Məsələ 671: Cümə namazı iki rəkətdir. Bu namaz cümə günləri günorta namazını əvəz edir. Cümə namazı Peyğəmbərin (s), mə’sum imamların, onların xüsusi naiblərinin hüzuru zamanı vacib olur. Böyük qeyb dövründə isə insan cümə namazı və günorta namazından birini seçə bilər. Ədalətli İslam hökuməti olan dövrdə ehtiyat budur ki, cümə namazı tərk edilməsin.
Cümə namazının hökmləri
1.Cümə namazının vaxtı günortadan başlayır. Bu namaz azan, xütbələr və adi namazın vaxtı başa çatanadəkdir. Bu müddət ötdükdən sonra cümə namazının vaxtı qurtarır və günorta namazı qılınmalıdır.
2. Cümə namazı hökmü cümə namazı məhəllindən iki fərsəxədək (təqribən 12 km.) aralı yaşayanlara şamil olunur. Cümə namazı hər şəxsə vacib olduğu vaxt bu insanların cümə namazında iştirakı zəruri olur.
3. Cümə namazının xütbələrinə çata bilməyən, amma həmin namazda, ya da onun bir rəkətində iştirak edən şəxsin namazı düzgündür. Vacib ehtiyata əsasən, insan bilərəkdən cümə namazına yubanmamalıdır.
4. Cümə namazı camaatla qılınmalıdır. Cümə namazının qılınması üçün ən azı beş nəfər olmalıdır. (İmam cümə və başqa dörd nəfər)
5. İki cümə namazı qılınan məhəl arasında məsafə bir fərsəxdən (altı km-dən) az olmamalıdır. Əgər iki cümə namazı arasında məsafə bir fərsəxdən (altı km-dən) az olarsa, birinci namaz düzgün, ikincisi batildir.
6. Cümə namazı müsafirlərə, qadınlara, xəstələrə və iş qabiliyyəti olmayanlara vacib deyil. Amma adı çəkilənlər cümə namazında iştirak etsələr namazları düzgündür. Vacib ehtiyata əsasən, cümə namazının qılınması üçün zəruri olan beş nəfər bu insanlardan olmamalıdır.
Cümə namazının qaydası
1. Cümə namazı sübh namazı kimi iki rəkətdir. Bu namazın iki qunutu var. Qunutlardan biri birinci rəkətdə rükudan öncə, ikincisi ikinci rəkətdə rükudan sonradır. Müstəhəbdir ki, imam birinci rəkətdə “Həmd”dən sonra “Cumuə” surəsini, ikinci rəkətdə “Həmd”dən sonra “Munafiqun” surəsini oxusun. Vacib ehtiyat budur ki, bu surələrdən birini oxusa, o birini oxumasın.
2.Cümə namazından qabaq imam-cümə iki xütbə oxumalıdır.
3. Vacib ehtiyata əsasən, xütbələr günorta azanından başlayır. Əgər azandan öncə başlasa yenidən oxunmalıdır.
4. Xütbələr aşağıdakı hissələrdən ibarət olur. Allaha həmd-səna; Məhəmməd və Ali-Məhəmmədə salavat; moizə, nəsihət, ilahi təqvaya çağırış; hər xütbədə “İxlas”, “Kafirun”, “Əsr” kimi qısa surələrdən birini oxumaq; vacib ehtiyata əsasən, imamın özü və mö’minlər üçün bağışlanma diləməsi, ikinci xütbədə salavat zamanı imamların adını bir-bir çəkməsi.
Bu əsasla, birinci xütbə beş, ikinci xütbə altı hissədən ibarət olur. İmam xütbələri qiyam (ayaq üstü) halında oxumalı, iki xütbə arasında azca əyləşməli, səsini lazımı həddə namaz qılanlara çatdırmalı, moizə-nəsihəti başa düşülən dildə bəyan etməlidir.
5. Xütbə oxuyanın əmmamə və əbada olması, əsa və ya bu kimi bir şeyə söykənməsi daha yaxşıdır. İmam xütbəyə başlamazdan öncə məmumlara salam verir. Yaxşı olar ki, xütbədə müsəlmanlar, İslam dünyası və həmin məntəqə sakinləri ilə bağlı ictimai-siyasi, əxlaqi mövzular şərh olunsun. Müsəlmanlar bu mövzularla bağlı vəzifələri ilə tanış edilsin. Onlara düşmənin planları haqqında mə’lumat verilsin. Xütbə oxuyan imam öz xütbələrində insanların tə’lim-tərbiyəsinə, onların günün məsələləri ilə tanışlığına xüsusi diqqət yetirməlidir. Xütbənin əsas məqsədlərindən biri budur. Xütbələr aydın, tə’sirli bir dillə bəyan edilməlidir. Bu ibadi-siyasi ne’mətdən lazımınca bəhrələnmək lazımdır. Xütbələrdə müsəlmanlar düşmən qarşısında birliyə çağırılmalı, təfriqə yaradan mövzular açıqlanmamalıdır. Vacib ehtiyata əsasən, xütbə oxunan zaman namaz qılanlar dəstəmazlı olmalı, üzü imama əyləşməli, sakitliyi gözləməli, xütbələri dinləməlidirlər. Amma bilərəkdən də danışsalar, cümə namazı batil olmaz. Amma bu işi görənlər xilafa yol vermişlər.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 

 


more post like this