Mənim əzabımdan amanda qalacaqdır.”

Deməli tovhidə inanan hər bir şəxs cəhənnəm əzabına düçar olmayacaqdır. Bu hədisi eşidərkən əhli-sünnə çox sevinib, İmamın (ə) yoluna davam etməsi üçün Həzrətin yolunu açdılar. İmam Rza (ə) başını kəcavədən çıxarıb bu hədisi belə təsvir etdi: “Tövhidə inanıb cəhənnəm əzabından xilas olmağın şərtləri vardır. Mənim imamətimi qəbul etmək də bu şərtlərdəndir.”

Beləliklə hazırkı əsrdə kamil imana sahib olmaq və İlahi əzabdan nicat tapmağın şərti İmam Zaman Həzrəti Məhdi (ə.f)-a inanıb o müqəddəs şəxsiyyəti tanımaq və O Həzrətə (ə.f) itaət etməkdir. Qarşımızda olan dərslər sizləri İmam Zaman (ə.f) barəsində olan ən mühüm məlumatlarla tanış edərək, Quran və hədislərə istinad olunaraq o Həzrəti (ə.f) az da olsa tanımağınız üçün çalışacağıq.

Allah-taala Əhli-beyt və İmam Zaman (ə.f)-ın məhəbbət və mərifətini ürəklərimizdə qərar verərək, bizi bu əqidə ilə axirət dünyasına aparsın. Amin

Məqalələrdən istifadə etdikdə zuhuradogru.org saytina keçidli istinad zəruridir.


more post like this